26 fevralda gerçək
soyqrım yaşandı, ancaq yalançı soyqrıma inanan dünya gerçək soyqrımı tanımaq
istəmir...
Keçmiş sovet ordusunun 366-cı
motoatıcı alayının döyüş texnikası hələ fevralın 25-də axşam Xocalını üç
tərəfdən mühasirəyə alaraq, döyüş mövqelərinə çıxmağa başlamışdı. Bunun
ardınca şəhərə hücum başlandı. İki saat ərzində şəhər toplardan, ağır hərbi
texnikadan şiddətli atəşə tutuldu. Ertəsi gün səhər saat 5-ə yaxın şəhər
əslində yerlə-yeksan olmuşdu: qalan evlər od tutub yanır, 2500-dən çox sakin
isə yurd-yuvalarını tərk edərək, Əsgəran istiqamətində xilas olmağa
çalışırdı, lakin Naxçivanik kəndi yaxınlığında erməni quldur dəstələri əliyalın
adamları gülləyə tutdular.
Sonradan erməni tərəfin
nümayəndələri sanki heyrətlə çiyinlərini çəkərək bəyan edəcəklər ki, guya
dinc əhalinin şəhərdən çıxması üçün onlara “sərbəst dəhliz” yaradılmışdı.
Əslində isə, həmin “dəhliz” qarlı meşələrdə, dağ aşırımlarında donub taqətdən
düşmüş qadınlar, uşaqlar, yaşlı kişilər üçün dəhşətli tələyə çevrildi. Erməni
quldur dəstələri bu zavallı, ümidlərini itirmiş insanları xüsusi qəddarlıqla
məhv edir, hətta bundan ləzzət alırdı...
Xocalının işğal edilməsi
barədə iş üzrə istintaq materiallarından məlumdur ki, şəhərə hücumda erməni
separatçıları və quldur dəstələri ilə yanaşı, bədnam 366-cı alayın mayor
Seyran Ohanyanın komandir olduğu 2-ci batalyonu, Yevgeni Nabokixinin komandir
olduğu 3-cü batalyonu, 1-ci batalyonun qərargah rəisi Valeri Çitçyan və həmin
alayın milliyyətcə erməni olan 50-dən artıq zabiti və giziri iştirak
etmişdir.
Həmin materiallardan bu da məlumdur ki, Xocalıya hücum zamanı qadağan olunmuş
5,45 mm
çaplı güllələrdən və kimyəvi silahdan istifadə edilmişdir. Sağ qalmış
insanlara xüsusi qəddarlıqla işgəncə verilirdi. Onların başlarının dərisini
soyur, başlarını və bədənin digər əzalarını kəsir, uşaqların gözlərini
çıxarır, hamilə qadınların qarınlarını yırtır, adamların üstünə benzin
tökərək diri-diri yandırırdılar. Bütün bunlar Cenevrə Konvensiyasının
protokollarının Ermənistan tərəfindən həyasızcasına pozulması, dinc əhaliyə
qarşı soyqırımı faktları deyilmi?!
Dağlıq Qarabağ münaqişəsinin ən qanlı faciəsi, əslində, 1988-ci ildə
Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə
birləşdirilməsi barədə etnik ermənilərin qanunsuz tələblərindən başlanmışdı.
Bu tələblər Ermənistan SSR-in hakim dairələrinin açıq dəstəyi və Sovet
İttifaqının mərkəzi hakimiyyət orqanlarının dinməz razılığı ilə
şirnikləndirilmişdi.
Əslində, Xocalının taleyi qabaqcadan həll edilmişdi. Əhalisinin sayı yeddi
min nəfərə yaxın olan bu şəhər Xankəndidən 10 kilometr cənub-şərqdə,
Ağdam-Xankəndi yolunun üstündə yerləşirdi. Qarabağda hərbi təyyarələrin enə
biləcəyi yeganə hava limanı bu şəhərdə idi. Ona görə də təbiidir ki, erməni
quldur dəstələrinin birinci dərəcəli vəzifəsi Xocalını məhv etmək, Əsgəranla
Xankəndini birləşdirən dəhlizi açmaq və azərbaycanlıların nəzarəti altında
olan yeganə hava limanını ələ keçirmək idi.
İstər-istəməz belə bir sual yaranır: Məgər o vaxt respublikaya rəhbərlik edən
A.Mütəllibov bunu bilmirdi?
Əgər bilmirdisə, deməli, bu yüksək vəzifəni tutmağa haqqı yox idi.
Respublikanın ən yüksək vəzifəli şəxsi - prezident və Azərbaycan Silahlı
Qüvvələrinin baş komandanı konstitusiya qaydalarının qorunmasını, ölkənin
ərazi bütövlüyünü, vətəndaşların hüquq və azadlıqlarını təmin etməmişdir.
Üstəlik, hətta faciə baş verəndən sonra da həqiqəti xalqa söyləməkdən qorxur
və ermənilər tərəfə daha bir addım ataraq qırğının real miqyası barədə
məlumatları gizlədirdi.
A.Mütəllibov Xocalını müdafiə edə bilməməkdə öz rolunu azaltmağa çalışaraq,
qırğının bütün günahını Xalq Cəbhəsi rəhbərliyinin üstünə yıxırdı. Onun özünü
təmizə çıxarmaq üçün, verdiyi müsahibəsi Ermənistanda geniş reklam edilirdi.
Beləliklə, o, öz xalqına bir daha xəyanət etdi, öz versiyasını, daha doğrusu,
özünün acizliyini və səriştəsizliyini göstərən ağılsız qənaətlərini düşmənə
“hədiyyə etdi”. O vaxtkı müxalifət isə xalqın qəzəb dalğası üzərində
hakimiyyətə gəlmək üçün, sadəcə, bu faciədən istifadə etdi.
Vəhşiləşmiş ermənilərin dinc əhaliyə qeyri-insani qəddarlıqla divan
tutmasının daha bir səbəbi vardır.
Bunu hazırda Ermənistanın baş naziri kürsüsündə əyləşən və prezident
vəzifəsinə iddia edən Serj Sarkisyan çox həyasız və sərt şəkildə söyləmişdir:
“Xocalı hadisəsinə qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat
etmək olar, onlar elə bilirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra
bilməzlər. Biz bu “stereotipi” qırmağa nail olduq”. Deməli, bu amansız qırğın
bilərəkdən vahimələndirmə aktı kimi planlaşdırılmışdı.
Lakin onlar öz məqsədlərinə çatmadılar və heç vaxt çatmayacaqlar.
Kütləvi qətl yerlərində olmuş rusiyalı jurnalist Y.Romanov Qarabağ haqqında
yazdığı “Mən müharibəni çəkirəm...” adlı kitabını aşağıdakı sözlərlə
başlamışdı: “İlahi, axı bu necə “milli azadlıq mübarizəsi”dir?”
Həmin kitabdan cəmi bir epizodu sizə təqdim edirik, özünüz nəticə çıxarın:
“...Lentə çəkdiyim 37 saniyə əllərimi yandırır. Mən insanların əhatəsindən
çıxıb kameranı qaldırıram. Videoaxtarıcıda içərisində yaralılar olan maşının
şütüdüyü yol görünür. Budur, yaralıları xərəklərə qoyur, platformadan birbaşa
vaqonların açıq pəncərələrindən əməliyyat vaqonuna aparırlar. Başı sarıqlı 6
yaşlı qızcığaz. Sarğı elə qoyulmuşdur ki, onun hər iki gözünü örtür.
Mən kameranı söndürmədən qızcığaza tərəf əyilirəm:
-Sənə nə olub, əzizim?
-Gözlərim yanır...Əmi, gözlərim yanır...
Gözlərim yanır!!!
Həkim çiynimə əlini qoyur:
-O kordur. Gözlərini siqaret kötükləri ilə yandırıblar... Onu bizim yanımıza
gətirəndə gözlərindən siqaret kötüyünün qalıqları sallanırdı...
Oxucu məni bağışlasın, lakin gözlərimlə gördüklərimi, qulaqlarımla
eşitdiklərimi dilimlə deyə bilmirəm. Belə xatirələr izsiz ötüb-keçmir və
axşam bu fəsli yazandan sonra, ertəsi gün gicgahlarımda ağ tüklərin
çoxaldığını görürəm...”
Xocalıdakı qanlı qırğın haqqında xəbərlər özlərini “bu münaqişənin
qurbanları” kimi qələmə verən ermənilər və onların havadarlarının
vəhşiliyindən dəhşətə gələn ictimaiyyətə tədricən də olsa çatdı. Xocalıda
azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı haqqında həqiqət müxtəlif
ölkələrin parlamentləri tərəfindən müzakirə mövzusuna çevrildi.
ABŞ Konqresində İndiana ştatının nümayəndəsi, beynəlxalq münasibətlər
komitəsinin üzvü konqresmen Den Barton 2005-ci il fevralın 21-də Nümayəndələr
palatasındakı çıxışında Konqresi Xocalı faciəsini soyqırımı kimi tanımağa
çağırmışdı. Öz nitqinə “bəşəriyyət bunu bilməli və yadda saxlamalıdır”
sözləri ilə başlayan konqresmen bəyan etmişdir ki, Xocalıda vəhşicəsinə etnik
təmizləmə, heç bir təqsiri olmayan qadınlara, uşaqlara və qocalara
münasibətdə ağlasığmaz qəddarlıqlar törədilmiş, ermənilər hətta cəsədləri də
təhqir etmişlər. Konqresmen çıxışının sonunda demişdir: “Biz şahid olduq ki,
ermənilər Azərbaycan ərazisində işğal etdikləri hər bir kəndi dağıtmağı öz
qarşılarına məqsəd qoymuşlar. Bu, barbarlıqdır”.
Bu deyilənlərlə əlaqədar bir məsələni də xatırlatmalıyıq. Amerikada çıxan “V
novom svete” adlı ermənipərəst rusdilli qəzetin 2007-ci il 19-25 oktyabr
tarixli nömrəsində erməni lobbiçisi Edvard Pariyantsın “Ermənilərin soyqırımı
faktdır” sərlövhəli məqaləsi dərc olunmuşdur. Müəllif bu “faktı” təsdiq etmək
üçün guya 1915-ci ildə türklər tərəfindən qətlə yetirilmiş uşaqların
cəsədlərinin fotoşəklini təqdim etmişdir. Əslində isə, bunlar erməni
quldurların Xocalını yerlə-yeksan edərkən qətlə yetirdikləri azərbaycanlı
uşaqların fotoşəkilləridir. Feliks Tsertsvadze saxtakarları yerində oturtmağa
çağıraraq öz məktubunda hiddətini gizlətmir: “Həyasızlığın, utanmazlığın və
sinizmin dərəcəsinə baxın ki, 1992-ci ildə erməni terrorunun qurbanı olmuş
azərbaycanlı uşaqlar 1915-ci il hadisələrinin qurbanları olmuş ermənilər kimi
qələmə verilir”. Fitnəkar erməninin cavabı verilmiş, qəzet isə bu səhvə görə
oxuculardan üzr istəmişdir.
Xocalı qırğını həm də ona görə mümkün olmuşdur ki, Moskva azərbaycanlıların
silahlı birləşmələr yaratmasına mane olurdu. Qarabağ azərbaycanlılarının adi
ov tüfənglərini də əllərindən alır, bildirirdilər ki, əhalinin müdafiəsini və
respublikanın ərazi bütövlüyünü sovet ordusunun bu bölgədə yerləşən hissələri
həyata keçirəcəkdir. Beləliklə, Dağlıq Qarabağın azərbaycanlı əhalisi taleyin
ümidinə buraxılmışdı.
XX əsrin axırlarında baş vermiş Xocalı soyqırımı təkcə Azərbaycan xalqına
deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir. Dünya bunu yadda
saxlamalıdır. Özü də bu, Azərbaycanın təbliğatı deyil, reallıqdır.
Hər il fevralın 26-da bütün dünya azərbaycanlıları bu dəhşətli faciənin
ildönümünü qeyd edir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
başçılıq etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin öncül istiqamətlərindən
biri Xocalı faciəsi haqqında bütün həqiqətləri dünya ictimaiyyətinə
çatdırmaqdan ibarətdir. Bu məqsədlə Azərbaycanın internet-portalı yaradılmış,
“Qarabağ reallıqları” adlı bukletlər toplusu hazırlanmışdır. Ötən il həyata
keçirilmiş xüsusi layihənin davamı olaraq, bu il Böyük Britaniyada,
Hollandiyada, Polşada, Ukraynada, ABŞ-da (Vaşinqton, Nyu-York), Birləşmiş
Ərəb Əmirliklərində (Dubayda) faciəli Xocalı hadisələrinə həsr olunmuş
silsilə tədbirlər təşkil ediləcəkdir.
Bu ölkələrdə erməni faşistlərin sağlam düşüncəyə sığmayan vəhşiliklərini ifşa
edən fotosənədlərin rus və ingilis dillərində sərgiləri təşkil olunacaq,
Fondun keçirdiyi “Xocalı uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibləri
olmuş məktəblilərin işləri nümayiş etdiriləcəkdir.
Bununla əlaqədar qeyd etmək lazımdır ki, Azərbaycandakı müsəlman, xristian və
yəhudi konfessiyalarının başçıları hər il Xocalı soyqırımının ildönümü
ərəfəsində beynəlxalq ictimaiyyətə müraciət qəbul edir, 1992-ci il fevralın
26-da törədilmiş vəhşilikləri pisləməyə çağırır, bu cinayətin bilavasitə
günahkarlarının məsuliyyətə cəlb olunmasını tələb edirlər.
Xocalı faciəsinin 16-cı ildönümü ilə əlaqədar, “Dua” adlı 13 dəqiqəlik yeni
film nümayiş etdiriləcəkdir. Filmin ssenari müəllifi Yusif Şeyxov, rejissoru
Ziya Şıxlinskidir. Dövlət sifarişi ilə çəkilmiş bu film bir sıra xarici
dillərə tərcümə olunmuşdur və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş
üzrə Dövlət Komitəsinin dəstəyi ilə bir sıra ölkələrdə, səfirliklərdə, eləcə
də Azərbaycanın bütün telekanallarında nümayiş etdiriləcəkdir.
Dünya Xocalı faciəsi barədə həqiqəti bilməli və yadda saxlamalıdır. Cəzasız
cinayət yoxdur və ola da bilməz. Həmin dəhşətli cinayətdə bu və ya digər
şəkildə əli olanlar hələlik yalnız öz vicdanları qarşısında cavabdehlik
daşıyırlar. Lakin vaxt gələcək, biz buna inanırıq, hökmən o gün gələcək ki,
onlar öz mənfur əməllərinə görə tarixin məhkəməsi qarşısında, bəşəriyyət
qarşısında cavab verməli olacaqlar.
|