Doymuş məhlul Doymuş məhlul — mövcud şəraitdə (temperatur və təzyiqdə) həll olmuş maddə ilə sabit kimyəvi tarazlıqda olan məhlul. Belə məhlulda şərait dəyişmədikcə həmin maddənin bir hissəsi həll olmamış halda, yəni ilk götürüldüyü kristal halında qalır. Doymuş məhlulun qatılığına, yəni onda həll olmuş maddənin miqdarına həmin maddənin həllolma əmsalı deyilir. Məlum həlledicidə yaxşı həll olan maddənin həllolma əmsalı xeyli böyük, pis həll olanınkı isə çox kiçik ola bilər. Həll olmuş maddənin miqdarı eyni şəraitdə götürülən doymuş məhluldakından az olan məhlullar doymamış məhlul adlanır. Doymuş məhlulda maddənin kristalları qalmamışsa, soyuduqda kristallaşma getməyə bilər və belə məhlula ifrat doymuş məhlul deyilir. Onda doymuş məhluldakından bir qədər artıq həll olmuş maddə olur. Belə məhlula həll olmuş maddənin kiçik bir kristalı salındıqda məhluldan kristallar ayrılır.