İSAAK NYUTON
İsaak Nyuton (Isaac Newton), (4 yanvar 1643 – 31
mart 1727) İngilis fizikçi, riyaziyatçi, astronom, fəlsəfəçi və kimyaçıdır. Tarixdəki ən böyük riyaziyatçi və alimlərdən biridir.
Elmi inqilabın başverməsində və heliyosentrizmin inkişafinda böyük rolu
olmuşdur.
Həyatı
Bütün zamanların ən böyük alimlərindən biri
olan İsaak Nyuton haqqında söhbət açılanda öncə alma yada düşür. Deyilənlərə
görə, Nyuton cazibə qüvvəsi nəzəriyyəsini öz bağlarındakı alma ağacının
kölgəsində oturub dincələn zaman başına düşən alma ilə əlaqədar olaraq verib.
Bu, bəlkə də, kimlərinsə uydurmasıdır.Amma yazılanlara görə, Nyutonun cazibə
qüvvəsinə dair elmi işləri Avropada fransız yazıçısı və maarifçi filosofu
Volterin (1694 — 1778) sayəsində yayılıb. Volter ömrünün son illərində
İngiltərəyə gedib-qayıdandan sonra Nyutonun ona böyük təsir bağışlayan cazibə
qanununu təbliğ etməyə başlayıb. Nyutonun başına düşən alma haqqında məlumatı
da dünyaya o, yayıb. Volter onu da deyib ki, alma barədə məlumatı Nyutonun
böyük hörmətlə 20 il ərzində öz evində saxladığı gözəl-göyçək qohum qızdan
alıb. Sözbaz Volter yazıb ki, Nyutonun karyerasının və populyarlığının səbəbi
heç də elmi əsərləri yox, qohum qızın gözəlliyi olub. Əlbəttə ki, bunu zarafat
kimi qəbul etmək lazımdır.
İsaak Nyuton ingilis riyaziyyatçısı,mexanik
və fiziki, astronom və astroloqu, müasir fizikanın banilərindən biri olub.
Nyuton mexanikanın əsas qanunlarını formalaşdırıb, bütün fiziki hadisələrin
təsvirinin vahid fiziki proqramını yaradıb. O, ümümdünya cazibə qüvvəsini kəşf
edib, planetlərin Günəş ətrafında və Ayın Yer ətrafında hərəkətinin , habelə
okeanlarda qabarma və çəkilmənin izahını verib. Akustkanın və fiziki optikanın
əsasını da bu alim qoyub. Diferensial və inteqral hesabı Nyuton işləyib
hazırlayıb. İşıq dispersiyasını, xromatik aberrasiyanı o kəşf edib,
interferensiya və difraksiyanı araşdırıb, işığın korpuskulyar nəzəriyyəsini
genişləndirib, güzgülü teleskop hazırlayıb, səma mexanikasının əsaslarını
yaradıb. Sələflərinin və özünün mexanika sahəsində tədqiqatlarının nəticələrini
ümumiləşdirərək alim “Natural fəlsəfənin riyazi başlanğıcı” adlı möhtəşəm
əsərini ərsəyə gətirib. 1687-ci ildə nəşr olunmuş bu əsərdə mexanikanın əsas
məfhumları və prinsipləri üç məşhur qanun—ətalət qanunu, hərəkətin kəmiyyətinin
sərf edilmiş qüvvəyə proporsionallığı qanunu , təsir və əks—təsir qanunu
şəklində formalaşdırılmışdır. Daha bir konsepsiya onun adı ilə bağlıdır. Nyuton
bu konsepsiyasında Günəş sisteminin vəhdətdə olmasında israrlı idi. O, Günəş
sistemini atomun quruluşuna oxşadırdı. Günəş protonla müqayisə edilən pozitiv
enerjinin mərkəzi mənbəyi kimi təqdim olunur, planetlər isə elektronlara
bənzədilirdi. Yer kürəsinin sakinləri isə qaz təbəqəsi ilə örtülmüş
elektronlardan birində qərar tutmalı idi. Nyuton optika sahəsində də böyük
nailiyyətlər qazanmışdır. 1666-cı ildə üçtərəfli şüşə prizma vasitəsilə ağ
işığı yeddi rəngə(spektrə) ayırmış, beləliklə də onun mürəkkəbliyini(
dispersiya hadisəsini) sübuta yetirmiş, xromatik aberrasiyanı kəşf etmişdir.
Teleskoplarda aberrasiyaya (optik sistemdə alınan təsvirlərin təhrif olunması)
yol verilməməsi üçün orijinal sistemli- güzgülü(əksetdirici) teleskop-reflektor
hazırlamışdı. Bu teleskopda linza əvəzinə batıq sferik güzgüdən istifadə
olunmuşdu. Həmin teleskop Nyuton teleskopu adlanırdı. O, optik tədqiqatlarını
“Optika” əsərində şərh etmişdi.
Nyutonun elmi işləri öz dövrünün elmi
səviyyəsini xeyli üstələdiyi üçün müasirləri tərəfindən az anlaşılırdı. O,
Allaha dərindən inananırdı. Onda belə bir yəqinlik vardı ki, elmi tədqiqatlar
Allahı daha yaxşı dərk etmək üçün dəyərli vasitədir. Nyutonun ilahiyyat
məsələlrinə dair yazıları 40.000 səhifəyə yaxındır. O, həyatının əsl mənasını
ilahiyyat əsərlərində görürdü. Lakin Nyutonu böyük alim hesab edən müasirləri
onun əsərlərinə diqqət yetirmirdilər. Alimin əldə olan əlyazmalarından məlum
olur ki, Nyuton müasir elm banisi olmaqla yanaşı , həm də böyük dindar imiş. O,
işləyib hazırladığı “Ümumdünya cazibə qanunu”nda inanırdı ki, cazibə qüvvəsini
İsa peğəmbər idarə edir.
Nyuton Bibliyanı yaxşı bilirdi. O, xüsusən
1690-cı ildən sonra uzun illər ərzində Bibliyanı daha dərindən öyrənməklə
məşğul olmuşdu. Nyuton belə qərara gəlmişdi ki, Bibliya elmi biliklərin mənbəyi
yox, Allah Kəlamıdır. O, Allahı sevir, Bibliyaya bütünlüklə inanırdı. Alim
yazırdı ki, “Mən Bibliyaya Allah Kəlamı kimi inanıram, onu hər gün öyrənirəm”.
Nyuton özünün ilahiyyata dair bir sıra mülahizələrini də irəli sürmüşdü.
Kainatda hökm sürən ümumi qanunauyğunluq prinsipi Nyuton üçün İlahi İdrakın
sübutu idi. Bu ümumi qanunauyğunluqları isə xalis rasionalizm vasitələri ilə
öyrənmişdi. O, yazmışdı: “Ateizm çox boş şeydir. Günəş sisteminə baxanda Yeri
Günəşdən kifayət qədər istilik və işıq almaq üçün lazımi aralı məsafədə
görürəm. Bu, təsadüf nəticəsi deyil, Allahın işidir”.
İsaak Nyutonu həyatındakı çətinliklərlə
mübarizə qeyzləndirmirdi. Əksinə, böyük alimi Allaha daha da Allaha
yaxınlaşdırırdı. Nyuton bunun səbəbini belə açıqlayırdı: “Düçar olduğumuz həyat
çətinliklərinə bir dərman kimi baxmalıyıq. Bizim adil və müdrik Həkimimiz bu
dərmanı ona möhtac olduğumuza görə verib. Həkimimiz həyat çətinliklərinin
ağırlığını və təkrarlanma tezliyini konkret situasiyaya uyğyn olaraq
müəyyənləşdirib. Gəlin , Onun müdrikliyinə inanaq və Həkimə yazdıqlarına görə
minnətdarlığımızı bildirək”.
İsaak Nyuton 4 yanvar 1643-cü ildə
İngiltərənin Qrentem şəhərciyinin yaxınlığındakı Vulstorp kəndində fermer
ailəsində dünyaya gəlmişdi. Uşaq doğulandan üç ay qabaq atası İsaak Nyuton
vəfat etdiyindən onun yetimçilik dövrü başlamışdı. Ata Nyuton haqqında çox az
məlumat var. Deyilənlərə görə o, bədəncə zəif, adamayovuşmaz imiş. Belə bir
adamın oğlunun gələcəkdə dünyanın ən böyük alimi olacağına inam bəsləmək
mümkünsüz idi. Anası Anna isə bir o qədər savadlı olmasa da ərinə nisbətən
elmli adam təsir bağışlayırdı. Çətinliklə olsa da yaza və mətn oxuya bilirdi.
Ata İsaak Nyuton isə heç adını da yaza bilmirdi. Annanın qardaşı Vilyam Kembric
Universitetində magistr dərəcəsi almışdı və təzə doğulmuş bacısı oğlunun
Nyutonlar ailəsinin digər üzvləri kimi savadsız qalmasını heç ağlına belə
gətirmirdi. O, Nyutonun ibtidai təhsil alacağına inam bəsləyirdi.
Nyuton dünyaya göz açdığı gündən bəxti
gətirmədi. Vaxtından qabaq doğulduğu üçün elə kiçik və zəif idi ki, onu dəri
əlcəkdə saxlayır və böyük pivə parçında çimizdirirdilər. Qohumlarına elə
gəlirdi ki, bu körpədən adam olmayacaq. Hətta bir dəfə mizin üstünə qoyulmuş
dəri əlcəyin içindən sürüşüb yerə düşmüş və başı döşəməyə dəymişdi. Amma
gözləndiyindən fərqli olaraq körpə ölməmiş və tədricən böyüməyə başlamışdı.
Anası ikinci dəfə bir kilsə xadiminə ərə
getdiyindən körpəni nənəsinin himayəsinə vermişdi. Uşaq çox qorxaq böyüyürdü,
digər uşaqların səsli-küyly oyunlarına qoşulmurdu. Bunun bir səbəi də uşaqların
onu sevməmələri idi. Ona görə ki, o, fərasət tələb edən bütün oyunlardan qalib çıxırdı.
İsaak fiziki yarışlarda yaşıdlarından geri qalacağını bilsə də bu yarışlara
qoşulmaqdan çəkinmirdi. Bir dəfə güclü külək əsən zaman uşaqların uzununa
tullanmaq yarışları keçirilirdi. Nyutona elə gəldi ki, əgər küləyin ən maksimal
qüvvə ilə əsməsi anında tullana bilsə yarışı asanlıqla uda bilər. Belə də oldu.
Uşaqlar Nyutonun Bibliyanı daim oxumasına da həsəd aparırdılar.
Nyuton 12 yaşında olanda onu Qrentem
şəhərciyindəki ictimai məktəbə qoydular. O,məktəb fənlərini öyrənməkdə çox
çətinlik çəkirdi.Diqqətini heç cür cəmləşdirə bilmirdi, həm də son dərəcə
tənbəl idi. Hamıdan pis oxuyurdu.Dərslərdə uğur siyahısında adı siniflərindəki
başdanxarab şagirdin adından irəlidə yazılmışdı. Başına gətirilən bir hadisə
onun dərslərə münasibətini kökündən dəyişmək üçün bəhanə oldu. Nyutondan yaxşı
oxuyan və fiziki cəhətdən də ondan güclü olan məktəblilərdən biri İsaakıın
qarnına güclü zərbə endirdi. Nyuton həmin məktəbli ilə dalaşmağa özündə qüvvə
tapmadığı üçün geri çəkildi. Uşaq necə qisas almaq barədə düşünməyə başladı və
belə qrara gəldi ki, ən yaxşı qisas hamıdan yaxşı oxumaqdır. O, gecəsini
gündüzünə qatıb bütün fənləri dərindən öyrənməklə siniflərində birinci şagird
səviyyəsinə yüksəldi. Nyutonun sinif yoldaşları onun dərsdəki
müvəffəqiyyətlərindən daha çox müxtəlif oyuncaqlar düzəltmə qabiliyyətinə
paxıllıq edirdilər. Onun düzəltdiyi miniatür yel dəyirmanı təkcə uşaqları
deyil, böyükləri də heyrətə gətirirdi. Külək əsəndə dəyirmanda hətta bir ovuc
buğda da üyütmək mümkün idi. Küləksiz havada dəyirmanı canlı “dəyirmançı”
hərəkətə gətirirdi. Dəyirmançının işini siçan görürdü. Siçanı dəyirman çarxının
üstünə çıxmağa məcbur etməkdən ötrü İsaak çarxın üzərində kiçik buğda torbası
asmışdı. Nyuton on dörd yaşında olanda su saatı və pedalla hərəkətə gətirilən
araba ixtira etmişdi. Saat çox dəqiq işlədiyi üçün ev adamları günün vaxtını bu
saata baxıb öyrənirdilər. İsaak axşamlar göyə çərpələng buraxırdı. Çərpələngin
qıraqlarına sarı işıq saçan fonarlar bərkidirdi.
Nyutonun 15 yaşı olanda ikinci dəfə dul
qalmış anası keşişdən olan üç uşağı ilə yenidən evə qayıtmışdı. Dul qadın
fermanın işlərini qaydaya salmaq üçün İsaakı məktəbdən çıxarmağa qərar
vermişdi. Nyutonu təsərrüfat işlərinə alışdırmaq üçün hər şənbə günü onu yaşlı
nökəri ilə bazara alış-verişə göndərirdi. Nyuton isə anasının bütün
tapşırıqlarını nökərə həvalə edərək ya çardağa qalxır, ya da bir ağac
kölgəsində oturaraq xəyala dalır, çox zaman da kitab oxuyurdu. Kembric
Universitetində təhsil almış dayısı onun bir kənara çəkilib kitablar arasında
nəsə yazıb-pozduğunu görmüşdü. Məlum olmuşdu ki, İsaak böyük maraqla riyazi
məsələlərin həlli ilə məşğuldur. O, dərhal uşağın anasının yanına gedib oğlunun
təhsilini davam etdirməsinə əngəl törətməməsini və Kembric Triniti-kollecinə
daxil olmaqdan ötrü hazırlaşmasına şərait yaratmasını istəmişdi.
Məktəbi 18 yaşında bitirən Nyuton anasının
razılığını alandan sonra Kembricə gedərək o dövrün ən yaxşı universitetlərindən
birinə daxil olmuşdu. Triniti-kollec o zamankı İngiltərə cəmiyyətinin dəqiq
mikrokopiyası idi. Orada kurslar və fakultələrdən savayı, sinif pillələri də
vardı. Gələcəyin böyük alimi ən aşağı pillədə qərar tutdu. Bu pillədə oxuyan
tələbələri subsayzerlər adlandırırdılar. Bu tələbələr oxumaq haqqı ödəmirdilər.
Bunun əvəzində dövlətli tələbələrə—kommonerlərə və pensionerlərə xidmət etməli
idilər. Dövlətli tələbələr arasında qürrələnərək “Mənim çəkmələrimi şəxsən
Nyuton özü təmizləmişdir” deyənlər də tapılmışdı. Universitetdə siqar çəkmək,
spirtli içkilər içmək, xanımlar əhatəsində olmaq yüksək qimətləndirilirdi. Bu
mühitdə kimə lazım idi Nyutonun xariqələr yarada bilən zəkası, onun hazırladığı
günəş və su saatları, kölgəyə baxmaqla ilin fəslini və həftənin gününü təyin
edə bilmək qabiliyyəti? Onun talantına diqqət yetirən yox idi. Lakin Nyuton
özünün parlaq gələcəyini zəhmətdə görürdü. O, təqaüd almaqdan ötrü yuxarı
kursların tələbələri sırasına (onlara skoler deyirdilər) qatılmaq arzusu ilə
yaşayırdı. “Skolerlər” sırasına seçkilər dörd ildən bir keçirilirdi. Axır ki,
arzusuna çatdı. 28 aprel 1664-cü ildə skoler seçilən Nüuton ilk dəfə olaraq
stipendiya almağa başladı. Onun subsayzer olmaq rüsvayçılığı sona yetdi.
Biliklərə dərindən yiyələnmək arzusu onun həyat kredosuna çevrildi. Nyutonun
riyaziyyata məhəbbəti daha da artdı. Bir ildən sonra — 1665-ci ildə bakalavr
adı aldı. Nyutonun elmi nailiyyətlərinə yardımçı olan professor İsaak Barrou
tələbələr qarşısında çıxışlarının birində İsaakı “Böyük bilik sahibi”
adlandırdı.
Nyuton altı ildə kollecin bütün pillələrini başa
çatdırdı. 1665-ci ildə İngiltərədə taun xəstəliyi tüğyan edən zaman Nyuton
müvəqqəti olaraq öz kəndlərində yaşamağa qərar verdi. Ata yurdunda il yarım
yaşadığı dövrdə riyaziyyatı müstəqil öyrənmək istəyini reallaşdırdı, eyni
zamanda optika ilə də ciddi məşğul olmağa başladı. Bu sahədə apardığı
tədqiqatlarından məqsəd işığın fiziki təbiətini anlamaq idi və istəyinə nail
oldu — spektrin sirrini öyrəndi. Əyri xətt qövsləri cəminin hesablanması
prosesi—inteqral və differensial hesablamalarında tətbiq olunan metod
planetlərin orbitləri üzrə hərəkətinin öyrənilməsinin əsasını qoymağa imkan
verdi. Planetlərə təsir qüvvələrinin öyrənilməsi Nyutonun sonralar ümumdünya
cazibə qanunlarını kəşf etməsinə şərait yaratdı.
Adamların pərən-pərən düşməsinə səbəb olmuş
taun bir qədər səngiyən kimi universitet 1667-ci ildə fəaliyyətini davam
etdirməyə başladı. 1668-ci ildə Kembricə qayıdan Nyutona Triniti kollecin elmi
cəmiyyətinin üzvü adı verildi. O, eyni zamanda magistr adı aldı və ömrünün
axırınadək universitetdə dərs demək hüququ qazandı. Nyuton 1669-cu ildə
riyaziyyat müəllimi oldu və beləliklə elmi kəşflər zirvəsinə qalxmağa başladı.
Müəllimi İsaak Barrou sevimli tələbəsinin maddi vəziyyətinin qismən də olsa
yaxşılaşdırılması naminə özünün rəhbərlik etdiyi riyaziyyat kafedrasını Nyutona
verdi.
Nyutonun maraqları çox müxtəlif idi. O,
metalların qızıla çevrilməsindən bəhs edən əlkimya ilə də çox maraqlanırdı.
Hələ 4-cü əsrdə yaşamış əlkimyaçılar möhkəm inanırdılar ki, metallar civə və
kükürdün müxtəlif nisbətdə birləşmələrindən ibarətdir. Əgər hər hansı bir
metalda, məsələn qurğuşunda civə və kükürdün nisbəti dəyişdirilsə, qurğuşunu
qızıla çevirmək olar. Nyutonun ilk eksperimentləri iksir alınmasına yönəlmişdi.
Əlkimyaçıların fikrincə, iksir metalları yuxarıda deyilən qaydada qızıla
çevirmək üçün katalizator rolu oynamalıdır. Nyuton bir sürmə (stibium) növü
almağa müvəffəq olmuşdu. Bu materialdan teleskop güzgüsü hazırlamaq mümkün idi.
İşıq nəzəriyyəsi, ümumdünya cazibə qüvvəsi , riyaziyyat sahəsində kəşfləri ilə
məşhur alimin əlkimya sahəsində də kəşfləri onun elmi böyüklüyünə dəlalət
edirdi.
Metalların xassələrini yaxşı öyrənmiş olan
Nyutonu 1695-ci ildə İngiltərə Zərbxansına nəzarətçi qoydular. İngiltərənin
bütün metal pullarının yenidən zərb olunması işinə rəhbərlik etmək ona
tapşırıldı. O, İngiltərənin pozulmuş zərbxana işini qaydaya sala bildi. Ona
görə də 1699-cu ildə İngiltərə Zərbxanasının ömürlük olaraq yüksək maaşlı
direktoru adını aldı.
Nyuton özünün böyük ölçülü, yüksək
keyfiyyətli ikinci güzgülü telekospunu müasirləri qarşısında nümayiş etdirməklə
onların heyranlığına səbəb olmuşdu. Bu hadisədən az sonra Nyuton London Kral
Cəmiyyətinin — İngiltərə Elmlər Akademiyasının üzvü seçilmişdi. Akademiyanın
süquta yaxınlaşması təhlükəsi ilə üzləşən Cəmiyyət üzvləri ancaq Nyutonun bu
ali elm ocağını rüsvayçılıqdan qurtarmaq iqtidarında olacağı qənaətinə
gəlmişdilər. Nyuton 1703-cü ildə London Kral Cəmiyyətinin prezidenti
seçilmişdi. İsaak Nyuton cəmiyyət üzvlərinin günlərini əsasən laqqırtı vurmaqla
keçirməmələri üçün “Kral Cəmiyyətinin gücləndirilməsi sxemi”ni işləyib
hazırlamışdı. Burada cəmiyyətdə hansı diskussiyaların aparılması barədə dəqiq
göstərişlər var idi.
O, cəmiyyət üzvlərinə öz əli ilə hazırladığı
cihazlar da gətirir və onları həmin cihazların iş prinsipi ilə tanış edirdi.
Nyuton iki dəfə parlament üzvü seçilmişdi. O, parlamentin
iclaslarında lal-dinməz otururdu. Yalnız bir dəfə danışmışdı — “pəncərənin
nəfəsliyini örtün” — demişdi. İngiltərə kraliçası Anna Nyutona zadəganlıq
rütbəsi verdikdən sonra ona “ser Nyuton” deyirdilər. Nyuton çox təvazökar adam
idi. O, özü haqqında belə deyirdi: “Mənə elə gəlir ki, dəniz sahilində oynayan,
hərdən bir al-əlvan daş,yaxud qırmızı balıqqulağı tapan bir uşağam, halbuki
qarşımdakı elm dəryası tədqiq olunmamış qalmaqdadır”. Nyuton onu da deyirdi ki,
“Bilik real və yenilməz qüvvədir. Məhz bilik sərvət və kapitaldır. Böyük
yaradan biliyi seçmə adamlara verir».
Nyuton bütün insani keyfiyyətləri özündə
birləşdirmişdi. Gülərüz Nyuton , həm də xoşxasiyyətli, möhkəm bədənli, gur
saçlı adam idi. Səksən beş yaşı olanda da dişləri cağbacağ qalmışdı. O, tibbə
dair kitabları oxumaqdan yorulmurdu, anatomiya və fiziologiyanı, müxtəlif
müalicə metodlarını yaxşı bilirdi. Şeytan əməllərinə uymamağa, məsələn içki
içməməyə , kart oynamamağa çalışırdı. Özünün normal həyat tərzinə uyğyn
gəlməyən hərəkətlərə yol verəndə cib dəftərində qeydlər edir, öz-özünü
danlayırdı. Ədəbiyyatda Nyutonun huşsuz adam olması barədə rəvayətlər var. O,
bir dəfə evdən gedərkən qapıya bir elan vurmuşdu: “Ser Nyuton evdə yoxdur”. Evə
qayıdan zaman qapıda həmin elanı görən kimi geri qayıtmışdı. Bir dəfə də evinə
çağırdığı yoldaşlarını qonaq etmək üçün çaxır dalınca gedib geri qayıtmamışdı.
Səbəbi hansısa bir elmi məsələnin həllinin başını qatması olmuşdu. Belə
hallarda yaxın adamları Nyutondan incimirdilər, bilirdilər ki, alimin belə
hərəkəti etinasızlıq yox, elmi düşüncələrə dalmağın nəticəsidir. Nyuton hər bir
elmi nəzəriyyəsini ərsəyə gətirəndən sonra, özündən səviyyəcə çox aşağı
“alimlərin” də hücumlarına məruz qalırdı. Belə hallardan zinhara gələn Nyuton
deyirdi ki, yersiz tənqidə məruz qalmaqdan və məsələnin düzgün həllini başa
salmaqdansa elmi axtarışlara bir dəfəlik son qoymaq daha yaxşıdır. Elə bir vaxt
gəldi ki, Nyutonun “opponentləri” dünyalarını dəyişdilər. Bundan sonra elə bil
ki, həyat onun üzünə güldü. Onun qaradinməzliyinə son qoyuldu,
qohum-əqrabasının məclislərində iştirak etməyə başladı.
Məclislərə gələndə diqqəti cəlb etməyən yerdə
əyləşirdi ki, ona diqqət yetirməsinlər. Acı taleli adamların rəvayətlərini dinləyəndə
də, hətta göz yaşları axıdırdı. Ondan bu sentimentallığının səbəbini soruşanda
deyirdi ki, “əgər ağlamaq lazım olmasaydı, böyük Allah adamlara göz yaşı
vəziləri verməzdi”.
İsaak Nyuton 1727-ci ildə vəfat etmiş,
İngiltərə krallarının, dövlət xadimlərinin dəfn olunduğu Vestminster
abbatlığında böyük şərafətlə torpağa tapşırılmışdı. Ona qoyulmuş qəbirüstü
abidədə yazılmışdı: “Ser İsaak Nyuton burada dəfn olunmuşdur. O, səma
cisimlərini, kometlərin hərəkət yollarını, dəniz qabarmalarını, işığın təbiətini,
rənglərin xassələrini tədqiq etmişdir. O, öz fəlsəfəsi ilə Böyük Allahın
əzəmətini sübuta yetirmişdir. Ey adamlar, sevinin ki, dünyada bəşəriyyətin belə
bir böyük nümayəndəsi yaşamışdır”.
|