Təcnis Təcnis qoşmanın bir növüdür. Qoşmadan fərqli cəhəti qafiyələrinin cinas sözlər üzərində qurulmasıdır. Cinas sözlər omonimlərə oxşayan sözlərdir. Daha doğrusu, bu sözlərin yazılışı və səslənişi oxşar, mənaları müxtəlifdir. Məsələn:
Aşıq, götür doqquz telli sazını,
Ya divani, ya da təcnis çal, a çal!
Düşmən üçün seç qılıncın sazını,
Əsirgəmə, kəlləsindən, çal, a çal!
Yaxşı aşbaz tanır yaxşı düyünü,
Qəmli aşıq qəlbin neçin döyünü?
Möhkəm bağla, açılmasın düyünü,
Bir ilmək yox, üçün möhkəm çal, a çal!
Nə vaxtacan fələk mənə ax çalar?
Faydasızdır zər-qızıllar, axçalar.
Cavan Hüseyn, qara xəttin ağ çalar,
Deyərlər ki, qoca aşıq, çal, a çal!
Bu təcnisdə II və IV misralarda "çal" sözləri müxtəlif məna daşıyır. Biri saz çalmaq, digəri qılınc çalmaq mənasındadır.