CÜMƏ AXŞAMI, 2024-03-28, 4:21 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ SİVİLİZASİYA VƏ TEXNİKA - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » FƏLSƏFƏ » SİVİLİZASİYA VƏ TEXNİKA (SİVİLİZASİYA VƏ TEXNİKA)
SİVİLİZASİYA VƏ TEXNİKA
Nariman_QahramanliTARİX: BAZAR, 2010-08-22, 3:01 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Plan:

1.Texnikanın məişətə daxil olmasının səbəbləri.

2.Filosofların texnika barəsində fikirləri.

3..Elmi-texniki inqilab və bəşəriyyətin gələcəyi.

1.Texnikanın məişətə daxil olmasının səbəbləri.Cəmiyyət sivilizasiyanin inkişafında texnika çox böyük rol oynayır. Bunu müasir dövrün nümunəsində də görmək olar. Texnikanın ( birinci növbədə əmək alətlərinin, rabitəni, bütün kommunikasiya sistemlərinin inkişafı ) tərəqqisi insan həyatının bütün sahələrinə güclü təsir göstərir. Elmi-texniki inkişafın rasional idarə olunması məhdud –ssiyentist, texnisist proqram kimi yox, səmərəli texnika, ona əsaslanan istehsalın və sosial ( ilk növbədə ekoloji ) mənafelərin optimal uzlaşması olduğu nəzərdə tutulmalıdır. İlk nəzərdə sadə görünən bu məsələnin həlli bir sıra çətinliklərlə rastlaşır. O cümlədən insanın mahiyyətilə onun mövcudluq üsulu arasındakı ziddiyyətlər (səbəbi- texnikanın əsasında quraşdırılmış dünya tərəfindən bu mahiyyətin dəyişdirilməsi və təhrif edilməsidir).

Texnika insanların yaratdığı istehsal vasitələri və alətləri sistemini, habelə məmk prossesinin həyata kecirilməsini təmin edən üsul və əməliyyatların, qabiliyyət məharətlərin məcmusudur.

Zaman keçdikcə texnika anlayışının məzmunu dəyişilir və təkmilləşir. O, təkcə maddi istehsal sahəsindəki vasitələrlə məhdudlaşmir. O, özünə həm də mənəvi, məişət və digər qeyri- istehsal xarakterli tələbatları ödəmək üçün istifadə olunan vasitələri daxil edir.

Texnika ən qədim sosial hadisələrdən biridir. Texnika və texniki fəaliyyət haqqında ilk dəfə Aristotel bəhs etmişdir. Fəlsəfi biliyin spesifik sahəsi olan texnikanın fəlsəfəsi isə yalnız XIX əsrdə meydana gəlmişdi.Bu cərəyanın banisi E. Kapp göstərirdi ki, bütün bəşəriyyətin tarixinə diqqətlə yanaşdıqda onu nəticə etibarilə ən yaxşı əmək alətlərinin kəşf edilməsi tarixinə müncər etmək olar.

Texniki vasitələr insan bədəninin orqanlarının özünəməxsus şəkildə davamı və tamamlanması deməkdir. Onlar bəşəriyyətin təbiətə təsiri sahəsində qazanmiş olduğu çoxillik təcrübə, idrak vasitələri və üsulları təcəssüm etdirir. Başqa sözlə, texnika insanin təbiətə təsir göstərməsinin daim təkmilləşməkdə forma və üsullarını, mədəniyyətin nəaliyyətlərini əks etdirir.

Texnika bir tərəfdən insan əməyinin və biliyinin inkişafınin nəticəsidir, digər tərəfdən isə onları həyata keçirməyin vasitəsidir. O, bəşəriyyətin mövcudluğu və inkişafının zəruri tərəfidir. Texnikanin başlıca funksiyası təbiəti və insan aləmini onun tələbat və arzularından doğan məqsədlərə uyğun şəkildə dəyişdirməkdən ibarətdir.

Texniki vasitələr öz məzmununa görə çox rəngarəngdir. Onların bir hissəsi cansız təbiətə, digərləri üzvi aləmə uyğun gəlir. Nəhayət elə texniki vasitələr vardır ki, spesifik insan orqanlrını və onların funksiyalarını yerinə yetirməyi bacarır. Məsələn, qeyri- üzvi təbiətdə texnika elektrotexnikanı, istilik texnikasını, fiziki texnikanı və tikinti texnikasını əhatə edir. Üzvi aləmdə texnikaya kənd təsərrüfatı biotexnolgiyası və sair daxildir. Deyilənlərdən əlavə təfəkkür texnikası, incəsənət sahələrinin texnikası və insanları idarəetmə texnikası və sair də mövcuddur. Texnikanin müasir anlamı aşağdakı üç anlamı əhatə edir: a) nəzəri və empirik tərəfləri əlaqələndirən spesifik bilik sahəsi; b) insanın təbiəti öz tələbatına uyğun şəkildə dəyişdirməyə yönələn insan fəaləiyyəti sahəsi ( bütün texniki vasitələr və proseduralar da daxil olmaqla ) ; c) insanın bu və ya digər fəaliyyətinin, professional xüsusiyyətlərini təşkil edən məharət və vərdişlərin məcmusu.

Bütövlükdə götürdükdə cəmiyyətin iqtisadi inkişafı aşağdakı iki bir- birilə sıx əlaqəli tərəfləri əhatə edir: a) iqtisadi münasibətlərin ( istehsalin iqtisadi üsulunun və yaxud sosial- iqtisadi tərəfin ) təkmilləşməsi; b) elmi-texniki tərəqqi gedişində yeni texniki vasitələrin və texnologiyaların tətbiqi ( istehsalın texnoloji üsulu və yaxud təşkilat-texniki tərəfi ) .

Qeyd olunmalıdır ki, texnika öz-ozluyundə məqsəd deyil, yalnız müəyyən məqsədi həyata keçirtmək üçün vasitədir. Lakin texnika müəyyən nisbi müstəqilliyə malikdir. Bu aşağıdakılarda ifadə olunur: 1) hər cür texnikanın insan tərəfindən yaradılmasına baxmayaraq o insanlar üçün həm xeyirli , həm də zərərli nəticələr törədə bilər. 2) İnsanların ifadə etdiyi texniki vasitələr cəmiyyətə fəal əks təsir göstərmək iqtidarındadır. Məsələn, avtomobil və televizor insanın sağlam tələbatını ödəmək üçün yaradılmışdir. Lakin avtomobil sənayesinin genişlənməsi cəmiyyətin digər, daha vacib tələbatlarının ( axlaqa, mənzilə ) ödənilməsini kölgədə qoyur, digər tərəfdən onun inkişafı mühiti korlayır. Nəhayət, ondan hətta cinayətkar məqsədlər üçün istifadə olunur ( avtomobil o ğurluğu, yol-nəqliyyat hadisələri, avtomobil sahibinin öldürülməsi və sair ) . Eynilə də televizor informasiya olmağın güclü vasitəsi olmaqla yanaşı, həm də əhalinin şüurunun manipulyasiyası ( mənfi istiqamətdə məqsədyönlü dəyişdirlməsi ) vasitəsidir. İnsanları oxumaqdan ( mütailədən ) və psixofiziki sağlamlıqdan müəyyən qədər məhrum edir. 3) insanın çoxəsrlik yaradıcılığının nəticəsi olan texnosferanı optimallaşdırmaq üçün texnikanın inkişafını dayandırmaq deyil, texniki nəaliyyətlərin açdığı misilsiz imkanlardan bacarıqla istifadə etmək tələb olunur.

Hazırda texnika getdikcə daha çox insanın əqli qabiliyyətlərinə və intellektual funksiyalarına nüfuz edir. Bu isə mütərrəqi nəticələr ilə yanaşı , həm də böyük miqyaslı mənfi nəticələr törədə bilər. Buna görə də indiki şəraitdə texniki yeniliklər tətbiq etməzdən əvvəl onları geniş və dərin sosial ekspertizadan keçirmək tələb olunur. Məsələn, insan kompüter kimi kibernetika sistem yaratmaqla sanki özünün fikri fəaliyyət növlərini həyata keçirə bilən, müxtəlif məzmunlu informasiya ilə əməliyyat aparmağı bacaran analoqunu meydana gətirir. Doğrudur, o insan beyninin bütün funksiyalarını onun əlindən almır. Bununla belə son dərəcə güclü EHM ilə insan arasında qarşılıqlı münasibətlərin yeni humanitar tərəfi özünü göstərir. Bu isə öz növbəsində bir çox problemlər doğurur. Çünki insan ilə maşının qarşılıqlı, fikirləşən, hiss edən, şüur və iradəyə malikmövcudat ilə cansız, öz təbiətinə ögörə qeyri-bioloji xarakter daşıyan qurğu arasında qarşılıqlı təsir deməkdir. Bu münasibətdə müasir ekzistensializmin görkəmli nümayəndəsi K.Yaspersin aşağıdakı fikri ibrətamizdir. O göstərir ki, texnikada hüdudsuz şəkildə fayda verən imkanlar olduğu kimi, qeyri-məhdud miqyasda da təhlükkə vardır. İnsan heç vaxt indiki qədər yaradıcı texniki nəaliyyətlər əldə etməmişdir. O, eynilə də heç vaxt bu dərəcədə dağıdıcı təsir göstərə biləcək vasitələrə malik olmamışdır. İnsanlar texniki vasitələri təkmilləşdirməyə aludə olmaqla və iqtisadi cəhətdən bazarın kəskin tələbləri ilə motivləşən ixtirçı yaradıcı fəaliyyətə uymaqla, nəticə etibarilə qarşısıalınmaz fəlakətə doğru irəliləyir.

Əlbəttə texnikanın nəticələri önündə pessimizmə qapılmaq da doğru deyil. Çünki texniki vasitələrin nə qədər güclü dağıdıcı imkanlara malik olmalarına baxmayaraq, onlar prinsipcə həmişə insanların zəka və iradəsinə tabe edilə bilən vasitələrdir. Buna görə də müasir elmi-texniki tərəqqinin törədə biləcəyi inkarı sosial nəticələri vaxtında görmək və onları minimallaşdırmaq və aradan qaldırmaq üçün yollar və vasitələr tapmaq mümkündür və zəruridir.

2.Filosofların texnika barədə fikirləri. XX əsrdə yaşamış bir sıra filosoflar texnikanın inkişafı ilə əlaqədar dəyərli ideyalar vermiş və fikirlər söyləmişlər. Onlardan biri olan M. Haydegger yazırdı: “ İnsan üçün təhlükə maşınların, müxtəlif qurğuların mümkün məhvedici təsirində deyildir. Əsl qorxu, təhlükə artıq insanın öz mahiyyəti tərəfindən gözlənilməlidir ”. Haydeggerin fikrincə, texnika –insan və dünyanın xüsusi əlaqə növünün ifadəsidir, bu zaman insanın əldə etmək, istismar etmək meyli reallaşir. Dünya insan üçün yalnız öz imtiyazlarını ödəməyən bir vasitədir, texnika- bu materialı istifadə etmək üsuludur.Axırda insan özünü “ dünya hökmdarı ” hesab etsə də, əslində öz alətlərinin quluna çevrilir, əşyalar aləmində özü də bir əşyaya dönür. Texnika insanı ələ alır, özünə tabe edir, hətta öz elemetinə çevirir”.

Texnika mövzusunda Haydeggerin maraqlı əsərlərindən biri “ Texnika məsələsi ” dir. (1949). Demək olar kı, Haydeggerə qədərki dövrdə texnikanı müsbət qiymətləndirirdilər ; bircə qorxu var idi ki, birdən onu düzgün istifadə edə bilməzdilər (O. Şpenqler) , Haydegger, texnikanı özündə insan üçün dəhşətli bir təhlükə görürdü; ümumiyyətlə, o, texnikanı mədəniyyət, tarix fəlsəfəsi baxımından yox, metafizika, yəni varlığın tarixi. Insan şüurunun inkişafı tarixi baxımından qiymıtləndirirdi. Müasir texnikanın mahiyyəti budur ki, o insanın dünyaya olan münasibətinin, daha doğrusu, dünyanın mənimsənilməsinin yeni formasıdır. Texnikanın təhükəliyi ondan irəli gəlir ki, o, insanın mahiyyətini dəyişdirir. İnsan indi o tora düşmüş milçəyə bənzəyir: dərinə getdikcə,daha da dolaşır. Təhlükə ondadır ki, insanlar çox vaxt texnika və elmin istfadəsinin sosial nəticələrinə dərindən varmır, uzaqgörənlik etmir.

Alman eksiztensializmin digər nümayəndəsi K. Yaspers “ Müasir texnika ” adlı məqaləsində texnikanın mhiyyətini belə izah edirdi: texnika yalnız məqsədə nail olmaq üçün vasitəçi kimi yaranır və fəaliyyət göstərir.Texnika düşüncə fəaliyyətinə, hesablama, mümkün nəticələrin öncə görmə imkanlarına əsaslanır. Texnika mexanizmlərdən istifadə edərək, öz imkanlarını kəmiyyət münasibətlərinə çevirir. Texnikanın mahiyyəti- insan təbiətin hökmranlığından azad etməkdir. Texnika iki cür olur: enerji istehsal edən, bir də cürbəcür məhsulları istehsal edən texnika növləri. Texniki qaydaları öyrənmək və istifadə etmək mümkündür. Texnika vasitə məqsədə çevrilən yerdə insan həyatı öz mənasını itirir. Texnika, qədim dövrdən yaradılır; müasir texniki- tərəqqi dünyanın yaranmasında yaxından iştirak edən təbii elmərin, əməyin təşkili və ixtiraçılığın yaradıcılıq ehtirası və nəticəsidir. Əməyin intensivliyi texnika ilə bağlıdır, texnika əməyin xarakterini dəyişdirir, özgələşmə prossesi artır; müəssisələr iriləşir, bürokratiyanın mövqeləri artır və genişlənir; ümumiyyətlə, texnika müəyyən tərzdə idarə olunan bir vasitə olmalı, onun hüdudları cansız və məhduddur ”.

O. Şpenqler də texnikanı təbiətin üzərində “ zorakılıq ” aləti olduğunu hesab edirdi. Öz insani mahiyyətini unudaraq, insan nəsli dağıdıcıya dönür, texniki sivilizasiya binasının əzəməti artdıqca, bu binanı yaradan insanın mənəviyyatı əksildikcə, onun özünə burda daha az yer qalır. Texnika insan nəslinin acı taleyi, onun faciəvi qismətidir: insan texnikanı yaradır, təkmilləşdirir, bunda təbiətin üzərində öz qüdrətinin hökmranlığının rəmzini görür, nəticədə isə texnika “ Faust ”( İ.V.Hötenin yaratdığı bədii obraz ) sivilizasiyanın məhvinə qaçılmaz süqutuna gətirib çıxarır. İnsanların texniki səyləri nə qədər rasional, nə qədər intensiv olarsa, texnikanın nəticələri bir o qədər irrosional və dağıdıcı olur.

Belə xəstəliyin müalicəsi - şüurun həqiqi, mənəvi azadlığa qayıtmasındadır. Texnikanın inkarı ideyası Frankfurt məktəbinin sosial fəlsəfə nümayəndələri tərəfindən irəli sürülüb. Onlara görə həqiqi insan mövcudluğu – təbiət ilə ünsiyyətdə olmaqdır, təbiətin və insnın durmadan ram edilməsi deyildir. Tənqiddən kənara çıxmayan frankfurtçular utopiya həddlərinə qalmışdılar. Məsələn, H.Markuze hesab edirdi ki, müasir texnika və istehsal həyatın instinklərinə uyğunlaşmalıdırlar. A.Qelen və Y.Habermas məsələnin həllini liberal burjua demokratiyasının təkmilləşməsində görürdülər. “ Texniki determinizm ” nümayəndələri isə ( məs,X.Şeleki )hesab edirdilər ki, elmi – texniki tərəqqi prossesini humanistləşdirmək cəhdləri əbəsdi; yalniz elim – texniki tərəqqinin rasional qüvvəsi sosial fəallıqdakı irrosional, dağıdıcı meyllərə son qoya bilər.

Frankfurt məktəbinin digər nümayəndəsi T. Adorno cəmiyyətdə texnikanın rolunun belə səciyyələndirir: “ Müasir texnikanın insanlara fayda və ya zərər gətiriməsi nə texniklərdən nə də texnikanın özündən asılıdır; əsas məsələ - onun cəmiyyət tərəfindən necə istfadə olunması, cəmiyyətin obyektiv strukturların insan ləyaqətinə cavab verib verməməsi məsələsidi ”.

Qeyd etdiyimiz kimi, texnikanın fəlsəfi problemləri Qərbdə yüz ildir ki, öyrənilir. Almaniyada, digər ölkələrdə texnikanın fəlsəfi problemləri beş istqamət üzrə öyrənilir: texniki elmlər. Eksiztensializm, sosial antropolgiya, Frankfurt məktəbinin tənqidi nəzəriyyəsi, texnika. təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsinin etik problemləri. Fransada bu problemin basqa tərəfi – texnika və mədəniyyət, texnika və əmək, əməyin ekzistensial təhlili, texnikanın inkişafının epistemoloji problemləri də öyrənilir. Ümumiyyətlə, cəmiyyətin inkişafında texnika bir paradoksal ( həll olunmaz ziddiyyətlərin vəhdəti ) vəziyyət yaratdı: texnika həm insanın mövcudluğunun əsası, həm də təbii mühitə, insan mənəviyyatına, onun fiziki varlığına qarşı çıxan dağıdıcı qüvvə kimi çıxış edir.

Beləliklə, nikbinlik baxımından texnikanın rolunu qiymətləndirmək cəhdləri əhəmiyyətsiz olub, sosial tərqqiyə inam şübhə ilə əvəz olunub, “ Alternativ ” mədəniyyət və aləmlər yaratmaq cəhdləri göstərilsə də, ( E. Fromm, H.Markuze, O. Ulrix və basqa. ), onlar sosial səviyyəsində olaraq qalır. Bununla belə Qərbdə bu çətin problemi həll etmək ümidin itirməyiblər. Elmi – texniki tərəqqini idarə edən sosial mexanizmləri təkmilləşdirmək zərurətini başa düşən tədqiqatçılar idarəetmə sahəsində otuz ilə yaxındır ki, “ texnikanın qiymətləndirilməsi ” hərəkatını yaradıblar. Əsas məqsəd elmi- texniki tərəqqinin nəaliyyətləri və nəticələrinin müxtəlif, bəzən ziddiyətli mövqelərdən qiymətləndirilməsini aradan qaldırmaqdır. Texniki inkişafın qeyri – müəyyənliyi artdıqca, bütöv, çox mürəkkəb texniki sistemlər üzərində nəzarət məsələsinin əhəmiyyəti də artdı. Texnikanın beynəlxalq səviyyədə idarə olunması problemi də meydana gəldi.

Texnikanın qiymətləndirilməsi sisteminin özü də sosial xarakter daşımalıdır; bəzən hökumətlər və dövlətlər texniki qərarların qəbul olunmasında ictimai rəyi nəzərə almağa məcbur olurlar. Məsələn, 1942 –ci ildə ABŞ konqresində texnikanın qiymətləndirilməsi üzrə idarə yaradılır. Belə təşkilatlar inkişaf etmiş ölkələrdə də yaradılır və fəaliyyət göstərirlər. Bu təşkilatlar elmi – texniki tərəqqinin bütün mümkün nəticələrini öyrənir və proqnozlaşdırır ( əsasən ekoloji, sosial, sosiol – psixoloji və siyasi nəticələrini ). Real təsiri yalnız siyasi hakimiyyət, qanunların köməyi ilə əldə etmək olar. Belə təşkilatların fəaliyyəti bir qədər utopik xarakter daşıyır ( F. Rapp, Berlin ).

Qeyd etdiyimiz kimi, ABŞ – da idarəetmə problemlərinin həlli məcrasında bir sıra məsələlər – texnika və dəyərlər, texnikanın qiymətləndirilməsi, texnikanın sosial məsələləri, hermenevtika və ekzistensializm baxımından texnikanin inkişafı və s. məsələlər öyrənilir.

Fransa tədqiqatçısı J. Ellül “ texniki determenizm ” prinsipini tənqid edərək, elə bir “ müstəqil ” sosial və siyasi qruplar yaratmağı təklif edir ki, onlar, şüurlu şəkildə texniki sivilizasiyanın nemətlərindən imtina etsin, texniki xaosa qarşı çıxa biləcək avtonom mədəniyyət yaratsın ( o cümlədən, fəlsəfə, incəsənət, ənənə, ailə və şəxsi həyat formalarını və s. ).İctimai münasibətlərin antihumanist xarakteri, texnika və istehsalın üzərində rasional, təsiredici nəzarəti heçə endirə bilir. O, göstərir ki, insan bir tərəfdən insan cəmiyyətinin təşkili və fəaliyyətindəki, digər tərəfdən isə texnikanın özündə ( o da insan təbiətindəki qüsur və nöqsanların üzündən ) olan nöqsanlardan irəli gələn çətinliklərin aradan qaldırılması yollarını hələ ki, utopik quraşdırmalarda axtarır. Ellül dövlət texnika sahəsində əsl inqilab etməyə çağırır. Onun fikrincə, bunun üçün aşağıdakıları həyata keçirmək tələb olunur:

1. Qərb, öz istehsal sahələrində yenidənqurma apararaq, üçüncü dünyaya tam təmənnasız köməklik göstərməlidir;

2. Hərbi qüvvədən, ümumiyyətlə, təzyiq vasitələrindən imtina etmək, mərkəzləşdirilmiş, dövlət aparatını ləğv etmək ( kiçik istehal vahidlərini yaratmaq, kiçik enerji mənbələri, çevik metodika, həyat üslubu və tərzinin müxtəlifliyini təmin etmək, həyat keyfiyyətini yaxşılaşdırmaq ) ;

3. İnsan qabiliyyətini üzə çıxarmaq. Məşğuliyyət növlərini artırmaq ( milli mədəniyyətlərin çiçəklənməsi, azsaylı xalqların mədəni muxtariyyət şəklində inkişafı üçün bütün şəraitin yaradılması ) ;

4. İş vaxtının ixtisarı ( bunun hesabına insan daha çox asudə vaxtında öz mənzilinə, mühitə, xırda iş sahələrinə diqqətini artıracaq; bəlkə 2 saat işləmək kifayət olacaq );

5. Tərəqqi, istehsal olunmuş sərvətlərlə yox, qənaət edilmiş insan əməyi və vaxtı ilə ölçülür, işdən sonra adamlara maaş yox, ümumi məhsuldan müəyyən miqdarda ayrılmalıdır ( bərabər şəkildə )

Sosial proseslərə çoxsaylı, çoxcəhətli təsir gostərən texniki mutasiyaları (əsaslı dəyişikliklər) öyrənənlərdən D.Belli, X.Skolimovski-ni, C.Qrantı, O.Toffleri də göstərmək olar.

Toffler, istehsal və istehlakın kütləviləşmə dövrünün tükənməsi vaxtının gəlib çatdığını göstərir, yeni texnologiyaya uyğun informasiya cəmiyyətin yaranmasından söhbət açır. Onu daha çox düşündürən bu yeni sivilizasiyada milyonlarla, hətta milliardlarla insanlar üçün yerin tapılıb-tapılmaması məsələsidir. Söhbət irqi, etnik, milli və dini mənsu-biyyətinə görə zülmə, təqiblərə, irqi ayrı seçkiliyə məruz qalan insan-lardan gedir. Bu məsələnin həllini O.Toffler iqtisadi çevrilişin nəticələ-rinin yayılma sürətinin artırılmasında görür. Mədəniyyət-əməyə, kişi və qadınlara, millətlərə, asudə vaxta, nüfuza və s. – tamam yeni münasibət tələb edir. İqtisadiyyat yeni simvol, obraz, abstraksiyalar işlətməyi, mən-tiqi düşüncə və təfəkkürü əldə etməyi tələb edir. Əsasən inkişaf olunmalı sahələr – dərk etmək bacarığı və təhsildir. İnsan yeni şərait də uyğunlaşmağı bacarmalı, onu öyrənib qiymətləndirməli, bir neçə sahəni mükəmməl bilib, öz fərdiliyi və təşəbbüskarlığını ifadə etməyi bacar-malıdır. Toffer bura daha bir prosesi əlavə edir : azsaylı millət və xalqlar belə şəraitdə öz tarixini bərpa etməklə, öz itirilmiş ləyaqətini bərpa edirlər (keçmişi öyrənib, özündə güc və qüvvə tapmaq üçün) .

 
FORUM » ELM VƏ TƏHSİL » FƏLSƏFƏ » SİVİLİZASİYA VƏ TEXNİKA (SİVİLİZASİYA VƏ TEXNİKA)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...