Zaqatala
İqtisadi rayon:
Şəki-Zaqatala
Ərazi:
1350[1] (km²)
Əhali:
117 896 (01.01.2009)[1]
Əhali sıxlığı:
87 (nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
62
Telefon kodu:
174
Coğrafi mövqeyi
Zaqatala rayonu Baş Qafqaz sıra dağlarının cənub yamacında və Qanıx-Əyriçay vadisində yerləşir. Cənubdan Gürcüstan Respublikası, şimaldan Dağıstan Respublikası ilə həmsərhəddir.
Relyefi
Rayonun ərazisi dağlıq və aran hissədən ibarətdir,
Təbiəti
Zaqatala ərazisinin təqribən yarısını meşələr tutur. Rayonun relyefi dağlıq və düzənlikdir. Rayonda meşə çoxdur, lakin onlar əsasən dağlarda və dağətəyi bölgədə yerləşir. Zaqatala rayonunun florası müxtəlif qiymətli ağac növləri ilə zəngindir - şabalıd, qoz, fındıq, palıd, vələs, qarağac və s. Fauna - maral, dağ keçisi, qaban, ayı, canavar, dovşan, həmçinin çoxlu quş növləri ilə təmsil olunmuşdur - qırqovul, kəklik, dağ şahini, çalağan, turac, dolaşa və bülbül.
1929-cu ildə burada, Baş Qafqaz dağlarının cənub yamaclarında "Zaqatala" Dövlət qoruğu yaradılmışdır.
İqlimi
Rütubətli subtropik iqlimə malikdir. Hava dağlarda soyuq, düzənliklərdə isti olur.
Əhalisi
1999-cu ilin 27 yanvar-4 fevral tarixi arasında aparılmış siyahıya almaya əsasən Zaqatala rayonunun əhalisi 107 240 nəfər (59,5%-i azərbaycanlılar, 24,09%-i Qafqaz avarları, 12,23%-i saxurlar, 2,87%-i gürcülər, 0,38%-i ruslar, 0,29%-i ləzgilər, 0,28%-i mesxeti türkləri, 0,36%-i digər millətlərin nümüyəndələri olmaqla) olmuşdur.[1]
İqtisadi xarakteristikası
Rayonun iqtisadiyyatında kənd təsərrüfatı xüsusi rol oynayır. Taxılçılıq (xüsusilə də dənlik qarğıdalı), tütünçülük, meyvəçilik (qoz-ləpəli), tərəvəzçilik inkişaf etmişdir. Rayonda yeyinti məhsulları kombinatı, fındıq təmizləmə, tütün fermentasiya, efir-yağlar zavodları, tikiş və mebel fabrikləri vardır. Rayon geniş turizm imkanlarına malikdir.
Maddi-mədəni irsi
Zaqatala rayonunun ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Dövlət tərəfindən qorunan 100-ə yaxın abidə qeydə alınmışdır. Bunlardan ən qədimi Pəriqala, Armatay qalası, Cingözqala, Şeytan qalası, Zaqatala qalası və başqalarıdır. Rayonun kənd yerlərində VI-VIII əsrlərdən qalmış 10-dan çox Alban abidələri mövcuddur.
Rayonun Mamrux (Mamrux kilsəsi), Mazıx, Muxax, Qəbizdərə, Yuxarı Tala (Yuxarı Tala məbədi) və Yuxarı Çardaxlar kəndlərində VI-VIII əsrlərdən qalmış çoxlu Alban abidələri, qalaları vardır ki, maliyyə çətinlikləri üzündən onların yenidən bərpası mümkün olmasa da qismən də olsa qorunması sahəsində müəyyən işlər görülür. Yerlərdə mövcud olan məscidlərin isə hamısında yenidənqurma, bərpa işləri aparılmış, tarixi abidə kimi onların qorunması təmin edilir.
Rayonun tarixi abidələrinin çoxu ən qədim vaxtlarda indiyə qədər salamat qalmış kəndlərdə yerləşir. Gözparaq və Halal kəndlərində XVIII əsrə aid məscidlər, Keloba kəndində əsrə aid iki qüllə, Mazıx kəndində XII əsrə aid qüllə, Yuxarı Çardaxlar kəndində V əsrə aid Pəriqala, Car kəndində XIV əsrə aid Çingizqala və rayon Tarix-diyarşünaslıq muzeyi, Paşan kəndində Alban qülləsi (XIII əsr) və Axaxdərə kəndindəki Alban qülləsi (XII əsr), rayonun müxtəlif kəndlərində, o cümlədən Əliabad və Mosul kəndlərində XIX əsrdə tikilmiş məscidlər salamat qalmışdır.