LOZANNA MÜQAVILƏSI (1923)
1923-cü il
iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında "Lozanna"
razılaşması imzalandı. Türkiyənin indiki sərhədlərini, regiondakı statusunu
müəyyən edən bu müqavilə tarixin sonrakı mərhələlərində baş verəcək bir çox
hadisə üçün də platforma rolunu oynadı. Birinci dünya müharibəsini məğlub
bitirənlər arasında olan Osmanlı Türkiyəsi faktiki olaraq suverenliyini
itirmişdi. 1920-ci ildə Yunanıstanın təkidi ilə imzalanmış Sevr müqaviləsinə
əsasən, Osmanlı dövlətinin qəti sərhədləri, orduya malik olmaq hüququ və Aralıq
dənizindəki adalara olan iddiası ləğv edilmişdi. Amma Yunanıstandan başqa, heç
bir dövlətin müqavilənin şərtlərini tanımaması "Lozanna" konfransının
çağırılmasına səbəb oldu. 8 ay davam edən mübahisələrdən sonra nəhayət 1923-cü
il iyulun 24-də tarixi "Lozanna" müqaviləsi bağlandı. Bununla, yüz
illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapdı və iki dövlət
arasındakı sərhəd dəqiqləşdirildi. Egey dənizindəki xırda adalar bölüşdürüldü.
Bir milyona yaxın yunan Türkiyədən Yunanıstana, 500 min türk isə Yunanıtsandan
Anadoluya köç etdi. Lozanna razılaşması faktiki olaraq Türkiyəni Dardanel və
Bosfor boğazlarındakı haqlarından məhrum etdi. Türkiyə bu qiymətli keçidlər
üzərindəki haqlarını bir də 1936-cı ildə imzalanmış "Montrö" sazişi
ilə geri ala bildi. "Lozanna" müqaviləsi həm də Osmanlı sərhədləri daxilində
yaşayan erməni və yəhudilərin statusunu müəyyən etdi. Bu milli azlıqlar tam
hüquqlu Türkiyə vətəndaşı elan edildi. Amma Lozannada həllini tapmayan nüanslar
da oldu. İraqla Türkiyə sərhəddindəki Mosul vilayətinin statusunun
qeyri-müəyyən qalması, Kipr məsələsində razılığın əldə edilməməsi, sonradan
regionda ciddi münaqişələrin formalaşmasına gətirib çıxardı.
|