Pun müharibələri
Pun müharibələri
(e.ə. 264-146, adı punlardan, yəni karfagenlilərdən gəlir) Karfagenlə Qədim
Roma arasında əvvəlcə Siciliyada, sonra Aralıq dənizinin bütün qərb sahilində
hökmranlıq uğrunda müharibələr. 1-ci Pun müharibəsi (e.ə. 264-241) Siciliya
uğrunda aparılırdı. Romalılar dənizdə bir sıra qələbələr (e.ə. 260, 256, 251,
241) qazandılar. E.ə. 241 ildə Roma Siciliyanı (Sirakuza və ətrafından başqa)
və bəzi adaları, sonra isə Sardiniya və Korsikanı ələ keçirdi. 2-ci Pun
müharibəsi (e.ə. 218-201) Karfagenin qisas cəhdindən doğmuşdu. E.ə. 218 ildə
Hannibalın ordusu Alpı keçirdi və Po dərəsinə daxil oldu. Trazimen gölü (e.ə.
217) və Kann (e.ə. 216) yaxınlığındakı vuruşmalarda Roma ordusu darmadağın
edildi. E.ə. 212 ildən romalılar təşəbbüsü ələ keçirdilər. Metavr çayı
yaxınlığında (e.ə. 207) qələbə qazanan romalılar Zama yaxınlığındakı həlledici
vuruşmada Hannibalın ordusunu darmadağın etdilər (e.ə. 202). E.ə. 201 ildə
bağlanmış müqaviləyə görə Karfagen Afrikadakı ərazisi ilə kifayətləndi,
donanmadan məhrum oldu, böyük təzminat verməyə məcbur edildi. 3-cü Pun
müharibəsində (e.ə. 149-146) Karfagen məğlub oldu və dağıdıldı (e.ə. 146),
sakinləri isə kölə kimi satıldı. Pun müharibələr nəticəsində Roma Aralıq dənizinin
ən güclü dövlətinə çevrildi.
Kanna döyüşü
Kanna
yaxınlığında vuruşma - E.ə. 216
-cı il avqustun 2-də konsul Qay Terensi Varronun komandanlığı altında Roma
ordusu (63 min piyada, 6 min süvari) ilə Hannibalın Karfagen qoşunu (40 min
piyada, 10 min süvari) arasında 2-ci Pun müharibəsinin ən böyük vuruşması baş
vermişdir. Karfagen süvariləri əvvəlcə Romanın süvari, sonra piyada qoşununu
darmadağın etdi. Vuruşmanın 12 saatı ərzində romalılardan 48 min nəfər
öldürüldü, 10 min əsir alındı. Karfagenlilərdən 6 min nəfər öldürüldü. Kanna
yaxınlığındakı vuruşma hərb sənəti tarixinə düşməni az qüvvə ilə mühasirəyə
alaraq onu tamamilə məhv etmək nümunəsi kimi daxil olmuşdur.
|