BÖYÜK FRANSA INQILABI
Böyük Fransa inqilabı (1789-1799) - Fransa və Avropa siyasi tarixində
köklü dəyişikliklərə səbəb olmuş ən mühüm hadisələrdən biri. O dövr
Fransasında, eləcə də digər aparıcı Avropa ölkələrində hakim zadəgan və katolik
ruhanilərinə verilmiş qeyri-məhdud imtiyazlarla xarakterizə olunan mütləq
monarxiyadan demokratiya, vətəndaşlıq və insan hüquq və azadlıqları kimi
mütərrəqqi prinsiplərə əsaslanan siyası-sosial qiyam.
İnqilab
qanlı iğtişaşlar, minlərlə insanın təqib və edamıyla müşahidə olunumuş, hətta
beynəlxalq səviyyədə ciddi narahatlıq doğurmuşdur. İnqilab özündən sonra
Avropada Napoleon müharibələri, Fransada monarxiyanın bərpası və nəhayət müasir
azad, demokratik Fransanın simasını müəyyənləşdirəcək daha iki inqilaba səbəb
olmuşdur. İnqilabdan sonrakı 75 il ərzində Fransa respublika, diktatorluq,
konstitusiyalı monarxiya və iki müxtəlif imperiyalar halında mövcud olmuşdur.
Səbəbləri
XVIII
əsr Fransası özünün dövlət quruluşu baxımından mərkəzi bürokratik sistemə və
hərbi dayaqlara əsaslananan mütləq monarxiya idi. Hakim feodal sinifindən
tamamilə azad olan kral iri zadəgan feodallar və katolik ruhanilərinə böyük
miqyaslı imtiyazlar verməklə mütləq hakimiyyətini qoruyub saxlayırdı. Müəyyən
dövrə qədər kral "milli sərvətlərin" artırılması, yəni milli sənayə
müəssisələrinin və ticarətin inkişafına böyük səylə qayğı göstərməklə fransız
burjuaziyasının etimadından da istifadə edirdi. Bununla belə kral tədricən
hakim sinfin artmaqda və günü-gündən kəskinləşməkdə olan yeni tələblərini
ödəməkdə çətinlik çəkirdi.
Kralın
mütləq hakimiyyəti get-gedə ruhani sinfi, burjuaziya və zadəganlar arasında
nüfuzunu itirirdi. Sonralar bu hakim siniflər arasında belə bir fikir
formalaşır ki, mütləq monarxiya Fransa yüksək hakim təbəqəsinın (Monteskin
yanaşması;"İran məktubları" və "Qanunların ruhu" adlı
əsərlərində konstitusiyalı monarxiyanı ideal dövlət quruluşu hesab edirdi.
Siyasi xəyanətlərin aradan qaldırılması yolunu hakimiyyətin üç yerə
qanunverici, icra və məhkəmə sisteminə bölünməsində görürdü) və ya fransız
xalqının (Russonun baxışı; Əsərlərində kəndli və sənətkarların mənafeyini əks
etdirirdi. Onun idealı demokratik formada xalq hakimiyyəti idi. Başqalarından
fərqli olaraq monarxiyanın tam ləğv edilməsi. Respublika idarə üsulunun
tərəfdarı idi) milli maraqlarına ziddiyyət təşkil edir.
Volter,
Montesk, Russo və digər fiziokrat və ensiklopedist yazıçı-filosofların
yaradıcılığı sayəsində fransız cəmiyyətinin ziyalı təbəqəsində də hadisələrə
münasibət inqilabi şəkildə dəyişir. Russonun, Mablinin, Didronun demokratiya
haqqında fəlsəfi əsərləri geniş xalq kütlələrini riqqətə gətirir. Şimali
Amerikada gedən Vətəndaş müharibəsi də inqilaba ciddi təsir göstərir.
Silklər
Məclisinin (Fransa parlamenti) seçkilərindən sonra hər üç zümrədən olan
deputatlar 5 may 1789-cu ildə kralın Versal sarayında öz ilk iclasına
toplaşırlar. Tezliklə parlamentdə üstünlük tamamilə üçüncü silkin əlinə keçir.
Bundan əsəbiləşmiş kral parlamentin fəaliyyətini dayandırmaq qərarına gəlir.
20
iyun 1789-cu ildə üçüncü silkdən olan deputatlar iclaslar salonunun giriş
qapısına yaxınlaşarkən orada silahlı keşikçilərlə üzləşirlər. Keşikçilər
salonun təmirə görə bağlandığını bildirirlər. Lakin deputatlar dağılışmaqdan
qəti boyun qaçırır, yaxınlıqdakı tennis zalına toplaşaraq and içirlər ki, kral hakimiyyətini
məhdudlaşdırıb feodal imtiyazlarını ləğv edən və əsas insan hüquqlarına təminat
verən yeni Konstitusiya qəbul olunmayanacan buranı tərk etməyəcəklər.
Kral
güzəştə getməli olur. O, qalan deputatlara da üçüncü silkə qoşulub parlamentin
iclasını davam etdirməyi təklif edir. Tədricən deputatların əksəriyyəti
demokratların irəli sürdükləri islahatların lehinə meyl göstərməyə başlayır.
Birləşmiş deputatlar özlərini vəzifəsi ölkənin yeni Konstitusiyasını təsis
etməkdən ibarət olan Milli Assambleya elan edirlər. Bu zaman kral parlamenti
zor gücünə buraxmaq üçün qoşunları Parisə və Versala çəkib gətirməyə başlayır.
Kralın
ikiüzlü siyasəti və Parisin çörəklə təchizatının kəskin pisləşməsi cəmiyyətdə
gərginliyin artmasına səbəb olur. Parlamenti dəstəkləyən əhalinin gözünə hər
yanda "aristokrat sui-qəsdi" görünməyə başlayır, şəhərə şayiə yayılır
ki, kral qoşunları Bastiliya qalasının yanında cəmləşəcək. Paris qiyama qalxır.
Qiyamçılar silah anbarlarını ələ keçirir, 14 iyul 1789-cu ildə isə hamının kral
tiraniyasının rəmzi kimi tanıdığı Bastiliya ələ keçirilir (Bastiliyanın
alınması günü Fransada milli bayram kimi qeyd olunur). Bu, artıq qiyam deyil,
əsl inqilab idi.
Bastiliyanın
alınmasından dərhal sonra Fransada iri torpaq sahiblərinə qarşı kəndlilərin
üsyanı başlayır. Üsyançıları dəstəkləyən Milli Assambleya avqustun 6-da feodal
imtiyazlarının və kilsə vergisinin (mədaxilin 10%-i) ləğv olunması barədə
dekret qəbul edir. Bu dekretdən xəbər tutan kəndlilər yubanmadan kütləvi
şəkildə aristokratların və katolik kilsəsinin torpaqlarını zəbt etməyə
başlayırlar.
26
avqustda Milli Assambleya əsas insan hüquqlarının toxunulmazlığını elan edən
"İnsanın və vətəndaşın hüquqları haqqında bəyannamə"ni qəbul edir.
1789-cu ilin avqustunda nümayişçilərin tələbi ilə kral Versaldan Parisə köçür.
Onun ardınca Milli Məclisin deputatları da Parisə gəlir və orada ölkənin yeni
siyasi quruluşunun layihəsi üzərində işləməyə başlayırlar.
Milli
Assambleya hər kəsin vətəndaş bərabərliyini və dövlətdə hər hansı vəzifəni
tutmaq hüququnu qanuniləşdirir, katolik kilsəsinin torpaqlarını milliləşdirir
və kilsəni dövlətdən ayırır; ölkənin seçkili inzibatçıların idarə edəcəyi
departament, kanton və kommunalardan ibarət yeni və rasional inzibati bölgüsünü
müəyyən edir, məhkəmə sistemini dəyişdirir (indən belə hakimlər də seçki yolu
ilə təyin edilməlidir). Milli Assambleya ölkədə konstitusiyalı monarxiya
qurmağa cəhd göstərir.
"İnsanın
və vətəndaşın hüquqları haqqında bəyannamə" dünyadakı liberal fikrin,
düşüncə tərzinin bütün əvvəlki nailiyyətlərini özündə cəmləmiş mühüm tarixi
sənəddir. Bəyannamədə ingilis və Amerika inqilablarının təcrübəsi (azadlıq,
mülkiyyət, təhlükəsizlik və zorakılığa müqavimət göstərmək hüququ; təqsirsizlik
prezumpsiyası), eləcə də Russonun xalq iradəsinin aliliyi haqqındakı baxışları
əks olunmuşdur. Lakin bəyannamədə yeni ideyalar da var idi: qanunlar yalnız
cəmiyyətə ziyan vuran şeyləri qadağan edə bilər; bütün vətəndaşlar bərabərdir
və öz qabiliyyətlərinə uyğun olaraq istənilən vəzifəni tutmaq hüququna
malikdir; vergilər insanın imkanlarına müvafiq ödənilməlidir.
Bəyannamə
universal xarakter daşıyırdı - yalnız Fransa vətəndaşları üçün hüquq və
azadlıqları deyil, həm də bütün bəşəriyyət üçün "təbii və ayrılmaz
hüquqlar"ı bəyan edirdi. Bütün Avropaya yayılan bəyannamənin mətni geniş
müzakirə edilərək inqilaba rəğbət, dəyişikliklərə meyl və həvəs oyadırdı.
Eyni
zamanda, bəyannamənin tənqidçiləri sübut etməyə çalışırdılar ki, orada yazılmış
qanunlar ritorika, sözçülükdən başqa şey deyildir və Fransada praktik olaraq
bunları təmin etmək qeyri-mümkündür. Britaniya tarixçisi Karleyl həmin
inqilabdan 45 il sonra yazırdı: "İnsan hüququ bütün kağız
konstitusiyaların həqiqi kağız əsası deməkdir. "İnsanın vəzifələrini də
göstərmək yaddan çıxıb!", - deyə opponentlər bağırırlar. "İnsanın
imkanlarını da təsdiq etmək yaddan çıxıb", - deyə biz cavab veririk".
Fransa Milli Assambleyası
İnsanın
və vətəndaşın hüquqları haqqında bəyannamə (1789)
Fransız xalqının nümayəndələri Milli
Assambleya yaradaraq nadanlığın, insan hüquqlarının unudulması və ya onlara
biganəliyin ictimai bəlaların və hökumətlərin korrupsiyaya uymasının yeganə
səbəbi olduğuna əsaslanaraq bu təntənəli Bəyannamədə insanın təbii, ayrılmaz və
müqəddəs hüquqlarını bu məqsədlə təsdiq edir ki, ictimai ittifaqın bütün
üzvlərinə öz hüquq və vəzifələrini daim xatırlatsın;
qanunvericilik və icra hakimiyyətinin
hərəkətləri hər an istənilən siyasi təsisatın məqsədilə müqayisə edilə və daha
çox hörmətlə qarşılana bilsin və
vətəndaşların bu andan sadə və şəksiz
prinsiplərə əsaslanan tələbləri Konstitusiyaya əməl edilməsinə və cəmiyyətin
ümumi rifahına yönəlsin.
Buna
uyğun olaraq, Milli Assambleya Ali varlığın qarşısında və onun himayəsi altında
insan və vətəndaşın aşağıdakı hüquqlarını qəbul və bəyan edir.
- 1. İnsanlar azad və bərabər
hüquqlarla doğulur və yaşayırlar. İctimai fərqlər yalnız ümumi mənafe ilə
bağlı fikirlərə əsaslana bilər.
- 2. Hər hansı siyasi ittifaqın
məqsədi insanın təbii və ayrılmaz hüquqlarının təmin edilməsindən
ibarətdir. Bunlara azadlıq, mülkiyyət, təhlükəsizlik və zülmə müqavimət
hüquqları daxildir.
- 3. Xalq mahiyyətcə suveren
hakimiyyətin mənbəyini təşkil edir. Fərdlərin heç bir birliyi, heç bir
fərd xalqdan gəlməyən hakimiyyətə malik ola bilməz.
- 4. Azadlıq başqasına ziyan vurmayan
hər şeyi etmək imkanından ibarətdir: beləliklə, hər bir insanın
"təbii hüquq"larının həyata keçirilməsi yalnız cəmiyyətin digər
üzvlərinin uyğun hüquqlardan istifadəsini təmin edən hədlərlə
məhdudlaşdırılır. Bu hədlər yalnız qanunla müəyyənləşdirilə bilər.
- 5. Qanun yalnız cəmiyyətə zərərli
olan hərəkətləri qadağan etmək hüququna malikdir. Qanunla qadağan
olunmayan hər şeyə icazə verilir və qanunla nəzərdə tutulmayanları etməyə
heç kəsi məcbur etmək olmaz.
- 6. Qanun ümumi iradənin ifadəsidir.
Bütün vətəndaşlar şəxsən, yaxud nümayəndələri vasitəsilə qanunun
yaradılmasında iştirak etmək hüququna malikdir. Qanun hamı üçün olmalıdır,
o qoruyur, yaxud cəzalandırır. Bütün vətəndaşlar qanun qarşısında
bərabərdirlər və ona görə də qabiliyyətlərinə uyğun olaraq, şəxsi
keyfiyyətlərini və istedadlarını şərtləndirən fərqlərdən başqa hər hansı
fərqdən asılı olmayaraq bütün ictimai mənsəbləri (1), yerləri və yaxud
vəzifələri tutmaq hüququna malikdirlər.
- 7. Heç kəs qanunda nəzərdə
tutulandan və onun nəzərdə tutduğu prosedurlardan irəli gələnlərdən başqa
heç bir halda ittiham edilə, saxlanıla, yaxud həbs edilə bilməz. Özbaşınalıqla
sorğu-suala tutan, əmr verən, onu icra və yaxud icraya məcbur edən hər kəs
cəza almalıdır; qanunun hökmü ilə çağırılmış, yaxud saxlanılmış hər bir
vətəndaş ona sözsüz tabe olmalıdır: o, müqavimət göstərdiyi halda
məsuliyyət daşıyır.
- 8. Qanun yalnız ciddi və şəksiz
zəruri cəzalar müəyyən etməlidir; heç kəs qanun pozuntusundan əvvəl qəbul
olunmamış və xalqa elan edilməmiş, müvafiq qaydada tətbiq edilməmiş
qanunla cəzalandırıla bilməz.
- 9. Hər bir kəs günahı elan edilənə
qədər günahsız sayılır; şəxsin həbsinin zəruri olduğu hallarda hər hansı
artıq lüzumsuz ciddi tədbirlərin qarşısı qanunla qəti şəkildə alınmalıdır.
- 10. Heç kəs öz baxışlarına, hətta
dini baxışlarına görə sıxışdırılmamalıdır, bir şərtlə ki, onların ifadə
olunması qanunla müəyyənləşdirilmiş ictimai asayişi pozmasın.
- 11. Fikir və mövqeyin azad ifadəsi
insanın ən qiymətli hüquqlarından biridir; hər bir vətəndaş yalnız
sui-istifadə hallarında qanun qarşısında cavab verməklə öz fikrini azad
deyə, yaza, dərc etdirə bilər.
- 12. İnsan və vətəndaş hüquqlarının
təminatı üçün dövlətin gücü vacibdir; bu güc ixtiyar sahiblərinin şəxsi
maraqları üçün deyil, hamının mənafeyinə xidmət etmək üçün yaradılır.
- 13. Dövlət qüvvələrinin
saxlanılması və idarə edilməsi xərcləri üçün ümumi rüsumların yığılması zəruridir;
onlar bütün vətəndaşlar arasında imkanlarına uyğun olaraq bərabər
bölüşdürülməlidir.
- 14. Bütün vətəndaşlar özləri, yaxud
nümayəndələri vasitəsilə dövlət rüsumlarının zəruriliyini
müəyyənləşdirmək, onun alınmasına könüllü razılaşmaq, onun xərclənməsinə
nəzarət etmək, pay həcmini, əsasını, qaydasını və alınma müddətini təyin
etmək hüququna malikdir.
- 15. Cəmiyyətin hər hansı vəzifəli
şəxsdən ona tapşırılmış idarəetmə sahəsinə dair hesabat tələb etmək hüququ
var.
- 16. Hüquqların təminatının mövcud
olmadığı və hakimiyyətin bölüşdürülmədiyi cəmiyyətdə Konstitusiya yoxdur.
- 17. Mülkiyyət toxunulmaz və
müqəddəs hüquq olduğuna görə heç kəs ondan məhrum edilə bilməz. Bu, yalnız
qanun vasitəsilə şəksiz ictimai zərurətin müəyyən olunduğu halda ədalətli
və əvvəlcədən edilmiş ödənişdən sonra edilə bilər.
|