İRAN-İRAQ
MÜHARIBƏSI (1980-1988)
İran-İraq
müharibəsi (İranda "Müqəddəs müdafiə" (دفاع مقدس, Defae-moqaddas),
İraqda isə "Səddam Qədisiyəsi" (قادسيّة صدّام, Qədisiyyat Səddam) adı
ilə tanınır) - İran və İraq arasında strateji cəhətdən vacib olan İran körfəzi
və Şəttül-Ərəb çayı üzərində üstünlüyü ələ keçirmək uğrunda 1980-1988-ci illəri
əhatə edən müharibə. Müharibə hər iki tərəf üçün uğursuz olmuş, çoxlu sayda
insan və maddi itkilərlə nəticələnmişdir.
Müharibə 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan əyalətinə
hücum etməsi ilə başlamışdır. Müharibənin ilk dövründə iraqlıların qazandığı
uğurların qarşısı tezliklə İran ordusu tərəfindən alınmış və 1982-ci ilin iyun
ayınadək İran öz işğal olunmuş torpaqlarını İraqdan geri ala bilmişdir. Bundan
sonrakı 6 ildə İran daha çox hücum əməliyyatları həyata keçirməyə başlayır.
Müharibə 1988-ci il avqustun 20-də bağlanmış atəşkəslə başa çatmış və hər iki dövlət
öz sərhədlərini müharibədən əvvəlki vəziyyətə qaytarmışdır.
MÜHARIBƏNIN
SƏBƏBLƏRI
İki dövlət arasındakı vəziyyət
1959-cu ildə İraqda baş verən üsyandan və İraqın SENTO təşkilatından
çıxmasından sonra daha da gərginləşir.
1975-ci
il martın 6-daOPEK-in Əlcəzairdə keçirilən konfransında İran şahı Məhəmməd Rza
Pəhləvi və İraqın baş naziri Səddam Hüseyn arasında Şəttül-Ərəb (Ərvəndrud)
çayının yatağı boyunca İran-İraq sərhədinin müəyyənləşdirilməsi barədə müqavilə
imzalandı. Dəclə və Fərat çaylarının qovuşmasından yaranan Şəttül-Ərəb çayı
böyük neft yataqları ilə zəngindir. İraq bu çayın iri liman şəhərləri
Xürrəmşəhr və Abadanın yerləşdiyi şərq sahillərinə iddia edirdi. İran isə
sərhəddin talveq xətti, yəni çay yatağının orta xətti boyunca çəkilməsinin
tərəfdarı idi.
Müharibənin başlanmasına səbəb olan əsas amilləri aşağıdakı kimi qruplaşdırmaq
olar:Ərəb-farsetnik konflikti;Ərazi mübahisəsi - İraqın İrana qarşı ərazi
iddiaları (Xuzistan əyalətini ələ keçirmək planları, Şəttül-Ərəb çayının bölünməsi
problemi, İraqın Küveyti öz əyalətinə çevirmək istəyinə qarşı İranın
etirazları);Siyasi görüşlərdə müxtəliflik;Sünni-şiə qarşıdurması;Dünya
bazarında neft ixracı uğrunda rəqabət;İki dövlət rəhbərlərinin şəxsi
ambisiyaları.Müharibənin gedişi
MÜHARIBƏNIN
BAŞLANMASI
17 sentyabr1980-ci ildə
Səddam Hüseyn formal olaraq 1975-ci il Əlcəzair razılaşmasını denonsasiya
edərək Şəttül-Ərəb çayının şərq sahillərini İraq ərazisi elan edir və Əbu Musa,
Böyük və Kiçik Tonb adalarının İran ordularından təmizlənməsi tələbini irəli
sürür. 22 sentyabr1980-ci ildə İraq ordusu İran ərazisinə
geniş miqyaslı hərbi müdaxiləyə başlayır. Müharibənin başlanmasına bəhanə
rolunu həmin ilin aprelində İraqın cənubunda Xarici İşlər naziri Tariq Əzizə
qarşı həyata keçirilmiş sui-qəsd cəhdində İran agentlərinin ittiham edilməsi
oynadı.
Müharibənin ümumi qəbul olunmuş başlanma tarixi 22 sentyabr1980-ci ildə İraq ordusunun
Şəttül-Ərəb çayını keçərək İranın Xuzistan ostanına soxulması hesab edilsə də,
İraqın özündə bu müharibənin 4 sentyabrda İran-İraq sərhədindəki silahlı
qarşıdurma nəticəsində başlaması fikri hökm sürür.
1980-ci il sentyabrın 28-dəBMT Təhlükəsizlik Şurası 479 saylı "İran və
İraq arasındakı münasibətlərin mövcud vəziyyəti" adlı qətnamə qəbul edir.
Qətnamədə münaqişə tərəflərindən hərbi əməliyyatların dayandırılması və
münaqişənin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həll edilməsi, eyni
zamanda digər dövlətlərin konfliktin genişlənməsi və gələcək eskalasiyasına
səbəb ola biləcək hərəkətlərdən çəkinməsi tələb edilirdi.
1980-ci ilin noyabrında İraq Xarici İşlər Nazirliyi memorandum dərc edir. Bu memorandumda
İran hərbi obyektlərinə zərbələr endirilməsinin səbəbləri öz əksini tapmışdı.
İraq 1975-ci il müqaviləsinin İran tərəfindən pozulduğunu elan edir və İranı
1979-cu ilin fevralından 1980-ci ilin iyuluna kimi İraqın quru və dəniz
sərhədlərini 224 dəfə pozmaqda ittiham edir. Memorandumda İraqın hərbi əməliyyatları
dayandırması və tərəflərin danışıqlar stolu arxasında razılığa gəlməsinin
şərtləri də əks olunmuşdu.
Müharibənin başlamasından bir həftə sonra İraq ordusu irəliləyişini dayandırdı
və Səddam Hüseyn İrana sülh danışıqlarına başlamağı təklif etdi. Lakin rəsmi
Tehran atəşkəsə razı olmadı.
İlk dövrdə müdaxilənin gözlənilməzliyi və İraq ordusunun say üstünlüyü hesabına
iraqlılar İran ərazisinin 20 000 km²-lik hissəsini ələ keçirdilər. Hücum
əməliyyatlarının həyata keçirildiyi Xuzistan ostanında İraq ordusunun 5 diviziyasına
qarşı İranın yalnız 1 diviziyası döyüşürdü. İraq rəhbərliyi müharibəyə
başlayarkən qısamüddətli hərbi kampaniyaya ümid bəsləyirdi. Belə ki, 2 həftə
ərzində Xuzistanın bütün böyük şəhərləri üzərində nəzarətin təmin olunması
planlaşdırılırdı. Ostanın ərəb əhalisinin iraqlıları dəstəkləyəcəyi və zəngin
neft yataqlarının ələ keçirilməsinin İrandakı daxili vəziyyəti gərginləşdirəcəyi
güman olunurdu. Lakin bu ehtimallar özünü doğrultmadı.
İran ordusu 1979-cu il İslam inqilabından sonrakı dəyişikliklər səbəbindən
xeyli zəifləmişdi. İslam İnqilabı Mühafizəçiləri Korpusu isə hələ ki, çox da
güclü deyildi və üzvlərinin sayı az idi. ABŞ-la əlaqələrin kəsilməsi isə əsasən
Amerika istehsalı olan silahlarla silahlanmış İran ordusunda ehtiyat hissələrin
çatışmamasına səbəb olmuşdu ki, bu da onun hərbi imkanlarını məhdudlaşdırırdı.
Lakin iraqlıların qətiyyətsizliyi İranın tezliklə ümumi səfərbərlik elan edərək
cəbhə bölgəsinə çox sayda canlı qüvvə və texnika toplamasına imkan verdi.
Üstəlik, İraq ordusu gözləmədiyi müqavimətlə üzləşdi. İki ölkənin sərhəddində
yerləşən Xürrəmşəhrin ələ keçirilməsi əməliyyatı bir ay vaxt apardı və
iraqlılar üçün böyük itkilər hesabına başa gəldi. Şəhəri yalnız oktyabrın sonunda
ələ keçirmək mümkün oldu ki, bu da İraq ordusunun müharibənin əvvəlindəki
yeganə əhəmiyyətli qələbəsi idi. Qonşu Abadan şəhərini ələ keçirmək mümkün olmadı,
belə ki, onun blokadasına yalnız oktyabrın ortalarında başlandı, lakin şəhərin
tam mühasirəyə alınmasınadək iranlılar uzunmüddətli müdafiəni təmin etmək üçün
bura kifayət qədər qüvvə yönəldə bildilər.
İraq zabitlərinin düzgün qərarlar qəbul etməməsi və rəqibi qiymətləndirməməsi,
genişmiqyaslı hərbi əməliyyatlar keçirmək təcrübəsinin olmaması tezliklə İraq
ordusunun təşəbbüsü əldən verməsinə və ilk dövrdəki uğurları davam etdirə
bilməməsinə səbəb oldu. Oktyabrın sonları və noyabrda İraq ordusu Dəsful və
Əhvaz istiqamətində irəliləməyə çalışsa da, bu cəhdlər uğursuz oldu. Dekabr
ayında yağışlar mövsümünün başlanması və hərəkətin çətinləşməsi ilə S.Hüseyn
İraq qoşunlarının müdafiə mövqeyinə keçdiyini elan etdi. Müharibənin
başlanmasından keçən dövrdə İraq ordusu Xürrəmşəhr, Qəsri-Şirin, Neftşah,
Mehran və Bostan şəhərlərini ələ keçirmiş, Abadanı mühasirəyə almışdı.
İRANIN
TƏŞƏBBÜSƏ YIYƏLƏNMƏSI
İran prezidenti və ali baş komandan
Əbülhəsən Bənisədr rəqibin müdafiəyə keçməsindən istifadə edərək 1981-ci ilin
yanvarında müharibənin başlanmasından bəri ilk dəfə olaraq əks-hücuma keçmək
əmri verdi. Lakin bu əməliyyat tam uğursuzluqla bitdi. Belə ki,
əsas vəzifəsi Abadanın mühasirəsini aradan qaldırmaq olan hücumda 16-cı tank
diviziyası özünün 3 briqadasından 2-ni tamamilə itirdi. Yalnız hücumun bəzi
istiqamətlərində kiçik uğurlar əldə etmək mümkün oldu. İranın əks-hücumunun uğursuzluğu
İraq komandanlığında elə bir təəssürat yaratdı ki, iranlılar yaxşı
möhkəmləndirilmiş müdafiə xəttini yara bilməzlər. Mart ayında Susəngərd üzərinə
həyata keçirilən və uğursuz olan hücumdan sonra İraq ordusu ilin sonunadək heç
bir hücum əməliyyatı həyata keçirmədi. Çünki, İraq rəhbərliyi İrandakı rejimin
tezliklə devriləcəyinə ümid edirdi. Bunun üçün əsasları da var idi. Belə ki,
İran ordusunun uğursuz yanvar əməliyyatı ölkə daxilindəki siyasi çəkişmələri
kəskinləşdirmişdi. İran ordusu və İslam İnqilabı Mühafizəçiləri Korpusu (İİMK)
arasındakı daimi rəqabət isə İran hərbi qüvvələrinin əsas probleminə
çevrilmişdi. İslamçılar ordunun zabit heyətinin şah rejiminə tərəfdar
olmasından şübhələnirdilər və buna görə də ordunun hərbi əməliyyatlardakı rolunu
aşağı salmağa çalışırdılar. Yanvar məğlubiyyəti prezident Ə.Bənisədrin
mövqelərini və orduya olan etibarı sarsıtdı. İyun ayında Bənisədr hakimiyyətdən
uzaqlaşdırıldı və ölkəni tərk etdi. Hazırda terrorçu təşkilat olaraq qəbul
edilən İran Xalq Mücahidləri Təşkilatı islamçıların rolunun artmasına etiraz
olaraq İran ərazisində terror aksiyaları keçirməyə başladı. Əsas uğurları isə
ölkənin yeni prezidenti Məhəmməd Əli Rəcai və baş nazir Məhəmməd Cavad
Bəhonərin öldürülməsi oldu.
Sentyabrın əvvəllərində İran ordusu Abadanın mühasirəsinin aradana qaldırılması
istiqamətində irimiqyaslı əməliyyat keçirdi. İranlılar İraq ordusunu yanıltmaq
üçün hücumun Bəsrəni ələ keçiməyə yönəldiyi təəssüratını yaratmışdılar. Abadanı
şərqdən mühasirədə saxlayan İraq qoşunları ilə döyüş sentyabrın 26-dan 29-dək davam
etdi və uğurla nəticələndi. Bu İranın müharibə dövründəki ilk böyük uğuru oldu.
Bu uğur ordu və İİMK-nin birgə fəaliyyəti nəticəsində mümkün olmuşdu. Lakin
əməliyyatın həyata keçirilməsinə rəhbərlik edən demək olar ki, bütün komandirlər,
cəmi 80 nəfər yüksək rütbəli zabit, o cümlədən İranın Müdafiə Naziri briqada
generalı Seyid Musa Nəmju Tehrana uçarkən təyyarə qəzasında həlak oldular.
1982-ci ilin martından İran yenidən hücum əməliyyatları həyata keçirir, may
ayında Xürrəmşəhr azad edilir. Hərbi əməliyyatlar meydanı İraq ərazisinə keçmiş
olur, ancaq yenidən mövqe müharibəsi başlanır. 1982-ci ilin iyununda Səddam
Hüseyn sülh danışıqlarına başlamaq istədiyini bildirsə də, İran hakimiyyəti
buna razı olmur. Belə olan təqdirdə Səddam ABŞ-dan və digər müttəfiqlərindən
əlavə silah, hərbi texnika və kimyəvi silahlar alır.
"CANLI
DALĞALAR"
1981-ci ilin dekabrında İran
ordusu cəbhənin mərkəzi hissəsində 2 hücum əməliyyatı keçirir. Bostan
şəhərini azad etmək üçün aparılan əməliyyatda ilk dəfə olaraq "canlı
dalğalar"dan istifadə olunur. İran ordusu bu "dalğa"lardan
zirehli texnikanın, xüsusilə aviasiya qüvvələrinin çatışmadığı yerlərdə
istifadə edirdi. Onun əsas vəzifəsi düşmən cəbhəsində qarışıqlıq yaratmaq idi.
1982-ci ilin ortalarından 1987-ci ilə qədər İran çoxsaylı hücumlar vasitəsilə
İraqın əsas dəniz limanı olan Bəsrəni ələ keçirməyə çalışır. İraq ordusu hücum
edən "canlı dalğaları" (könüllü silahlılardan təşkil edilirdi) məhv
etmək məqsədi ilə gücləndirilmiş müdafiə xətti yaradır. İran tərəfinə İraqın
müdafiə xəttini tam yarmaq nəsib olmur.Tanker müharibəsi
1984-cü ilin sonunda başlayan "tanker müharibəsi" zamanı İran və İraqın
Fars körfəzində üçüncü dövlətlərin neft tankerlərinə də zərbə vurmaları bu
müharibənin beynəlxalq konfliktə çevrilməsinə səbəb olur. Hörmüz boğazına daxil
olan bütün tankerlərə hücum əməliyyatına başlanır. İran Fars körfəzində
yerləşən ərəb dövlətlərinin neft tankerlərinə zərbə vurmaqla dünyada yeni neft
böhranı yaratmağa çalışır. Eyni zamanda mühasirədə saxladığı Fao yarımadasından
Küveytə raket zərbələri endirir. 17 may1987-ci ildə İraq hərbi təyyarəsi ABŞ
HDQ-yə məxsus "Stark" freqatına hücum edərək 37 nəfərin ölümünə və 21
nəfərin yaralanmasına səbəb olur. "Tanker müharibəsi" vuruşan
tərəflərin maddi ehtiyatlarının tükənməsi ilə nəticələnir. Londonun "Lloyd"
sığorta şirkətinin verdiyi məlumata görə hər iki tərəfdən 500 gəmiyə hücum
edilmiş, onlardan 160-ı tam məhv edilmişdi. Tehran, Bağdad və körfəzdə marağı
olan dövlətlər atəşkəs elan olunması və sülh imzalanmasının vacibliyini
anlayırlar.
İran ən böyük uğurunu 1986-cı ilin fevralında əldə edir. Fao yarımadasını
müzasirəyə almaqla İraqın Fars körfəzi ilə əlaqəsini kəsir.
SÜLH
AXTARIŞLARI
1984-cü ilin aprelində Səddam bitərəf ərazidə Ayətullah Xomeyni ilə sülh
danışıqlarına başlamağı təklif etsə də, onun təklifi qəbul edilmədi.
1986-cı
ilin payızında tərəflər arasında yaranmış pat vəziyyətindən istifadə etməyə
çalışan İran müharibəni qurtarmaq üçün aşağıdakı şərtləri İraqa təklif edir:Səddam
Hüseynin hakimiyyətdən getməsi;Bəəs partiyasının siyasi arenadan
uzaqlaşması;İsrailə qarşı müharibədə İraqın iştirak etməsi;Bağdaddaİranı razı
salacaq hakimiyyətin qurulması.
1986-cı ilin noyabrında Səddam Hüseyn İran hökümətinə açıq müraciətnamə göndərərək
aşağıdakı təklifləri irəli sürür:Tərəflərin tam şəkildə və şərtsiz olaraq
beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərə doğru geri çəkilməsi;Bütün hərbi
əsirlərin qaytarılması;Hər iki tərəf arasında sülh və hücum etməmək haqqında
müqavilə imzalanması;Tərəflərin bir-birinin işinə qarışmaması;Fars körfəzi
regionunda İran və İraqın təhlükəsiz və sabit yaşayışının təmin olunması.
Lakin, hər iki tərəf bir-birinin təkliflərini qəbul etmir.
KIMYƏVI
SILAH
İraqla müqayisədə İran kimyəvi
silahların əldə edilməsində az maraqlı idi. ABŞ kəşfiyyatının verdiyi məlumatlara
görə İran öz silahlarından həm məhdud çərçivədə istifadə edir, həm də
düşmənlərdən ələ keçirdiyi silahları işlədirdi. İraq əvvəlcə iprit qazından, sonra
isə daha mükəmməl sinir-iflicedici qazlardan istifadə edir. İraq kimyəvi hücumlarını
İran hərbçilərinə qarşı işlətməklə yanaşı, kürdlərin yaşadığı şəhərləri və
yaşayış məskənlərini də bu hücuma məruz qoyurdu. 1988-ci ilin iyulunda İraq
təyyarələri İranda yerləşən və kürdlərin məskunlaşdığı Zərdan kəndinə sianid bombaları
atdılar. Bundan 4 ay əvvəl Səddam Hüseynin əmrilə İraqın şimalındakı üsyançı
kürd qruplaşmalarını ləğv etmək bəhanəsilə əsasən kürdlərin məskunlaşdığı
Hələbiyə şəhəri də bənzər hücuma məruz qalmış və nəticədə 5000-ə yaxın insan
həlak olmuşdu.
ŞƏHƏRLƏR
MÜHARIBƏSI
1986-1987-ci illərdə İran böyük insan itkiləri hesabına Bəsrə yaxınlığındakı Fao
yarımadasını və İraq ərazisinin müəyyən bir hissəsini mühasirəyə alır. Bu zaman
"şəhərlər müharibəsi" və "tanker müharibəsi" yenidən qızışır.
"Şəhərlər müharibəsi" strategiyasına - hava hücumları vasitəsilə
böyük şəhərlərin və yaşayış məskənlərinin vurulması daxil idi. İran hökuməti
müharibənin bu mərhələsində hərblə yanaşı siyasi-strateji məqsədlər də güdürdü.
İran ələ keçirmiş olduğu əraziləri əlində saxlamaq və bununla da İraqla
danışıqlarda öz mövqeyini diktə etmək fikrində idi.
1987-ci ildə ABŞ və bəzi NATO ölkələrinin hərbi-dəniz donanması tankerlərin
ixrac edilməsi əməliyyatına başlayır. Amerikan və İran gəmiləri və təyyarələri arasında
da bir sıra silahlı toqquşmalar baş verir. İranın beynəlxalq təcrid olunması
faktorundan istifadə edən İraq iqtisadiyyatını müharibə yolunda səfərbər edərək
1988-ci ilin yaz-yayında öz ərazisini İran qoşunlarından təmizləmək istiqamətində
bir neçə uğurlu əməliyyat keçirir. Müharibənin gələcək perspektivlərini
görməyən Ayətullah Xomeyni sülhə razı olur.
İRAQIN
ƏKS HÜCUMU
6 il quru müharibəsində
müdafiə strategiyası ilə çıxış edən İraq 1988-ci ilin aprelindən hücum
əməliyyatlarını artıraraq 48 saat ərzində qanlı döyüşlər nəticəsində Fao yarımadasını
geri qaytardı. Bu hadisə İraq üçün müharibədə dönüş nöqtəsi oldu. May
ayında İraq qoşunları iranlıları Bəsrənin şərqindəki Salamançexa ərazisindən
çıxardılar, iyunda isə 1985-ci ildə İran tərəfindən zəbt olunmuş Məcnun
adalarını azad etdilər. İraq iyulun əvvəlində Kürdüstan əyalətindən İran ordularını
çıxarır, ayın sonunda isə İran-İraq sərhəddinə daha da irəliləyərək İrana
məxsus bir neçə sərhəd rayonlarını tutur. 1988-ci ilin avqustundan İraq hərbi
hissələri iranlılara aramsız hücumlar sayəsində bir çox işğal edilmiş əraziləri
azad edirlər.
Nəticədə Xomeyni anladı ki, İraqı məğlub etməyə çalışmaqdansa İranın bütövlüyünü
saxlamaq daha vacibdir. Əvvəl "Zəhər içərəm, ancaq barışığa getmərəm"
deyən Xomeyni dövlətinin məhv olmaq təhlükəsini göz önünə alaraq sülh
danışıqlarına başlamağı qərara aldı.
MÜHARIBƏYƏ
DÖVLƏTLƏRIN VƏ BEYNƏLXALQ TƏŞKILATLARIN MÜNASIBƏTI
Fransa və digər qərb dövlətləri
İraqı yeni növ silahlarla təmin edirdilər: Fransa -"Super Etandar"
təyyarələri və "Ekzosse" raketləri, ABŞ - "Bell" raketləri
və s. ilə. ABŞ müharibə ərzində İraqa 3,2 milyard dollar həcmində
yardım göstərir.
Dünyanın 1 fövqəldövlətinin, Avropanın əksər ölkələrinin və 3 güclü müsəlman dövlətinin
- Səudiyyə Ərəbistanı, Pakistan və Misirin açıq şəkildə dəstəklədiyi İraq İrana
nisbətən güclü tərəf kimi müharibəyə girirdi.
İrana isə Cənubi Afrika Respublikası, Liviya, Argentina, Cənubi Yəmən, Suriya
(Hafiz Əsədin S.Hüseynlə arasında düşmən münasibət var idi. Ona görə də İranı
dəstəkləyən ilk ərəb dövləti olur) yardım edirdilər. Onların yardımı əsasən
silah satmaqdan ibarət idi.
1980-1988-ci il müharibəsində hər iki tərəfə yardım edən dövlətlər: SSRİ, ABŞ
(İran-Kontras qalmaqalı), Çin, Böyük Britaniya, Braziliya, AFR, Fransa, İtaliya
və Şimali Koreya.
Türkiyə, Əlcəzair və Pakistan İran və İraq arasında vasitəçilik etməyə
çalışırdılar.
Bu müharibədə İraq ABŞ-la yaxın əlaqələr qurmaqla yanaşı ərəb dünyasının liderliyinə
can atır. İraq regionda İsraildən sonra ikinci hərbi qüvvəyə çevrilir.
Sovet İttifaqı müharibə dövründə neytral mövqe tutaraq hər iki tərəfi sülhə
səsləyirdi. Müharibənin əvvəlində SSRİ İraqa silah satışını dayandırsa da,
1982-ci ildə müharibənin İraq ərazisinə keçməsi və İrandakı antisovet
aksiyaları ilə əlaqədar olaraq yenidən bərpa edir. Bununla bərabər SSRİ Suriya
vasitəsilə İrana da silah yardımı edirdi.
SÜLH
VƏ MÜHARIBƏNIN DAYANDIRILMASI
1987-ci il 20 iyulda - BMT Təhlükəsizlik Şurası "İran və İraq arasındakı
əlaqələrin vəziyyətinə dair" 598 saylı qətnamə qəbul edir. Bu qətnamədə
Təhlükəsizlik Şurasının 1986-cı il 24 fevral tarixli 582 saylı qətnaməsinin
tələbləri bir daha öz əksini tapır. Qətnaməyə görə hər iki tərəf dərhal atəşkəs
elan etməli, quruda, suda və havada bütün hərbi əməliyyatlar dayandırılmalı,
ordu hissələri beynəlxalq-hüquqi sənədlərlə təsdiq olunmuş sərhədlərə
çəkilməli, atəşkəs rejiminin təmininə və qoşunların çəkilməsinə nəzarət üçün
BMT tərəfindən müşahidə qrupu göndərilməli, habelə 12 avqust1949-cu il Cenevrə
sazişinə əsasən hərbi əsirlər azad olunmalı və hərbi əməliyyatlar
dayandırıldıqdan sonra onların vətənlərinə dönməsi təmin edilməli idi. Həmçinin
qətnaməyə əsasən BMT Baş katibinə tövsiyyə olunurdu ki, müharibənin
günahkarlarını müəyyənləşdirmək üçün xüsusi orqan yaradılsın.
1988-ci ilin iyulunda BMT-nin vasitəçiliyi ilə Cenevrədə İran-İraq danışıqları
başlanır. Xomeyni BMT TŞ-nin 1987-ci il 598 saylı qətnaməsinin tələblərini
qəbul edir. İraq bunu İrandan bir neçə ay əvvəl etmişdi.
Birləşmiş Millətlər Təşkilatının və İslam Konfransı Təşkilatının vasitəçiliyi ilə
1988-ci il avqustun 20-də bütün cəbhələrdə atəşkəs rejiminin tətbiqinə
başlanıldı və bununla da müharibə dayandırıldı.
20 avqustda imzalanmış atəşkəs 25 avqustda qüvvəyə minir. Tərəflərdən heç biri
özünü məğlub hesab etmədi. 1990-cı il oktyabrda İraq-Küveyt böhranından sonra
İraq 1975-ci il Əlcəzair müqaviləsinin şərtlərinə və talveq xətti üzrə
müəyyənləşmiş sərhədlərə qayıtmağa razı olur. İraq onun nəzarəti altında olan
İran ərazilərindəki hərbi hissələrini çıxarır və İranın irəli sürdüyü digər öhdəlikləri
də qəbul edir. Əsirlərin dəyişdirilməsi həyata keçirilir və 2 dövlət arasında
diplomatik əlaqələr bərpa olunur. Müharibə dayandırılsa da sülh müqaviləsi
imzalanmır, yalnız atəşkəs elan edilir.
Əslində Xomeyninin başçılıq etdiyi İran hakimiyyətinin sülhə getməsinin əsas səbəbi
ölkənin çox böyük insan itkisi və böyük maddi zərərlərə məruz qalması idi.
Hərbi əməliyyatların gedişində İran tərəfinin ölü olaraq itirdiyi insanların
sayı 600 min nəfərdən çox idi. Hər iki tərəfdən 1 milyon nəfərdən çox insan
tələf olmuşdu. 40 mindən çox hərbçi əsir düşmüşdü. Müharibənin hər iki tərəfə
vurduğu zərərin ümumi miqdarı 350 milyard dollar həcmində olduğu hesab edilir.
İraq İranla müharibə zamanı Sovet İttifaqında yaradılmış raketlərin hərəkət radiusunu
genişləndirmiş, kimyəvi silahların kütləvi istehsalını artırmışdı.
|