AZƏRBAYCAN RESPUBLIKASININ KONSTITUSIYASI
Azərbaycan
xalqı özünün çoxəsrlik dövlətçilik ən`ənələrini davam etdirərək, “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan
prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının tə`min
edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar
edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz
məs`uliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə
aşağıdakı niyyətlərini bəyan edir:
·
Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü
qorumaq;
·
Konstitusiya çərçivəsində demokratik quruluşa tə`minat vermək;
·
vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
·
xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini tə`min edən hüquqi, dünyəvi
dövlət qurmaq;
·
ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat
səviyyəsini tə`min etmək;
·
ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və
əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
Yuxarıda
sadalanan ülvi niyyətlərlə ümumxalq səsverməsi — referendum yolu ilə bu
Konstitusiya qəbul edilir.
Birinci bölmə
Ümumi müddəalar
1-ci fəsil. Xalq
hakimiyyəti
Maddə 1. Hakimiyyətin
mənbəyi
I. Azərbaycan Respublikasında dövlət
hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.
II. Azərbaycan xalqı Azərbaycan Respublikası
ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına
tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə
beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir.
Maddə 2. Xalqın
suverenliyi
I. Sərbəst və müstəqil öz müqəddəratını həll
etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren
hüququdur.
II. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə
ümumxalq səsverməsi — referendum və ümumi, bərabər və birbaşa seçki hüququ
əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri
vasitəsilə həyata keçirir.
Maddə 3. Ümumxalq səsverməsi
— referendum yolu ilə həll edilən məsələlər
I. Azərbaycan xalqı öz hüquqları və mənafeləri
ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər.
II. Aşağıdakı məsələlər yalnız referendumla həll
oluna bilər:
1. Azərbaycan Respublikası Konstitusiyasının
qəbul edilməsi və ona dəyişikliklər edilməsi;
2. Azərbaycan Respublikasının dövlət
sərhədlərinin dəyişdirilməsi.
Maddə 4. Xalqı təmsil
etmək hüququ
Xalqın
seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək,
xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur.
Maddə 5. Xalqın
vahidliyi
I. Azərbaycan xalqı vahiddir.
II. Azərbaycan xalqının vahidliyi Azərbaycan
dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan
Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir.
Maddə 6. Hakimiyyətin
mənimsənilməsinə yol verilməməsi.
I. Azərbaycan xalqının heç bir hissəsi, sosial
qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini
mənimsəyə bilməz.
II. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır
cinayətdir.
2-ci fəsil. Dövlətin
əsasları
Maddə 7. Azərbaycan
dövləti
I. Azərbaycan dövləti demokratik, hüquqi,
dünyəvi, unitar respublikadır.
II. Azərbaycan Respublikasında dövlət hakimiyyəti
daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn
müddəalarla məhdudlaşır.
III. Azərbaycan Respublikasında dövlət
hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:
·
qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata
keçirir;
·
icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
·
məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
IV. Bu Konstitusiyanın müddəalarına əsasən
qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və
öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
Maddə 8. Azərbaycan
dövlətinin başçısı
I. Azərbaycan dövlətinin başçısı Azərbaycan
Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə
Azərbaycan dövlətini təmsil edir.
II. Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin
varisliyini tə`min edir.
III. Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının
tə`minatçısıdır.
IV. Azərbaycan Respublikasının Prezidenti
məhkəmə hakimiyyətinin müstəqilliyinin tə`minatçısıdır.
Maddə 9. Silahlı Qüvvələr
I. Azərbaycan Respublikası öz təhlükəsizliyini
və müdafiəsini tə`min etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr
yaradır.
II. Azərbaycan Respublikası başqa dövlətlərin
müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi
müharibəni rədd edir.
III. Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.
Maddə 10. Beynəlxalq
münasibətlərin prinsipləri
Azərbaycan
Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş
beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur.
Maddə 11. Ərazi
I. Azərbaycan Respublikasının ərazisi vahiddir,
toxunulmazdır və bölünməzdir.
II. Azərbaycan Respublikasının daxili suları, Xəzər
dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan
Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin
tərkib hissəsidir.
III. Azərbaycan Respublikasının ərazisi
özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir
hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli
Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək
yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə
bilər.
Maddə 12. Dövlətin ali
məqsədi
I. İnsan və
vətəndaş hüquqlarının və azadlıqlarının tə`min edilməsi dövlətin ali
məqsədidir.
II. Bu Konstitusiyada sadalanan insan və vətəndaş
hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun tətbiq edilir.
Maddə 13. Mülkiyyət
I. Azərbaycan Respublikasında mülkiyyət
toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət
və bələdiyyə mülkiyyəti növündə ola bilər.
III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və
azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə
istifadə edilə bilməz.
Maddə 14. Təbii
ehtiyatlar
Təbii
ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə
xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur.
Maddə 15. İqtisadi
inkişaf və dövlət
I. Azərbaycan Respublikasında iqtisadiyyatın
inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının
yüksəldilməsinə xidmət edir.
II. Azərbaycan dövləti bazar münasibətləri əsasında
iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa tə`minat verir,
iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.
Maddə 16. Sosial
inkişaf və dövlət
I. Azərbaycan dövləti xalqın və hər bir
vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat
səviyyəsi qayğısına qalır.
II. Azərbaycan dövləti mədəniyyətin, təhsilin,
səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini,
xalqın tarixi, maddi və mə`nəvi irsini qoruyur.
Maddə 17. Ailə və dövlət
I. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin
xüsusi himayəsindədir.
II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə
etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət
edir.
Maddə 18. Din və dövlət
I. Azərbaycan Respublikasında din dövlətdən
ayrıdır. Bütün dini e`tiqadlar qanun qarşısında bərabərdir.
II. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik
prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır.
III. Dövlət təhsil sistemi dünyəvi xarakter
daşıyır.
Maddə 19. Pul vahidi
I. Azərbaycan Respublikasının pul vahidi
manatdır.
II. Pul nişanlarının tədavülə buraxılması və
tədavüldən çıxarılması hüququ yalnız Milli Banka mənsubdur. Azərbaycan
Respublikasının Milli Bankı dövlətin müstəsna mülkiyyətindədir.
III. Azərbaycan Respublikasının ərazisində
manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.
Maddə 20. Dövlətin
borclarına qoyulan məhdudiyyətlər
Azərbaycan
dövlətinə qarşı qiyama və ya dövlət çevrilişinə kömək məqsədi ilə alınmış
borclar Azərbaycan Respublikası tərəfindən öhdəlik kimi qəbul edilə və ödənilə
bilməz.
Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili
Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını
tə`min edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı
başqa dillərin sərbəst işlədilməsini və inkişafını tə`min edir.
Maddə 22. Paytaxt
Azərbaycan
Respublikasının paytaxtı Bakı şəhəridir.
Maddə 23. Azərbaycan
dövlətinin rəmzləri
I. Azərbaycan Respublikasının dövlət rəmzləri
Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət
gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir.
II. Azərbaycan Respublikasının Dövlət bayrağı
bərabər enli üç üfqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı,
aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki
üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın
eninin uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan Respublikası Dövlət bayrağının və
Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət
Himninin musiqisi və mətni Konstitusiya Qanunu ilə müəyyən edilir.
İkinci bölmə
Əsas hüquqlar,
azadlıqlar və vəzifələr
3-cü fəsil. Əsas
insan və vətəndaş hüquqları və azadlıqları
Maddə 24. İnsan və vətəndaş
hüquqlarının və azadlıqlarının əsas prinsipi
I. Hər kəsin doğulduğu andan toxunulmaz,
pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.
II. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və
başqa şəxslər qarşısında məs`uliyyətini və vəzifələrini də əhatə edir.
Maddə 25. Bərabərlik
hüququ
I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.
II. Kişi ilə
qadının eyni hüquqları və azadlıqları vardır.
III. Dövlət irqindən, milliyyətindən, dinindən,
dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən,
əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai
birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının
bərabərliyinə tə`minat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını
irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə
görə məhdudlaşdırmaq qadağandır.
Maddə 26. İnsan və vətəndaş
hüquqlarının və azadlıqlarının müdafiəsi
I. Hər kəsin qanunla qadağan olunmayan üsul və
vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.
II. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının
müdafiəsinə tə`minat verir.
Maddə 27. Yaşamaq hüququ
I. hər kəsin
yaşamaq hüququ vardır.
II. Dövlətə silahlı basqın zamanı düşmən
əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm
cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digir hallar istisna olmaqla hər
bir şəxsin yaşamaq hüququ toxunulmazdır.
III. Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam
ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə
ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər.
IV. Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son
zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən
qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət
çevrilişinin qarşısının alınması, fövqəl`adə və hərbi vəziyyət zamanı
səlahiyyətli şəxsin verdiyi əmrin yerinə yetirilməsi, ölkəyə silahlı basqın
edilməsi halları istisna olmaqla insana qarşı silah işlədilməsinə yol verilmir.
Maddə 28. Azadlıq
hüququ
I. Hər kəsin azadlıq hüququ vardır.
II. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş
qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla
bilər.
III. Qanuni surətdə Azərbaycan Respublikasının
ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə
bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.
IV. Azərbaycan Respublikası vətəndaşının hər
zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır.
Maddə 29. Mülkiyyət
huququ
I. Hər kəsin mülkiyyət hüququ vardır.
II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.
Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz
əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə
birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam
vermək hüquqlarından ibarətdir.
IV. Heç kəs məhkəmənin qərarı olmadan
mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir.
Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin
özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə
yol verilə bilər.
V. Dövlət vərəsəlik hüququna tə`minat verir.
Maddə 30. Əqli mülkiyyət
hüququ
I. Hər kəsin əqli mülkiyyət hüququ vardır.
II. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli
mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.
Maddə 31. Təhlükəsiz
yaşamaq hüququ
I. Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.
II. Qanunla nəzərdə tutulmuş hallar istisna
olmaqla, şəxsin həyatına, fiziki və mə`nəvi sağlamlığına, mülkiyyətinə,
mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.
Maddə 32. Şəxsi
toxunulmazlıq hüququ
I. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.
II. Hər kəsin şəxsi və ailə həyatının sirrini
saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi həyata
müdaxilə etmək qadağandır.
III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı
haqqında mə`lumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına
yol verilmir.
IV. Hər kəsin yazışma, telefon danışıqları,
poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən mə`lumatın sirrini
saxlamaq hüququna dövlət tə`minat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş
qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı
həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
Maddə 33. Mənzil
toxunulmazlığı hüququ
I. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
II. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə
qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə
daxil ola bilməz.
Maddə 34. Nikah hüququ
I. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa
çatdıqda ailə qurmaq hüququ vardır.
II. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç
kəs zorla evləndirilə (ərə verilə) bilməz.
III. Nikah və ailə dövlətin himayəsindədir.
Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə
yardım göstərir.
IV. Ər ilə arvadın hüquqları bərabərdir.
Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də
borcudur.
V. Valideynlərə hörmət etmək, onların qayğısına
qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək
qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar.
Maddə 35. Əmək hüququ
I. Əmək fərdi
və ictimai rifahın əsasıdır.
II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında
sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək
hüququ vardır.
III. Heç kəs zorla işlədilə bilməz.
IV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç
kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri
qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı
səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək,
fövqəl`adə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri
gördürmək hallarına yol verilir.
VI. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə
işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin
müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ
vardır.
VII. İşsizlərin dövlətdən sosial müavinət almaq
hüququ vardır.
VIII. Dövlət işsizliyin aradan qaldırılması üçün
bütün imkanlarından istifadə edir.
Maddə 36. Tə`til hüququ
I. Hər kəsin təkbaşına və ya başqaları ilə
birlikdə tə`til etmək hüququ vardır.
II. Əmək müqaviləsi əsasında işləyənlərin tə`til
etmək hüququ yalnız qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və digər silahlı birləşmələrdə
xidmət edən hərbi qulluqçular və mülki şəxslər tə`til edə bilməzlər.
III. Fərdi və kollektiv əmək mübahisələri qanunla
müəyyənləşdirilmiş qaydada həll edilir.
Maddə 37. İstirahət
hüququ
I. Hər kəsin istirahət hüququ vardır.
II. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən
edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram
günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli mə`zuniyyət
verilməsi tə`min edilir.
Maddə 38. Sosial tə`minat
hüququ
I. Hər kəsin sosial tə`minat hüququ vardır.
II. Yardıma möhtac olanlara kömək etmək, ilk
növbədə, onların ailə üzvlərinin borcudur.
III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə
çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək
qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər
hallarda sosial tə`minat almaq hüququna malikdir.
IV. Təqaüdlərin və sosial müavinətlərin minimum
məbləği qanunla müəyyən edilir.
V. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial
sığortanın və sosial tə`minatın başqa növlərinin inkişafı üçün imkanlar
yaradır.
Maddə 39. Sağlam ətraf
mühitdə yaşamaq hüququ
I. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ
vardır.
II. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında
mə`lumat toplamaq və ekoloci hüquqpozma ilə əlaqədar onun sağlamlığına və
əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.
Maddə 40. Mədəniyyət
hüququ
I. Hər kəsin mədəni həyatda iştirak etmək,
mədəniyyət tə`sisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ
vardır.
II. Hər kəs tarixi, mədəni və mə`nəvi irsə hörmətlə
yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır.
Maddə 41. Sağlamlığın
qorunması hüququ
I. Hər kəsin sağlamlığını qorumaq və tibbi
yardım almaq hüququ vardır.
II. Dövlət müxtəlif mülkiyyət növləri əsasında
fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər
görür, sanitariya-epidemiologiya salamatlığına tə`minat verir, tibbi sığortanın
müxtəlif növləri üçün imkanlar yaradır.
III. İnsanların həyatı və sağlamlığı üçün təhlükə
törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında
məs`uliyyətə cəlb edilirlər.
Maddə 42. Təhsil hüququ
I. Hər bir vətəndaşın təhsil almaq hüququ
vardır.
II. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu
tə`min edir.
III. Təhsil sisteminə dövlət tərəfindən nəzarət
edilir.
IV. Maddi vəziyyətindən asılı olmayaraq
iste`dadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir.
V. Dövlət minimum təhsil standartlarını müəyyən
edir.
Maddə 43. Mənzil hüququ
I. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum
edilə bilməz.
II. Dövlət yaşayış binalarının və evlərin
tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi
tədbirlər görür.
(DAVAMI VAR)
|