Dubay (şəhər)
Ərazi-1 114 km²
Əhali-2.262.000 nəfər (2008)
Əhali sıxlığı-408.18 nəfər/km²
Dubay — Birləşmiş Ərəb Əmirliyində şəhər. Azad şəhər olaraq dünyada məşhurdur.
Tarixi
Dubayın adı tarixi mənbələrdə ilk dəfə 1095-ci ildə əndəlus-ərəb coğrafiyaşünası Əbu Abdulla Əl-Bəkrinin "Coğrafiya kitabı"nda çəkilib. Venesiyalı mirvari ticarətçisi Qespero Belbi isə bu vilayətə 1580-ci ildə gəlmiş və Dubayın mirvari sənayesi haqqında ilk dəfə məlumat vermişdir.
Şəhər haqqında rəsmi qeydiyyatlar 1799-cu ildən başlanmışdır. Məhz XIX əsrdə Dubay iki ağır təbii fəlakətə məruz qalmışdır. Birincidə, 1841-ci ildə şəhərdə çiçək xəstəliyi tüğyan edərək əhalini şərqə — Deyraya doğru çəkilməyə məcbur etmişdir. İkincidə, 1894-cü ildə isə Deyradan başlayan yanğın şəhəri cənginə alaraq evlərin böyük əksəriyyətini külə döndərmişdir.
Lakin, bütün bunlara baxmayaraq, körfəz sahilində yerləşən şəhərin coğrafi mövqeyi ətraf vilayət və ölkələrin tacirlərini özünə cəlb edirdi. Dubay əmiri xarici ticarət adamlarını cəlb etməkdə çox maraqlı idi və ona görə də vergilərin aşağı həddə salınması onun istəklərini gerçəyə çevirirdi.
Tarixi mənbələrdə qeyd olunur ki, 1940-cı ilə qədər Dubay çox da böyük olmayan bir yaşayış məntəqəsi olub. Bu şəhərin sakinləri mirvari istehsalı ilə məşğul olur və onu ərzağa dəyişirdilər. Lakin elə ki, Yaponiya süni yolla mirvari istehsalına nail oldu, təbii mirvariyə tələbat əhəmiyyətli dərəcədə azaldı. Bundan sonra uzunmüddətli iqtisadi böhran başladı.
Bütün bu illər ərzində əmirliklər arasında sərhəd mübahisələri davam edirdi. Hətta Birləşmiş Ərəb Əmirlikləri yaranandan sonra belə, bu mübahisələr qalmaqda idi.
Dubayda elektrik, telefon rabitəsi və aeroport 1950-ci ildə quraşdırılmışdır. 1971-ci il dekabrın 2-də Dubay Əbu-Dabi və digər 5 əmirliklə birlikdə Birləşmiş Ərəb Əmirliklərini yaratdılar. Elə həmin ildə Böyük Britaniya Fars körfəzi regionunu tərk etdi. Bu illərdə artıq Dubayda və digər əmirliklərdə neft bumu start götürürdü. Beynəlxalq neft şirkətlərinin neftə marağı regionu yaxın xarici ölkələrin işçi qüvvəsi üçün də maraqlı edirdi. Nəticədə 1968-73-cü illərdə Dubayda əhalinin sayı bəzi məlumatlara görə 300 faiz artmışdır.
1970-ci illərdə Dubay neftdən və ticarətdən gələn gəlirlər hesabına tədricən inkişaf etməyə başlayırdı. 1979-cu ildə Dubayda Cəbəl Əli limanı tikildi. Onun ətrafında isə 1985-ci ildə Cafaz azad iqtisadi ticarət zonası salındı.
1990-cı ildə Fars körfəzində başlayan müharibə şəhərə müsbət mənada çox böyük təsir göstərdi. XX əsrin 90-cı illərində xarici ticarət qurumlarının böyük əksəriyyəti Fars körfəzindəki müharibə zamanı əvvəlcə Küveytdən, sonra isə Bəhreyndən (Şiə dalğasının qızışdığı illərdə) öz ofislərini Dubaya köçürtdülər. Beləcə, Dubay öz tərəqqisinin ən parlaq dövrünə qədəm qoydu.
Tərəqqi dövrü
Bu şəhərin inkişaf və tərəqqisinin ilk nümunəsini Dubay hava limanında görmək olar. Bu hava limanı ildə 10,5 milyon sərnişinə xidmət göstərir. Bu onu göstərir ki, Dubaya təkcə hava xətti ilə ən azından 10 milyondan artıq qonaq gəlir.
Bu şəhərin yerli əhalisi 25-30 il əvvəl olsa-olsa 350 minə yaxın idi. Lakin bu gün Dubayda 2 milyona yaxın əhali yaşayır. Şəhərdə etnik ərəblərin sayı 20 faizi keçmir. 10 faizi avropalı, yerdə qalanları isə induslar, pakistanlılar, filippinlilər, indoneziyalılar, nepallılar və digər ölkələrin vətəndaşlarıdır. Etiraf etmək lazımdır ki, ərəblərdən və avropalılardan fərqli olaraq, digər millətin nümayəndələri əsasən xidmət sahələrində, tikintidə, sənayedə və digər fiziki qüvvə tələb edən sahələrdə çalışırlar. Lakin bu o demək deyil ki, onların biznes qurmaq, idarəetmə strukturlarında işləmək hüquqları yoxdur. Yox. Sadəcə, bu işlərdə çalışmaq üçün yüksək təhsil, peşəkarlıq, təcrübə və səriştə lazımdır. Kommersiya fəaliyyəti ilə məşğul olmağa gəldikdə isə, Dubayda buna çox geniş imkanlar var. Kim bacarırsa ölkənin qayda-qanunları çərçivəsində ticarətini qura bilər. Bunu səfərimizin ilk günündə şəhərlə tanışlıq zamanı çox aydın müşahidə etdik. Hindistanlı da, pakistanlı da, çinli də, filippinli və hətta azərbaycanlı da istədiyi ticarət fəaliyyəti ilə məşğul olmaqda azaddır.
Bu gün Dubayın iki nəhəng dəniz limanı Cəbəl Əli və Rəşid, nəhəng hava limanı tam gücü ilə işləyir və dünyanın ən müxtəlif ölkələrindən ticarət üçün yüklər qəbul edir və yola salır. Bütün bunlarla bərabər şəhərə turist axınının da ardı- arası kəsilmir. Sərt iqlimin bu günlər hakim kəsildiyi, qarlı-şaxtalı Avropadan tutmuş isti Hindi-Çinə qədər bütün ölkələrdən insanlar sadəcə dincəlməyə və ərəblərin Fars körfəzi sahilində yaratdıqları bu möcüzəli şəhərlə tanış olmağa gəlirlər.
Göydələnlər şəhəri
Əslində ən müasir üslubda tikilmiş şəhəri başqa cür adlandırmaq da doğru olmazdı. Nahaq deyil ki, Dubay dünyada göydələnləri ilə bütün rekordları üstələyən şəhər kimi də tanınır.
Məsələn, Bürc Əl-Ərəbi mehmanxanası dünyada ən hündür avtonom hotel sayılır və Fars körfəzində əsrarəngiz bir guşədə qərar tutmuş nəhəng yelkənli qayığı xatırladır. Bu tip yaşayış binaları Dubayda onlarladır və hündür mərtəbəli yaşayış binalarının salınması bu şəhəri turizm üçün daha cəlbedici edir. Bu şəhərdə orta yüksəklikdə olan binalarla müqayisədə göydələnlərin yuxarı mərtəbələrindəki mənzillərin qiymətləri çox bahadır.
Yaxın Şərqin ən böyük ticarət - əyləncə mərkəzi olan “Dubay Malda” gördüyümüz dünyanın ən böyük akvariumlarından birində isə müxtəlif növ balıqların, hətta akulaların da aram-aram üzməsini seyr etmək mümkündür. Bu mərkəzdə yaradılmış hündür şəlalə isə nəhəng ticarət mərkəzində üzücü bazarlıqdan sonra ən gözəl istirahət yeridir.