CÜMƏ AXŞAMI, 2024-04-25, 6:58 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ NEFTÇALA - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » NEFTÇALA
NEFTÇALA
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-09-04, 3:33 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Neftçala

İqtisadi rayon:
Aran iqtisadi rayonu

Ərazi:
707 (km²)
Əhali:
42900
Əhali sıxlığı:
53 (nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
47
Telefon kodu:
153
Poçt kodu (Mərkəzi PŞ): AZ 4700
İcra başçısı:
Taleh Qaraşov

İnternet saytı:
Neftçala Rayon İcra Hakimiyyəti

Neftçala - Azərbaycanda rayon. Neftçala rayonu Kür çayının Xəzər dənizinə töküldüyü ərazidə, qədim karvan yolunun üstündə yerləşir. Keçmişdə qışın şaxtalı günlərində yaxınlıqdakı dağlıq ərazidə yerləşən xanlıqların qoyun sürülərini qışlamaq üçün buraya gətirərdilər. Buna görə də həmin ərazi Xanqışlağı adlanmağa başlanmışdır. Neftçalanın indiki adı isə burada zəngin neft və qaz yataqlarının olması ilə bağlıdır. Rayonun heyvanat aləmi zəngin və rəngarəngdir. Burada ceyran və qutanlardan başlamış sığırlara və nərə balıqlarına qədər müxtəlif canlılara rast gəlmək olar. Nərə balıqlarının yetişdirilməsi ilə məşğul olan Kür təcrübə zavodu burada yerləşir. Zavodun laboratoriyasında körpə nərə balıqları yetişdirilir və qiymətli balıq növləri ehtiyatlarının təkrar istehsalı üçün onlar Kür çayına buraxılır. Zəngin flora və faunaya malik olan Qızılağac qoruğunun ərazisinin əksər hissəsi bu rayonda yerləşir. Rayonun inzibati mərkəzi – Neftçala şəhəri Kür çayının dənizə töküldüyü yerin yaxınlığındadır. Bu rayonda mədəniyyət sarayı, diyarşünaslıq muzeyi və rəsm qalereyası fəaliyyət göstərir. Azərbaycanın müstəqilliyi uğrunda alovlu mübariz, xalq şairi Xəlil Rza Ulutürk bu rayonda doğulmuşdur. Neftçala rayonunda mövcud sanaye müəssisələrinə misal olaraq balıq kombinatının, yod-brom zavodunun, nərə balıqları yetişdirilən təcrübə zavodunun adını çəkə bilərik. Rayonda nanə, itburnu, biyan, qatırquyruğu, çobanyastığı və digər dərman bitkiləri yerləşir. Rayon mərkəzindən 10 km aralıda, Kür çayı Xəzər dənizinə tökülən yerdə qeyri-adi mənzərəni müşahidə etmək olar: Kür çayının suyu dənizin suyundan ideal düz xətt boyunca ayrılır, sanki bu nazik xətt həmin suların bir-birinə qarışmaması üçündür. Kürkosa adası balıq ovu üçün çox münasib yerdir.
Neftçala rayonu Azərbaycan Respublikasında inzibati rayon kimi 1940-cı ildə təşkil olunmuşdur. O vaxta kimi Salyan rayonunun, bir il isə 24 yanvar 1939-cu ildə yaradılmış Xıllı rayonunun tərkibində olmuşdur. 1959-cu ildə ləğv edilərək ərazisi Salyan rayonu ilə birləşdirilmiş, 1973-cü ildə yenidən müstəqil rayon olmuşdur.
İri yaşayış məntəqələri - Neftçala şəhəri, Xıllı və Bankə şəhər tipli qəsəbələr, Yuxarı Qaramanlı, Boyat, Yenikənd, Kürqarabucaq kəndləridir.1 şəhər, 3 şəhər tipli qəsəbə, 53 kənd vardır.
Yerli Media - "Gündoğar" qəzeti.
Neft, qaz ve balıqçılqla tanınır. Türkiyə ərazisindən başlayan Kür çayı Gürcüstan və Azərbaycan ərazisindən keçərək Neftçala rayonunda Xəzər dənizinə tökülür.

Bələdiyyələr

Neftçala İnzibati Rayonu
#
Bələdiyyələrin adı
Hər bələdiyyə üzrə əhalinin sayı

1 Neftçala şəhər bələdiyyəsi 18253
2 Bankə qəsəbə bələdiyyəsi 6915
3 Həsənabad kənd bələdiyyəsi 6234
4 Aşağı Surra kənd bələdiyyəsi 4338
5 Xol Qarabucaq kənd bələdiyyəsi 3789
6 Xıllı kənd bələdiyyəsi 3785
7 Xol Qaraqaşlı kənd bələdiyyəsi 2839
8 Yuxarı Qaramanlı kənd bələdiyyəsi 2737
9 Boyat kənd bələdiyyəsi 2472
10 Qaraqaşlı kənd bələdiyyəsi 2469
11 Qırmızıkənd kənd bələdiyyəsi 2329
12 Qədimkənd kənd bələdiyyəsi 2320
13 Qaçaqkənd kənd bələdiyyəsi 2110
14 Aşağı Qaramanlı kənd bələdiyyəsi 1810
15 Kürkənd kənd bələdiyyəsi 1749
16 Xəzər kənd bələdiyyəsi 1219
17 Tatarməhlə kənd bələdiyyəsi 1111
18 Kür Qarabucaq kənd bələdiyyəsi 1103
19 Ərəbqardaşbəyli kənd bələdiyyəsi 1022
20 1 ¹li Mayak kənd bələdiyyəsi 1015
21 Yenikənd kənd bələdiyyəsi 997
22 Astanlı kənd bələdiyyəsi 965
23 Yeniqışlaq kənd bələdiyyəsi 652
24 Mikayıllı kənd bələdiyyəsi 618
25 Mirzəqurbanlı kənd bələdiyyəsi 535
26 Şirvanlı kənd bələdiyyəsi 478
27 2 ¹li Mayak kənd bələdiyyəsi 361
28 Cəmi 74225

İqtisadiyyat
Rayonun iqtisadiyyatında əsasən pambıqçılıq və taxılçılıq başlıca yer tutur. Burada neftçıxarma sənayesi, Bankə balıq kombinatı, yod-brom zavodu, konserv və balıqyetişdirmə zavodları və başqa müəssisələr fəaliyyət göstərir. 2006-cı ilin göstəricilərinə görə rayonda 17 sanəyə müəssisəsi fəaliyyət göstərir.

Yod-Brom Zavodu
1927-ci ildə 5 saylı quyu 50 metr dərinlikdən neftlə birlikdə duzlu su fontan vurdu. Analiz aparılarkən bu suyun tərkibində yod olduğu aşkar oldu. Bundan sonra bu ərazilərdə zəngin yod ehtiyatı aşkarlandı. Həmin illərdə quyular şəklində ilkin yod zavodu tikildi. 1931-ci il aprelin 28-də ilk məhsul 1500 kq Neftçala yodu Bakıya göndərildi, ordan da Moskvaya daşındı. 1932-ci il mayın 1-də “1 May” adına Yod zavodu əvvəllər 26 Bakı komissarı adına qəsəbədə-indiki Mirqurbanlı kəndində tikilib istifadəyə verilmişdi. 1950-1955-ci illərdə Xəzər dənizi sahilində yeni yataqlar yodlu-bromlu su yataqları kəşf olundu. Sonradan 1984-cü ildə Xəzər sahilində əvvəlkindən 4 dəfə güclü yeni Yod-Brom zavodu tikilib istifadəyə verildi. Sovetlər İttifaqının dağılmasından sonra məlum iqtisadi, siyasi problemlər üzündən bu zavod da iflic vəziyyətə düşdü və yalnız 2004-cü ildən burada həmin baza əsasında tikinti-quraşdırma işləri aparıldı, 2007-ci ildə Azər-Yod MMC rəsmi şəkildə fəaliyyətə başladı. Burada istehsal olunan texniki yod, kristal yod və dəmir bromid duzu ölkəmizdə və xarici bazarda uğur qazanmışdır.

"Dizayn Glass" şüşə emalı zavodu

«Dizayn Glass» MMC - şüşə emalı zavodu «AzəriYod» Məhdud Məsuliyyətli Cəmiyyətin nəzdində fəaliyyətə başlayıb. Ərazisi 4 min kv. metr olan zavodda İtaliya, Macarıstan və Çin istehsalı olan, şüşə məmulatları üzərində ən çətin əməliyyatları yerinə yetirən universal avadanlıq quraşdırılıb. Müəssisədə sifarişlər əsasında yüksək keyfiyyətlə şüşələrin kəsilməsi, rənglənməsi, hermetik 2 və ya 3 qat paketlənmə, xüsusi termik emaldan sonra zərbəyə davamlı və ümumilikdə 50-yə qədər emal əməliyyatının aparılması nəzərdə tutulur. İlkin mərhələdə zavodda əsasən yüksək temperatur altında cilalanmaqla, müxtəlif rənglərdə, sınmaya davamlı, yastı fasad şüşələri hazırlanacaq. Müəssisədə ay ərzində 18 min kv. metrdən çox şüşə emal ediləcək [1].

Digər Müəssisələr
• «S.Q.Kərimov adına Təcrübi Nərə Balıqartırma Zavodu» - Dövlət Müəssisəsi
AZ 4700, Neftçala rayonu, Bankə qəsəbəsi Sektor: Nərə cinsli balıq körpələrinin süni yolla artırılması və bərpası.
• «C.Cavadov adına Kür ağzı Nərə Balıqyetişdirilmə Zavodu»
AZ 4700, Neftçala rayonu, 2-ci mayak qəsəbəsi Sektor: Nərə cinsli balıq körpələrinin süni yolla artırılması və bərpası.
Mədəniyyət, Təhsil və Səhiyyə Müəssisələri
Neftçalada olan təhsil və mədəniyyət müəssisələri.
• Orta ümumtəhsil məktəbləri - 28
• Əsas ümumtəhsil məktəbləri - 17
• İnternat məktəbləri - 1
• İbtidai ümumtəhsil məktəbləri - 8
• Peşə məktəbləri - 1
• Məktəbdənkənar müəssisə - 5
• Məktəbəqədər tərbiyə müəssisəsi - 15
• Kitabxanalar - 53
• Mədəniyyət evləri - 36
Neftçala Rayon Səhiyyəsinin tərkibində 345 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, digər qəsəbə və kəndlərində kiçik həcmli xətəxana, həkim Ambulatoriyası və Feldşer Mama Məntəqələri fəaliyyət göstərir. Rayon üzrə orta tibb işçilərinin ümumi sayı 380 nəfərdir.

Tarixi Yaşayış Məskənləri
• Kürqarabucaq kəndi - Orta əsrlər (İnventar nömrəsi: 5973)
• Üst Qoltuq yaşayış yeri - XIV-XVII əsrlər (İnventar nömrəsi: 5972)
• Xol Qarabucaq yaşayış yeri - Orta əsrlər (İnventar nömrəsi: 5975)

Memarlıq Abidələri
Neftçalada şəhid türk zabitlərinin məzarlari
Neftçala rayonunun Seyidlər kəndinin eyni adlı qəbristanlığında şəhid türk zabitləri uyuyur. Adları elmə məlum olmasa da şərəflərinə qoyulmuş, üzərində ay-ulduz təsvirli sənduqə (2,13x 1,05 metr) və onun yanındakı yeni inşa olunan kompleks türk qəhrəmanlarının əsl şücaətindən xəbər verir.
Vaxtilə bu türk zabitlərinə heç bir kitabəli məzar daşının qoyulmaması bugünkü epiqrafik tədqiqatın işlərinə mane olur. Lakin sevindirici haldır ki, tədqiqatçı, filoloq Azər Turan Qafqaz İslam ordusunun Neftçaladakı qəhrəmanlıqlarını araşdırmışdır. Tədqiqatçının təbirincə desək bu məzarlar Azərbaycana qarşı qəlblərindəki böyük inamın təkidi və unudulmaz Ənvər paşanın xeyir-duası ilə gələn türk əsgərlərinin can rahatlığı tapdığı yerlərdir. Çoxəsrlik tariximizdə zaman-zaman yadelli orduların qarətlərinə məruz alan torpağımız 19-cu əsrin əvvəllərində iki işğalçı dövlət- Rusiya imperiyası və İran dövləti arasında bölüşdürülürdü. Xalqımızın uzun sürən müstəmləkə əsarəti dövrü də o vaxtdan başladı. Hakim ideologiyanın təzyiqi altında xalqımızın milli heysiyyatı təhqir olundu və tarixi saxtalaşdırıldı. 20-ci əsrdə tariximizin qərəzli surətdə təhrif olunmuş hadisələrindən biri də 1918-ci ilin yazında bolşevik və daşnak silahlı dəstələri tərəfindən məqsədyönlü şəkildə Bakıda və qəzalarda dinc əhaliyə qarşı törədilən dəhşətli soyqırımıdır. Bolşevik maskası geymiş, qatı daşnak S.Şaumyan ordu quruculuğu işində antimüsəlman mövqeyində idi. Birinci dünya müharibəsi illərində Qafqaz cəbhəsinin müxtəlif bölgələrindən Bakıya minlərlə silahlı erməni əsgərləri gəlmişdi. Elə bu cəhətdəndir ki, Sovet ordusunun rəhbər zabit kadrlarının əksəriyyəti erməni zabitləri idi. S.Şaumyan çıxışlarında yaxın vaxtlarda şiddətli döyüşlərin başlanacağına işarə edirdi. Martın ortalarında o, çəkinmədən bildirmişdi ki, Bakı Soveti Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca mərkəzinə çevrilməlidir. O qəsdən müsəlmanların soyqırımını vətəndaş müharibəsi kimi qələmə verir, faciənin əsl mahiyyətini təhrif edirdi. Onun rəhbərliyi ilə Azərbaycanın bir çox şəhər və mahallarında kütləvi qırğınlar törədilmişdi. Bu zaman türk qoşunlarının köməyi, onların torpağımızda qəhrəmancasına döyüşərək şəhid olmuş oğullarının al qanı bahasına xalqımız erməni quldurlarının və yenicə qurulmaqda olan Sovet hökumətinin genosidindən xilas olmuşdu.
1918-ci il mart hadisələri zamanı Türkiyənin hərbi naziri Ənvər Paşa Qafqaz İslam Ordusunun yaradılması barədə əmr verdi. 1918-ci il aprelin 21-də isə Cavad qəzasının Salyan şəhərində Sovet hakimiyyəti elan olundu. Bundan sonra Salyan və Neftçala ətrafında erməni daşnaklarının və rus bolşeviklərinin törətdiyi qörğına, əsl soyqırımına Qırmızı Qvardiyanın III və V taborları rəhbərlik etdi. Belə ki, Salyandakı III tabora Ter-Avakimov, Neftçaladakı V tabora Danilyan başçılıq edirdi. Görəsən, Kür çayı sahilində nə üçün genosid həyata keçirildi? Azər Turan bu çirkin siyasətin iç üzünü çox gözəl açaraq təhlil etmişdir. Onun fikrincə, Xəzər dənizindən Kür çayı vasitəsi ilə Azərbaycanın içərisinə doğru irəliləməklə daşnak-bolşevik koalisiyası geosiyası hərbi strateji mənafeləri göz altına almaq istəyirdi. Muğanın taxıl ehtiyatına yiyələnməklə daşnak-bolşevik-qırmızı qvardiyasını çörəklə təmin etmək Bakı komissarları sovetinin rəhbəri S.Şaumyanın qeyd etdiyimiz kimi hərbi strateji məqsədi olmuşdur. Lakin digər tərəfdən məqsəd yalnız çörək idisə, bəs onda Seyidlər kəndinin əhalisini son nəfərinədək gülləbaran etmək, kəndi tamamilə yandırıb xarabazara çevirmək hansı məqsədə xidmət edirdi? Doğrudan da sual çətin, amma cavabı sadədir: xalqın tarixini əlindən almaqla varlığına son qoymaq. Nə yaxşı ki, igidlərimiz arxamızdaymış! Mənbələrə əsasən türk-azərbaycanlı hərbi dəstələri bu son döyüşdən (Neftçala ərazisindəki nəzərdə tutulur.-A.A.) 11 nəfər itki və eyni zamanda qələbə ilə çıxdı. Görünür bu soraqsız məzarlarda yatan 11 şəhidin hər birinin adının tarixlərdə yaşadılmaması o vaxtkı hakim imperiyanın xofundan xəbər verir. Elə savaş başa çatdıqdan sonra bir bölüyün saxlanması ilə 1918-ci ilin iyulun sonlarında türk orduları Neftçala ərazisini tərk etmişdir. [2]
• Kilsə (Qoltuq qəsəbəsi)- XIX əsr (İnventar nömrəsi: 4935)
Əhalinin illərə görə sayı
İl 1979 1989 1999 2009
Şəhər Əhalisi 22400 25300 32300 37900
Kənd Əhalisi 31000 34800 39200 41700
Ümumi Əhali 53400 60100 71500 79600
Hesablama növü Rəsmi siyahıyaalınma Rəsmi siyahıyaalınma Rəsmi siyahıyaalınma Rəsmi siyahıyaalınma

Tanınmış şəxslər
• Ağaşirin Cəfərov - Sovet İttifaqı Qəhrəmanı
• Anatollu Qəniyev - müğənni
• Bəhram Əliyev - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solisti
• Əlif Piriyev - Sovet İttifaqı Qəhrəmanı.
• Əjdər Ağayev - şair, nasir, publisist, tənqidçi, pedaqoq
• İmamverdi Əbilov - Filologiya elmləri doktoru, professor.
• Xanoğlan Məmmədov – Azərbaycanın Milli Qəhrəmanı
• Nizami Bağırov - Tibb elmləri doktoru
• Nuruş Əliyev - Sosialist Əməyi Qəhrəmanı.
• Ötkəm İsgəndərov - aktyor, Azərbaycanın əməkdar artisti. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinin dekanı, dosent.
• Zakir Məcidov – Azərbaycanın Milli Qəhrəmanı.

 
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » NEFTÇALA
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...