ŞƏNBƏ, 2024-12-21, 6:38 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ SOSIAL FƏLSƏFƏDƏ INSAN AMILI 1 - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
SOSIAL FƏLSƏFƏDƏ INSAN AMILI 1
Nariman_QahramanliTARİX: BAZAR, 2010-08-22, 2:58 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Plan:

1. İnsan və özünüdərk

2. İnsan mahiyyətinə yeni baxış

1.İnsan və özünüdərk. İnsan problemi – fəlsəfi özünüdərkin mərkəzi problemidir. Təsadüfi deyildir ki, fəlsəfə tarixinin hər bir mərhələsində insan haqqındakı ideyalar və təsəvvürlər daim filosofların diqqət mərkəzində olmuşdur.

Sosial fəlsəfədə insan, onun varlığı, mənşəyi, həyatının mənası, ölümü və ölməzliyi ilə məsələlər xüsusi bölmədə əhatə olunur. Müasir dövrdə insanın fəlsəfi mənalandırılmasına maraq xüsusi böyükdür. Hazırda gözümüz qarşısında bütün biliklərin antropolojiləşməsi meyli baş verməkdədir. Bu meyl onda ifadə olunur ki, fəlsəfi problemlərin ümumi, mücərrəd izahının yerini, onların insan fenomeni baxımından konkret mənalandırılması tutur. Hətta ənənəvi fəlsəfi məsələlərin özü də getdikcə daha çox antropoloji əsaslar üzərində qurulmaqdadır. Antropologiyanın (insan haqqında fəlsəfi təlimin) banisi M. Şeler göstərmişdir ki, fəlsəfənin bütün mərkəzi problemlərini mahiyyət etibarilə insan probleminə müncər etmək olar.

Fəlsəfə insanı öyrənən konkret elmlərdən (iqtisadi nəzəriyyə, sosiologiya, psixologiya, təbabət, biologiya vəs.) fərqli olaraq ona bütöv bir tam kimi yanaşır. Müasir dövrdə insanı öyrənən xüsusi elmlər böyük nailiyyətlər əldə etmişlər. Lakin onlar öz predmetlərinə uyğun olaraq insanın bu və ya digər səpkisinə diqqət yetirirlər. Buna görə də həmin məlumatlar əksərən birtərəfli xarakter daşıyır. Odur ki, insanı kompleks və hərtərəfli öyrənməyə tələbat və ehtiyac yaranır. Bu vəzifə isə fəlsəfənin öhdəsinə düşür. O ümumnəzəri və dünyagörüşü elmi olmaq etibarilə insan haqqındakı konkret elmləri bir növ inteqrasiya edir. Beləliklə də insanı öyrənən konkret elmlərin dar çərçivəsini, məhdudluqlarını aradan qaldırmağa imkan verir.

Müasir dövrdə insana kompleks yanaşılması tələnatı bir sıra amillərlə şərtlənir. Hər şeydən əvvəl göstərilməlidir ki, insan çox mürəkkəb və müxtəlif tərəfləri əhatə edən varlıqdır. Buna görə də onu bütün əhatəliliyi və hərtərəfliliyi ilə öyrənmək zərurət halını alır. İnsan haqqında elmlərin vahid sistem şəklində inteqrasiyası isə yalnız fəlsəfi zəmin üzərində həyata keçirilə bilər.

XVIII əsr fransız filosofu Helvetsi insana bütöv və hərtərəfli yanaşmağın zəruriliyini göstərərək yazırdı: “İnsan haqqında elm tam mənada götürüldükdə hüdudsuzdur, onu öyrənmək uzun və çətin işdir. İnsan müxtəlif rəssamların seyr etməsi üçün sərgiyə qoyulmuş modelə bənzəyir. Hərə onun bir cəhətinə baxır, lakin hələ heç kəs onu bütövlükdə əhatə edə bilməmişdir.”

Fəlsəfi antropologiya rəsmi elm kimi keçən əsrin əvvəllərində M. Şeler və Q. Plesner tərəfindən Alamniyada yaradılmışdır. Lakin bu heç də o demək deyildir ki, ona qədər insan haqqında təlimlər mövcud olmamışdır.

İnsan varlığı haqqında Şərq və Qərb modellərinin yaranması sivilizasiya rarixində iki mədəniyyətin və mənəviyyatın mövcudluğundan irəli gəlir. Qərb mənəviyyatında istifadə olunan dini prinsip yaradan Allah və insan arasında müəyyən dualizmə əsaslanır. Şərq mədəniyyətində də Allah və insan arasında uçurum unudulmur, bununla belə insandakı ölməz, qeyri-cismani başlanğıcların olması ideyası qəbul olunur. Məsələn, hind mənəviyyatında belə bir təsəvvür vardı ki, Allah və insan arasında heç bir fərq yoxdur, insandakı ilahi başlanğıc elə Allahın özüdür; “Eqo” total şəkildə (bütövlükdə), mütləq “Mən”in (insanda həqiqi Mən olanın) naminə inkar edir. Qərbdə isə dindən yalnız Axirət günündə, özü də yalnız peyğəmbərlər imtina edə bilərlər (bu zaman onlar Allaha qovuşurlar).

Şərqdə insanlar Allahları seçirsə, Qərbdə əksinə, sanki, Allah insanları seçir. Şərqdə göstərilirdi ki, fövqəl biliyə nəyinki vəhy, həm də insana xas olan fövqəl-rasional, intuisiya yolu ilə nail olmaq mümkündür. Qərbdə isə bu yol qeyri-məqbul hesab edilirdi. Şərqdə əsasən diqqət idarəetməyə, mənəvi özünüifadəyə (o cümlədən kosmologiyaya) yetirilirsə, Qərbdə daha çox rasional fəallıq gözə çarpır. Şərqdə ali mənəvi ideal – Allah sifətində qərarlaşmaq, öz ifadəsini tapmaqdırsa, Qərbdə söhbət yalnız ruhun xilasından (o da Axirət günündə) gedir.

Müasir fəlsəfə ədəbiyyatda insanın təbinti və insanın mahiyyəti anlayışları fərqləndirilir. İnsanın təbiəti dedikdə - Homo sariens nəslinə xas olan daimi, dəyişilməz xüsusiyyətlər, ümumi qabiliyyət və keyfiyyətlər nəzərdə tutulur. İnsanın mahiyyətini isə onun zəkası, yaratdığı maddi və mənəvi sərvətlər, sosial həyatın müxtəlif formaları ifadə edir. Filosoflar insanın mahiyyətini müxtəlif şəkildə izah edir, onun təbiətə, cəmiyyətə, Allaha və özünə qarşı olan münasibətini öyrənirlər. Tədqiqatçılar insanın cismani, emosional, əxlaqi, mənəvi və sosial varlığını tədqiq edirlər.
Əslində qeyd olunan hər iki yanaşma bir-birini tamamlayır.

İctimai inkişafın nəticəsində insanın bioloji və sosial keyfiyyətləri arasında ziddiyyətlər yaranır, insan və təbiət arasındakı münasibətlər sosial-mədəni həyatın əsasında qurulmağa başlayır. Hər bir dövr insanda özünəməxsus iz buraxır, “yeni insan” tələbi ilə meydana çıxır, bu insan öz ilkin mahiyyətini yenisi ilə əvəz etməyə məcbur olur. Ağıllılıq, mənəviyyat, əxlaqi məsuliyyət – insanın başlıca keyfiyyətləridir, bu keyfiyyətlər insanın tarixi mahiyyətini ifadə edir. Fərd azad və universal təbii varlıq olaraq, özündə keçmişi, indikini və gələcəyi əks etdirir, bu yolla da özünü dəyişdirir.

İnsan - ictimai varlıqdır, o yalnız cəmiyyətdə, digər fərdlərlə ünsiyyətdə yaşaya bilər. İnsanlar öz tarixini özləri yaradırlar, lakin buradakı şərait, onların əvvəlki inkişafı ilə müəyyən olunur. İnsanın mahiyyəti haqqında ən dərin və ətraflı təsəvvürü real tarix verir, bu prosesdə insan öz mahiyyətini bütün rəngarəngliyi və zənginliyi ilə ifadə edə bilir.

Fəlsəfədə insan problemi əslində özünüdərk problemidir. Özünüdərk həm də incəsənətdə, dində, real həyatda ifadə olunur. Marksın qeyd etdiyi kimi, insan ideyası – dövrün təsəvvür olunma üsulunun elementidir. Filosofun baxışları nə dərəcədə dövrün məzmununu ifadə edə bilir? Bu suala cavab vermək çətindir. Çünki, XVIII əsrə qədər fəlsəfə ilə yalnız peşəkar, məhdud sayda şəxslər məşğul olmuşdular. Fəlsəfədə insan ideyasının inkişafı fəlsəfi dünyagörüşünün və ümumiyyətlə, düşüncə tərzinin səviyyəsindən asılı idi. Fəlsəfi təfəkkürdə uzun müddət mifoloji və ya dini şüurun elementləri yaşamışdır.

İnsan haqqında ilk təsəvvürlər hələ qədim Hind və Çin fəlsəfi təlimlərində ifadə olunmuşdu. Məsələn, Vedalarda və Upanişadlarda insanın mənəviyyatı, onu obyektlər və ehtiraslardan azad etmək yolları göstərilirdi. Burada fərdi ruhun (atmanın) dünya ruhuna, universal prinsipə (brahmana) qovuşması əsas yer tuturdu. Qədim Çində geniş yayılmış konfusiçilik və daosizm təlimlərində də insanın əxlaqı davranışı təbiət və kainat ilə əlaqələndirilir, tərbiyə məsələləri diqqət mərkəzində dururdu.

Qədim Çin fəlsəfəsində insanı, onun qabiliyyətlərini ilahiləşdirir, qiperbolik şəkildə ilk insan modelini yaradırdılar, insan haqqındakı mifoloji təsəvvürlər qrotesk şəklini alırdı. Qədim hind fəlsəfəsində də insanın strukturu kainatın strukturuna uyğun gəlirdi.

Ümumiyyətlə, Qədim Şərq fikrində insanın təbii və sosial aləminə humanist münasibət, onun daxili dünyasının təkmilləşdirilməsi başlıca yer tuturdu.

Qədim Yunan fəlsəfəsinin erkən dövründə də insanla bağlı müəyyən maraqlı fikirlər irəli sürülmüşdü. Lakin insana doğru həqiqi dönüşü sofistlər və Sokrat etmişdilər. Sofistlərin görkəmli nümayəndəsi Protaqor yazırdı: “İnsan bütün mövcudluqların ölçüsüdür, həm mövcud olan şeylərin ölçüsüdür ki, onlar mövcuddur, həm də mövcud olmayan şeylərin, çünki onlar mövcud deyildir.”

Qədim yunan fəlsəfəsində orfiklər insanda iki başlanğıcın (cismani, titanik və ali, mənəvi, dionisisayağı) olduğunu qeyd edirdilər; həyat əzabdır, bədəndəki ruh natamamdır, cisim-ruhun tabutu və həbsxanasıdır, yaşamağın məqsədi – ruhun cisimdən azad olmasıdır. Platonda bu ideya bədənin ölümə düçar olmasında və ruhun ölməzliyində ifadə olunur. Ümumiyyətlə qədim yunan filosofları insanın başlıca xüsusiyyətini ağılda görmüş, onun təbiət və mahiyyətini, yaşamağın mənasını, ruhun və cisminin münasibətini və digər problemləri dərindən öyrənmişdilər.

Sokrat insanın daxili dünyasına xüsusi diqqət yetirirdi. O özünün etik rasionalizm prinsipində göstərirdi ki, xeyirxahlıq bilik ilə ayrılmaz surətdə bağlıdır. onun fikrincə əxlaqi təkmilləşmə həqiqətin dərki deməkdir. Sokratın irəli sürdüyü “Özün-özünü dərk et” aforizmi bu gün də öz əhəmiyyətini saxlayır. Demokritin təlimində insan təbiətin bir hissəsi kimi, atomlardan ibarət hesab edilirdi. İnsanın ruhu da atomlardan təşkil olunur və bədən ölən kimi o da ölür. Platon isə ondan fərqli olaraq insanda ruhu ön plana çəkirdi. O göstərirdi ki məhz ruh sayəsində insan mövcuddur. Bədən ruha düşmən olan materiyadır. Aristotelin konsepsiyasında insan ictimai mahiyyət kəsb edən varlıq hesab olunurdu. onun fikrincə insanın digər bir mühüm keyfiyyəti ağla, zəkaya malik olmasıdır. Bir sözlə antik fəlsəfədə insan ali başlanğıca - taleyə tabe olan mikrokosmos kimi götürülürdü.

Orta əsrlər fəlsəfəsində insan Allahın yaratmış olduğu mövcudat kimi təsəvvür olunurdu. Xristian dini açıqca göstərirdi ki, o “Allahın obrazı və bənzəridir”. Bu təlimə görə insan ilahinin müəyyən etdiyi dünya qaydasının passiv iştirakçısıdır. İnsanın əsas vəzifəsi Allaha qovuşmaq və qiyamət günündə öz günahlarına görə cəza çəkməkdir. Bununla yanaşı orta əsrlərdə insan dünyanın mərkəzi və ali məqsədi kimi öyrənilir, dünyanın hər hansı bir hadisəsi insanın təcrübəsi və dəyərlər sistemindən keçirilib qiymətləndirilirdi.

2.İnsan mahiyyətinə yeni baxışYeni dövr fəlsəfəsində insanın fərdi mənafeləri, sosioloji və etik individualizmi ön plana çəkilir. Məsələn, Hobbsa görə insan insanın düşmənidir. Hamının hamıya qarşı mübarizəsi cəmiyyətin təbii vəziyyəti hesab olunurdu. İnsanlar arasında daim rəqabət baş verir. Digər tərəfdən həmin dövrdə antropoloji rasionalizm (insanın əsl mahiyyətini fikirləşməkdə, zəkada görmək deməkdir) meydana gəlir. Məsələn, R. Dekart belə hesab edirdi ki, fikirləşmək insanın mövcudluğunun yeganə dəqiq göstəricisidir. “Fikirləşirəmsə, deməli mövcudam” sözləri ona məxsusdur. XVIII əsr fransız materialistləri üçün insana mexaniki baxış, onun maşın kimi və təbiətin məhsulu kimi göstərilməsi səciyyəvidir. İnsana maşın kimi yanaşılması Lametrinin təlimində əsas yeri tutmuşdur. Holbax, Helvetsiy və Didro isə insanı təbiətin məhsulu hesab edirdilər. Onların mövqeyinə görə insanın fəaliyyəti qəti surətdə təbiət qanunları ilə şərtlənir. O hətta fikrən də təbiətdən kənara çıxa bilməz.

Fransız filosofu Klod Anri Helvetsi (XVIII əsr) “İnsan haqqında” əsərində belə yazırdı: “İnsanın qidasında həm bitki, həm də heyvan məhsulları var. O, zəif, pis silahlanmış, başqa daha güclü heyvanlar qarşısında aciz idi, daha sonra vəhşi heyvanlardan qorunmaq üçün birləşməli oldu. İnsan nəsli artdıqca, torpaqlar becərildi, siyasi ittifaqlar bağlandı, qanunlar yaradıldı.”

Ünsiyyət anadangəlmə qabiliyyətdirmi? – sualına cavab verərək o göstərirdi ki, həm adamda, həm də heyvanda ünsiyyət daxili tələbatdan irəli gəlir. Maraq və tələbat hər hansı ünsiyyətin əsasıdır. Ailə əlaqələri dövlətinkindən gərək güclü olmasın. Təsadüfi deyildir ki, əzəldən adamlarda vətənə, ədalətliyə məhəbbət aşılayırlar. Belə olmasaydı oğul, ata məhəbbəti naminə qonşunun və ya dövlətin cibinə girərdi ki, öz rifahını yaxşılaşdırsın. Dünyada nə qədər ailə varsa bir o qədər kiçik mənafe və tələbatlar vardır və onlar bir çox hallarda bir-biri ilə toqquşur.

- Təbiət əxlaqi hissləri bizə bəxş etməyib. Təsadüfi deyil ki, din Allah-taalanın insanlara bir-birini, valideynləri sevməyi vəsiyyət etdiyini söyləyir.

- insanların bir-birinə olan bu məhəbbətinin əsasında bir-birinə kömək etmək zərurəti, müəyyən tələbatlar, gündəlik praktiki həyat durur.

Klassik alman fəlsəfəsində insan mövzusu çox geniş müzakirə olunmuşdur. Bu fəlsəfənin banisi İ. Kant göstərirdi ki, ““İnsan nədir?” sualı fəlsəfənin əsas məsələsi, insanın özü isə bütün dünyada başlıca predmetdir”. Kant insanın bir tərəfdən təbii, digər tərəfdən isə əxlaqi mövcudat olduğunu qeyd edirdi; o həm də göstərirdi ki, ikinci tərəf üstündür. Kant insanı öz fəaliyyətində müstəqil və azad görmək istəyirdi. Bu fəaliyyət qəti imperativə (insanın daxilindən gələn və onun şəxsiyyət kimi mükəmməlliyini ifadə edən tələb) əsaslanmalıdır. O heç vaxt hər hansı bir məqsədi həyata keçirməyin vasitəsi olmamalıdır.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...