İntelligentik, gəzərik naz ilə,
Ömr edərik nəşeyi-dəmsaz ilə,
Həftədə bir dilbəri-tənnaz ilə,
Həmdəm olub işləri sahmanlarıq,
Ay bərəkallah, nə gözəl canlarıq! Xoşlamırıq bir para nadanları
Şiveyi-nisvani-müsəlmanları,
Neyləyirik Fatma-Tükəzbanları?!
Annaları, Sonyaları yanlarıq,
Ay bərəkallah, nə gözəl canlarıq!
Bir para biəqlü fərasət bizə
Eyləyir isnadi-qəbahət bizə,
Eyləyir etsin də nəsihət bizə,
Bir bunu qanmır ki, biz irfanlarıq,
Ay bərəkallah, nə gözəl canlarıq!
Kimsəyə yox dəxli ki, biz işrəti
Xoşlayırıq, boşlayırıq külfəti.
Güşeyi-qəstinde olan ləzəti
Xaneyi-viranda haçan anlarıq?!
Ay bərəkallah, nə gözəl canlarıq!
İntelligentik, bu ki, böhtan deyil,
Türki danışmaq bizə şayan deyil,
Türk dili qabili-irfan deyil
Biz buna qail olan insanlarıq!
Ay bərəkallah, nə gözəl canlarıq!
Türk qəzeti verse de əqlə ziya,
Mən onu almam əlimə mütləqa
Çünki müsəlmanca qonuşmaq bana
Eybdir! Öz eybimizi anlarıq!
Ay bərəkallah, nə gözəl canlarıq!
Yox işimiz məcməi-islam ilə,
Püxte nasıl söhbet eder xam ilə?
Çünki klublarda sərəncam ilə
Hər gecə bir mətləbi ünvanlarıq
Ay bərəkallah, nə gözəl canlarıq!