Milli Qəhrəman Mübariz İbrahimovun həyatı haqqında hər şeyi Lent.az-a Günel Mövlud yazır...
Jurnalist
deyil, oğlunu itirmiş valideynlərə başsağlığı vermək istəyən el adamı
kimi getdim Mübarizgilə. Qardaşımla və təsadüfən Biləsuvar rayonunda
dincəlməyə gəlmiş yazıçı Pərviz Cəbrayılla. Nə qara, rəsmi paltar
geyindim, nə başımı örtdüm. Saxtakarlığın yeri deyildi. Qıvraq
şalvarda, qoluaçıq köynəkdə getdim onun evinə. Üzümə baxacaqlarsa, elə
bu paltarda baxsınlar. Yox, baxmayacaqlarsa, deməli, mən doğrudan da
onun doğmalarının diqqətinə layiq deyiləm… Əliabad kəndində
Mübarizgilin evinin yerini bizə elə onun özü verdi. Yol uzunu bütün
darvazalara vurulumuş şəkilləri tutub, getdik və Mübarizgilin evinə
çıxdıq. Kasıb, səliqəsiz həyət. Həyətin yeganə lüksü olan daş
hasarın isə Mübarizin ölümündən sonra tələm-tələshik hörüldüyü hiss
olunur.
Bu gün düz 39-cu gündür ki, o şəhid olub. Sabah
qırxıdır. Sabah yas çadırı, həyət, ev, küçə izdihamla dolacaq. Ağlaşma
səsi, vurnuxma bu həyəti, yas çadırını, kəndi başına alacaq. Amma bu
gün, Mübarizin ölümünün 39-cu günündə qurulub, hazır dayanmış yas
çadırının altında atası Ağakərim kişi, qardaşı Bəhruz tək-təkcənə
oturmuşdular, vəssalam.
Həyətə utana-utana keçdim. Camaatın oğlu
ölmüşdü, mənsə başsağlığına gəlmişdim. Nə qədər böyük acizlik, nə qədər
rəzil bir şeydi doğmasını itirmiş adama başsağlığı vermək. Bacarırdın,
xilas eləyəydin, bacarmamısansa, bir qıraqda utan, vəssalam…
Salamlaşan
kimi Ağakərim kişinin ürəkdən və əsl qonaqpərvərliklə dediyi «xoş
gəlmisiniz» sözü məni şillə kimi tutdu. Pərvizlə qardaşım kişilərin
yanında qaldılar. Mənsə biş-düş yerində əlləşən qadınlardan birinə
qoşulub, içəri, Mübarizin anasının yanına getdim.
Məni içəri
aparan qadın ən yaxın qohumların arasında oturan Şamama xalanı
göstərib, «Mübarizin anası odur» dedi. Sakitcə, fağır-fağır oturan
qadın başı ilə salamlaşdı. Yaxınlaşıb üzündən öpdum və yas məclisi üçün
uyğun olmayan paltarıma görə qadınların hamısından üzr istədim.
Tez-tələshik cavab verən isə elə şəhid anasının özü oldu:
- O nə
sözdü, a bala?! Yaydı, istidi, hərənin də bir geyimi var, niyə üzr
istəyirsən? Balamı istiyib gəlmisən, xoş gəlmisən. Otur, qızım, otur.
Ay qız, ordan bir şey gətirin, qız ayağının üstünə örtsün. Otur, qızım,
ayağını da uzat, narahat olma. Məni ağlamaq tutdu. Bu canıyananlığı
22 yaşında oğul itirib, meyitini geri ala bilməyən ana eləyirdi. Kənd
qadını, ali təhsil, yüksək cəmiyyət görməyən qadın. Gəl, bundan sonra
bu xalqın xislətindən baş aç, başa düş…
Nə jurnalist olduğumu
dedim, nə yazmaq fikrimi bildirdim. Qonşu kimi, el adamı kimi danışdıq
Mübarizin anası ilə. Hərdən oğlunun artıq həyatda olmadığını unudub,
onun barəsində gülə-gülə, cuşa gəlib, əlini dizimə çırpa-çırpa
danışırdı. Arabir oğlunun artıq öldüyünü xatırlayıb, qəhərdən
boğulurdu, gözünün yaşını saxlaya bilməyib ağlayır, sonra gözünün
nəmini yaylığının ucu ilə qurulayıb, təzədən danışırdı.
Hər şeyi danışdı mənə Şamama xala.
Sonra bibisi danışdı, sonra atası, sonra qardaşı…
Mübarizin
doğulan günündən şəhid olana kimi keçdiyi bütün ömür yolunu. Əlbəttə,
ana, ata, bibi, qardaş kimi bildikləri qədərini. Bir də ki, lap onu
tanıyan bütün adamlar danışsın…
22 illik ömrə nə sığdırmaq olardı axı?
Biləsuvar
rayonunun Əliabad kəndində, 1988-ci ilin fevral ayının 7-də dünyaya
gəlib Mübariz. Ömrünün son illərini yaşayan Sovet İttifaqının kəndində,
sovet kolxozunda aqronom işləyən Ağakərim kişinin sadə və kasıb
ailəsində. Və həm də seyid ailəsində. Üç qardaş olublar – Bəhruz,
Rəşad, Mübariz. Mübariz kiçiyi olub ailənin. Sarışın, qız kimi utancaq
oğlan uşağı. Anası Şamama arvad çöl işinə, tarlaya, sahəyə işləməyə
gedəndə böyük qardaşlarının yanında, həyətdəki qum topasının üstündə
qoyub gedib Mübarizi. Hər gün də işdən qayıdanda balaca oğlunun elə
oradaca oynadığını görüb. Böyüklər qonum-qonşunun həyətinə, qonşu
uşaqları ilə oynamağa qaçanda belə, Mübarizin qum topasının üstündən
tərpənməyib.
Gələcəyin Milli Qəhrəmanı bütün oğlan uşaqları kimi, boş siqaret qutularından «vaqon» düzəldib, təkbaşına «qatar-qatar» oynayıb.
Bir
az böyüyəndən sonra da, bütün kənd uşaqları necə yaşayıbsa, eləcə
yaşayıb Mübariz. Qardaşları ilə qoyun-quzu otarıb, həyət-bacadakı
işlərə kömək eləyib, çöldə çalınan otu yığıb, kip daşıyıb, su gətirib.
Anasının dediyinə görə, iş görəndə balaca olduğuna görə utanırmış.
Böyük qardaşlarından daha güclü görünmək üçün, onlar bir kip aparanda
Mübariz ikisini aparmağa çalışıb.
Qoyun-quzunu adətən, böyük
qardaşı Bəhruzla otarırmış Mübariz. Bir dəfə örüşdə quzuları
başlı-başına buraxıb iki qardaş. Başları çaydan balıq tutmağa qarışıb.
Bəhruzun danışdığına görə, həmin gün çayda balıq o qədər bol olub ki,
çoxlu balıq tutub, evdəkiləri sevindirmək istəyiblər. Gözdən uzaq qalan
quzular da özlərini yulğunluğa verib. Və qardaşlar bir də dəhşətli
mələrtiyə ayılıblar. Özünü tez quzulara çatdıran Bəhruz görüb ki,
çaqqallar az qala hamısını yaralayıb. Qışqırıb, Mübarizi köməyə
çağırıb. Qışqıra-qışqıra gələn Mübarizin səsi çaqqal sürüsünü ürküdüb.
İki qardaş çomaq-çomağa verib, quzularını birtəhər xilas eləyə
biliblər. Amma əksəriyyətinin yaralandığını görən Mübariz həmin gün
ağlayıb:
- Qaqaş, biz niyə balıq tuturduq axı… bax, çaqqal quzularımızı yedi…
Mübarizin həmin vaxt 9 yaşı olub…
Altıncı
sinfə qədər yaxşı oxuyub Mübariz. Əlaçı da demək olarmış. Məktəbdə
yaxşı oxumağıyla yanaşı, həm də tərbiyəli, abır-həyalı olduğuna görə də
seviblər onu. Müəllimlər də, şagirdlər də. Həmişə ən gücsüz, zəif
uşaqlarla dostluq eləyib. Güclü uşaq gücsüzü döyəndə dayana bilməyib,
qarşısındakıların sayı bir olsun, beş olsun, fərqi yoxdur, davaya
qoşulub. Döyüb də, döyülüb də… əsas odu ki, haqsızlığa dözə bilməyib
heç vaxt.
Altıncı sinifdən sonra dərsə marağı azalıb. Bu vaxta
qədər də çox ünsiyyətcil, deyib-gülən olmayan uşaq daha da qaraqabaq
olub, daha çox özünə qapanıb. Dərsdən soyuyub, kənd uşaqları, sinif
yoldaşları ilə daha az vaxt keçirib. Anası demiş, yeməyini yeyib,
həyət-bacadakı işlərini görüb, vəssalam. Dini kitablardan, hədislərdən
başqa kitablara-filan marağı olmayıb. Onsuz da çox get-gəlli olmadığı,
qonşuluqda yaşayan bibilərinin də evlərində ayağını kəsib. Sayı üçü
keçən bibilərindən biri hətta qardaşı oğlunun artıq həyatda olmadığını
unudub, ondan şikayətləndi də: «Böyük qardaşları bizə gəlirdi, amma o
ayda-ildə bir dəfə gələrdi. Onda da qapıdan qayıdardı».
Yeniyetməlik
çağındakı bütün oğlanlar kimi davalı filmlərə baxıb, Van Dammı,
Silvester Staloneni, Brüs Lini kumir bilib, sevib, onlara oxşamaq
istəyib. Başqa necə ola bilərdi axı: Bir yanında dünyanı xilas etməyə
girişən film qəhrəmanları, bir yanda isə hər gün televizorda göstərilən
faciəli kadrlar – Xocalı, 20 yanvar faciələri, qaçqın düşərgələri,
çadır şəhərcikləri…
Ömründə bircə dəfə qol qaldırıb, oynayıb
Mübariz. Toyda yox, toya gedən, çal-çağıra qoşulan deyilmiş. Ömründəki
bircə dəfə oynamağı da birinci sinifdə oxuyanda, «Əlifba» bayramında
olub. Qəfil o vaxtlar çox dəbdə olan, dillərdən düşməyən «Əsgər
marşı»nı səsləndiriblər. Mübariz hamıdan birinci oynayıb o marşa.
Üstəlik, atası Ağakərim kişini də oyuna dəvət eləyib. Zorla yerindən
qaldırıb atasını. Məcbur «Əsgər marşı»na oynadıb kişini....
İdmanla
uşaqlıqdan məşğul olmağa başlayıb. Qardaşı Bəhruz idmançı imiş. Ona
deyib ki, məni də öyrət. Məktəbin idman zalında bir yerdə məşq eləməyə
başlayıblar. Aylarla məşq eləyiblər. Sonra Bəhruz əsgər gedib. Və
qayıdanda evin sonbeşiyini tanıya bilməyib: sısqa, cılız Mübarizin
əvəzinə boy-buxunda, əzələdə özündən qat-qat iri, möhtəşəm bir oğlan
çıxarıblar onun qarşısına. Qardaş həvəslənib:
- Bəlkə səni idman institutuna qoyaq? – deyib.
Mübariz isə etiraz eləyib:
- İdmançı, idman müəllimi olmaq üçün də savad lazımdı. Mənim savadım yoxdu axı. Çox da idmançı kimi bədənim var…
Və əsgərliyə də bu görkəmdə, bu gücdə, bu iradədə gedib Mübariz.
Cəbhə
bölgəsinə düşmək istəyib. Ordumuzdakı bəzi «qeyri-rəsmi qanun»lardan
yaxşı başı çıxan Mübariz evdəkilərə bərk-bərk tapşırıb ki, onun yaxşı
yerə düşməyi üçün heç kimdən xahiş eləməsinlər. Heç kimə rüşvət təklif
etməsinlər.
Əsgərliyini Bakıda çəkməli olub. Mübariz atasına
zəng eləyib, «Məni bura pul verib, saldırdığını bilsəm, heç birinizi
bağışlamayacam…» deyib.
Əsgərliyi də rahat keçib gələcək Milli
Qəhrəmanın. Heç kimi incitməyib, heç kimdən də şikayətçi olmayıb. Nə
evə zəng eləyib, nəsə istədiyi olub, nə bir problemi. Cəmi bircə dəfə
də anasıyla atası onun yanına gedib. Bir qıraqda, yerdə süfrə açıb,
oturub, hamılıqla bir tikə çörək yeyiblər. Və bir xatirə şəkli
çəkdiriblər.
İki dəfə məzuniyyətə gəlib Mübariz əsgərliyini
çəkəndə. Biri qanuni məzuniyyəti olub, birini isə ordudakı məşqlər
zamanı şübhəli şəxsi uğurla yaxaladığına görə təşəkkür əlaməti olaraq
veriblər. Hər iki məzuniyyətini evdə keçirib. Doyunca anası ilə qalıb,
bibilərinə baş çəkib. Həyat yoldaşını itirib dul qalmış bibisinin
oğlunu qucaqlayıb, cibinə pul qoyub. Və əsgərliyini bitirmək üçün
təzədən Bakıya qayıdıb.
Elə əsgərliyi bitirəndən sonra da evə
qayıdıb. Anası deyir: «Uşağım qızdan-gəlindən həyalıydı. Evdən başqa
heç haranın yolunu tanımırdı». Namaz qılmağından əsgərlikdə də vaz
keçməyibmiş. Hətta evə qayıdanda çantasında təzə, qəşəng bir canamaz da
tapıb Şamama xala. Gözü düşüb canamaza, «bunu ver, anan namaz qılsın»
deyib oğluna. Mübariz canamazını verməyib: «Bunu əsgərlikdə işlətmişəm.
Toz-zad basıb, kirlidi. Sənə təzəsini alaram işləyəndə».
Bir
aydan da az müddətdə dincəlib evlərində. Yenə həyət-baca, çöl-bayır
işlərindən yapışıb, atasına, qardaşlarına kömək eləyib. Sonra keçmiş
komandirinin vasitəçiliyi ilə Bakıda işə düzəlib. Banklardan birində
mühafizəçi. Və 11 ay mühafizəçi işləyib. 600 manat maaş alırmış
Mübariz. Tən yarısını özü xərcləyirmiş, tən yarısını evə göndərirmiş.
Bir neçə dəfə rayona, doğmalarının yanına gəlib işləyəndə. Anasına söz
verdiyi canamazı, bir dənə də jaket alıb. Atasına isə araqçın. Anasına
aldığı jaket bir az dar olub. Məyus olub, amma anasını yenə sevindirmək
istəyib: «Eybi yoxdu, pul verərəm, özün əyninə olanını alarsan» deyib.
Dul bibisinin özünə, uşağına şirniyyat gətirib, pul verib. Bir dəfə də
kəndə gələndə dindar xanımlar üçün baş örtüyü alıb anasına. Ana-balanın
arasında yarıgerçək, yarızarafat dialoq belə olub:
- Namaz qılanda bunu örtərsən.
Anası bir tüllü-ipəkli baş örtüyünə, bir özünə, bir Mübarizə baxıb, gülüb:
- Qadan alım, bu incə-mincə qızlar üçündü, mənə yaraşmaz ki… neynək, saxlayaram, namaz qılan qız alarsan, ona verərəm.
- Yox, ana. Bunu yadından çıxart. Mən heç kimin qızın alıb, bədbəxt eləyə bilmərəm.
- Bıy, qadan alım, bədbəxt niyə eləyirsən? Nolub ki, sənə?
Mübariz susub. Və bir azdan:
- Mənim yolum ayrıdı… - deyib.
Bu
söhbətdən bir az sonra qəfildən ərizəsini yazıb, könüllü işdən gedib.
Evə qayıdıb, ata-anasına gizir olmaq niyyətini bildirib. Nə Ağakərim
kişi, nə Şamama xala razı olmayıblar. İkisi də inad eləyib, fikrindən
daşındırmağa çalışıblar. Mübariz gizir olmaq fikrindən dönüb, amma
işinə qayıtmayıb:
- Mən orada demişəm ki, gizir olmağa gedirəm.
İndi tüpürdüyümü nətəhər yalayım? Lap fəhləlik də eləyərəm, amma həmin
işə qayıtmayacam.
Dediyi kimi də eləyib. Bir müddət tikintidə
fəhlə işləyib. Sonra idman zallarının birində məşqçi kimi çalışıb.
Sonra da Bibiheybət məscidində bağban işinə düzəlib. Qardaşı Bəhruzla
bir yerdə.
Qadın-qız məsələsində inanılmaz dərəcədə möhkəm biri
olub Mübariz. Deyilənə görə nə məktəbdə, nə sonralar başını qaldırıb,
bir qızın üzünə də baxmayıb. İş yerində, şəhərdə, kənddə qızlar nə
qədər ona tərəf boylansalar da, özünü o yerə qoymayıb. Qardaşı Bəhruzun
dediyinə görə sevdiyi bir qız da olmayıb. Hətta Bibiheybət məscidində
nəzir qoymağa, dua elməyə gələn qızlar onu cırnadırmışlar utancaqlığına
görə. Danışdırmaq, zarafatlaşmaq istəyirmişlər. O isə qulaqlarına qədər
qızarıb, uzaqlaşır, qızlar çıxıb gedənə qədər hücrələrdən birində
gizlənirmiş. Bir dəfə qardaşı ilə birlikdə metro ilə harasa
gedirmişlər. «Sahil» stansiyasında çox gözəl bir qız minib qatara.
Mübarizə bir dəfə baxıb və gözünü çəkməyib. Bəhruz deyir ki, «Mübariz
qızın ona baxdığını heç görmürdü də. Heç vaxt başını qaldırmırdı axı».
Bir neçə stansiyadan sonra hövsələsi tükənən qız özü yaxınlaşıb
Mübarizə. Tanış olmaq istədiyini deyib. Mübariz yenə qulaqlarına qədər
qızarıb:
- Bacı, çıx get, mən sən deyən adamlardan deyiləm. Məni günaha batırma.
Qız pərtliyindən, heyrətindən və hirsindən min rəng alıb, çıxıb gedib.
Mübariz isə:
-
Qızlarla tanış olub, aldadan, gün keçirən oğlanlara yazığım gəlir. O
dünyada bunun cavabını necə verəcəklər? – deyib qardaşına.
Altı
aydan sonra yenə kəndə qayıdıb Mübariz. Gizir olmaq istədiyini deyib,
valideynlərinin razılığını istəyib. Bu dəfə anası yumşalıb. Kişini də o
dilə tutub:
- Ta görürsən ki, əl çəkmir. Qoy getsin. Bəlkə elə naxışı bunda gətirəcək?
Və bununla da gələcək Milli Qəhrəmanın gələcək şücaətinin bəxti açılıb.
Altı ay gizirlik kursu oxuyub. Altı aydan sonra evə zəng eləyib:
- Ata, yuxuda sənin əl-ayağını öpdüyümü görmüşəm. Deyəsən yaxşı yerə düşəcəm axı. Evdə
hamı sevinib. Onun «yaxşı yer» deyəndə nəyi, haranı nəzərdə tutduğunu
heç kim bilməyib. Və bir neçə gündən sonra Mübarizin cəbhə bölgəsinə
düşdüyü məlum olub. İşinə başlayandan bir ay sonra evə gəlib
Mübariz. Anası boynunu qucaqlayıb. Sonra çantasını alıb, özü aparıb
evə. Ana-bala qol-boyun getdikləri yerdə Mübariz anasının ağladığını
görüb.
- Ay ana, sən niyə ağlayırsan?
- Heç, ay Mubu, darıxmışdım səndən ötrü, Allah haqqı elə ona görə… vallah, başqa heç nə yoxdu…
Səhəri gün anası onun paltarlarını günə sərib:
- Biti-birəsi dağılsın. Sən təmizlik xoşlayansan, bala.
Mübariz gülüb:
-
Təmizlik xoşlayanda bit-birə olar? Əziyyət çəkmə bit-birə yoxdu. Amma
yenə sən bilən məsləhətdi, nə qədər istəyirsən, günə sər.
Sonra
evdəkilərlə söhbət eləyib, deyib ki, nəyi gözləyirsiniz, böyük
qardaşlarımı evləndirin. Məndən sizə haray yoxdu, məni bilmək olmaz.
Atası özünü tox tutub:
- Neynək? Üç oğlum var, qoy biri də vətənə fəda olsun…
Mübariz heyrətə gəlib:
- Nə? Nə dedin? Onu bir də de!
Və atasına həmin cümləni bir dəfə də dedizdirib. Bu dəfə telefona yazıb atasının «bəyanatı»nı. Və əlində sübut kimi saxlayıb.
Mən
onlara gedən gün bölmədən Mübarizin paltarlarını, şəxsi əşyalarını
gətirmişdilər. Əşyalarının arasında onun telefonu, telefonda da həmin
yazı vardı…
Bir dəfə də başqa nömrə ilə atasına zəng eləyib.
Başqa səslə atasına «Mübarizin dostudu danışan. Mübariz ermənilərin
üstünə getdi.. döyüşə… ölməyə…» deyib. Dəstəyin bu başında atasının
iniltisini eşidib. Ürəyi dayanmayıb. Tezcə: «Ata, mənəm, Mübarizdi!
Narahat olma, zarafat eləyirdim… bağışla, bilmirəm, niyə ağlıma belə
bir şey gəldi…».
Sonra könüllü şəkildə ərizə yazıb, sərhəd
bölgələrindən ermənilərlə ən yaxın olanına salınmağını xahiş eləyib…
və… və gerisi hamınıza məlumdu…
Şamama xala Mübarizlə çəkilən
bütün şəkillərini göstərdi mənə. Bircə-bircə, yorulmadan, arada gülüb,
arada ağlaya-ağlaya, bütün şəkillərin tarixçəsini izah eləyə-eləyə.
Beşini seçdim o şəkillərin arasından. Uşaqlıq şəkli, yeniyetməlik
vaxtı, əsgərlik illərindən, məşq vaxtından çəkilmə və xidmət başında
olan beş şəkil. Ömrünün beş dövrünün şəkillərini.
22 ilə bu beş dövrdən başqa nə sığışdırmaq olardı ki?
Söhbətimizi
bitirəndən sonra gözüm həyətdə, Mübarizin böyüdülmüş şəklinin altındakı
masanın üstünə qoyulmuş xatirə dəftərinə sataşdı. Yasa gələnlər ürək
sözlərini yazmışdılar. Dəftəri vərəqlədim. Gözümə tanış ad dəymədi.
Hərbçilərin, dindarların, kənd camaatından kimlərinsə ürək sözləri
idi…qələmi götürdüm…
Bayaq, evdə, Şamama xalanın yanında bir
şəklin keçmişdi əlimə, Mübariz. 19 yaşının, əsgərlik vaxtının şəkli.
Hələ çox əzələli, hələ belə nəhəng görünmədiyin şəklin. O şəkildə gözəl
olan, cazibədar olan ancaq sənin üzün, baxışlarındı. Üzündəki təmizlik,
saflıqdı. Şəklinə baxıram: bütün ölkəyə, bütün doğmalarına qısqanası
üzün varmış o yaşda. O şeyləri ki, sənin barəndə mənə danışıblar,
onlardan bildiyim, gəldiyim bir qənaət var: yeddi yaş balaca idin
məndən, amma yeddi yaş böyük olsan da, sevməzdin məni. Yeddi ömür
qarşına çıxıb, yeddisində də sənə vurulsaydım, yenə sevməzdin. Sənə
zəng eləməkdən yeddi telefon köhnəltsəm, yetmiş min sevgi məktubu
yazsam, yenə sevməzdin. Sənin yolun başqa idi, sənin həsrətin, sənin
sevgin başqa idi. Bəzən elə şeylər olur ki, sən onu dəyişməkdə aciz
qalırsan. Sənə başını aşağı salıb, yaşamaqdan başqa heç nə qalmır,
vəssalam. Ən çətini də elə budur. Yaşamaqdan başqa heç nə eləyə
bilmədiyini bilə-bilə yaşamaq. Sən başını aşağı salıb, yaşaya bilmədin,
başını dik tutub, həlak oldun.
Bizim mübarizələrimiz çox
fərqliydi, bəlkə də bir-birinə düşmən idi, Mübariz. Amma üsul nə
olur-olsun, nəticə nə olur-olsun: hər zaman şanlı mübarizələrdə!
İçimdən
gələnlərin hamısını bura, sonuncu cümləni isə atan Ağakərim kişinin
həyətində, sənin şəklinin altında qoyulmuş dəftərə yazdım.
Mübarizin
şücaət və ölüm xəbərini eşidəndə mən Biləsuvar rayonunda idim. Tiflis
səfərimdən bəri qırsaqqız olub, yaxasından qopmadığım və elə bu günə
qədər də özümlə ora-bura sürüdüyüm rəfiqəm, gürcü qızı Natia ilə
mərkəzi aranın qorabişirən istisində yanıb qovrula-qovrula yaşamaqla
məşğul idik. Mübarizin xəbərini isə şəhidin xəbəri çıxar-çıxmaz
«Mübariz olaq!» şüarını çeynə-tüpürə çevirmiş telekanallarımızın
birindən eşitdim. Və ağlıma ilk gələn sual bu oldu: «Görəsən, Mübarizin
adı Sakit olsa idi, bu kanalın devizi necə olacaqdı?»