NƏSIRƏDDIN TUSI
Məhəmməd ibn Həsən Nəsirəddin Tusi (Nəsirəddin
Tusi) - Azərbaycan alimi,
filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi və hüquqşünas.
HƏYATI
Məhəmməd
Nəsirəddin Tusi 1201-ci il 18 fevralda Həmədan şəhərində anadan olmuşdur. İlk
təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış
alimlərinin - İbn Sina və Bəhmənyarın davamçılarının yanında təhsil
görmüşdür.Aldığı hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi
mühitdə məşhurlaşdırır. Hələ gənc yaşlarından etibarən o, bir sıra
hökmdarların diqqətini cəlb edir. Otuz yaşında ikən Kuhistan ismaililərinin
rəhbəri Nasirəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq
barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsirəddin Tusi sonralar ona
dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur "Əxlaqi
Nasiri" əsərini tamamlayır. Ancaq kitab hökmdarın xoşuna gəlmir və Tusi
həbs olunaraq, ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən
"Ələmut" ("Qartal yuvası") qalasına aparılır. O, burada
sürgün həyatı keçirir. Qəsrdən çıxmaq hüququ əlindən alınmış Tusi ismaililərin
yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi
sıxıntılarına baxmayaraq, bir neçə elmi əsər yaza bilir. Alim 1242-ci ildə
tamamladıqı məşhur "Şərhül - İşarat" (Əbu Əli Sinanın
"İşarat" adlı fəlsəfi risaləsinə şərhlər) əsərinin sonunda yazır:
"Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə
yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi". 1253-cü ildə Çingiz
xanın nəvəsi Hülaku xanın Yaxın Şərqə yürüşü başlayır. Onun qoşunları
fətholunmaz sayılan "Ələmut" qalasını da tutur, Nəsirəddini və digər
alim məhbusları azad edirlər. Nəsirəddin Hülaku xanın şəxsi məsləhətçisi təyin
olunur. Elə ilk günlərdən Nəsirəddin Hülaku xanın bir çox vacib siyasi
tədbirlərinin həyata keçirilməsində məsuliyyəti öz üzərinə götürür. Misal üçün,
uzun müddət Müsəlman aləminin müqəddəs şəhəri sayılan Bağdada hücumdan çəkinən
Hülaku yalnız Nəsirəddinin elmi cəhətdən əsaslandırılmış fikirlərindən sonra bu
addımı atmağa cürətlənir. Və beləliklə də Abbasilər sülaləsinin 500 illik
hökmranlığına son qoyulur.
Bağdad ələ
keçirildikdən sonra Hülaku xan öz möhtəşəm dövlətinin mərkəzini 1260-cı ildə
Azərbaycana salır. İlxanilər adlanan bu yeni dövlətin başçıları
"ilxan"lar (el xanları) idi. Hülaku xan öz dövlətinin paytaxtı kimi
əvvəlcə Azərbaycanın qədim mədəni mərkəzlərindən olan Marağanı, sonra isə
Təbrizi seçir. Elə həmin vaxt Nəsirəddin Marağa rəsədxanasının tikintisinə
başlayır.
Öz
dövrünün bir çox alimləri kimi, Nəsirəddin Tusi də elmin müxtəlif sahələrini
dərindən mənimsəmişdi. Onun qələmindən çıxan yüzdən artıq ciddi əsər elmin
astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər
sahələrinə həsr olunmuşdu. Bununla belə Nəsirəddinin yaradıcılığından
astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. Tusi bu sahələrdə
aparılmış iyirmidən artıq uğurlu araşdırmanın müəllifidir. Riyaziyyata həsr
etdiyi əsərlər yalnız ərəbcə, astronomiya üzrə tədqiqatları isə həm fars, həm
də ərəb dillərində yazılmışdır.
Riyaziyyatçı
alimin ən məşhur əsərləri arasında "Şəklül-qita" ("Bütöv
çoxtərəfli haqda risalə), "Came'ül-hesab" ("Lövhə və tozun
köməyi ilə hesab toplusu"), "Dairənin ölçüsü", "Təhrir
Öqlidis" ("Evklid "Başlanğıc"ının təsviri") kimi
kitablar xüsusi yer tutur. Dörd hissədən ibarət "Zici-İlxani"
("İlxanilərin astronomik cədvəlləri") əsəri isə alimin adını dünya
astronomiya tarixinə salmışdır.
Çağdaş
tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab
edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və
triqonometriyanın inkişafında mühüm rol oynamışdır. 1594-cü ildə Romada ərəb,
sonra isə latın dilinə tərcümədə çap olunan "Evklid
"Başlanğıc"ının təsviri" əsəri Tusi ideyalarının Avropada
yayılmasında böyük iş görmüşdür. Alimin beş kitabdan ibarət yazdığı "Bütöv
dördtərəfli haqqında risalə" də Avropada triqonometriyanın inkişafında
əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur. Dünya elmi tarixində ilk dəfə bu
əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Bu risalə ingilis,
rus və fransız dillərinə çevrilmişdir. Nəsirəddinin cəbr sahəsində
araşdırmaları içərisində bütün dərəcələrdən kökalma metodu və Binom düsturu
daha çox tanınır. Bundan başqa alimin tarixə, minerologiyaya, fizikaya, tibbə,
iqtisada, coqrafiyaya, musiqiyə və təbii ki, astronomiyaya dair çoxsaylı
əsərləri də diqqətə layiqdir. Bunların arasında "Bağdadın tarixi",
"İşığın əks olunması və sınması haqda risalə", "Evklid
optikası", "Göy qurşağının öyrənilməsinə dair risalə",
"Qiymətli daşlar haqqında kitab", "Tibb qanunları",
"Dövlət maliyyəsi haqqında risalə", "Xoşbəxt günlərin
seçilməsi" (astrologiya) və başqa əsərlərin adı çəkilə bilər.
Nəsirəddinin
bir çox əsərləri bu günə qədər öz araşdırıcısını gözləməkdədir. Onun əsərləri
dünyanın müxtəlif nöqtələrinə səpələnmişdir. Bunlara Bakı, Paris, Berlin,
Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstambul, Moskva,
Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək
mümkündür.
Tusi
Şərq dünyasında etikaya dair "Əxlaqi-Nasiri" adlı məşhur əsəri ilə və
Marağa rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanmışdır.
Görünür,
o, rəsədxana qurmaq haqqında çoxdan fikirləşirmiş. Bağdad alınan kimi,
Nəsirəddinin Hülaku xandan icazə istəyib, işə başlaması da bunu sübut edir. Bir
ildən də az bir müddətdə o, rəsədxananın tikiləcəyi yeri müəyyənləşdirir, eyni
zamanda astronomik cihazlar hazırlayır, müxtəlif şəhərlərdən burada yaradılacaq
kitabxana üçün qiymətli kitablar gətirdir və rəsədxanada araşdırmalar
aparmaqdan ötrü dünyanın bir çox ölkəsindən alimlər də'vət edir. Tusi özü
"Zici-İlxani" adlı əsərində bu barədə belə yazır: "Hülaku xan
ətraf vilayətlərdən astronomik müşahidələr apara bilən alimləri çağırmağı tələb
etdi: Dəməşqdən Müvəidəddin Ordini, Mosuldan Fəxrəddin Marağayini, Tiflisdən
Fəxrəddin İxlatini, Qəzvindən Nəcməddin Dəbiranini." Digər qaynaqlardan
isə dövrün ən tanınmış alimlərindən Qütbəddin Şirazi, Şəmsəddin Şirvani,
Cəmaləddin əz-Zeydi Buxari, Fao Mun-çi və digərlərinin də Marağa rəsədxanasında
çalışdıqları mə'lum olur. Burada bir məsələyə də toxunmaq maraqlı olardı.
Görkəmli Azərbaycan siyasi xadimi və tarixçisi Rəşidəddinin öz salnamələrində
yazdığına görə həmin dövrdə Camaəddin Buxariyə də Pekində rəsədxana qurmaq
tapşırılmışdı. Lakin o, bu tapşırığın öhdəsindən gələ bilmirdi. Nəhayət, Çin
alimi Fao Mun-çi ilə birlikdə Marağaya gəlib, Nəsirəddinlə məsləhətləşmələr
apardıqdan və rəsədxana tikilişi üçün zəruri olan alətlərin çertyojlarını əldə
etdikdən sonra Pekində də işlər başa çatdırılır.
Rəsədxana
yaradılması külli məbləğdə pul qoyuluşu tələb edirdi və Hülaku xan bu işi
məqsədəuyğun saymırdı. Tanınmış tarixçi Hacı Xəlifə özünün "Dünya haqqında
kitab"ında bununla əlaqədar baş verən hadisələri belə təsvir edir:
"Xacə Nəsir Marağadakı astronomiya rəsədxanasının tikintisinə başlamaq
üçün lazım gələn məsarifi Hülakuya deyəndə, o, məbləğin böyüklüyünə şübhə ilə
soruşdu: "Yəni, ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu
qədər pul xərcləyək?" Nəsir cavabında söylədi: "İzn verin, bir nəfər
həmin dağa qalxıb, ordan boş bir tası yerə atsın, ancaq bunu elə eləsin ki, heç
kəs bilməsin." Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər
çıxarır. Hülaku xanın ordusu vahiməyə düşür. Nəsirəddinsə bu zaman xanla
birlikdə sakitcə oturub, qoşundakı vahiməni seyr edirdilər. Nəsirəddin xana
deyir: "hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə
əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada
baş verən hadisələrin mahiyyətini irəlicədən bilsək, yer üzündə həmişə belə rahatlıq
hökm sürər." Nəsirəddinin sözləri Hülaku xanı elə inandırır ki, o,
rəsədxananın tikintisinə razılıq verir və bu məqsədlə 20 min dinar pul buraxır.
Sonralar böyük alim rəsədxanada çalışan yüzdən artıq alimə həmişəlik donluq
kəsilməsinə də nail olur. Bu məvacib Nəsirəddinin təşəbbüsü ilə vergilərdən
yığılan vəsait hesabına ödənilirdi.
Rəsədxananın
tikintisi 1259-cu ildə Marağa şəhərinin qərbindəki təpənin döşündə başlanır.
Nəsirəddin rəsədxana binalarının layihələşdirilməsində və astronomik cihazların
qurulmasında şəxsən iştirak edir. Görkəmli astronom və konstruktor Müəyyidəddin
Ordi ilə birlikdə onlar rəsədxanada beş yeni, bir o qədər də köhnə
konstruksiyalı astronomik cihaz quraşdırırlar. Yeni konstruksiyaları alimlərin
özləri işləyib - hazırlayır. Bundan başqa Marağa rəsədxanasında bir sıra
astronomik məsələlərin həlli üçün zəruri sayılan, həmçinin tədris məqsədilə
istifadə olunan yer və göy qlobusları da hazırlanırdı. Ordinin oğlu Məhəmməd
tərəfindən hazırlanmış göy qlobuslarından biri bizim günlərə qədər çatmış və
hal-hazırda Drezdendə saxlanır.
Rəsədxananın
nəzdində 400 min kitab saxlanan kitabxana və bu elmi mərkəzi kadrlarla təchiz
etməkdən ötrü məktəb fəaliyyət göstərirdi. Maraqlı burasında idi ki, rəsəxanada
Müsəlmanlarla birgə xristianlar, buddistlər, nestorianlar və iudaistlər də
çalışırdı. Bunlar türklər, farslar, ərəblər, monqollar, çinlilər, gürcülər,
tatarlar, yəhudilər və digər millətlərin nümayəndələri idilər. Tusinin
tikdirdiyi rəsədxana öz həcminə görə Şərqin bütün məşhur rəsədxanalarını geridə
qoyur. Marağa rəsədxanasında çalışan əməkdaşların elmi fəaliyyəti və astronomik
müşahidələri "İlxanilərin astronomik cədvəlləri" adlandırılan
kollektiv əsərin yaranmasına gətirib çıxarmışdı. Bu cədvəllərin sonuncusu
1284-cü ildə, artıq Nəsirəddinin vəfatından sonra tərtib edilmişdi.
Cədvəllər
dörd kitabdan ibarətdir. Birinci kitabda yunan, fars, yəhudi, ərəb və türk
təqvimləri təsvir olunur və bir təqvimdən digərinə keçməyin qaydaları
göstərilirdi. İkinci kitab ulduzların hərəkətinə və onların ekliptik
koordinatlarının yerləşməsinə həsr olunub. Elə buradaca sinus və tangenslərin
cədvəlləri, habelə 256 məntəqənin yerləşdiyi uzunluq və en dairəsi göstərilir.
Nəsirəddin uzunluq dairəsinin ölçüsünü Qrinviçdən 34-35 dərəcə qərbdən
götürərək, Cənubi Amerikanın şərq hissəsindən keçirir. Professor H. C.
Məmmədbəyli buna əsaslanaraq, belə bir ehtimal irəli sürmüşdür ki, o dövrün
astronom və coğrafiya mütəxəssisləri hələ Kolumbdan çox-çox qabaq Qərb
yarımkürəsində sonralar Amerika adlandırılmış materikin varlığından xəbərdar
imişlər. "Cədvəllər"in üçüncü və dördüncü kitabları astrologiya
məsələlərinə həsr olunub.
Marağa
rəsədxanası tətbiqi astronomiyanın inkişafında müstəsna rol oynayıb.
Nəsirəddin
Tusi dünyasını 1274-cü ildə 25 İyunda Bağdadda dəyişmiş və orada "Came
məscidi"ndə torpağa tapşırılmışdır. Onun üç oğlu olub: Əsiləddin Həsən,
Fəxrəddin Əhməd və Sədrəddin Əli. Nəsirəddin öldükdən sonra üçüncü oğlu uzun
müddət rəsədxanaya rəhbərlik etmişdir.
XIV
əsrdə Nəsirəddinin nəvə-nəticələri Marağadan Ordubada köçmüşlər. Səfəvilər
dövründə onlar bir sıra dövlət vəzifələrində çalışmışlar. Hal-hazırda
Azərbaycan Respublikasında və İran İslam Respublikasında Nəsirəddin Tusinin çox
sayda varisləri yaşamaqdadır.
Əsərləri
Əsər cəmi 101 adətdir.
- Şerh'i İşârat (temel felsefe kitabı, 20 ildə hazırlanmış)
- Zic-i İlhânî (astronomi haqqında)
- Tecrid-ül-akâid (kelam kitabı)
- Tezker-i hayat
- Tahrir-i Öklides
- Tahrir-ül-Macestî
- Esas-ül-iktibas (Mantıq kitabı)
- Esraf-ül-eşraf
- Ahlak-ı Nâsırî
- Fusul
|