YÜZILLIK MÜHARIBƏ
Yüzillik müharibə
(1337-1453) - İngiltərə və Fransa arasında yüz ildən artıq (fasilələrlə) davam
etmiş müharibə. Yüzillik müharibənin başlanmasına əsas səbəb İngiltərənin ələ
keçirdiyi ərazilər (12 əsrin ortalarından) və zəngin Flandriya uğrunda mübarizə
idi. Müharibənin əvvəli İngiltərə üçün uğurlu idi: o, dənizdə (1340) və
quruda (1346) qələbələr qazandı. 1356 ildə ingilis qoşunları Puatye
yaxınlığında fransızları darmadağın etdi. 1348-49 illərdə baş vermiş taun
epidemiyasında Fransa əhalisinin təqr. 1/3 hissəsinin həlak olması ölkəni
xüsusilə çətin vəziyyətə saldı. Fransa qoşunlarının məğlubiyyəti, iqtisadi
vəziyyətin ağırlaşması, vergilərin ağırlığı, xalqın narazılığının artmasına
səbəb oldu, Paris üsyanı (1357-58) və Jakeriya (1358) ilə nəticələndi. Fransa
hökuməti ağır şərtli müqavilə bağlamağa (1360) məcbur oldu. VI Karl dövründə
(1380-1422) feodal çəkişmələri Fransanı zəiflətdi. Bundan istifadə edən
ingilislər 1415 ildə yenidən müharibəyə başladılar və Azenkur yaxınlığında
Fransa ordusunu məğlubiyyətə uğratdılar. Fransa ərazisinin xeyli hissəsi ingilislər
və burqundlar arasında bölüşdürüldü, Luaradan çayıdakı ərazi VII Karlın
hakimiyyəti altında qaldı. Cənuba doğru irəliləməyə cəhd edən ingilislər və
burqundlar Orleanı mühasirəyə aldıqda (1428) bütün fransız xalqı Janna d'Arkın
başçılığı altında işğalçılara qarşı mübarizəyə qalxdı. Orleanın azad olunması
ilə (1429) Yüzillik müharibədə dönüş baş verdi. Fransa ordusu bir sıra
qələbələr qazandı. 1435 ildə Arrasda, Burqundiya hersoqu ilə VII Karl arasında
sülh bağlandı. 1436 ildə
ingilislər Parisdən qovuldular, sonra bir sira vilayətlər azad edildi. Yüzillik
müharibə ingilislərin Bordoda təslim olması ilə (1453, 19 oktyabr) qurtardı.
Fransa ərazisindən yalnız Kale (1558 ilədək) İngiltərənin əlində qaldı.
Müharibə Fransa iqtisadiyyatına böyük ziyan vurdu, ölkənin mərkəzləşdirməsi
prosesini qismən langitdi, İngiltərədə isə feodal aristokratiyasının siyasi
nüfuzunu müvəqqəti yüksəltdi.
|