CÜMƏ, 2024-12-27, 3:15 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ AZƏRBAYCANIN PALÇIQ VULKANLARI - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
AZƏRBAYCANIN PALÇIQ VULKANLARI
Nariman_QahramanliTARİX: BAZAR ERTƏSİ, 2010-09-27, 11:32 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Azərbaycanın palçıq vulkanları

“Dünyanın yeddi möcüzəsi” layihəsinin möhtəşəm uğurundan sonra İnternetdə təbiətin yeddi yeni möcüzəsinin seçimi üzrə kampaniyaya başlanmışdır. Bu kampaniyada Azərbaycanın palçıq vulkanları da iştirak edir.

Abşeron - palçıq vulkanlarının regionu
Azərbaycan yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınmışdır. Planetimizdə olan 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılmış və onlardan bəziləri təbiət abidəsi kimi formalaşmışdır. Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir.
Palçıq vulkanları neft-qaz yataqlarının müəyyən edilməsində xərcsiz başa gələn kəşfiyyat quyusu rolunu oynayır. Bundan əlavə palçıq vulkanlarının gili faydalı qazıntı hesab olunur. Həmçinin, vulkan palçığı bir sıra xəstəliklərin - əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur. Eyni zamanda vulkanlar seysmik hadisələrlə sıx bağlı olmaq etibarilə, zəlzələlərin baş verməsi və bu kimi hadisələrin proqnozlaşdırılmasında əhəmiyyət daşıyır.
Son illər Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin artması nəticəsində onların əraziləri dağıdılır, orada intensiv inşaat işləri aparılır, vulkanların püskürmə ehtimalı olan zonalarında yaşayış binaları inşa olunurdu. Bu səbəbdən ölkə ərazisində mövcud olan palçıq vulkanlarının mühafizəsini təşkil etmək, təbiətin bu nadir hadisələrinə daha qayğı ilə yanaşmaq aktual əhəmiyyət kəsb edirdi.
Bu məqsədlə təbii görkəmi və geoloji xüsusiyyətlərinə görə 2006-cı ildə 23 palçıq vulkanına təbiət abidəsi statusu verilmiş, həmin vulkanların etibarlı mühafizəsini təşkil etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssislərinin iştirakı ilə “Palçıq vulkanları üzrə Elmi Koordinasiya Şurası” yaradılmışdır.

Azərbaycanın palçıq vulkanlarının mühafizəsi

1. Lökbatan
2. Keyrəki
3. Keçəldağ
4. Bozdağ-Güzdək
5. Qaradağ Pilpiləsi
6. Otmanbozdağ
7. Üçtəpə
8. Dəmirçi
9. Şıxzərli
10. Kiçik Mərəzə
11. Pirəkəşkül
12. Qələndəraxtarma
13. Çeildağ
14. Torağay
15. Bahar
16. Daşgil
17. Diləngəz
18. Ayrantökən
19. Qoturdağ
20. Axtarma-Paşalı
21. Ağzıbir
22. Durovdağ
23. Bəndovan
24. Qarasu adası
25. Xərə-Zirə

Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin aradan qaldırılması və mühafizəsinin təşkili, onların fəaliyyətinin öyrənilməsinin böyük elmi və praktiki əhəmiyyətini nəzərə alaraq bu təbiət sərvətlərinin qorunması və gələcək nəsillərə çatdırılması, respublikamızın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 avqust 2007-ci il tarixli 2315 nömrəli Sərəncamına əsasən “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu” yaradılaraq 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilmişdir.
Öz növbəsində Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2007-ci il tarixli 2315 nömrəli Sərəncamından irəli gələn məsələlərin həlli ilə əlaqədar müvafiq işlərin yerinə yetirilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 14 sentyabr 2007-ci il tarixli 512/ü nömrəli Əmri ilə müvafiq Tədbirlər Planı təsdiq edilmişdir.
Tədbirlər Planına əsasən Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun Əsasnaməsinin layihəsinin hazırlanması və Nazirlər Kabinetinə təqdim edilməsi, palçıq vulkanları qrupu dövlət təbiət qoruğuna daxil olan vulkanların yerləşdiyi ərazilərə baxış keçirilməsi və inventarlaşdırma işinin aparılması, ərazinin sərhədlərinin müəyyən edilərək xəritə-sxeminin hazırlanması, qoruq elan edilmiş palçıq vulkanlarından ən çox antropogen təsirlərə məruz qalanlarının (Pirəkəşkül, Keyrəki, Qaradağ, Daşgil, Bozdağ, Qobu, Hökməli və s.) real vəziyyətinin qiymətləndirilməsi və mühafizəsinin gücləndirilməsi üçün sərhədlərinin müəyyənləşdirilməsi, qoruq elan olunmuş palçıq vulkanlarının mühafizəsinin təşkili, elmi cəhətdən hərtərəfli tədqiq olunması və bu ərazilərdə aparılan tikinti işlərinin qarşısının alınması istiqamətində işlərin təşkili nəzərdə tutulur.
Hazırda Tədbirlər Planına müvafiq olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun Əsasnaməsi hazırlanaraq aidiyyatı qurumlarla razılaşdırılmış, təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edilmiş və qoruq statusu verilmiş palçıq vulkanlarının sxematik geoloji xəritələri hazırlanmışdır.
Hazırda Dövlət Təbiət Qoruğu statusu verilmiş palçıq vulkanlarının mühafizəsi və tədqiqi istiqamətində digər tədbirlər də ardıcıl olaraq həyata keçirilməkdədir.
Azərbaycan hüdudlarında palçıq vulkanı təzahürləri Xəzəryanı – Quba, Şamaxı – Qobustan, Küryanı, Abşeron vilayətlərində, Bakı arxipelağında və Kür və Qabırrı çayları arasında geniş yayılmışdır. Palçıq vulkanları Abşeron yarımadasının qərb hissəsində, Cənubi və Mərkəzi Qobustanda və Xəzəryanı düzənliyi Xəzər dənizinə qovuşan cənub - şərq hissəsində ən çox inkişaf etmişdir.
Palçıq vulkanizminin zəif təzahürləri Böyük Qafqazın cənub yamacında Girdimançayın başlanğıcından şərqdə Həftəsaib, Zəngi kəndləri yanında, Lahıc yaxınlığında, Basqal kəndi ətrafında qeyd edilir.
Xəzəryanı – Quba vilayəti. Böyük Qafqazın cənub-şərq batımının geniş şimal dağətəyi zolağını və Xəzəryanı düzənliyi əhatə edir. Qaynarca vulkanından başqa, vilayət hüdudlarında kiçik sopka, qrifon və salzalar rast gəlinir.
Şamaxı – Qobustan vilayəti. Böyük Qafqazın cənub - şərq hissəsini əhatə edir. Ərazinin şimal zonasında Şıxzəgirli, Mərəzə, Şıxıqaya, Şeytanud, Qırqışlaq və başqa vulkanlar yerləşmişdir. Cənub zonada Torağay, Böyük Kənizədağ, Kiçik Kənizədağ, Dəvəlidağ, Ütəlgi, Ayaz - Ağtirmə (Ayazaxtarma), Nardaran - Ağtirmə (Nardaranaxtarma), Hacıvəli və başqa vulkanlar qeyd olunur. Ələt tirəsi boyu çox iri palçıq vulkanları – Daşmərdan, Solaxay, Ayrantökən, Qoturdağ, Qırdağ və başqa vulkanlar yerləşmişlər.
Küryanı neftli - qazlı vilayəti. Bu vilayət hüdudlarında Kalmas, Mişovdağ, Qırovdağ, Durovdağ, Hamamdağ, Ağzıbir, Kürsəngi kimi iri palçıq vulkanları yerləşmişdir.
Kür və Qabırrı çayları arası sahə, Orta Kür çökəkliyi hüdudlarında palçıq vulkanı təzahürləri sopka, qrifon və salza şəklindədirlər.
Abşeron vilayəti. Bu vilayət eyniadlı yarımadanı və Xəzər dənizinin ona qovuşan sahil zonasını əhatə edir. Palçıq vulkanları vilayətin qərb və mərkəz hissəsində daha geniş yayılmışdır. Vilayətin qərbində və mərkəzində Hökməli, Binəqədi, Saray, Novxanı, Zigilpiri, Keyrəki, Abix, Boğ - boğa, Böyükdaş, Otman -Bozdağı, Lökbatan, Şonqar, Quşxana və başqa çox iri vulkanlar yerləşmişdir. Vilayət hüdudlarında Zığ və Bibiheybət ərazilərində gömülmüş palçıq vulkanları mövcuddur. Abşeron arxipelaqı hüdudlarında Buzovna sopkası, Palçıq sopkası, Neft daşları və başqa iri palçıq vulkanları vardır.
Bakı arxipelaqı vilayəti. Bu vilayət Cənubi Xəzərin şimalda Balıqçı burnundan başlamış cənubda Qızılağac körfəzinədək uzanan geniş qərb hissəsini əhatə edir. Bu vilayətin palçıq vulkanları, konusları su səthindən baş qaldıran ada (Bulla, Oblivnoy, Los, Svinoy, Qlinyannı və s.) və ya sualtı saylardan (Kornilov – Pavlov sayı, Poqorelaya Plita rifi, Qolovaçev sayı və s.) ibarətdir. Bakı arxipelağının dəniz palçıq vulkanları antiklinal qurşaqların davamında zəncirvarı sıra ilə düzülmüşlər. Palçıq vulkanı mənşəli bir sıra sualtı saylar – Yupiter, 1906-cı il sayı, 1933-cü il sayı, Makarov sayı və başqaları Abşeron yarımadasından cənubda yerləşmişdir.
Azərbaycan ərazisində palçıq vulkanları qeyri-bərabər yayılmışlar. Onlar bu və digər ölçüdə – kiçik və çox iri yüksəklikdən ibarət olub, Böyük Qafqazın cənub - şərq batımının, Küryanı ovalığın, Bakı arxipelağı, Abşeron yarımadası və Abşeron arxipelağının müasir relyefinin əmələ gəlməsində böyük rol oynayırlar. Morfoloji cəhətdən palçıq vulkanları nisbi hündürlüyü 5 - 150 m-dən 400 - 500 m-dək olan kəsik konus şəklində olub, xarici görünüşünə görə maqmatik vulkanları xatırladır. Onların təpəsi kraterə uyğun gəlir. Kraterin diametri 400 - 500 m, əsasının diametri isə 6000 - 10000 m və daha artıq olur.
Şimali və Mərkəzi Qobustanın palçıq vulkanları, əsas etibarilə, Təbaşir və Paleogen çöküntüləri üzərində yerləşmişdir. Bu zonalardan cənubda, yəni Cənubi Qobustan, Küryanı ovalığı və Abşeron vilayətində onlar nisbətən coşqun fəaliyyət göstərən vulkanlardır. Ayrı - ayrı iri vulkanlara, Xəzər dənizi akvatoriyasında da rast gəlinir.
Geomorfoloji əlamətlərinə görə, Abşeron vilayəti şimal - qərb, cənub - qərb, şərq və Xəzər dənizi akvatoriyası kimi dörd hissəyə bölünür. Qərb zonasında Keyrəki, Zigilpiri, Qobu – Bozdağı, Güzdək – Bozdağı və s. palçıq vulkanları yerləşir. Cənub - qərb zonası Abşeron yarımadasının mərkəzi və qərb hissələrini əhatə edir. Bu zonada Lökbatan, Quşxana, Torpaqlı – Ağtirmə (Axtarma) və başqa palçıq vulkanlarının konusları ucalır. Yarımadanın şərq zonası Abşeron yarımadasının ən alçaq şərq hissəsini əhatə edir və onun relyefi zəif dislokasiyaya uğramış abşeron əhəngdaşları örtüyü ilə müəyyənləşmişdir. Bu zonada Boğ - boğa, Qırmaku və s. palçıq vulkanların kiçik konusları yüksəlir.
Abşeron yarımadası dərinliyi 30 - 50 m-ə qədər olan Xəzər dənizi akvatoriyası ilə əhatə olunmuşdur. Bu zona hüdudlarında Pirallahı (Artyom), Jiloy, Qum adaları, Darvin, Neft daşları, İkiqardaş daşları, Qriqorenko sualtı sayları yerləşmişdir. Tektonik cəhətdən yarımada Böyük Qafqazın cənub - şərq batımında yerləşir. Yarımada hüdudlarında 36 palçıq vulkanı Abşeron yarımadasında, 8 palçıq vulkanı isə Abşeron arxipelağında öyrənilmiş və təsvir olunmuşdur.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...