BINƏLI MUSAYEV
Binəli İsa
oğlu Musayev 1944-cü il avqust ayının 15-də Gürcüstan Respublikası Bolnisi
rayonunun Saraçlı kəndində anadan olmuşdur. 1961-ci ildə Saraçlı kənd orta
məktəbini, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat
fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə də elə həmin ildə Azərbaycan SSR
Elmlər Akademiyası Kibernetika İnstitutunda başlamışdır.
1967-ci
ildə institutun aspiranturasına qəbul olunmuş, 1971-ci ildə "Hilbert
nüvəli qeyri-xətti sinqulyar inteqral tənliklər sistemi üçün kvadratur və
iterasiya–interpolyasiya metodlarının əsaslandırılması" mövzusunda
namizədlik dissertasiyası müdafiə etmişdir.
1972-1995-ci
illərdə Bakı Dövlət Universitetinin "Riyazi analiz" kafedrasında
asissent, baş müəllim, dossent, professor vəzifələrində çalışmışdır. 1989-cu
ildə A.M. Razmadze adına Tbilisi Riyaziyyat İnstitutunda "Sinqulyar
inteqral tənliklər nəzəriyyəsində konstruktiv metodlar" mövzusunda
doktorluq dissertasiyası müdafiə etmişdir. 1995-1997-ci illərdə M. Əzizbəyov
adına Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri vəzifəsində
çalışmışdır.
Binəli
müəllimin gənc riyaziyyatçıların yetişməsində böyük əməyi olmuşdur. Onun
rəhbərliyi altında 15-dən artıq namizədlik dissertasiyası müdafiə edilmişdir.
Binəli müəllim 100-dən artıq elmi əsərin müəllifidir. Bir sıra Beynəlxalq,
Ümumittifaq və Respublika miqyaslı elmi konfransların iştirakçısı olmuş və
məruzələrlə çıxış etmişdir. O, elmi dərəcələr verən bir neçə ixtisaslaşdırılmış
elmi şuranın və Azərbaycan Riyaziyyatçılar Cəmiyyətinin idarə heyətinin üzvü
idi.
1995-ci
ildə Kanada keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edən
Azərbaycan komandası heyətinin rəhbəri olmuşdur.
1997–2005-ci
illərdə Türkiyə Cümhuriyyətinin Kütahya şəhərindəki Dumlupınar Universitetində
professor vəzifəsində çalışmışdır. 2005-ci ildən ömrünün sonunadək isə elmi və
pedaqoji fəaliyyətini Bakı Dövlət Universitetində davam etdirmişdir.
2008-ci
il aprel ayının 20-də Bakı şəhərində vəfat etmişdir.
|