Farengeyt şkalası
Farengeyt – 1724-cü ildə alman fiziki Daniel Qabriel Farengeyt (1686-1736) tərəfindən irəli sürülmüş istilik ölçü vahididir. XX əsrin 60-70-ci illərinə qədər ingilisdilli ölkələrdə geniş istifadə edilsə də sonradan Selsi şkalasının populyarlıq qazanması ilə istifadədən çıxmışdır. Hazırda yalnız Yamayka, ABŞ və Kanadada geniş istifadə edilir.
Farengeyt şkalasına görə normal atmosfer təzyiqində suyun donma temperaturu +32 °F, qaynama temperaturu isə +212 °F təşkil edir. Farengeyt şkalası üzrə 1 dərəcə bu iki temperatur göstəricisi arasındakı fərqin 1/180-ə bərabərdir. Yaranma tarixi
Bu şkalanın yaranmasının bir neçə versiyası var. Onlardan birinə görə Qabriel Farengeyt öz şkalasında 0-cı dərəcə kimi bərabər nisbətdə qarışdırılmış su və xörək duzunun donma temperaturunu, 100-cü dərəcə kimi isə insanın normal bədən temperaturunu götürmüşdür. Lakin burada Farengeyt səhvə yol verib. Belə ki, insanın normal bədən temperaturu 97,9 °F təşkil edir. Bunu isə başqa bir versiya ilə izah edirlər. Guya Q. Farengeyt öz həyat yoldaşının bədən temperaturunu əsas götürübmüş, lakin o bir qədər xəstə olduğuna görə onun bədən temperaturu normadan artıq olub və 2,1 °F fərq də məhz buradan qaynaqlanır. Q. Farengeyt həmişə hesab edirdi ki, onun şkalasında mənfi göstərici ola bilməz. Bu da onun heç vaxt soyuq ölkələrdə olmamasından irəli gəlir (Farengeyt şkalası ilə 0 °F Selsi şkalasında -18 °C-yə bərabərdir).
Farengeyt şkalasının 1 dərəcəsi Selsi şkalasında 5/9 dərəcəyə bərabərdir.