ZEYNALABDIN ŞIRVANI
Hacı Zeynalabdin ibn Axund İskəndər
Şirvani (1780-1838)- məşhur səyyah və coğrafiyaçı, tarixçi, etnoqraf, filosof
və şair.
HƏYATI
Zeynalabdin Şirvani 1780-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Onun beş
yaşı tamam olanda axund İskəndərin ailəsi Bağdad yaxınlığındakı Kərbəla
şəhərinə köçür və gələcək səyyahın atası mədrəsədə dərs deməyə başlayır.
Zeynalabdin də ilk təhsilini elə burada alır. 1796-cı ildə o, təhsilini başa
vurmaqdan ötrü Bağdad şəhərinə gedir. Zeynalabdin Bağdadda fəlsəfə, tibb,
astronomiya və riyaziyyatı, habelə dilləri öyrənməkdə davam edir. Bağdad
kitabxanalarında olan səyahətnamələr, bütün Şərq dünyasından buraya axışıb
gəlmiş alimlərin, müqəddəs şəhərin ziyarətinə gələn zəvvarların söhbətləri bu
gənc oğlanın nəzərlərində yeni bir dünya açır. Dünyanı görmək və onun
möcüzələri ilə həmyerlilərini tanış etmək elə həmin vaxtdan gənc Zeynalabdinin
həyat məqsədinə çevrilir və o, tərəddüd etmədən səyahətə çıxmaq qərarına
gəlir.Fəaliyyəti
Zeynalabdin Şirvani yaradıcılığının təhlili ilə məşğul olmuş görkəmli Azərbaycan
alimi Nurəddin Kərəmovun da yazdığı kimi, "Bu yol 60 min kilometr uzanmış
və 40 il davam etmişdir. Bu yol Kiçik Asiyadan, İran yaylasından, Orta Asiya,
Ərəbistan və Cənubi Afrika səhralarından, Sudanın meşə və cənkəlliklərindən,
Hindistanın tropik meşələrindən, Hind okeanı adalarından keçib. 0, Hindquş,
Zaqros, Süleyman dağlarından, Pamirdən adlamışdır. Bu yol Asiya və Afrikanın
bir çox digər vilayətlərindən uzanmışdır." Şirvani öz əsərində səyahətini hissələrə
bölmür. N. Kərəmovsa onun üç başlıca səyahətini fərqləndirir. Onun birinci
səyahətinin marşrutu belə göstərilir: Bağdad, İraqi-Əcəm, Gilan, Şirvan, Muğan,
Talış, Cənubi Azərbaycan, Xorasan, Herat, Zabul, Pəncab, Hind adaları, Dəkən,
Benqal, Qucarat, Hind okeanındakı adalardan Sind və Multandan keçən səyyah dağ
yolları ilə Kəşmirə, Müzəffərabada çatmış, sonra Kabul yolu ilə Tatarıstana,
oradan Turana və Bədəxşan dağları ilə Xorasana, nəhayət, "İran yolu"
ilə Farsa gəlmişdir. Bir qədər istirahətdən sonra Şirvani ikinci səyahətə
çıxır. Bu dəfə yol Şirazdan (Fars) başlayır, oradan Daraba, sonra Bəndər Abbas
limanından Hörmüz yolu ilə Hədramaut və Yəmənə, sonra Həbəşistan və Sudana,
buradan Ərəbistan yarımadasında olan Ciddəyə, oradan da Hicaz, Mədinə və
Məkkəyə uzanır. Bundan sonra o, dəniz yolu ilə "Səidlər ölkəsinə"
(əs-Səidə -Nil çayı sahillərinə) gedir, Misirdən Yaxın Şərqə "Şam-Rum"a
(Anadoluya), Diyarbəkirə, Qaraman və Aydına keçir. Hacı Zeynalabdinin Atlantik
okeanına və geriyə üçüncü səyahətin marşrutu belə idi: Bəhre-Əhzər adaları
("Yaşıl dəniz" - şərq coqrafiyaçıları Atlantik okeanını belə
adlandırırdılar), Rumeli (o vaxt Osmanlı imperiyasının Avropa hissəsinə belə
deyirdilər), Anadolu, Azərbaycan, Tehran, Həmədan, İsfahan, Kirman, Şiraz,
Bağdad. İndi artıq bir çoxu sıradan çıxmış beş yüzdən artıq əlyazma və mətbu
qaynağın və səyahətlər zamanı etdiyi şəxsi müşahidələri nəticəsində Şirvani ona
dünya şöhrəti gətirən üç kitab yazır: 1822-ci ildə "Riyazüs-səyahət"
("Səyahət bağçaları"), 1827-ci ildə "Hədaiqüs-səyahət"
("Səyahət bağları") və nəhayət, 1833-cü ildə "Bustanus-səyahət"
("Səyahət gülzarı")- Bu əsərlərdə o, bir çox ölkələrin coqrafiyası,
tarixi, etnoqrafiyası, arxitekturası, ədəbiyyatı və görkəmli ictimai xadimləri
barədə dəyərli məlumatlar verir.
Səyyah yer kürəsinin iqlim qurşaqlarının təsvirinə xüsusi yer ayırır. Şərqin digər
alim və səyyahları kimi o da Yeri yeddi iqlim qurşağına bölür. Öz səyahətləri
zamanı Şirvani çox sayda alimlər və siyasi xadimlərlə yaxından tanış olur. Onun
rəyi ilə hesablaşır, onunla görüşməyə can atırlar. Şirvaninin elm və savadı
haqda xəbərlər onun səyahətlərinin marşrutları çərçivəsindən xeyli kənara
çıxır. Belə danışırlar ki, Hindistan vilayətlərindən birində ağlakəlməz bir
qonaqpərvərliklə qarşılanmış Şirvani bunun səbəbini soruşarkən vilayətin hakimi
cavab vermişdi: "Mən sizə layiq olduğunuz hörmətin yalnız yüzdə birini
göstərə bilmişəm. Siz səkkiz səbəbdən hörmətə layiqsiniz: birincisi, siz
insanpərvərsiniz, insanlarsa bir-birinə hörmət etməlidirlər, ikincisi, siz
buraya bizim ölkəmizin qonağı olaraq gəlibsiniz, qonaqa hörmət edərlər,
üçüncüsü, siz alimsiniz, alimə hörmət bir borcdur, dördüncüsü, siz müdrik və
çox bilən bir adamsınız, acizlərə, kasıblara kömək edirsiniz, belə adamlarsa
hər cür hörmətə-izzətə layiqdirlər... Bax, bütün bunlara görə mən sizi qəlbən
sevir və sizə hörmət bəsləyirəm." Olduğu bir çox yerlərdə onu saraya dəvət
etmişlər. Bunlardan Misir hakimi İbrahim bəyi, İran şahı Fətəli şah Qacarı,
Türkiyə sultanı Mahmudu və başqalarını göstərmək olar. Olduğu saraylarda
müzakirə və söhbətlərdə iştirak edən Şirvani həmişəlik burada qalmaq dəvətlərinə
nəzakətlə rədd cavabı verir. Şirvani həmişə macəralar və məhrumiyyətlərlə dolu
səyyah həyatını saraydakı rahat həyatdan üstün tutur. Zeynalabdin eyni zamanda
şair olmuş və Təmkin təxəllüsü ilə şerlər yazmışdır. Həmin şerlər onun
səyahətnamələrinə səpələnmiş və əlyazması Tehran mərkəzi kitabxanasında
saxlanan "Divan"ında toplanmışdır. Bu nadir şəxsiyyətin digər
əsərlərinin əlyazmaları Britaniya muzeyində, Paris Milli kitabxanasında,
Sankt-Peterburqda və İranda saxlanır. Şirvaninin əsərləri bir çox Azərbaycan,
İran, rus və Avropa tədqiqatçıları tərəfindən öyrənilib. Bu alimlərdən
Abbasqulu ağa Bakıxanovun, Məmmədəli Tərbiyətin, Əskər Həmid Rəbbaninin, B. A.
Dornun, N. V. Xanıkovun, E. Braunun, S. Stornun, E. Bloşenin və başqalarının
adlarını çəkmək mümkündür. Bu sırada öz ömrünün böyük bir hissəsini Zeynalabdin
Şirvaninin elmi hünərlərinin tədqiqinə həsr etmiş N. K. Kərəmovun adı xüsusilə
qeyd olunmalıdır.
Zeynalabdin 1820/21 -ci ildə Şiraz şəhərində evlənib. Tezliklə onun Cəlaləddin
Məhəmməd adında oğlu doğulur. İki il sonra isə
ikinci oğlu Hüsaməddin Əli anadan olur. Böyük oğlu az yaşayır, ikinci oğlu isə
atasının yolu ilə gedərək, İraq, İran və Hindistana səyahətlər edib. Şirvani
ömrünün son illərini ailəsi ilə Şirazda keçirib. Elə buradan da özünün son
səyahətinə yollanıb. Bu, onun həyat yoldaşı ilə birlikdə çıxdığı həcc ziyarəti
idi. 1838-ci ildə həmin səfəri zamanı Zeynalabdin Şirvani yolda xəstələnmiş və
Middə şəhəri yaxınlığında dünyasını dəyişmişdir. Hacı
Zeynalabdin elə buradaca da dəfn olunub.
|