Çəkir varlığımı dara gözlərin,
Aparır ruhumu hara gözlərin?
Qara bir məhbəsdir qara gözlərin,
Burax gözlərinin həbsindən məni. Yandırıb yaxmaqda od qüdrəti var,
Təkcə mən bilirəm nə hiddəti var,
Axı cəzanın da bir müddəti var
Burax gözlərinin həbsindən məni.
Qaldım cazibəndə, bihuş kimiyəm,
Mərhəmət gözləyən baxış kimiyəm.
Qəfəsə salınmış bir quş kimiyəm.
Burax gözlərinin həbsindən məni.
Günüm elə səndən şikayət olub,
Bu sevgi bir dastan, hekayət olub.
Məhəbbət nə vaxtdan cinayət olub?
Burax gözlərinin həbsindən məni.
Zindana könüllü saldım özümü,
Eybi yox, payıza döndər yazımı,
Mən günah eyləyim, artır cəzamı,
Saxla gözlərinin həbsində məni!