BAZAR ERTƏSİ, 2024-12-30, 9:52 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ŞİRVAN QORUĞU - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
ŞİRVAN QORUĞU
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-09-28, 0:10 AM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Şirvan dövlət təbiət qoruğu

Şirvan dövlət təbiət qoruğu — Şirvan düzənliklərinin cənub-şərq hissəsində Salyan və Neftçala rayonlarının ərazisində yerləşən qoruq.
Hələ 1961-ci ildə Kür-Araz ovalığının həmin hissəsində ceyranların sayının 77 baş olduğu bir vaxtda, Azərbaycan hökumətinin xüsusi qərarı ilə Bəndovan Dövlət Yasaqlığı yaradılıb. 8 ildən sonra, burada ceyranların sayının 400 başa çatdığı vaxt hökumətinin 30 aprel 1969-cu il tarixli müvafiq qərarı ilə 17700 min hektar sahədə Şirvan Dövlət Təbiət Qoruğu Təşkil edilib. 1982-ci ildə qoruğun sahəsi genişləndirərək 25761 hektara çatdırılıb. 2003-cü ildə Şirvan Dövlət Təbiət Qoruğunun bazasında və ətraf ərazilərində Şirvan Milli Parkı yaradılıb. Hazırda Parkın sahəsi 6232 hektardır.
Milli Parkın iqlimi mülayim – istidir. Relyefi müxtəlifdir, su bolluğudur (göl, kanal, dəniz), müxtəlif kolluqlar və bitkilər var. Torpağı bozqır, bozqır çəmən, çəmən – bataqlıq və qumluqdur. Bütün bunlar ceyranın və başqa heyvanların ömür sürməsi üçün çox əlverişlidir. 30 növə yaxın məməlilər, 22 növ sürünənlər, 4 növ suda – quruda yaşayanlar, 35 növ quş, 15 növ balıq var. Ceyranların sayı get – gedə artır. Belə ki, 1961-ci ildə 77 baş, 1969-da 400 baş, 1986-da 4800 baş olub. Hazırda isə Milli Parkın ərazisində 10 minə yaxın ceyran var. Qeyd edək ki, qoruq ərazisində mühafizə olunan ceyran, turac, dovdaq, bəzgək, səhra qartalı, Aralıq dənizi tısbağası və digər heyvanlar Azərbaycanın Qırmızı kitabına salınıb. Qoruqda həmçinin suda-quruda yaşayan növlərdən sarımsaq-qoxulu Suriya qurbağalarına, ağac, göl, yaşıl və s. qurbağalarına, sürünənlərdən bataqlıq, Xəzər və Aralıq dənizi tısbağalarına, zolaqlı kərtənkələyə, adi və su koramalına, gürzəyə, kərtənkələyə və s. rast gəlmək olar. Ornitoloji fauna növlərinə - şahin, baloban və s. daxildir. Məməlilərdən ceyranla bərabər qaban, canavar, tülkü, porsuq, qamışlıq pişiyi, dovşan və s. yaşayır.

Yer altında qalan şəhər
Geoloji dövr ərzində qoruğun ərazisi bir neçə dəfə Xəzərin suları altında olub. Xəzərin səviyyəsinin azalması ilə əlaqədar ərazi dəniz, qismən sel və allüvial çöküntülər nəticəsində quruya çevrilib. Ərazi dəniz səviyyəsindən aşağıda yerləşir. Burada mikrorelyef yaxşı nəzərə çarpır. Külək vasitəsilə yaranan duyun təpəciklərinin hündürlüyü 0,5-1,2 m-ə qədərdir və onlar ceyranların mühafizəsi və sığınacağı üçün çox sərfəlidir. Qoruq ərazisində əsasən boz, boz-çəmən və çəmən-bataqlıq torpaqları və qumluqlar yayılıb.
Bəndovan Dövlət Yasaqlığının və Şirvan dövlət Təbiət Qoruğunun ərazilərində yerləşən Çala gölünün sahəsi 100 hektardan çoxdur və onun dərinliyi 0,3-1,0 m çatır. Göldə qamış və digər su bitkiləri yaxşı inkişaf edib. Həmin gölün köçəri su-bataqlıq quşları üçün çox böyük əhəmiyyəti var.
Bəndovan Atabəylər dövrünə qədər mövcud olmuş şəhərlərdən biri olub. Bu şəhər Xəzərin suyunun artması nəticəsində su altında qalıb. Bəndovanla bərabər ondan təxminən 10-12 kilometr aralıda yerləşən başqa bir şəhər də mövcud olub. Alimlərin apardığı araşdırmalar və arxeoloji qazıntılar nəticəsində hər iki şəhərdən xeyli qalıqlar tapılıb. Həmin qalıqlar suyun altından çıxarılıb və biz hissəsi Milli Parkın ərazisindəki muzeydə saxlanılır. Milli parka gəlmiş turistlərə həmin şəhərlərlə bağlı məlumatlar verilir.

Nə gözəl yaraşır Muğana ceyran...
Xüsusilə ceyranlar Azərbaycanın milli sərvəti hesab olunur. Ceyranların mühafizəsi dövlət səviyyəsində mühafizə olunur və bu iş müvəffəqiyyətlə davam etdirilir. Bunun nəticəsidir ki, hazırda Milli Parkın ərazisindəki ceyranların sayı 10 minə yaxındır. Qoruğun ərazisindəki nadir heyvanların mühafizəsi üçün Milli Parkın müxtəlif sərhədlərində 10 növbətçi post var. Amma ceyranların tez-tez milli parkın ərazisindən kənara çıxması faktları da olur. Xüsusilə də isti aylarda heyvanlar ərazidən çıxır, başqa-başqa yerlərə gedirlər. Amma burada qəribə bir hal yoxdur. Çünki ceyranlar miqrasiya etməlidir, ölkənin bütün ərazilərinə yayılmalıdır. Əslində bu qoruğun yaradılması və ceyranların mühafizə olunmasında da məqsəd onların sayının artırılıb bütün ölkəyə yayılmasıdır. Hazırda isə qoruq ərazisində ceyran çoxdur. Qoruğun şimal ərazisində keçid yerləri var. Onlar həmin yerlərdən kənara çıxa bilirlər. Hazırda qoruğun ərazisindən respublikanın bir çox yerlərinə ceyranlar təbii olaraq miqrasiya ediblər. Bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Şirvan Dövlət və Təbiət Qoruğundan bir neçə ceyran Ağcabədi rayonunda yerləşən Ağgöl Qoruğuna aparılıb.

Milli Park ekskursiyaçı qıtlığı çəkir
Ölkənin müxtəlif yerlərindən və həmçinin Azərbaycana gələn turistlər Şirvan Milli Parkına qonaq olurlar. Parka gələnlərin əraziyə ekskursiyası təşkil olunur. Ekskursiya isə ödənişlidir. Belə ki, yerlilər bunun üçün 2, xaricilər isə 4 manatlıq bilet almalıdırlar. Amma müəyyən güzəştlər də nəzərdə tutulub. Belə ki, xarici ekskursiyaçıların sayı 7 nəfərdən çox olarsa biletin qiyməti 3 manat, yerlilərin sayı 7 nəfərdən çox olarsa, biletin qiyməti 1.5 manata qədər endirilir. Turistlərimizin sayı o qədər də çox olmur. Bir ay ərzində ümumilikdə 100 nəfərə yaxın ekskursiyaçı olur.
Ekskursiyaya gələnlərə parkın bələdçiləri xidmət göstərir. Onlar parkda mühafizə olunan nadir heyvanlar, köçəri quşlar və həmçinin su altında qalmış şəhərlərlə bağlı onlara ətraflı məlumat verirlər. Parkda bir neçə xarici dili bilən bələdçilər var.
Ümumilikdə, isə Milli Parkın 50-yə qədər əməkdaşı var.

Ekskursiyaçılar vəhşi heyvanlardan necə mühafizə olunur?
Milli Parkın ərazisində canavar, çaqqal, qaban, zəhərli ilanlar var. Bəs parka gələn ekskursiyaçılar üçün bu təhlükəli heyvanlar onların sağlamlığı üçün hansısa təhlükə yaradırmı? Xarici ölkələrdə bu tipli parklara ekskursiya xüsusi avtomobillərdə və avtobuslarla olur ki, onların da pəncərələri barmaqlıqlarla örtülü olur. Onlar xüsusi təhlükəsizlik tədbirlərinə ehtiyac görmürlər. Onun sözlərinə görə, bu vaxta qədər qoruq ərazisində hər hansı bir təhlükəli vəziyyət yaranmayıb. Sadəcə, ekskursiyaya gələn şəxslər parkın əməkdaşları tərəfindən mühafizə edilir və vəhşi heyvanlar onlara hər hansı təhlükə yarada bilməzlər. Turistlər tam olaraq mühafizə edilir. Ekskursiyaya həm avtomobillə, həm də piyada çıxmaq mümkündür.
Ceyranı öldürən 1650 manat cərimə olunur
Ceyranların ovlanması, onlara zərər verilməsi qanunla qadağandır. Ceyranı ovlamaq isə cinayət əməli hesab olunur. Əvvəllər ceyran ovlamaq niyyətinə düşən, bunu həyata keçirməyə çalışan və bəzi hallarda buna nail olan şəxslər çox olurdu. Amma son bir neçə ildə belə bir fakt olmayıb. Çünki geniş şəkildə maarifləndirmə işi aparılır və artıq insanlar ceyran ovlamaqdan çəkinirlər. Əgər belə faktlar olarsa qanunda nəzərdə tutulmuş cərimə tətbiq edilir. Yəni ceyranın ovlanması cinayət tərkibidir. Bir ceyranın qiyməti 550 manatdır. Əgər ceyran ovlanarsa, vurularsa onun cəriməsi qiymətinin üç qatında ödənilir. Bu hadisəni törətmiş şəxs 1650 manat pulu qoruğa ödəyir. Ümumilikdə isə qoruq ərazisində ovlanan istənilən heyvanın qiyməti üç qata vurulur. Əvvəllər isə belə hallar olub və hətta həbs cəzası alanlar da var.

Heyvanlara tibbi xidmət göstərilirmi?
Xarici ölkələrdə nadir heyvanların mühafizə olunduğu qoruqlarda tibb məntəqələri fəaliyyət göstərir. Bu məntəqələrin tibbi heyəti mütəmadi olaraq heyvanları müayinə edir, hər hansı xəstəlik aşkar olunan heyvanlar hətta tibb məntəqəsinə yerləşdirilir. Şirvan Milli Parkında isə hələlik belə xidmət yaradılmayıb. Qoruq ərazisində 10 minə yaxın ceyranla bərabər, minlərlə başqa heyvanlar da var. Onların hamısını müayinə və müalicə etmək mümkün deyil. Xüsusilə də ceyranları tutmaq o qədər də asan deyil. Ona görə də, heyvanların müalicəsi təbii olaraq aparılır. Yəni xəstələnən heyvanları ancaq canavarlar müalicə edir. Təbiət özü bunu təbii olaraq tənzimləyir.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...