İlisu dövlət təbiət qoruğu
İlisu Dövlət Təbiət Qoruğu — 1987-ci ildə 9,3 min hektar ərazidə Böyük Qafqazın cənub yamaclarının təbii kompleksini, nadir və nəsli kəsilmək təhlükəsində olan fauna və floranı qorumaq və artırmaq, meşələrin əvvəlki vəziyyətini bərpa etmək, torpaqların eroziya və sel hadisələrinin qarşısını almaq məqsədilə yaradılmışdır.
İlisu qoruğu Qax rayonunun ərazisində, Böyük Qafqazın cənub yamacında, Zaqatala və İsmayıllı qoruqlarının arasında yerləşir.
Qoruqda 500 növ bitki vardır. Burada maral, cüyür, dağ kəli, qaban, dələ, qarapaça və s. heyvanlar məskunlaşmışdır. 2003-cü ilin mart ayında İlisu dövlət təbiət qoruğunun ərazisi 17381,6 hektara çatdırılmışdır. Qısa məlumat
Qoruğun adı Qax rayonundakı İlisu kəndinin adı ilədir. Ərazi Baş Qafqaz dağlarının dik yamaclı, çay dərələri vasitəsilə intensiv parçalanmış sahələri üçün səciyyəvi olan relyefə malikdir. Qoruğun ərazisində qışı quraq keçən soyuq iqlim və yağıntıları təxminən bərabər paylanan mülayim-isti iqlim tipləri hakimdir. Havanın orta illik temperaturu 5-120 arasında tərəddüd edir. İlisu qoruğunun ərazisində dağ-çəmən, dağ-çəmən-meşə, qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. İlisu qoruğunda dərman, endemik, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki növləri çoxdur. Ərazidə şərq fısdığı, Qafqaz vələsi, şərq palıdı, Litvinov tozağacı, Trautvetter ağcaqayını, quşarmudu, itburnu, böyürtkən, dovşanalması, topulqa, yabanı gilas, zoğal, moruq və s. bitkilər yayılmışdır. Qaraçöhrə, Radde ağcaqayını bitkilərinin adları Qırmızı kitablara daxil edilmişdir.