KÜRƏKÇAY MÜQAVILƏSI
QADİR ALLAH NAMİNƏ
Biz yəni,
Şuşalı və Qarabağlı İbrahim xan və Bütün Rusiya qoşunlarının infanteriya
generalı, Qafqaz müfəttişliyinin infanteriya müfəttişi kn. Pavel Sisianov,
olduqca mərhəmətli böyük İmperator əlahəzrətləri Aleksandr Pavloviçin verdiyi
tam səlahiyyət və ixtiyarla Allahın köməyi ilə Şuşalı və Qarabağlı İbrahim
xanın bütün ailəsi, nəsli və ölkəsi ilə Bütün Rusiya imperiyasının və indi
bəxtiyarlıqla hökmranlıq edən böyük imperator əlahəzrətləri Aleksandr Pavloviç
və onun yüksək varislərinin əbədi təbəəliyini qəbul etməsi məsələsinə
başlayaraq aşağıdakı şərtləri bağladıq, qərara aldıq və imzaladıq:
BİRİNCİ MADDƏ
Mən Şuşalı və
Qarabağlı İbrahim xan öz adımdan, varislərim və vəliəhdlərim adından İran və ya
hər hansı bir dövlətin hər cür vassallığından və ya hər hansı ad altında olsa
da, hər cür asılılığından təntənəli surətdə həmişəlik imtina edirəm və bütün
dünya qarşısında bununla bildirirəm ki, mən özüm və varislərim üzərində Bütün
Rusiyanın böyük İmperator əlahəzrətlərinin və onun yüksək varislərinin və
vəliəhdlərinin ali hakimiyyətindən başqa heç bir dövlətin hakimiyyətini
tanımıram, həmin taxt-taca sədaqət vəd edirəm, çünki onun sadiq quluyam və bu
haqda, adətə görə, müqəddəs Qurana and içməliyəm.
İKİNCİ MADDƏ
İmperator
əlahəzrətləri zadi-aliləri (xan) həzrətlərinin belə səmimi söz verməsini qəbul
edərək, özünün və vəliəhdlərinin adından İmperator sözü ilə vəd edir və söz
verir ki, onlar zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xandan və onun
varislərindən öz sadiq təbəələri kimi mərhəmət və nəcib havadarlığını heç vaxt
əsirgəməyəcəklər, buna sübut olaraq İmperator əlahəzrətləri zati-alilərinin
(xanın) və onun varislərinin ölkəsinin bütövlüyünün saxlanılmasına öz imperator
zəmanətini verir.
ÜÇÜNCÜ MADDƏ
Zati-aliləri
Şuşalı və Qarabağlı İbrahim xanın Bütün Rusiya imperatorlarının və onların
vəliəhdlərinin öz üzərində ali və yeganə hakimiyyətini belə səmimiyyətlə qəbul
etməsi müqabilində qərara alınır ki, adı çəkilən xan, ondan sonra isə böyük
oğlunun və bu qayda ilə nəslin yaşca sonrakı böyüyü irsən xanlığa keçərkən
Gürcüstan Baş hakimi tərəfindən xanlıqda bərqərar olmaq haqqında dövlət möhürü
ilə təsdiq edilmiş imperator fərmanından ibarət investitura aldıqdan sonra
Bütün Rusiya imperiyasının təbəəliyinə sadiq olmasına, özü və varisləri
üzərində Bütün Rusiya imperatorlarının ali və yeganə hakimiyyətinin tanınmasına
təntənəli surətdə and içməlidirlər. Andın forması traktata əlavə olunur ki,
indi hakim olan Şuşalı və Qarabağlı İbrahim xan bu mərasim Gürcüstan Baş
hakiminin və bu qətnaməni başa çatdıran inf-gen. knyaz Sisianovun iştirakı ilə
yerinə yetirsin.
DÖRDÜNCÜ
MADDƏ
Mən, Şuşalı
və Qarabağlı İbrahim xan, mənim və varislərimin Bütün Rusiya imperiyasına sadiq
təəbəliyimiz və həmin imperiyanın işıqlı ali və yeganə hakimiyyətini qəbul
etməyimiz haqda mənim mövqeyimin təmizliyini göstərmək üçün Gürcüstan Baş
hakimi ilə qabaqcadan qarşılıqlı razılıq olmadan qonşu hakimlərlə əlaqə
saxlamağa, onlardan elçilər gələrsə və ya məktub göndərilərsə, onlardan
məzmunca tutarlı olanları Baş hakimə göndərməyə və ondan icazə istəməyə, dəyəri
az olanları haqda isə məlumat verməyə və Gürcüstan Baş hakimi tərəfindən mənim
yanıma təyin edilmiş şəxsə məlumat verməyə və onunla məsləhətləşməyə söz
verirəm.
BEŞİNCİ MADDƏ
İmperator
əlahəzrətləri Şuşalı və Qarabağlı İbrahim xanın ölkəsi üzərində özünün ali və
yeganə hakimiyyətinin tanınmasını razılıqla qəbul edərək, özünün və
varislərinin adından söz verir: 1) həmin ölkənin xalqlarını böyük Rusiya
imperiyasının sakinlərindən az da olsa ayırmayaraq öz təbəələri sayacaqdır. 2)
İbrahim xan zati-alilərinin və onun ocağından olan varislərin və arxasının
Qarabağ xanlığı üzərində hakimiyyəti dəyişilməz saxlanılacaqdır. 3) Daxili
idarə etmə ilə bağlı hakimiyyət işləri, məhkəmə və divanxana işləri, bununla
yanaşı ölkədən yığılan gəlir zati-alilərin (xanın) səlahiyyətində qalacaqdır.
4) Zati-alilərinin və onun sülaləsinin, eləcədə onun ölkəsinin qorunması üçün
Şuşa qalasına 500 nəfərlik Rusiya qoşunu qərərgah və baş zabitləri ilə,
(habelə) toplarla birlikdə yeridiləcək, ciddi müdafiə üçün isə Gürcüstan Baş
hakimi şərait və ehtiyaca görə bu dəstəni gücləndirəcək və zati-alilərinin
ölkəsinin Bütün Rusiya imperiyasına məxsus olan bir ölkə kimi hərbi qüvvə ilə müdafiə
edəcəkdir.
ALTINCI MADDƏ
Mən, Şuşalı
və Qarabağlı İbrahim xan, mənim sadiq təbəəlik istəyimin əlaməti olaraq söz
verirəm: 1) istər indi, istərsə də sonralar yuxarıda adı çəkilən qoşuna lazım
olan buğda və darı yarmasını (Gürcüstan) Baş hakiminin müəyyən etdiyi qiymətlə
tədarük edəcəyəm, çünki onların Yelizavetpol(Gəncə)dan gətirilməsi ya çox
çətindir, ya da tamamilə qeyri-mümkündür. 2) Qoşunların Şuşa qalasında
yerləşməsi üçün qoşun rəisinin bəyəndiyi evləri ayıracaq və lazımi qədər odunla
təmin edəcəyəm. 3) Şuşa qalasına Yelizavetpol tərəfdən yoxuşu sahmana
salacaq və yolu arabaların gedişi üçün yararlı edəcəyəm. 4) Hökumət Şuşa
qalasından Cavada gedən yolu qaydaya salmaq istəsə, onda bu iş üçün lazımi olan
işçilər hökumətin müəyyən etdiyi məzənnə ilə mənə verilməlidir.
YEDDİNCİ MADDƏ
İmperator
əlahəzrətlərinin zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xana və onun
varislərinə böyük ehtiram və mərhəmət əlaməti olaraq onu və varislərini
üzərində Bütün Rusiya imperiyasının gerbi olan bayraqla təltif edir, onun
yanında saxlanmalı və bu ölkə üzərində əlahəzrət tərəfindən bəxş edilmiş xanlıq
və hakimiyyət rəmzi kimi müharibəyə gedəndə özü ilə aparılmalıdır.
SƏKKİZİNCİ MADDƏ
Mən, Şuşalı
və Qarabağlı İbrahim xan, İmperator əlahəzrətlərinin yüksək razılığı ilə özümün
gəlirimdən həmişəki kimi istifadə etməyə icazəm olduğundan İmperator
əlahəzrətlərinin Tbilisidə yerləşən xəzinəsinə ildə 8000 çervon bac verməyi
öhdəmə alıram, bac iki müddətə, yeni bir hissəsi fevralın 1-də, o biri hissəsi
isə sentyabrın 1-də, özü də bu traktatın İmperator əlahəzrətləri tərəfindən
təsdiqi zamanı birinci hissəsinin, yəni 4000 çervonun ödənişi ilə başlanır.
Bundan başqa Asiya qayda-qanunu ilə and içməklə yanaşı, mən böyük oğlum
Məhəmmədhəsən Ağanın ikinci oğlu Şükürallahı həmişəlik Tbilisidə yaşamaq üçün
girov verməliyəm.
DOQQUZUNCU
MADDƏ
İmperator
əlahəzrətləri özünün xüsusi mərhəməti ilə, Tbilisidə sədaqət bildirmək üçün
saxlanılması olan zati-aliləri (xanın) nəvəsinin dolanışığı üçün Rusiya pul
vahidi ilə gündə 10 gümüş manat iltifatla bəxş edir.
ONUNCU MADDƏ
Bu müqavilə
əbədi müddətə bağlanır və bundan belə həmişəlik heç bir dəyişikliyə
uğramamalıdır.
ON BİRİNCİ MADDƏ
Bu traktın
İmperator əlahəzrətləri tərəfindən onun dövlət möhürü vurulmuş Ali Fərmanı ilə
təsdiqi bu sənədin imzalanmasından 6 ay keçənədək və ya mümkün olsa, daha tez
olmalıdır.
Yuxarıdakıların həqiqətə uyğun olduğunu (bildirmək) üçün aşağıda imza edənlər
Yelizavetpol dairəsinin düşərgəsində, Kürək çayı yaxınlığında, miladın 1805-ci
ilinin yayında, mayın 14-də (müsəlman təqvimi ilə 1220-ci il səfər ayında) bu
maddələrə qol çəkərək öz möhürlərini vurdular.
|