COĞRAFİYA TARİXİ
Coğrafiya
Yer səthini və təbiətlə cəmiyyətin qarşılıqlı təsiri gedişində onda yaranan
təbii-təsərrüfat ərazi sistemlərinin inkişafı və idarə olunmasının
qanunauyğunluqlarını öyrənən yeganə elmdir. Bu elmin üfüqləri getdikcə
genişlənir, nəzəri və təcrübi əhəmiyyəti artır. Ona görə də coğrafiya elminin
müxtəlif sahələrinə, o cümlədən tarixinə maraq xeyli artmışdır.
Coğrafiya tarixi elmi Yerin coğrafi mənzərəsinin tarixini aydınlaşdırır, onun
öyrənilməsi mərhələlərini açıb göstərir. Bir sözlə, «Coğrafiya tarixi» kursunun
başlıca vəzifəsi Yer haqqındakı ilkin coğrafi təsəvvürlərin, elmi biliklərin
keçmişi, indisi və həm də gələcək istiqamətləri haqqında yetkin biliklər
verməkdir.
Bu elmi öyrənməklə, Yerin ümumi mənzərəsinin işıqlandırılması və xəritələrin
düzəldilməsi çoxlu xalqların, səyyahların, dənizçilərin və coğrafiyaçı
alimlərin böyük fədakar əməklərinin nəticəsidir.
Hər bir elmin tarixinin öyrənilməsi, onun gələcək inkişafı üçün böyük əhəmiyyət
kəsb edir. Keçmişimizin elmi axtarışlarını, səhvlərini və əldə etdikləri
nailiyyətləri bilmədən elmin perspektivlərini müəyyən etmək qeyri-mümkündür.
Tarix gələcəyin proqnozlarının əsaslarından biridir. Nə qədər ki insanlar
yaşayır təbiətin tarixi və insanların tarixi biri-birilə bağlıdır və biri
digərinə əsas yaradır. Vahid bir elm kimi formalaşan coğrafiya mürəkkəb
inteqrasiya və differensassiya mərhələlərindən keçmişdir. İlkin olaraq təbiət
və cəmiyyət elmləri tərkibində yaranan coğrafiyanın qolları sonrakı inkişaf
mərhələlərində inteqrasiyaya uğrayaraq vahid elmə çevrilmişdir.
Elmin tarixi inkişafı rəvan olmamışdır. Uzun müddət irəliyə doğru yavaş-yavaş
hərəkətlə yanaşı birdən elə kəskin dönüş mərhələləri olur ki, bu mərhələlərin
də daha dəqiq öyrənilməsi xüsusi maraq doğurur. Belə kəskin dönüş mərhələlərinə
XV-XVII əsrlərdə baş verən Böyük Coğrafi kəşfləri, Şimal-Cənub qütblərinin
öyrənilməsi və Almaniya da Humbolt-Rixter, Rusiyada Pyotr Semyonov-Tyanşanski,
Azərbaycanda Baharlı-Qafur Rəşad kimi iri coğrafi məktəblərin və kosmik
coğrafiyanın yaranmasını misal göstərmək olar. Belə əhəmiyyətli keçid
mərhələlərinin və elmi məktəblərin təhlili coğrafiya tarixinə daha qabarıq
nəzər salmağa imkan verir.
Hazırda adlarının oxşarlığına görə coğrafiya tarixinə daha yaxın olan iki elm –
tarixi coğrafiya və kəşflərin tarixi elmləri yaranmışdır.
Coğrafiya tarixi elminə hələlik tam tərif verilməyibdir. Ümumiləşdirilmiş
şəkildə demək olar ki, coğrafiya tarixi Yer səthi və onun ayrı-ayrı
hissələrinin kəşf olunması, xəritələşdirilməsi və coğrafi elmi fikirlərin
yaranması və inkişafının tarixini öyrənir.
Tarixi coğrafiya müəyyən ölkələrin, yaxud ərazinin fiziki, iqtisadi və siyasi
coğrafiyanın keçmiş vəziyyətini öyrənən tarixi-coğrafi biliklər sahəsidir. Coğrafiya
tarixindən fərqli olaraq tarixi-coğrafiya keçmiş dövrlərin konkret iqtisadi
coğrafiyasını tədqiq edir.
Coğrafi kəşflər tarixi özünün yazısı olan (rəsmlərdən əlavə) xalqların
nümayəndəsinin ilk dəfə bu və ya digər obyektdə (materiklər, okeanlar, dənizlər,
adalar, boğazlar, zirvələr, vulkanlar və i.a.) ilk dəfə olması, bu obyektlərin
təsvirini verməsi və yaxud onu xəritəyə köçürməsidir. İndi buraya həmçinin
coğrafiya sahəsində kəşf olunan yeni nəzəriyyələr və qanunauyğunluqların tarixi
də əlavə edilir.
Coğrafi kəşflər dünya tarixinə güclü təsir göstərmişdir: yeni qitələrin,
torpaqların tapılmasına, bir ölkənin varlanmasına, digərlərinin məhvinə,
müstəmləkələrin əmələ gəlməsinə və s. səbəb olmuşdur.
Aparılan ekspedisiyalar və ayrı-ayrı səyyahlar tərəfindən həyata keçirilən
coğrafi kəşflər bizim elmə gələcəkdə nəzəri və praktiki ümumiləşdirmələr
aparmaq üçün lazım olan iri həcmdə material toplamağa imkan verir.
Böyük Coğrafi kəşflərin başlıca məqsədi yüzlərlə səyahətlər nəticəsində
dünyanın fiziki xəritəsinin müasir görünüşünün alınması olmuşdur. Bizim
zəmanəmizdə dünya xəritəsində artıq «ağ ləkələr» qalmamışdır. İndi coğrafi
kəşflərin məqsədi yeni coğrafi qanunlar və qanunauyğunluqların aşkar
edilməsidir. Belə coğrafi kəşflər elmi tədqiqatın fundamental sahəsinə aid
edilir. Onlar yerin quru səthi və Dünya okeanının mənimsənilməsi üçün həyatı
əhəmiyyət daşıyır. Yerin mənimsənilməsi prosesində birinci növbədə təbiətin
müxtəlif tiplərinin qarşılıqlı təsir mexanizmini, insanların müəyyən tarixi
biliklərini, təsərrüfatın əlaqələnməsi formalarını və s. bilmək tələb olunur.
Nəzəri kəşflər və onun tətbiqi olmadan coğrafiya göstərilən mürəkkəb
mexanizmini və onun idarəedilməsini əsaslandıra bilməz.
Beləliklə, coğrafi kəşflərin müasir tarixi, coğrafiya tarixinə açıq-aşkar
yaxınlaşır, lakin onunla tam birləşmir, Belə ki, coğrafiya tarixi fəlsəfə,
nəzəri coğrafiya və digər nəzəri elmlərlə yaxınlaşaraq daha çox metodoloji elmə
çevrilir. Zamanın tələbi onun digər elmlərlə inteqrasiyasını gücləndirir. Lakin
bununla yanaşı coğrafiya tarixi özünün daxili inkişaf məntiqinə və
qanunauyğunluqlarına malikdir.
Coğrafi kəşflər tarixi daha çox həyatın praktiki tələbatını əks etdirir. Böyük
Coğrafi kəşflər – XV-XVII əsrlər dövründə coğrafiya elmlərin «şahı» idi və
cəmiyyət üçün böyük praktiki əhəmiyyət kəsb edirdi. Sonralar o arxa plana
keçmişdir, lakin indi yenidən elmlərin önünə çıxmışdır. Hazırda elə bir zaman
gəlib ki, həyatın praktiki tələbatı coğrafiyanın güclü inkişafına şərait
yaradıb. Dünya okeanının, atmosferin, biosferin, qlobal ekoloji problemlərin,
məskunlaşma, istehsal və xidmətlərin ərazi sistemlərinin dərindən öyrənilməsi
və s. belə tələbatlardandır.
Coğrafi kəşflərin tarixindən fərqli olaraq coğrafiya tarixi həyatın tələbatını
geniş mənada təmin edir. Bir elm kimi coğrafiya tarixi daha mürəkkəbdir, o
elmlərin bütöv inkişafından, kadrların hazırlıq səviyyəsindən, nəzəri
ideyaların yaranması və yayılmasından və s. bəhs edir.
Tarixi faktları və hadisələri özündə əks etdirən coğrafiyanın tarixi kursunun
başlıca vəzifələri aşağıdakılardan ibarətdir:
- coğrafi ideyaların, prinsiplərin, qanunauyğunluqların və anlayışların
yaranması və inkişafının tarixi ardıcıllığını göstərmək,
- coğrafi biliklərlə cəmiyyətin həyat fəaliyyəti arasındakı qarşılıqlı
əlaqələrin inkişafının tarixi mərhələlərini göstərmək;
- müasir dövrdə coğrafi biliklərin cəmiyyətin praktiki həyatında istifadə
olunmasının istiqamətlərini göstərmək və bu sahədə mövcud olan böyük
problemləri qeyd etmək.
Coğrafiya tarixindən toplanan biliklər bəşəriyyətin bu günü və gələcəyi üçün
böyük fayda verə bilər. Məsələn, tarixdən məlumdur ki, Xəzər dənizinin
səviyyəsi müəyyən onilliklərdə gah qalxır və gah da enir. Bu tarixi bilgiləri
nəzərə almayaraq dəniz sahillərinin təsərrüfatda mənimsənilməsi sonralar böyük
ziyana başa gəlir. Bu gün Lənkəran-Astara zonasında, Xəzərin digər yerlərində
su altında qalmış on min hektarlarla əkinlər, üzümlüklər, yollar və kəndlər
coğrafiyanın bizə verdiyi tarixi biliklərin əhali arasında zəif yayılması və
biganəliyin nəticəsidir. Təbiidir ki, belə biganəliklər ölkəmizə və onun
əhalisinə milyard manatlarla ziyan vurur.
Hələ lap qədimlərdən Çində məhsuldar qüvvələrin və bütövlükdə elmin inkişafı
kompasın ixtirasına səbəb oldu, bu ixtira isə öz növbəsində coğrafi biliklərin
və kəşflərin genişlənməsinə güclü təkan verdi.
Coğrafiya tarixi bu elmin keçdiyi yolu dövrlərə bölməyi tələb edir. Coğrafiya
tarixi aşağıdakı dövrlərə ayrılır:
1. Qədim dünya coğrafiyası V
əsrə qədərki dövrü əhatə edir. Bu dövrdə inkişaf edən Aralıq dənizi mədəniyyəti
antik coğrafi kəşflərə güclü təkan verir, geniş ərazilərin coğrafi xəritələri
tərtib olunur. Qədim xalqların ilkin coğrafi təsəvvürləri və səyahətləri
haqqında məlumat verilir. Antik coğrafiyaşünaslardan Eratosfen, Aristotel,
Ptolemey, Strabon və b. klassik əsərlərinin coğrafiya tarixində yeri
müəyyənləşdirilir.
>2. Orta əsr coğrafiya tarixinin
(V-XV) ümumi icmalı, xristian dünyasında təbiətə dair mütərəqqi və mürtəce
baxışların mübarizəsi, Ərəb coğrafiyası və kartoqrafiyası, İbn-Bətuti, Marko
Polo və b. səyahətləri əks olunur. İndiyə qədər Ərəb coğrafiyası tərkibində
verilən türk xalqları və onun Əl-Xarəzmi, Əl-Biruni, Nəsrəddin Tusi, Mahmud
Kaşqari və s. kimi alimlərin astronomiya, riyazi coğrafiya, xəritəşünaslıq və
s. aid bilikləri ayrıca bölmə şəklində verilir.
3. Yeni dövrün coğrafiyası
(XV-XIX əsrlər) Böyük Coğrafi kəşflər kapitalist manufakturasının inkişafı (XYI
əsrin ortalarından XYII əsrin ortalarına qədər) və yeni dövrün (XYII əsrin
ortaları və XYIII və XIX əsrlərədək) tarixini əhatə edir. Bu dövr coğrafiya
tarixinin qızıl dövrü adlanır.
4. Müasir dövrün coğrafiya tarixi Arktika
və Antarktidanın, Dünya okeanının və kosmosdan Yerin öyrənilməsini, müxtəlif
coğrafiya elmi məktəblərinin yaranmasını, ətraf mühitin mühafizəsi və
bərpasını, Azərbaycanda coğrafiya elminin inkişafını və s. əhatə edir.
Ptolomeyin xəritəsi
Köhnə Yunanlılar isə məhsuldar sahələrin qıtlığı
səbəbiylə dənizçiliklə maraqlanmış və bu sahədə
coğrafiyanı inkişaf etdirmişlər. Miletoslu
Hekataiosun b.e.-nın 500-cü ilində yazdığı kitabın ilk coğrafiya əsəri olduğu fərz edilər. Ayrıca K. Ptolomey Geographike
hyphege-sis kitabında xəritə düzəltmək üsullarından bəhs etmiş və bu sahədə coğrafiya
elminə böyük tövhə vermişdir. Eratosfen, Surlu Marinus və Ptolomey də
bu gün istifadə etdiyimiz paralellər və meridianlardan ibarət olan xəritələrin inkişafında qabaqcıl rol oynamışlar.
Abraham
Orteliusun Yer atlası
Roma İmperatorluğu dövründə coğrafiya daha çox hərbi məqsədlər üçün
istifadə edildi və inkişaf etdirildi.
İslam dünyasında isə Havkalın 10- cu əsrdə
yazdığı əl-Mesalik
vəl-Memalik (Yollar və Ölkələr), 9-cu əsrdə Belhinin yazdığı Suverü-l-Ekalim
(İqlim Növləri), 10-cu
əsrdə Məsudunun yazdığı əl-Müru-çü'z-Zeheb (Qızıl Çayırlar) və
14-cü əsrdə İbn Bəttutənin yazdığı Tuhfetü'n-Nuzzarfi Garaibi'l-Emsar adlı əsərlər önə çıxmaqdadır.
Kompasın Avropaya keçməsi nəticəsində uzaq
diyarlara səfərlər başladı və yer üzü haqqında daha geniş məlumatlar əldə edildi. X.Kolomb, Vasco da Qama, Amerigo Vespucci, C.Kabot və Magellanın
kəşfləriə nəticəsində xəritələr zənginləşdi. Anversli Abraham Ortelius un 1570-ci ildə düzətdiyi atlas,
dünyada ilk atlas sayılır.
1700-cü illərdən sonra coğrafiya üsul və forma olaraq daha
elmiləşdi. Teleskop və saniyəölçənlərin mövcudluğuyla coğrafi məlumatların etibarlılığı və hesabların asanlığı təmin edildi.
1800-cü illərdə isə coğrafiya Aleksandr von Humboldt,
Alman elm adamı və tarixçi Carl
Ritter tərəfindən akademiyada dərs olaraq keçilməyə başlandı.Humboltun Cosmos (Kainat), Ritterin de Die
Erdkunde (Coğrafiya) adlı əsərlərində coğrafiya elmini nizamlı şəkildə tənzimləməyə çalışaraq müasir coğrafiyanın dayaqlarını atdılar.
A.Humboldt fiziki
coğrafiyanın , C. Ritter isə bəşəri
coğrafiyanın banisi olaraq qəbul edilir.
Qeyd: Türkçədən tərcümə etdi- Q.Nəriman
|