İkinci Rusiya-İran müharibəsi
Rusiya ilə
İran arasında 1826-cı il iyulun 16-da başlamış, Azərbaycan torpaqlarında
Azərbaycanın bölüşdürülməsi uğrunda getmiş və 1828-ci il 10 Fevralda Türkmənçay
sülhünün imzalanması ilə yekunlaşmış müharibə.
Gülüstan müqaviləsi İranı heç cür qane
etmirdi, Qafqazın əldən çıxması böyük itki idi. İran Rusiya ilə müharibəyə
hazırlaşırdı. Bu müharibədə öz maraqları olan İngiltərə İrana bacardığı hər bir
yardımı edirdi. Bununla bağlı 1814-cü ildə İngiltərə ilə İran arasında müqavilə
imzalanır, Təbrizdə və başqa şəhərlərdə silah zavodları tikilir.
Şah hökuməti Ruslara qarşı Osmanlı
İmperiyası ilə də danışığa başladı. Bundan başqa Şimali Azərbaycan xanlarından
da (Onlar Rusiyanın işğalı nəticəsində öz xanlıqlarını itirib İrana qaçmışdılar)
istifadə etdi.
1826-cı ildə Rusiyada baş vermiş
Dekabristlər inqilabı Şah hökumətini müharibəyə daha da şirinikləndirdi. Rusiya
ilə Gülüstan müqaviləsinin şərtlərinin dəyişdirilməsinə dair başlanmış danışıq
səmərə vermədi.
Beləliklə, İran 1826-cı il iyulun 16-da 60
minlik ordu ilə Azərbaycanın şimal torpaqlarına soxuldu, II Rusiya - İran
müharibəsi başladı.
Abbas Mirzənin başçılıq etdiyi qoşunun əsas
hücum hədəfi Qarabağ və Gəncə oldu. 1826-cı ildə Gəncə və Şəkidə Rusiya
əleyhinə üsyan başladı. İran ordusu Qarabağ mahalını ələ keçirib Şuşa qalasını
mühasirəyə aldı. Müharibənin ilkin günləri İran üçün uğurlu olsada 1826-cı ilin
sentyabrında Şamxor döyüşündə İran qoşunları ağır məğlubiyyətə uğradı. Bu
döyüşdə məğlubiyyətə uğrayan İran qoşunu Şuşanın mühasirəsindən əl kəçmək
məcburiyyətində qaldı. Ruslar başqa istiqamətlərdə də üstünlük əldə etdilər.
1826-cı il sentyabrın 13-də Gəncə döyüşü baş verdi və bu döyüşdə İran ordusu
məğlubiyyətə uğradı.
Tezliklə
Ruslar Gülüstan müqaviləsi ilə İrana verilmiş İrəvan və Naxçıvan xanlıqlarını
da işğal edib 1827-ci illərin sonunda Azərbaycanın cənub torpaqlarına soxuldu.
İran zülmündən cana gəlmiş əhali qoşunlara heç bir müqavimət göstərmədi, Xoy və
Təbrizdə üsyan başladı, Urmiya və Ərdəbil ələ keçirildi.
Vəziyyətin
ağırlığı İranı danışıq aparmaq fikrinə saldı. 10 fevral 1828-ci ildə Türkmənçay
müqaviləsi imzalandı.
|