Sosial fəlsəfənin
predmeti və cəmiyyətin öyrənilməsində rolu
1. Sosial həqiqətin anlayışı. Sosial həqiqətin
başqa bir xüsusiyyəti burada obyektiv biliyi əldə etməyin çox çətin olması
ilə bağlıdır. Belə ki, sosial biliyin inkişafı bir-birinə əks baxışların,
nəzəriyyələrin mübarizəsi və yeniləşməsi yolu ilə gedir. Buna görə də nəzərdə
tutulmalıdır ki, burada həqiqətin meyarı kimi fərdi təcrübə, birdəfəlik
yoxlama aktı deyil, tarixi ölçüdə götürülən ictimai praktika çıxış edir.
Lakin praktika sosial həqiqətin nisbi meyarıdır, bu mənada ki, o
biliyin yalnız müəyyən şərait üçün həqiqət olduğunu göstərir. Odur ki, burada
praktika meyarı bir tərəfdə kifayət qədər həqiqi xarakter daşıyırsa, digər
tərəfdən xeyli dərəcədə qeyri-müəyyəndir.
Sosial
biliyə dəyərlərlə əlaqə səpkisindən yanaşdıqda burada həqiqət ilə idealın
spesifik qarşılıqlı münasibətləri aşkara çıxır. Belə ki, sosial idrak təkcə
ictimai reallığı təsvir etmək və izah etməklə məhdudlaşmır. Onun mühüm bir
vəzifəsi həm də real mövcud olan ilə normativ, ideal planda olmalı olan
arasında əlaqə yaratmaqdadır. Bu mənada sosial həqiqət həm də cəmiyyətin
idealını ifadə etməyə yönəlir. Onun mühüm bir keyfiyyəini sosial ədalətə
doğru istiqamətlənməsi təşkil edir.
Sosial həqiqətin
səciyyəvi cəhətlərindən biri də onda şərtilik əlamətinin nisbətən güclü
olmasıdır. Aydındır ki, ünsürlərinin (ideallaşdırma, gerçəkliyin təxmini
kobud formada əks etdirilməsi, real həyatdan fərqli modellərdən
istifadə olunması və s.) tətbiqi öyrənilən obyekti mütabiq əks etdirməyin
spesifik qnoseoloji üsullarıdır. Bu yol ilə insan sosial reallığı dərindən və
hər tərəfli əks etdirir, ona inkişaf və dəyişilmədə yanaşa bilir. Qeyd
olunmalıdır ki, sosial həyati öyrənərkən belə ideallaşdirma daha çox zəruridir.bu
öyrənilənin son dərəcə mürəkkəb olmasından irəli gəlir.İdeallaşdırma
öyrənilən hadisə və prosesləri sadələşmiş şəklə salmağa, onları təsadüflərdən
və ikinci dərəcəli əhəmiyyət kəsb edən amillərdən təmizləməyə imkan verir.
Beləliklə də onların mahiyyətini və inkişaf istiqamətlərini, meyllərini aşkar
etmək asanlaşır.
Bununla
birlikdə göstərilməlidir ki,sosial idrakda şərti üsullarin tətbiqi
ziddiyyətli xarakter daşıyır: onlar bir tərəfdən reallığı yaradıcı surətdə,
obyektiv – həqiqi əks etdirmək üçün zəruridir, digər tərəfdən isə şərtiliyin
rolu cüzi olaraq şişirdildikdə sosial biliyin idraki əhəmiyyəti azalır və
heçe enir.
Deyilənlər
sübut edir ki, sosial həyat son dərəcə mürəkkəb və çox pilləli xarakterə
malik olduğu üçün onun öyrənilməsi də müəyyən çətinliklər yaradır.
Sosial
idrakın obyektiv çətinliklərin ilə yanaşı müəyyən subyektiv xarakterli
çətinliklər də vardır. Burada idrakın subyekti olan insan müxtəlif ictimai
əlaqələrə cəlb olunmuş halda çıxış etsə də, özünün fərdi təcrübəsinə və
intellektinə, tələbat və mənafelərinə dəyərlərinə malikdir. Buradan aydın
olur ki. Sosial idrakı səciyyələndirərkən onda şəxsiyyət amilinin mühüm rolu
göstərilməlidir.
Sosial
həyat, burada gedən proseslər və onların qanunauyğunluqları sosial fəlsəfə
tərəfindən öyrənilir. Bu elm ümumi fəlsəfənin ayrılmaz və eyni zamanda,
spesifik tərkib hissəsidir.
Qeyd edək
ki, sosial anlayışı sözün geniş və məhdud mənasında işlənilir. Birinci halda
o, “ictimai” anlayışının sinonimi kimi götürülür. Geniş mənada işləndikdə
sosial anlayışı təbiətlə münqayisədə ictimainin spesifik və fərqli
cəhətlərini ifadə edir. Digər tərəfdə geniş mənada yanaşdıqda sosial ayrıca
bir fərddən, şəxsiyyətdən fərqliliyi bildirir. Başqa sözlə o, ayrıca bir
fərdin indevidual keyfiyyətlərini deyil, sosial birlik formalarına və
bütövlükdə cəmiyyətə aid olan keyfiyyətləri ifadə edir.
Sözün
məhdud mənasında sosial dedik də isə ictimai həyatın xüsusi bir sferası başa
düşülür. Bu sfera insanların sosial vəziyyəti, ictimai əmək bölgüsündə yeri,
həyat səviyyəsi, təhsili və s. məsələləri əhatə edir. Beləliklə, sosial
fəlsəfə sosial hadisələrin qarşılıqlı təsirinin ən ümumi qanunauyğunluqları
və meylləri haqqında, sosial həyatı bütöv proses kimi ifadə edən, cəmiyyətin
mövcdluğu və inkişafı haqqında nəzəri biliklər sistemidir. Bu elm sabit və
böyük insan quruplarını, onlar arasındakı münasibətləri, onların əlaqələri və
cəmiyyətdə rolunu ifadə edən qanunları öyrənir. Sosial fəlsəfənin problemləri
geniş əhatə dairəsinə malikdir. O, ictimai münasibətlər sistemini, cəmiyyət
həyatının bütün tərəflərini araşdırır. Sosial həyatın dəyişilməsi və sosial
sistemin inkişafını bütöv bir tam kimi təhlil edir.
Cəmiyyətin
sosial həyatı insanların birgə varlığını ifadə edir. Buraya onların madii və
mənəvi həyatı, habelə digər hadisə və proseslər daxildir. Onun məzmununu
insanlar arasındakı çoxtərəfli qarşılıqlı təsir növləri ifadə edir.
Insanların sosial hərəkətləri müxtəlif ictimai amillərin təsiri ilə
şərtlənir. Sosial hərəkətin və sosial münasibətlərin əsas subyekti kimi
sosial birlik forması və ya bütünlükdə cəmiyyət çıxış edir. Bütövlükdə sosial
həyat özünün mütəşəkkilliyi və strukturuluğu ilə səciyyələnir. Sosial sistem
müxtəlif yarımsistemlərin və elementlərin səhmanlı düzülüşü deməkdir.
Sosial
fəlsəfənin predmetinə cəmiyyət həyatının əyani təsvir olunan və emprik yol
ilə qavranılan tərəfləri deyil, xeyli dərəcədə ümumi və mücərrəd xarakter
daşıyan xassələr, formalar və əlaqələr daxildir. Sosial fəlsəfə insanların
başqaları ilə birgə fəaliyyətində yaratdığı fərdidən kənar və ondan yüksəkdə
duran formaların, əlaqələrin və münasibətlərin sistemi kimi götürülən
cəmiyyət haqqında düşüncələr deməkdir.
Sosial
həyatdakı forma və əlaqələrin mahiyyəti açıq-aydın görünmür, bir növ gizli
xarakter daşıyır. Buna görə də hər bir insanın bunlar haqqında təsəvvürləri
doğru olmaya da bilir. Deməli sosial həyatı öyrənərkən bu və ya digər fərdin
təsəvvürləri deyil, onların bütöv bir tam kimi əhatə olunduğu birliklərin
fikirləri əsas götürülməlidir. Sosial fəlsəfənin öyrəndiyi məsələlərin əyani
surətdə görünməməsi heç də onları araşdırmağın qeyri-mümkünlüyü demək
deyildir. Belə ki, həmin gizli sosial əlaqələr, münasibətlər və formalar
dolayısı ilə, bilavasitə, müxtəlif yardımçı vasitələr şəklində (predmetlərdə,
insaların hərəkətlərində, dilində, bədənində, onların yaratdıqları təşkilat
və müəssisələrdə) ifadə olunur. Bu sonuncuları təhlil etməklə biz ümumi
sosial əlaqə və münasibətlər haqqında dəqiq bilik əldə edə bilərik.
Hər bir
insan həyatda heç də həmişə özü istədiyi kimi hərəkət etmir. O, öz hərəkətini
ölçüb biçir. Buna görə də istədiyi kimi deyil, lazım olduğu kimi hərəkət
edir. Çünki insanların həyatı bir - birindən ayrılmazdır. Məsələn, hər bir
insan öz fikirlərini dil vasitəsilə ifadə edir, lakin bu dili o
yaratmamışdır. Dil ümumiyyətlə, cəmiyyətin məhsuludur. Hətta insanın getdiyi
küçə də o şəxsin özünün deyil, ümuminindir. Bir sözlə hər bir insan özündən
asılı olmadan ictimai əlaqələrin və münasibətlərin çoxsaylı şəbəkəsi ilə
əhatə olunur. Bu sosial şəbəkə və formaların özü də insanların bir gə
fəaliyyətinin məhsuludur. Məsələn, biz müəyyən hərəkəti edərkən onu mövcud
normalara uyğunlaşırırıq. Çox vaxt fərqinə varmırıq ki. Bu normaları da
insanlar yaratmışlar.
Yuxarıda
dyeilənlər sübut edir ki, insan ilə cəmiyyət bir – birinə qırılmaz tellərlə
bağlıdır. İlk nəzərdə aydın görünən bu münasibətlər nəzəri fikirdə birmənalı
izah edilmir. Burada iki əsas yanaşma özünü göstərir. Birinci mövqenin
tərəfdarları (M.Veber başda olmaqla) belə hesab edirlər ki, insan sosial münasibətlərin
ansamblıdır. Hər bir cəmiyyət, məhz özünə lazım olan adamları yaradır.
İnsanlar da cəmiyyətin onlardan gözlədiklərini arzu edirlər. Bu cür yanaşma
özündə determinizmi ifadə etməsinə baxmayaraq məqbul hesab edilə bilməz.
Çünki bu halda cəmiyyətin guya əvvəlcədən müəyyən olunmuş dəqiq proqram üzrə
fəaliyyət göstərdiyi iddia olunur. Belə təsəvvür cəmiyyətin necə və hansı
yollarla dəyişildiyini izah edə bilmir. İkinci baxışa görə (E.Dürkheym və
başqaları) insan şüura və iradəyə malik olan müstəqil subyektdir. O, öz
hərkətlərinin mənasını başa düşür və bu hərəkətləri şüurlu seçmək
iqtidarındadır. Bu cür yanaşdıqda cəmiyyət sadəcə olaraq sosial atomların
(fərdlərin) məcmusu, onların şüuru və iradəsinin məhsulu kimi təsəvvür
olunur.
Yuxarıda
gətirilən hər iki mövqe özü-özlüyündə əhəmiyyətli olsalar da, ayrı-ayrılıqda
birtərəfli xarakter daşıyır. Buna görə də onlara əsaslanmaqla insan –
cəmiyyət münasibətlərini dəqiq izah etmək qeyri-mümkündür. Yalnız bu
baxışların müsbət cəhətlərini əlaqələndirmək yolu ilə sosial həyatı dərində
dərk etmək olar. Qeyd edək ki, yuxarıda izah olunan iki mövqeyi
əlaqələndirmək o qədər də asan deyildi. Çünki, ayrılıqda götürülən insan
təkbaşına yaratmamışdır, o, insanların birgə tarixinin məhsuludur. Digər
tərəfdən isə hər bir insan öz həyatını yaşamaqla yanaşı, həm də insanların
ümumi birgə tarixində müəyyən iz buraxır. İstənilən sosial hərəkət iki tərəfi
əhatə edir. Birinci insandan kənar olan, yəni obyektivləşdirilmiş tarix hesab
olunur. Bu tarix uzun illər ərzində insanların birgə yaratdığı əşyalarda,
maşınlarda, binalarda, kitablarda, habelə adətlər, hüquq və əxlaq
normalarında, çoxsaylı təşkilatlarda və insanların qarşılıqlı təsirinin
həyata keçirdiyi digər formalarda təcəssüm olunur. İkinci tərəf isə
bilavasitə həmin insanın özündə olaraq onunla bağlı tarixdir, yəni onun ümumi
sosial prosesə verdiyi töhfədir. Hətta ilk nəzərdə daha çox təbiətin məhsulu
kimi görünən insan bədəni də cəmiyyətin tarixindan kənarda mövcud ola bilməz.
Çünki bədənin özü üzvi təbiətdə gedən proseslərlə sosial – tarixi və mədəni
inkişafın vəhdətinin məhsuludur.
Bu amillər
birlikdə (habelə kütləvi informasiya vasitələri və təhsil sistemi də daxil
olmaqla) insanın həyat tərzini, düşüncə və fikirlərini müəyyən edir. Lakin
insanın sosial keyfiyyətləri daim inkişaf edir. O, zaman keçdikcə yeni-yeni
cəhətlər əldə edir, onun dili və davranış vərdişləri təkmilləşir. Bir sözlə
insanın sosiallaşması deyilən ümumi proses özünü göstərir.
Deyilənlər
sübut edir ki,insanın hərəkətləri və davranışı sosial determinantlarla
şərtlənir. Lakin bu onun azadlğını əlindən almır. Belə ki, hər bir insan
konkret şəraitin irəli sürdüyü mümkün variantlardan istədiyini seçə bilir. Bu
iki tərəf arasındakı münasibətləri obrazlı şəkildə müəyyən bir oyun ilə
buradakı iştirakçıların münasibətlərinə bənzətmək olar. Bəllidir ki. Hər bir
oyunun öz qayda və qanunları vardır. Oyunda iştirak edənlərin hamısının
onlara əməl etməsi tələb olunur. Digər tərəfdə oyun sonsuz sayda gedişlərə
malikdir. Bu gedişlərin variantını seçməkdə hər bir iştirakçı sərbəst və
azaddır.
İnsan
gündəlik həyatda öz yaxınları və qohumlarını əhatə edən məhdud dairədə
doğulur. Lakin zaman keçdikcə əhatə dairəsi genişlənir və onun mənşəyi ilə
bağlı izlər tədricən silinir. Və o, başqaları tərəfindən sanki yad bir adam kimi
qavranılmağa başlayır, beləliklə də o, hər bir konkret adama münasibətdə özgə
kimi çıxış edir. Elə təəssürat yaranır ki, insandan kənar və hətta ondan
yüksəkdə duran subyektdir. Nəticədə sosial qayda obyektiv forma alır, yəni
insan elə bir reallığı yaradır ki, həmin reallıq onun özünü də inkar edə
bilir. Bütün bu proseslər isə öz mahiyyətinə görə cəmiyyətin dəyişilməsi
deməkdir. Dəyişilən cəmiyyət isə özünə uyğun adamları yəni bu cəmiyyəti
təkrar istehsal etməyi bacaran insanları yaradır.
Sosial
fəlsəfədə də materializm və idealizm mövqeləri vardır. Birinci tərəf buna
əsaslanır ki, ictimai həyatın əsas məzmunu təşkil edən fəaliyyətin motiv və
məqsədləri insanların sosial varlığı ilə müəyyən olunur. İdealizm isə bunu
əsas götürür ki. Fəaliyyət şüurlu prosesdir, insanlar əvvəlcədən öz
fəalliyyətinin məqsəd və məzmununu təsəvvür edirlər. Bu baxışların hər
ikisində həqiqət payı vardır. Təsadüfi deyildir ki, idealist sosial fəlsəfə
zəminində cəmiyyətin və ayrıca bir insanın müxtəlif həyat fəaliyyəti sahələrinə
aid çox maraqlı fikirlər irəli sürülmüşdür (məs. klassik alman fəlsəfəsi,
Dürkheym, yenikantçılıq, müasir pazitivizm və s.).
Sosial
fəlsəfənin spesifikliyi onun yerinə yetirdiyti funksiyalarda da üzə çıxır.
Qeyd edək ki, sosial fəlsəfənin funksiyaları öz ifadə formalarına görə
ümumilikdə fəlsəfənin yerinə yetirdiyi funksiyalar ilə çox yaxındır. Bununla
belə onlar spesifik xüsusiyyətlərə malikdir. Sosial fəlsəfənin əsas
funksiyaları aşağıdakılardır: dünyagörüşü, nəzəri, metodoloji və proqnostik
funksiyalar. Birinci funksiya onda ifadə olunur ki, sosial fəlsəfə insanlarda
sosial aləm haqqında, burada insanların maddi həyat şəraiti və şüuru
haqqında, insanın cəmiyyətdə yeri və rolu, həyatın məqsədi və mənası haqqında
bitkin elmi təsəvvürlər formalaşdırır.
Nəzəri
funksiya o deməkdir ki, sosial fəlsəfə sosial hadisələrin və proseslərin
dərinliklərini öyrənməyə imkan verir. Onların mahiyyətini nəzəriyyə
səviyyəsində araşdırır. Metodoloji funksiya bunu göstərir ki, cəmiyyət
həyatının bu və ya digər tərəflərini öyrənən ayrı-ayrı ictimai elmlər (tarix,
hüquq, iqtisadiyyat, psixologiya və başqaları) öz tədqiqat obyektlərini
təhlil edərkən sosial fələsəfənin ümumi müddəalarına arxalanırlar. Nəhayət
sosial fəlsəfə proqnozlaşdırıcı funksiya yerinə yetirir. Belə ki, onun
işləyib hazırladığı müddəalar cəmiyyətin gələcək inkişaf meyllərini,
insanların fəaliyyətinin perspektiv nəticələrini irəlicədən görmək imkanı
verir. Bu funksiyaya əsaslanmaqla ayrı-ayrı sosial hadisələrin və bütövlükdə
cəmiyyətin gələcək inkişafını proqnozlaşdırmaq mümkün olur.
Yuxarıda
göstərilən bütün funksiyalar bir-birilə sız qarşılıqlı təsirdə çıxış edir.
Onların ayrılmaz vəhdəti sosial – fəlsəfi biliyin spesifikliyini və
mahiyyətini bütöv şəkildə əks etdirir.
|