CÜMƏ, 2024-03-29, 1:47 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ YOL HƏRƏKƏTI QAYDALARI 3 - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » BUNLARI BİLMƏK LAZIMDIR » YOL HƏRƏKƏTI QAYDALARI 3 (3)
YOL HƏRƏKƏTI QAYDALARI 3
Nariman_QahramanliTARİX: BAZAR, 2010-08-22, 3:38 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Sürücü sola dönməzdən, yaxud maneəni sol tərəfdən keçməzdən əvvəl «sola dönmə» işığını yandırmalı, əgər bu göstərici yoxdursa və ya işləmirsə, sol qolunu yana uzatmalıdır.
Motosikl, motoroller, moped, velosiped və arabaların sürücüləri də sol qolunu yana uzatmalı, yaxud sağ qolunu dirsəkdən yuxarı qatlamalıdır.
Sağa dönməzdən qabaq nəqliyyat vasitələrinin göstəriciləri yoxdursa və ya işləmirsə, onda sağ qolu yana uzatmaq lazımdır. Sağa dönməzdən qabaq sol qolu dirsəkdən yuxarı qatlamaqla da işarə vermək olar.
Tormozlama zamanı «dayan» işarəedicisi yandırılır. «Dayan» işarəsi olmaqdıqda, yaxud nasaz olduqda tormozlama əməliyyatı aparmazdan əvvəl sürücü qolunu yuxarı qaldırmalıdır.
Sürücülərin xəbərdarlıq işarələri vermələri, heç də onlar üçün hərəkət üstünlüyü vermir. Bu işarələr ən azı manevrdən 5 saniyə əvvəl verilməlidir.
Yaşayış məntəqələrində sürücülərə səs siqnalı vermək, bəzi xüsusi hallar istisna olmaqla qadağan edilir.
Sürücülər xəbəredici işarələr verərkən piyadalar bu işarələrə diqqət yetirməlidirlər. Əgər sürücü bu işarələrə uyğun manevrə başlamışdırsa, ona bu hərəkəti sona çatdırmağa şərait yaratmalıdırlar.
Yol hərəkətinin nizamlanması, texniki nizamlama vasitələri və nizamlayıcı vasitəsilə həyata keçirilir.
Texniki nizamlama vasitələrinə svetoforlar, yol nişanları, nişanlanma xətləri, piyada çəpərləri və s. aiddir.
Texniki nizamlama vasitələrinin bir növü svetoforlardır. Svetoforlar vasitəsilə yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkəti nizamlanır.
Svetoforlar vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ sarımtıl rənglər tətbiq olunur.
Təyinatından asılı olaraq svetofor siqnalları dairəvi formalı, ox (oxlar) piyadanın və ya velosipedin silueti şəklində və «X» formalı ola bilir.
Svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır:
1) Yaşıl rəngli işığın yanması - bu siqnal hərəkətə icazə verir.
2) Yaşıl rəngli işığın yanıb sönməsi - bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər).
3) Sarı rəngli işığın yanması - bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir.
4) Sarı rəngli işığın yanıb-sönməsi hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir.
5) Qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi-bu siqnal hərəkəti qadağan edir.
6) Qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması-bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir.
Svetoforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası müvafiq rəngli dairəvi işıqların mənası ilə eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilən istiqamətlərə şamil edilir. Dairəvi siqnallı svetoforların yaşıl ox (oxlar) şəklində bir və ya iki əlavə bölməsi ola bilər. Həmin bölmələr dairəvi yaşıl siqnalın səviyyəsində yerləşdirilir.
Əlavə bölmənin işığının sönməsi və bu bölmənin nizamladığı istiqamətdə hərəkətin qadağan edilməsi deməkdir.
Svetoforun işığı piyada (velosiped) silueti şəklindədirsə, onun qüvvəsi yalnız piyadalara (velosipedçilərə) şamil edilir. Bu zaman yaşıl işıq piyadaların (velosipedçilərin) hərəkətinə icazə verir, qırmızı işıq isə onların hərəkətini qadağan edir.

Piyadaların hərəkətinin təşkilində istifadə olunan əlavə avadanlıqlar

Respublikamızda baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, onların xeyli hissəsi piyadaların vurulması ilə bağlıdır. Bu cür hadisələrin sayının azaldılması və piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə müxtəlif üsul və vasitələrdən istifadə edilir.
İstifadə edilən üsul və vasitələr əsasən piyadaların küçəni, yolu istədiyi yerdən keçməsinin qarşısını almaq məqsədi üçündür.
Bunlara «piyada keçidi» yerini, yeraltı və yerüstü piyada keçidləri, çağırış svetoforlarını, piyada çəpərləri və müxtəlif konstruksiyalı maneələri misal göstərmək olar.
- «Piyada keçidi» yolun hərəkət hissəsində piyadaların yolu keçməsi üçün nəzərdə tutulan sahədir. Bu sahə xətlərlə nişanlanır.
- Böyük şəhərlərdə piyadaların və nəqliyyat vasitələrinin ən çox hərəkət etdikləri küçələrin kəsişmələrində piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə yol ayrıcının şəraitindən asılı olaraq yeraltı və ya yerüstü piyada keçidləri tikilir.
- Çağırış svetoforlarından bir çox yerlərdə, xüsusən, təhsil ocaqlarının qarşısında istifadə edilir. Belə svetoforda nəqliyyat vasitələri üçün daimi yaşıl işıq yanır ki, lazım gəldikdə küçəni keçməzdən qabaq səkidə qoyulmuş sütundakı düyməni basaraq svetoforda qırmızı işıq yandırılır və nəqliyyat vasitələri dayanır. Qırmızı işığın yanma müddətində piyadalar yolu rahat keçə bilirlər.
- Hərəkətin şəraitindən asılı olaraq, piyadaların küçənin və yolun işlək hissəsinə qəflətən çıxması ehtimalı olan və çox təhlükəli yerlərdə səki boyunca çəpərlər və ya müxtəlif konstruksiyalı maneələrdən istifadə olunur.

Nizamlayıcının siqnalları, onların əhəmiyyəti və yolayrıcını keçmək qaydaları

Yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkəti qaydalarına nəzarəti həyata keçirmək, yol hərəkətinin gərginliyini aradan qaldırmaq məqsədilə nizamlayıcı tərəfindən verilən siqnallardan istifadə olurur.
Nizamlayıcının siqnallarının aşağıdakı mənaları vardır:
1. Bütün nəqliyyat vasitəsi sürücülərinə və piyadalara aid olan siqnallar:
a) «Diqqət. Hərəkət dayandırılsın» siqnalı hərəkəti qadağan edir, lakin siqnal verilərkən yolayrıcında olan sürücülərə və piyadalara hərəkətlərini davam etməyə icazə verir,
b) «Müəyyən istiqamət üzrə hərəkət» siqnalı nizamlayıcının sinə və arxa tərəfindən gələn nəqliyyat vasitələrinin və piyadaların hərəkətini qadağan edir. Sol və sağ tərəfindən gələn tramvayların düzünə, relssiz nəqliyyat vasitələrinin düzünə və sağa hərəkət etməsinə, sinə və arxa tərəfindən isə piyadalara yolun hərəkət hissəsini keçməyə icazə verir.
v) «Sola dönmə» siqnalı nizamlayıcının sol tərəfindən gələn tramvayların sola dönməsinə, relssiz nəqliyyat vasitələrinə bütün istiqamələrdə hərəkət etməyə, sinə tərəfindən gələn nəqliyyat vasitələrinə sağa dönməyə, arxa tərəfindən piyadalara hərəkət hisssini keçməyə icazə verir, sağ və arxa tərəfindən gələn nəqliyyat vasitələrinin hərəkətini isə qadağan edir.
2. Konkret nəqliyyat vasitəsi sürücüsünə və piyadaya aid olan siqnallar:
a) «Sürəti azaldın» siqnalı nizamlayıcı əli ilə yuxarı-aşağı hərəkətlər edərsə, hərəkətə icazə verilən istiqamətlərdə sürücüdən öz nəqliyyat vasitəsinin sürətinin azaldılmasıni tələb edir.
b) «Sürəti artırın» siqnalı nizamlayıcı əli ilə üfüqi vəziyyətdə (saat əqrəbi istiqamətində) dairəvi hərəkətlər edərsə, hərəkətə icazə verilən istiqamətlərdə sürücüdən öz nəqliyyat vasitələrinin sürətini artırmaq, piyadalardan isə yolu keçməsini tezləşdirməyi tələb edir,
v) «Dayanın» siqnalı nizamlayıcı tərəfindən hər hansı nəqliyyat vasitəsinə tərəf yönəldilmişdirsə, onun sürücüsündən öz nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında dayandırmasını tələb edir.
Nizamlayıcı siqnalları verərkən fitdən də istifadə edə bilər.
Nizamlayıcı yol ayrıcında elə yerdə dayanmalıdır ki, bütün hərəkət iştirakçıları onu görsünlər. Sutkanın qaranlıq vaxtı nizamlayıcı işıq düşən yerdə dayanmalıdır və ya istifadə edilən jezl işıq saçan və yaxud işıq verən olmalıdır.
Yol hərəkətinin nizamlanması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları (müfəttişləri) vasitəsilə həyata keçirilir.
Yol nişanları və yolların nişanlanması

Yol nişanları XIX əsrin sonlarında ilk avtomobillərlə birlikdə yollarda peyda olmuşdur. 1969-cu ildə Parisdə keçirilmiş avtomobil hərəkətinə aid birinci beynəlxalq konfransda yol hərəkətinin və avtomobilə verilən tələblərin əsas prinsiplərini göstərən beynəlxalq razılaşma qəbul edilmişdir. Burada yol nişanlarına aid ilk tövsiyələr qəbul edilmişdir.
03 iyul 1998-ci il tarixdə qüvvəyə minmiş "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə yol hərəkətinin nizama salınmasının vahid qaydaları, yəni yol hərəkəti qaydaları təsdiq olunmuşdur.
Yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat verən və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır.
Yol nişanları 7 qrupa bölünür:
Xəbərdarlıq;
Üstünlük;
Qadağan;
Məcburi hərəkət istiqaməti;
Məlumatverici-göstərici;
Servis;
Əlavə məlumat (lövhəciklər) nişanları.
Hər bir yol nişanının öz nömrəsi olur ki, onun birinci rəqəmi qrupun nömrəsinə uyğun olur, sonrakı rəqəmlər qrupda ardıcıl nömrəni və müxtəliflik mövcud olduqda onun ardıcıl nömrəsini əks etdirir. Müxtəlif qruplardan toplanan, üstünlük nişanlarından başqa, hər qrup yol nişanlarının özünə məxsus rəngi və forması vardır. Bu nişanın uzaq məsafədən yaxşı dərk edilməsinə imkan verir. Sutkanın qaranlıq vaxtlarında nişanların aydın görünməsi üçün şəhərlərdə onlar işıqlandırılır, yaşayış məntəqələrindən kənar yollarda isə nişanlara işıq əks etdirici materiallar tətbiq edilir.
Nişanların qoyulmasında mühüm şərt-onların yaxşı görünməsi və ən azı 100 m məsafədən təyin edilə bilməsidir.
Nişanları əsasən yolun sağ tərəfindən qoyurlar. İki və ya artıq zolaqlarda bir istiqamətdə hərəkəti olan yollarda yol nişanları vaxtlı-vaxtında sürücü tərəfindən çətinlikdə qavranılarsa, onlarda olan məlumat nəzərə alınmaqla nişanlar təkrar qurulur.
Yolun solunda yerləşdirilən yol nişanının görünməsinin təmin olunması mümkün deyilsə və ya əks istiqamətli hərəkət üçün üç və artıq hərəkət zolağı vardırsa, onda yol nişanları yolun hərəkət hissəsinin üstündə qurulur.
Yol nişanları Nazirlər Kabinetinin Hərəkətin Təhlükəsizliyi Komissiyasının müvafiq qərarı ilə qurulur və ya çıxarılır.
1. Xəbərdarlıq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsini tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir. Xəbərdarlıq nişanlarının əsas fərqləndirici əlamətləri (1.3, 1.4 və 1.31 qrupları istisna olmaqla) onların ağ fonlu üçbucaqlı və qırmızı haşiyəli formasıdır. Onlar heç bir məhdudiyyət nəzərdə tutmurlar. Lakin belə nişanları görən sürücü diqqətini artırmalı və şəraitə uyğun təhlükəsizlik tədbirləri görməyə hazır olmalıdır
2. Üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliyini göstərir.
Üstünlük nişanları başqa qruplardan toplandığına görə vahid forma və rəng fonuna malik deyildirlər.
3. Qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Onların dairəvi forması, ağ fonu, 3.27-3.30 işarələrinin mavi və qırmızı haşiyəsi vardır.
3.1, 3.21, 3.23, 3.25, və 3.31 nişanları rəngli tərtibatla fərqlənirlər.
Qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır.
4. Məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini, müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir.
nişanların dairəvi forması və mavi fonu vardır.
5. Məlumatverici-göstərici nişanlar hərəkətin müəyyən rejimini tətbiq və ya ləvğ edirlər. Eləcə də yaşayış məntəqələrinin və başqa obyektlərin yerləşməsi barədə məlumat verirlər.
Bu nişanların düzbucaq forması vardır, sürücülərin və hərəkətin digər iştirakçılarını yolun vəziyyətinin xüsusiyyətləri, yaşayış məntəqələrinin adları, onları keçmə qaydaları, küçələrin və yolların ayrı-ayrı sahələrində hərəkət rejiminin müəyyələşdirilməsi üçün nəzərdə tutulmuşdur.
Bu qrup nişanların müxtəlif fonları vardır. Yaşıl fon avtomagistral, göy fon bütün başqa avtomobil yolları, ağ fon yaşayış məntəqəsi əlaməti deməkdir. Nişanların sarı fonu yolun təmir olunan hissələrinin yanından keçmə üçün tətbiq olunur.
6. Servis nişanları yollarda müvafiq obyektlərin yerləşməsi barədə məlumat verir.
Servis nişanlarının düzbucaq forması, enli mavi haşiyəsi vardır. Müvafiq rəmzlər ağ fon üzərində təsvir olunur.
7. Əlavə məlumat nişanları (lövhəcikləri) birlikdə tətbiq olunduğu nişanların təsirini dəqiqləşdirir və ya məhdudlaşdırırlar.
Lövhəciklər birlikdə tətbiq olunduqları yol nişanının bilavasitə altında yerləşdirirlər. Yolun hərəkət hissəsinin qırağında və ya səkinin üstündə asıldıqda, 7.2.2-7.2.4 , 7.13 əlavə məlumat nişanları yol nişanlarının yan tərəfində yerləşdirilir.
Yolun nişanlanması yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir.
Yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə tətbiq olunur.
Yolun nişanlanmasının aşağıdakı formaları vardır:
1. Üfiqi:
a) uzununa,
b) köndələninə,
v) digərləri,
2. Şaquli.

Nişanlanma xəttləri və onların əhəmiyyəti

Nəqliyyatın və piyadaların hərəkətini yaxşı təşkil etmək və sürücülərə yolu düzgün göstərmək, bununla da hərəkətin təhlükəsizliyini təmin etmək üçün yolları və küçələri nişanlayırlar.
Yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir.
Üfüqi nişanlanma sarı rəngdə və ağ rənglə çəkilir.
Sarı rənglə çəkilən xətlər aşağıdakılardır:

1.10. 1.17.
Ağ rənglə çəkilən xətlər aşağıdakılardır:
1.1, 1.2, 1.5, 1.6, 1.7, 1.8, 1.9, 1.11, 1.12, 1.13, 1.14.1, 1.14.2, 1.14.3, 1.15, 1.16.1, 1.16.3, 1.18, 1.19, 1.20, 1.21, 1.22, 1.23,
Üfüqi nişanlanma xətlər, oxlar, yazılar və hərəkət hissəsinin üstündəki, başqa işarələr müəyyən rejimləri və hərəkət tərzini təyin edir.
Şaquli nişanlanma xətlər aşağıdakılardır:
2.1, 2.2, 2.3, 2.4, 2.5, 2.6, 2.7.
Yol qurğuları və yol avadanlığı ünsürlərini üzərində birgə qara və ağ rəngli zolaqlar şəklində çəkilmiş şaquli nişanlanma onların qabaritlərini göstərir və körünən səmtləşmə vasitəsi rolunu oynayır.

Yol ayrıcı və meydanlar

Yol ayrıcı - yolların bir səviyyədə hər hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir.
Yolayrıcının sərhədi səkilərin və ya yol kənarlarının xarici sərhədlərinin birləşdirən xəyali xətlərlə məhdudlaşır. Yol ayrıcıları öz konfiqurasiyasına görə «+», «X», «T» və «Y» şəklində ola bilər.
Kəsişən və ya qovuşan yolların xəyali ox xətlərinin kəsişdiyi nöqtə yolayrıcının mərkəzi adlanır.
Bəzən beş və daha çox yolun kəsişdiyi yer böyük ərazi təşkil edir ki, belə yerlər meydan adlanır. Meydanlarda çox sıralı hərəkət təşkil edilir, həmçinin avtobusların, trolleybusların və taksi avtomobillərin müvafiq dayanacaqları və gözləmə yerləri yerləşir. Bir çox hallarda meydanlardan nəqliyyat axınlarını paylamaq məqsədilə istifadə edilir.
Belə meydanların arxasında ayırıcı-istiqamətləndirici adacıqlar yerləşdirilir və meydanda dairəvi hərəkət təşkil edilir.
Nəqliyyat vasitələrinin sürücüləri meydanlarda kəsişmə yerlərində rast gəldikləri hər bir svetoforun, yol nişanları və nişanlama xətlərinin tələbinə ayrılıqda tabe olmalıdırlar. Əgər meydanların kəsişmə yerlərində svetoforun, yol nişanları və nişanlama xətləri yoxdursa, sürücülər eynidərəcəli yolların yol ayrıcını keçmək qaydasını rəhbər tutaraq hərəkət etməlidirlər.
Meydançalar, əhatə etdiyi ərazinin böyüklüyü ilə, eləcə də həmin ərazidə küçələrin tikinti xətlərinin xəyali uzadılması nəticəsində yarana bilən sahələrin olması ilə yolayrıclarından fərqlənir.

Küçə və yolların elementləri

Şəhərin və s. yaşayış məntəqəsinin, mədəni-məişət binalarının, ya da hərəkət olan park məhəllələri arasında yerləşən hissəyə küçə deyirlər.
Binalar, onların tikinti xətləri və ya çəpərləri arasında qalan məsafəyə küçənin eni deyilir. Küçənin əsas elementləri aşağıdakılardır:
1) piyadaların hərəkət etmələri üçün düzəldilmiş səkilər;
2) küçənin ortasında, yaxud kənarında yerləşdirilmiş tramvay xətləri;
3) relssiz nəqliyyatın hərəkəti üçün küçənin işlək hissəsi;
4) küçənin ortasında, yaxud səkilərdə işlək hissə və ya tikinti binaları arasında yaşıllıqlar salınması üçün olan sahə;
5) geniş küçələrdə işlək (hərəkət) hissəni ayıran ehtiyat adacıqları;
6) iri şəhərlərdə geniş prospektlərdə və küçələrdə revers zolaqları.
Yol hərəkəti qaydalarına, dövlət standartlarına və digər normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik avtomobillərin, avtobusların və digər nəqliyyat vasitələrinin müəyyənləşdirilmiş sürətlə təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün nəzərdə tutulur.
Yolun elementləri aşağıdakıdır:
1. Yolun hərəkət hissəsi.
2. Yolun ox hissəsi.
3. Yolun ayrıcı zolağı.
4. Yolun döşənməsi.
5. Arx
6. Yolun çiyni.
7. Yolun kəsiyi.
8. Torpaq döşəməsi.
9. Velosiped yolu.
10. Piyadalar yolu.
11. Yeraltı və yerüstü piyadalar üçün keçid.
12. Yerəti azaldan və sürəti gücləndirən zolaqlar.
Bu yol elementləri avtomobil yolunun dərəcəsindən aslı olaraq yolda mövcud olur.
Hərəkətin təhlükəsizliyinin təmin olunmasında sürücünün ustalığından, onun düzgün sürət seçməsindən çox asılıdır.
Nəqliyyat vasitəsini etibarlı və təhlükəsiz sürmənin əlamətləri aşağıdakı şərtlərlə təyin olunur:
1. Sürətin hərəkət şəraitinə və avtomobilin istismar xüsusiyyətlərinə görə düzgün seçilməsi;
2. Sürücünün yol şəraitinə uyğunlaşma bacarığı.
Sürücünün idarə etdiyi avtomobilin hərəkət sürətini düzgün təyin etmək bacarığı, yalnız onun avtomobili müəyyən vaxtda hansı sürətlə idarə etməsi ilə deyil, həmçinin, avtomobilin hərəkətə başlanması və tam dayandarılması, onların sürətlə əlaqələndirmək bacarığı ilə qiymətləndirilir.
Hərəkət şəraitini təyin etmək bacarığı əlverişli sürət və tam dayandırma anının seçmək bacarığından az əhəmiyyətli deyildir. Yollarda, küçələrdə hərəkət edərkən qəza baş verməməsi üçün hərəkət ritminə uyğunlaşmağa bacarmaq lazımdır. Yəni sürücü təkcə öz idarə etdiyi avtomobilin deyil, digər nəqliyyat vasitələrinin də hərəkət sürətini təyin etməyi bacarmalıdır.
Dövlət Yol polisinin vəzifələri

Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yol hərəkəti qaydalarına riayət edilməsinə nəzarət dövlət yol polisinin qarşısında duran əsas vəzifələrdir.
Bu vəzifələrin yerinə yetirilməsi üçün Dövlət yol polisi:
- Nəqliyyatın və piyadaların hərəkətini nizama salır, sürücülər və piyadalar tərəfindən yol hərəkəti qaydalarına riayət olunmasına nəzarət edir;
- Yolların təmiri, tikintisi, layihələşdirilməsi, istismarı və onlara xidmət zamanı yol hərəkəti təhlükəsizliyinin tələbləri ilə bağlı qüvvədə olan qaydalara, normativlərə və standartlara əməl olunmasına nəzarət sahəsində öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görür;
- Nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsini təmin edir;
-Təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr, təşkilatlar, idarələr və fiziki şəxslər tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunmasını, avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə, qazların zərərli tullantılarından ətraf mühitin qorunması sahəsində qüvvədə olan qaydaların, normativlərin və standartların tələblərinə riayət edilməsinə nəzarətini təmin edir:
- Yol hərəkəti qaydalarının pozulması və yol-nəqliyyat hadisələri üzrə təhqiqat aparır, səlahiyyətləri çərçivəsində inzibati tənbeh tədbirləri tətbiq edir;
- Yol hərəkəti qaydaları və sürücülük vərdişləri üzrə imtahanlar qəbul edir və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrini verir;
- Nəqliyyat vasitələrinin və onun qoşqularının dövlət qeydiyyatını aparır və onlara dövlət qeydiyyat nişanları verir.
Yol-nəqliyyat hadisəsi barədə ümumi anlayış

Yol-nəqliyyat hadisəsi - hərəkətdə olan ən azı bir nəqliyyat vasitəsi ilə əlaqəli, adamların həlak olmasına, yaralanmasına və ya nəqliyyat vasitələrinin, yüklərin, yolların, yol qurğularının və digər qurğuların və ya başqa əmlakın zədələnməsinə səbəb olmuş hadisədir.
Yol-nəqliyyat hadisələrinə aşağıdakılar aid edilir:
- Toqquşma - hərəkətdə olan nəqliyyat vasitələrinin öz aralarında və ya qatarla toqquşması zamanı baş verən hadisədir. Bu növə qəflətən dayanmış nəqliyyat vasitəsi ilə hərəkətdə olan digər nəqliyyatın, həmçinin dəmir yolunda dayanmış nəqliyyat vasitəsi ilə qatarın toqquşması da aid edilir.
- Aşma - hərəkətdə olan nəqliyyat vasitəsinin çevrilməsi hadisəsidir. Digər növ hadisələrin baş verməsi nəticəsində nəqliyyatın aşması bu növə aid edilmir.
- Dayanmış nəqliyyat vasitəsini vurma - hərəkətdə olan nəqliyyat vasitəsinin dayanmış nəqliyyat vasitəsini, həmçinin qoşqu və ya yarımqoşqunu vurması hadisəsidir.
- Maneəni vurma - nəqliyyat vasitəsinin hər hansı bir hərəkətsiz əşyaya (körpü dirəyi, sütün, ağac, darvaza, tikinti materialı, hasar və s.) dəyməsi və ya onu vurması hadisəsidir.
- Piyadanı vurma - nəqliyyat vasitəsinin piyadanı vurması və ya piyadanın hərəkətdə olan nəqliyyat vasitəsinə dəyməsi hadisəsidir. Nəqliyyat vasitələrinin daşıdığı yük və əşyaların piyadalara xəsarət yetirməsi də bu növ hadisələrə aid edilir.
- Velosipedçini vurma - nəqliyyat vasitəsinin velosipedçini vurması və ya velosipedçinin nəqliyyat vasitəsinə dəyməsi hadisəsidir.
- Qoşqunu (arabanı) vurma - nəqliyyat vasitələrinin qoşqu heyvanlarını və ya onlara qoşulmuş arabanı vurması, həmçinin qoşqu heyvanlarının və ya onlara qoşulmuş arabanın hərəkətdə olan nəqliyyat vasitəsinə dəyməsi hadisəsidir.
- Heyvanları vurma - nəqliyyat vasitələrinin quşları, heyvanları vurması və ya bu heyvanların və quşların hərəkətdə olan nəqliyyat vasitələrinə dəyməsi hadisəsidir.
- Sərnişinin yıxılması - hərəkətdə olan nəqliyyat vasitəsindən sərnişin yıxılması hadisəsidir. Hərəkət zamanı nəqliyyatın altından çıxan əşyanın adama, heyvana və ya başqa nəqliyyat vasitəsinə dəyməsi, hərəkət iştirakçısı olmayan şəxsləri vurma qəflətən yaranmış maneəyə dəymə (düşmüş yük, qopmuş təkər və s.) hadisələrə aid edilir.
Hərəkətin təhlükəsizliyi hər bir insanın həyatı ilə bağlıdır. İnkişaf etmiş ölkələrdə yol-nəqliyyat hadisəsində bir nəfərin həlak olması cəmiyyətə vurulan 200-500 min dollar ziyan kimi hesablanır. ABŞ-da bu rəqəm 1.500.000 dollar sayılır. Adları çəkilən dövlətlərdə həlak olanların sayı bu rəqəmlərə vurulur və yol hərəkətinin təkmilləşdirilməsi alınan rəqəm miqyasında maliyyələşdirilir.
Yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi, yol hərəkəti ilə bağlı insanların həyat və sağlamlığının qorunması, ətraf mühitin qorunması, yol-nəqliyyat hadisələrinin qarşısının alınması işində nəinki dövlət orqanları, eləcə də hər bir vətəndaş kənarda qala bilməz.
Yol-nəqliyyat hadisələrini araşdırarkən dəqiq nəticələr əldə etmək məqsədi ilə müəyyən dövr ərzində baş vermiş bütün hadisələrin miqdarı və xarakteri nəzərə alınır, tədqiq və təhlil edilir.
Miqdarca araşdırmada ilin müxtəlif dövrlərində baş vermiş yol-nəqliyyat hadisələrinin və onlardan zərər çəkmiş adamların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə götürülür.
Xaraktercə araşdırmada hadisələrin baş verməsi səbəbləri və onların baş verməsinə imkan yaradan amillər öyrənilir. Bunun əsasında yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədi ilə əməli tədbirlər işlənib hazırlanır və həyata keçirilir.
Yol hərəkəti qayda pozuntuları

«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş Yol hərəkəti qaydalarına əməl edilməməsi və İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) yol hərəkəti qayda pozuntusu hesab olunur.
Yol hərəkəti qayda pozuntuları subyektinə görə 2 qrupa bölünür:
1. Sürücülər tərəfindən yol verilən pozuntular.
2. Yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol verilən pozuntular.
Burada yol hərəkətinin başqa iştirakçıları dedikdə, piyadalar sərnişinlər velosiped (moped) idarə edən şəxslər, at arabalarını idarə edən və ya mal qaranı ötürən şəxslər nəzərdə tutulur.
Sürücülər tərəfindən törədilən pozuntuları özlüyündə 8 qrupa bölünür:
1. Yolda müəyyən edilmiş hərəkət sürətinin 10-30 km/saat həddində aşılması; 2-ci bənddə göstərilən hallar istisna olmaqla, yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi; nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi və ya piyada keçidlərinin keçilməsi, habelə dayanma, durma, yedəyə alma, yük daşıma, işıq cihazlarından, səs siqnallarından, təhlükəsizlik kəmərlərindən və motodəbilqələrdən istifadə qaydalarının pozulması. Bu pozuntular yerində cərimə edilir,
2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi; 3.1 «Giriş qadağandır» 3.2 «Hərəkət qadağandır» yol nişanları tələblərinin və ya sərnişinin daşıma qaydalarının pozulması; xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi;
3. Yolda müəyyən edilmiş hərəkət sürəti həddinin 30 km/saat və artıq aşılması; dəmir yol keçidlərinin keçilmə qaydalarının pozulması; qəza şəraitinin yaradılmasına, yəni hərəkətin başqa iştirakçılarının sürəti və hərəkətin istiqamətinin məcburi dəyişilməsinə səbəb olan pozuntular törədilməsi; yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Dövlət Yol Polisi əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi;
4. Nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi; nəqliyyat vasitəsində olan sahibi tərəfindən bu nəqliyyat vasitəsini idarə etmək üçün sərxoş vəziyyətdə olan şəxsə verilməsi; sərxoşluq vəziyyətinin yoxlanılması üçün müəyyən edilmiş qaydada müayinədən boyun qaçırılması;
5. İdarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi, nəqliyyat vasitəsində olan sahibi tərəfindən bu nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan şəxsə idarə etmək üçün verilməsi,
6. İdarə etmə hüququ olmayan və alkoqoldan, narkotik vasitələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə olan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi;
7. 5-ci və 6-cı bəndlərdə nəzərdə tutulan pozuntuların 1 il ərzində təkrar törədilməsi;
8. 1-6-cı bəndlərdə nəzərdə tutulan pozuntular nəticəsində zərər çəkən şəxsə maddi ziyan vurulması və ya onun bədəninə yüngül xəsarət yetirilməsi.
Yol hərəkəti qaydalarının pozuntusu haqqında məsələlərə İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulan qaydaya uyğun olaraq baxılır.
Aşağıda göstərilən qayda pozuntularına yol verilməsi inzibati tənbeh tətbiq edildikdən sonra sürücülərə cərimə balları təyin edilir:
- svetofor və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, «Giriş qadağandır»; «Hərəkət qadağandır» yol nişanlarının tələblərinin, sərnişin daşıma qaydalarının pozulması, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi; - 3 balla;
- yolda müəyyən edilmiş hərəkət sürətinin 30 km/saat həddindən artıq aşılmasına, dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulması, qəza şəraitinin yaradılmasına, nəqliyyat vasitəsinin saxlamaq tələbinin yerinə yetirilməməsinə, dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə; - 4 balla;
- nəqliyyat vasitəsinin alkoqoldan, narkotik və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə, nəqliyyat vasitələrini idarə etmək üçün ona sahiblik hüququ olan şəxs tərəfindən sərxoş vəziyyətdə olan şəxsə verilməsinə, sərxoşluq vəziyyətinin yoxlanması üçün nəqliyyat vasitəsini idarə edən şəxsin müayinədən boyun qaçırması 5 balla qiymətləndirilir.
Sürücülər bir il ərzində cəmi 10 və daha çox cərimə balı topladıqda onların sürücülük hüququ 2 aydan 1 ilədək müddətə məhdudlaşdırılır. Digər yol hərəkəti qayda pozuntularına görə cərimə yerində ödənilir.
Cərimə balı ilə qiymətləndirilən qayda pozuntularının uçotu yerli Dövlət yol polisi bölümlərində və Respublika DYP İdarəsində aparılır.
Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozuntuları

I. Piyadalar tərəfindən törədilən və məsuliyyətə səbəb olan pozuntular aşağıdakılardır:
1) yolun hərəkət hissəsinə çıxdıqda piyada svetoforlarına və nizamlayıcının işarələrinə riayət edilməməsi;
2) yolun hərəkət hissəsinin, dəmir yol keçidinin müəyyən olunmayan yerdən keçilməsi;
3) yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılması;
4) qırmızı və ya göy sayrışan işıq və ya xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman yolun hərəkət hissəsinin tərk edilməməsi.
II. Yol hərəkətində iştirak edən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının sərnişin tərəfindən pozulması məsuliyyətinə səbəb olan pozuntudur.
III. Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən törədilən və məsuliyyətə səbəb olan pozuntular aşağıdakılardır:
1) svetoforların və nizamlayıcının işarələrinə riayət edilməməsi;
2) sərnişin daşınması;
3) idarə etməyə mane olan yükün daşınması;
4) yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanmasının tələblərinin pozulması;
5) yolda sükanı tutmadan idarə edilməsi;
6) piyadaların hərəkəti üçün nəzərdə tutulmuş sahədə onların hərəkətinə bu Qanunun tələblərinə zidd olaraq maneə yaradılması;
7) üstün hərəkət hüququ olan nəqliyyat vasitələrinə yol verilməməsi.
IV. At arabaları (kirşəni) idarə edən və ya mal-qara ötürənlər tərəfindən törədilən və məsuliyyətə səbəb olan pozuntular aşağıdakılardır:
1) mal-qaranın yolda nəzarətsiz qoyulması;
2) mal-qaranın, at arabasının (kirşənin) dəmir yol xətlərinin və ya yolların üstündən nəzərdə tutulmayan yerlərdən, habelə sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində keçirilməsi;
3) mal-qaranın, asfalt və sement-beton örtüklü yollarda ötürülməsi;
4) işıq əks etdirən qurğularla təhciz edilməmiş at arabalarının (kirşənin) sürülməsi;
5) at arabalarını (kirşəni) idarə edən şəxs tərəfindən svetofor və ya nizamlayıcının işarələlərinə, habelə yol nişanları və ya yol nişanlanması tələblərinə riayət edilməməsi.

 
FORUM » ELM VƏ TƏHSİL » BUNLARI BİLMƏK LAZIMDIR » YOL HƏRƏKƏTI QAYDALARI 3 (3)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...