Çox söz yazılıbdır sənin adına,
Bəzən olub, yetməmişik dadına...
Qurban olum vətən adlı adına -
Ay varım, dövlətim, qismətim Ana! ***
Nurlu Səmalardı sənin məkanın!
Bir məktəbdir, vallah ədəb-ərkanın...
Azadlıqdır, sülhdür - daim ünvanın.
Şöhrətim, şövkətim, hörmətim Ana!
***
Gəl, qoyum başımı dizin üstə,
Məlhəmsən, hikmətsən - sağalsın xəstə...
Baxım gözlərinə, bu son nəfəsdə -
Adım, sanım, varım, dövlətim Ana!
***
Rəhm eylə, boynuma dola qolları,
Ağaran zülflərin, Ömür yolları...
Mənə fəda etdin, hər vüsalları –
Cəlalım, vüqarım, qüdrətim Ana!
***
Şirin laylan kimi musiqi hanı?!.
Hər dildə dolaşıb, gəzir dünyanı...
O, körpə çağanın uyuyub qanı –
Ruhumu oxşayan hikmətim Ana!
***
Fitrətin yoğurulub ilahi ruhdan...
Heç kəs yaranmayıb, var olan, yoxdan?!.
Əzəli, əbədi, sonsuz Allahdan –
Kiçik tanrım olan qismətim Ana!
***
Getməyibdir lay - lan qulaqlarımdan...
Göz yaşındır axan bulaqlarımdan...
Südün ətri gəlir dodaqlarımdan...
Qeyrətim, namusum, ismətim Ana!
***
Ağ örpəyin asılıbdır səmadan,
Fatimeyi - Zəhrasan, Nuri xudadan!
Cənnət – məkan etdi səni yaradan!
Ay varım, dövlətim, qismətim Ana!
Qeyrətim, namusum, ismətim Ana!