SEVR MÜQAVILƏSI (1920)
Sevr müqaviləsi
- 1920-ci il avqustun 10-da 14 dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən
Sevrdə (Fransa) "Müttəfiq Dövlətlər və Türkiyə arasında sülh
müqaviləsi".
1919-cu il
Paris Sülh konfransında Fransa, İngiltərə və Birləşmiş Ştatların liderləri
"Avropanın xəstə adamı" adlandırdıqları Osmanlı imperiyasını tamamilə
siyasi xəritədən silmək üçün bütün vasitələrdən istifadə edirdilər. Bu həm də,
Konstantinopolun itirilməsi ilə heç cür barışmaq istəməyən xristian dünyasının
beş yüz illik arzusunun reallaşması demək idi.
1920-ci il
avqustun 10-da 14 dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən Sevrdə (Fransa)
"Müttəfiq Dövlətlər və Türkiyə arasında sülh müqaviləsi" imzalandı.
Müqavilə rəsmi olaraq de-yure Osmanlı imperiyasının bölüşdürülməsini, de-fakto
isə Türkiyənin suverenliyini ləğv etdi. Bunadək Müttəfiq dövlətlərlə Almaniya
arasında Versal müqaviləsi imzalanmışdı. Eyni zamanda, Fransa, Böyük Britaniya
və İtaliya öz aralarında gizli "Üç tərəfli müqavilə" imzaladılar. 15
aydan çox davam edən açıq danışıqlar isə Paris Sülh Konfransında və London
konfransında davam etdirilərək, 1920-ci ilin aprelində San-Remo konfransı ilə
yekunlaşdı. Lakin hələ 1915-ci ildə Antanta dövlətləri Osmanlı imperiyasının
bölüşdürülməsi planı ətrafında məxfi danışıqlar aparırdılar. Müttəfiqlərin öz
planlarını həyata keçirməsinə ən böyük maneə isə Mustafa Kamal Atatürkün
başçılığı ilə Türk xalqının apardığı İstiqlal savaşı idi. Məhz Türkiyənin bir
dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsini təsbit edən Sevr
müqaviləsi M.K.Atatürk tərəfindən tanınmayaraq, onun 1923-cü ildə Lozanna
müqaviləsi ilə əvəz olunmasına səbəb oldu.
Sevr
müqaviləsi Sultan VI Mehmetin dövründə imzalansa da, 1920-ci il martın 18-də
ingilislərin İstanbulu işğal etdiyi dövrdə ləğv edildi və əslində heç zaman
Osmanlı imperiyası tərəfindən ratifikasiya belə edilməmişdir.
Bundan başqa,
I Dünya müharibəsindəki müttəfiqlərdən ABŞ və Rusiya bu müqaviləni
imzalamışlar, ABŞ Senatı V.Vilsonun Ermənistan üzərində mandat əldə etmək
təklifini rədd etdikdən sonra isə Birləşmiş Ştatlar bu məsələdə müəyyən qədər
kənar müşahidəçi qismində çıxış etməyə üçtünlük verdi. Bolşevik
Rusiyası 1917-ci ildə Osmanlı İmperiyası ilə Brest-Litovsk müqaviləsini
imzalayaraq, 1877-1878-ci illərdəki Rus-Türk müharibəsi zamanı Rusiyanın işğal
etdiyi Ərdəhan, Qars və Batumu Tələt paşanın israrları nəticəsində yenidən
türklərə qaytarmağa razılıq verdi.
Sevr
müqaviləsinin şərtlərinə əsasən, Türkiyə Mesopotamiya (İraq) və Suriya (Suriya,
Livan, Fransiordiya və Fələstin) üzərindəki Britaniya və Fransa
protektoratlığını qəbul etdi, Hicaz və Yəmənin müstəqilliyini tanıdı,
Kürdüstana muxtariyyət verməyə (Diyarbəkir əyaləti və Van əyalətinin cənub
hissəsi), İzmiri Yunanıstana, Bitlis, Ərzurum və Van əyalətinin şimal hissəsini
Ermənistana güzəştə getməyə məcbur oldu. Üstəlik, Trabzon vilayətinin şərq
hissəsi Ermənistan və Gürcüstan arasında bölünməli idi ki, bu da ermənilərə
Qara dənizə çıxış imkanı yaradırdı. Boğazlar Türkiyənin olsa da, müqavilənin
müəddalarına əsasən, Dardanel boğazı hərb və sülh dövrundə hansı bayraq altında
üzməsindən asılı olmayaraq, bütün hərbi və ticarət gəmilərinə keçid üçün açıq
olmalı idi. Bu da boğazların beynəlmilləşməsi demək idi. Bu qayda həm də Bosfor
boğazına və Mərmərə dənizinə şamil olunurdu.
Müqavilədə
maraq doğuran məsələlərdən biri də Ermənistana geniş ərazilərin verilməsi idi. Belə ki, ABŞ
Prezidenti V.Vilsonun təklifinə əsasən, regionda Ermənistana aid olmayan, hətta
erməni əhalisinin üstünlük təşkil etmədiyi bir sıra ərazilər, məsələn Qara
dəniz limanı olan Trabzon onlara verilirdi. Buna görə də, bu ölkəni
"Vilson Ermənistanı" adlandırırdılar.
Sultan VI
Məhəmməd müqavilənin şərtlərini qəbul etsə də, Ankarada yaranmış Atatürk
hökuməti onu qəbul etməkdən imtina etdi. Türk millətçi hökuməti bu əraziləri
Yunanıstan, Gürcüstan və Ermənistana verməkdən boyun qaçırdı. Atatürk hətta
bəyan etdi ki, Türkiyə zərurət yaranarsa, bütün Cənubi Qafqaz üzərində nəzarəti
ələ keçirmək iqtidarındadır. Lakin Qərbi Anadolunu işğal etmiş Yunanıstandan
fərqli olaraq, Ermənistan müqavilədə ona verilmiş ərazilərə nəzarət etmək
iqtidarında deyildi. Öz ingilis himayədarlarının göstərdikləri böyük dəstəyə
baxmayaraq, ermənilər Nizam Qarabəkir Paşanın 50 000 nəfərlik ordusu qarşısında
aciz qalmışdılar. Mustafa Kamal Atatürkün banisi olduğu Türk Milli Azadlıq
Hərəkatı müttəfiqləri yenidən danışıqlar masasına əyləşməyə məcbur etdi. Habelə
ərəblər Suriyada Fransanın, Bağdadda Britaniyanın hakimiyyətini qəbul etmək
istəmirdilər. Məhz Azadlıq Mübarizəsinin gedişində türklər yunan, erməni və
fransız qüvvələrinə müqavimət göstərərək, 16 mart 1921-ci ildə Sovet Rusiyası
ilə Moskva müqaviləsi, Fransa ilə Ankara anlaşması imzalayaraq öz beynəlxalq
əlaqələrini möhkəmləndirdilər. Ədirnə müqaviləsi və Qars müqaviləsini
bağlamaqla isə Türkiyə öz şərq sərhədlərini möhkəmləndirdi. Bütün bu hadisələr
türklərə Antanta ölkələri ilə yenidən danışıqlara başlamağa və 1923-cü ildə
Lozanna müqaviləsini imzalamağa imkan verdi.
Maraqlı faktlar
- 1920-ci ilin avqustunda bağlanmış
Sevr müqaviləsi özündə uydurma soyqırımı ilə bağlı bir neçə maddə ehtiva
edirdi. Hətta müqavilənin 230-cu maddəsi Osmanlı hökumətindən bir sıra
yüksək rütbəli generalın, siyasətçi və ziyalıların müttəfiq dövlətlərin
yaratdıqları Malta Tribunalına təhvil verilməsini tələb edirdi. Həmin
şəxslər İstanbul, London, Paris və Vaşinqtondakı arxiv materialları
araşdırılan müddətdə üç il Malta adasında saxlanıldı. Lakin Atatürkün
səyləri nəticəsində Osmanlı dövlətində 1915-ci ildə yüksək mövqe tutmuş
türk tarixinin bu şanlı sərkərdələri Türkiyədə saxlanılan Britaniya
vətəndaşları ilə dəyişdirilərək vətənə qaytarıldılar.
- Sevr müqaviləsinin şərtlərinə görə,
Türkiyə ordusunu buraxır, yalnız 15 minlik silahlı qüvvə saxlayır, hərbi
dəniz donanmasını ləğv edir, Suriya, Fələstin, Ərəbistan yarımadası,
İordaniya, Mesopatamiyadan imtina edirdi. İzmir Yunanıstana verilirdi.
Ermənistanın müstəqilliyi nəzərdə tutulur, Ərzurum, Bitlis, Van, Trabzon
ona verilirdi, Kürdüstan dövləti də yaratmaq nəzərdə tutulurdu.
- Azərbaycan Cümhuriyyətinin banisi
M.Ə.Rəsulzadə Sevr müqaviləsinin ləğv olunub Lozanna müqaviləsinin
imzalanması hadisəsini obrazlı şəkildə belə ifadə edirdi: "Mənhus
Sevr müahidəsi yırtıldı, məsud Lozan müahidəsi yazıldı!... Birincisi,
çökən imperatorluğun ölüm baratı idi; ikincisi isə yüksələn cümhuriyyətin
doğum vəsiqəsi oldu".
|