CÜMƏ, 2024-03-29, 4:04 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ İÇƏRİ ŞƏHƏR - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » İÇƏRİ ŞƏHƏR
İÇƏRİ ŞƏHƏR
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-09-25, 4:34 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
İçəri şəhər

Qala divarları ilə əhatə olunduğuna görə xalq arasında Qala da adlanır. Bu qədim yaşayış məskəni Azərbaycan xalqının dəyərli mədəni irsidir.[3] Hal-hazırda həm yaşayış məhəlləsi, həm də tarix-memarlıq kompleksidir.
İçəri Şəhər kompleksi Xəzər dənizinin sahillərində, alçaq təpədə salınıb. Yaşayış məskəni hündürlüyü 8-10 metr, eni 3,5 metr olan divarla əhatə olunmuşdur. Sahəsi 22 hektar olan ərazidə yerləşir.
İçəri Şəhər Orta Şərqin ən qədim məskənlərindən biridir. Qazıntılar göstərir ki, bu ərazi hələ bürünc dövründə məskunlaşmışdır. XIX əsrədək bir neçə minlik məhəllə elə Bakının özü demək idi. [4] İçəri Şəhər bütövlükdə bir şəhərsalma mədəniyyəti nümunəsidir. Buradakı üç abidə - Qız qalası, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi dünya, 28 abidə isə ölkə əhəmiyyətlidir.
Tarixi qoruq həm də faktiki yaşayış məskənidir, burada 1300 ailə yaşayır.
İçəri Şəhər tarixən ümumi əlamətlərlə birləşən bu məhəllələrdən ibarətdir: Ağşalvarlılar, Gəmiçilər, Arabaçılar, Hamamçılar, Seyidlər, Cuhud Zeynallar (yəhudi məhəlləsi) və s.[5] Şəhərə Şamaxı (XII əsr) və Salyan darvazalarından daxil olmaq olardı.[Mənbə göstərin] XIX əsrin axırlarında daha bir neçə darvaza tikildi. Müxtəlif vaxtlarda inşaatçılar və arxeoloqlar yeraltı keçidlər aşkar etmişlər.[6]
İçəri Şəhər kompleksi 1977-ci ildə tarix-memarlıq qoruğu statusu almış, 2000-ci ilin dekabrında Qız qalası və Şirvanşahlar Sarayı ilə birlikdə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınmışdır.[7]
İçəri Şəhərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnoqrafiya İnstitutunun Muzeyi, Azərbaycan Milli Ensiklopediyasının Ensiklopedik Mərkəzi yerləşir. Məhəllədə məhsulları oradakı sərgi salonunda nümayiş etdirilən xalça sexi də yerləşir.

Bakının qədim yaşayış məskənləri
Tarixi mənbələr göstərir ki, Azərbaycanın bir çox şəhərləri kimi Bakı da antik dövrdə iqtisadi cəhətdən inkişaf etmiş və tarixi yaşayış məntəqəsinin böyüməsi nəticəsində meydana gəlmişdir. Bаkının kiçik yаşаyış məntəqəsindən şəhərə çеvrilməsində neft və duz kimi təbii sərvətlər böyük rol oynamışlar.
IV-VIII əsrlərdə təbii sərvətləri və iqtisadi durumunu qorumaq üçün Azərbaycanın ərazisində bir sıra müdafiə xarakterli istehkamlar və qala divarları ucaldılmışdır. Həmin dövrdə Azərbaycanda formalaşmış tarixi və iqtisadi mühit ölkə mədəniyyətinin bir çox sahələrinin inkişafına təkan verir.
Bakı qədim zаmаnlаrdаn həm Cənubi Qafqazda, həm də Yахın Şərqdə əhаlinin sıx məskunlaşdığı və inkişaf etdiyi şəhərlərdən biri kimi tаnınmışdır. Təbii-cоğrаfi şərаiti, təbii sərvətlərin bоlluğu, buradan kеçən bеynəlхаlq əhəmiyyətli ticаrət yоllаrı bu şəhərin iqtisаdi cəhətdən inkişаfınа kömək еtmişdir. Mülаyim iqlimi, məhsuldаr tоrpаğı, bоl su mənbəyi burаdа əsrin əvvəllərindən başlayan iqtisadi inkişaf üçün əsаs zəmin оlmuşdur.
Erаmızın əvvəllərində yunаn-roma аstronоmu və cоğrаfiyаşünаsı Klаvdi Ptolemеy (70-147) "Coğrafiya" kitabında Аlbaniyanın ərazisindəki 28 şəhərin аdını çəkərkən Bakını Baruka və ya Qaytara kimi göstərir.
Bаkının müqəddəs оdlаr diyаrı kimi tаnınmаsı оnun həyаtındа mühüm rоl оynаmışdır. Ərəb istilаsınа qədər Аzərbаycаnın müхtəlif vilаyətlərində atəşpərəstlik, bütpərəstlik və xristianlıq yаyılmış və оnlаrın dini ibаdət yеrləri mövcud оlmuşdur. Аtəşpərəstliyin əsаs оcаqlаrındаn biri də qədim Bаkı idi. Mənbələrdə 624-cü ildə Bizаns impеrаtоru İrаklinin (610-641) Bаkıyа gəlməsi və bir çох аbidələri dаğıtmаsı hаqqındа məlumаt dа vаrdır.

Bakı tarixində İçəri Şəhər dövrü
Qədimdə üçqat qala divarları, Qız qalası və digər fortifikasiya qurğuları ilə bərabər şəhər bütövlükdə möhtəşəm müdafiə istehkamını xatırladırdı. Digər orta əsr şəhərləri kimi Qala divarı içində olan bütün binalar (Şəhristan) da taktiki və strateji baxımdan müdafiə xarakteri daşıyırdı.
İri meydan və enli küçələrin şəhərin içərilərinə doğru getdikcə geometrik planda kiçilib sıxlaşması şəhər əhalisinin də bütün gücü ilə müdafiə işinə cəlb olunmasından xəbər verir. Belə ki, düşməndən müdafiəyə qala divarları və ya əsgərlər tab gətirməzdilərsə, bu işə şəhər əhalisi də fəal cəlb olunurdu. Əvvəla süvarilər dar küçə və dalanlara girə bilmirdilər. Çünki, bu dalanlarda atların geriyə dönməsi və idarə olunması mümkün deyildi.
İçəri Şəhəri əhatə edən qala divarları Azərbaycan ərazisindəki digər qədim istehkamlar və müdafiə xarakterli tikililərdən öz orijinallığı və möhtəşəmliyi ilə seçilir. Azərbaycan Böyük İpək yolunun üzərində yerləşən əsas məntəqələrdən biri olduğuna görə, İçərişəhərdə çoxlu karvansara və ticarət binası inşa edilmişdir. XV əsrdə Bakının Şirvanşahlar dövlətinin paytaxtına çevrilməsi ilə əlaqədar olaraq tikilmiş Şirvanşahlar sarayı kompleksi İçərişəhərin simasına xüsusi bir yaraşıq və əzəmət vermişdir. Kompleksə daxil olan saray binası, divanxana, türbə və məscidlər binaların miqyasının məharətlə uyğunlaşdırılması, yerli tikinti materiallarından uğurla istifadə olunması, bədii oymaların və memarlıq elementlərinin ahəngdar şəkildə yerləşdirilməsi ilə seçilir. XIX əsrin ortalarında Bakıda neftin sənaye üsulu ilə istehsalına başlanması İçərişəhərin simasına öz təsirini göstərmişdir.
İçəri Şəhərdə ticаrət mеydаnlаrı, küçələr və böyük məhəllələr mеydаnа gəlmişdi. O, sözün əsl mənаsında dахili məhəlli strukturlаrа mаlik olub hər şеydən əvvəl iqtisаdi mərkəz кimi fоrmаlаşmışdı. Yəni оnun özünüidаrəsi dахili və ətrаf yаşаyış məntəqələrinin sаkinlərinin məişət və təsərrüfаt həyаtındа аpаrıcı rоl oynayır, yахın və uzаq yеrlərlə sıх iqtisаdi-mədəni əlаqədə saxlayırdı.
İçəri Şəhərdə, Şirvanşahlar sarayı ərazisində və onun ətrafında aparılan arxeoloji qazıntılar zamanı VIII əsrə aid çox sayda keramika qırıntıları, bir sıra məişət əşyaları, xeyli təndir, sənətkarlıq məmulatı, VII-VIII əsrlərə aid edilən orta əsr feodal şəhərinin əhalisi sıx olan məhəlləsinin tikililərinin və evlərinin qalıqları aşkara çıxarılmışdır.
Qədim qala ərazisindən VIII-IX və sonrakı əsrlərə aid sikkələr tapılmışdır. Bakı bölgəsində tapılmış V-VII əsrlərə aid Sasani sikkələrindən ibarət iki böyük dəfinəni də qeyd etmək lazımdır. Həmin sikkələrin Bakı ərazisində üzə çıxması erkən orta əsrlərdə burada Azərbaycanın bir sıra şəhərləri ilə və başqa ölkələrlə daxili və xarici ticarətin inkişaf etdiyini göstərir.[8]
İçəri Şəhərdə aparılan qazıntılar zamanı 6 metr dərinlikdə divar hissələri və tikililərin qalıqları, evlərin bünövrələri, təpənin zirvəsindən dənizin sahilinədək bir sahəni tutan orta əsr Azərbaycan şəhərinə məxsus təndiri və su quyusu olan həyətlər aşkara çıxarılmışdır. Bu tikililərin daha erkən dövrə aid olduğu ehtimal olunur. İçəri Şəhərdə aparılan qazıntılar burada feodalizmə qədərki şəhər, yaxud yaşayış məskəni aşkara çıxarmamışdır. Güman edilir ki, qədim Bakı bir sıra əfsanələrdə işarə vurulduğu kimi, Qız qalasının yaxınlığında, su altında qalmış buxtanın yerində yaxud Bibiheybət və ya Şıx kəndi rayonunda olmuşdur.[9]
Arxeoloji qazıntılar nəticəsində İçəri Şəhər ərazisində orta əsr şəhərinə məxsus, əhalisi sıx olan məhəllələr aşkar edilmişdir. Bu, Bakı şəhərinin VIII-XI əsrlərdə və sonralar mövcud olmasına dair mənbələrin verdiyi məlumatı təsdiq edir. Şəhər olduqca böyük bir ərazini tutaraq, dənizə qədər uzanırdı.
Şirvanşahlar sarayı ərazisində aparılan arxeoloji işlər zamanı yaşayış binalarının qalıqları, təndirlər, su quyuları, taxıl və zibil quyuları, çoxlu miqdarda şirli saxsı qab qırıntıları, sikkələr və digər maddi mədəniyyət və məişət qalıqları meydana çıxarılmışdır. İçərişəhərin şimal tərəfində, uçurulmuş evin yerində, 80 kvadrat metr sahədə, XII-XIII əsrlərə aid divarların altında, 5,5-6 metr dərinlikdə Bakı yüksəkliyinin qayaları üzərində ev divarları, təndirlər, ocaqlar aşkar edilmişdir. Qayada üç təsərrüfat quyusu oyulmuşdur.
VIII-X əsrlərə aid bu təbəqədə adi və şirli keramika tapılmışdır. Şirvanşahlar sarayının şərq tərəfində 16x8 m sahədə aparılan qazıntılar torpaqaltı təbəqəyə qədər (təqribən 6 metr dərinlikdə) çatdırılmışdır. Düzbucaqlı bina divarlarının bünövrələri ilə yanaşı, su və təsərrüfat quyuları, təndirlər üzə çıxarılmışdır.
Çoxlu miqdarda adi və şirli qablar və onların qırıntıları tapılmışdır. Üst təbəqədən tapılmış şirli keramikada anqob və manqanla işlənmiş naxışlarla, oymalarla və müxtəlif rəsmlərlə bəzədilmiş polixrom qablar üstünlük təşkil edir. Alt təbəqədəki keramikada isə monoxrom naxışlı qablar çoxdur. Tapılmış qablar arasında cam, kasa, boşqab, bardaq var. Kasaların diibnə, qabarıq möhürlər vurulmuşdur. Adi saxsı qablar dar və genboğaz bardaqlardan, qazanlardan, kasa və çıraqlardan ibarətdir. Çoxlu daş kirkirə aşkara çıxarılmışdır. Şirvanşah adından zərb edilmiş mis sikkələr, mis və dəmir əşyalar, şüşə və fayans məmulatları və i.a. tapılmışdır.

Kompleksin qorunmasında dövlətin rolu
1952-1957-ci illərdə İçəri Şəhərin qala divarları bərpa edilmişdir. 1977-ci ildə İçəri şəhərə tarix-memarlıq qoruğu statusu verilmiş, 1985-ci ildə isə o Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir.
17 fevral 2003-cü ildə Prezident Heydər Əliyev "Bakı şəhərində İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzaladı[11]. Sərəncamdan sonra burada tikinti işləri dayandırıldı və şəhərin tarixi simasının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməyə başlandı.
10 fevral 2005-ci ildə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında" sərəncam imzaladı.[12] 17 dekabr 2009-cu ildə ""İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun inkişaf tədbirləri haqqında" prezident sərəncamına əsasən, İçəri Şəhərin ərazisində uçmuş və uçmaq təhlükəsi olan, tarixi-memarlıq əhəmiyyətinə malik olmayan tikililərin yerində, ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmaqla turizm infrastrukturu obyektlərinin qurulması, yaşayış binalarının təmiri və mühəndis kommunikasiyalarının dəyişdirilməsi, ərazidə abadlaşdırma işlərinin aparılması üçün vəsait ayrılmışdır.
İçəri Şəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi, bərpası və orada arxeoloji işlərin aparılması məsələləri də müvafiq normativ hüquqi aktların və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin tələblərinə uyğun şəkildə həll edilir. Mövcud qanunvericiliyə görə, Qoruğun ərazisində yerləşən elmi, tarixi və ya mədəni əhəmiyyətli bütün abidələr dövlət tərəfindən qorunur, onların dağıdılması, köçürülməsi və dəyişdirilməsi qadağan olunur. Hazırda İçəri Şəhərin qorunması, tədqiqi və təbliği ilə Qoruq İdarəsi məşğul olur.
İçəri Şəhərdəki Məhəmməd məscidi (inşa etdirən-Məhəmməd ibn Əbubəkr) Almaniyanın Remmers və Avstriyanın Atelier Erich Pummer GmbH şirkətlərinin mütəxəssisləri tərəfindən bərpa edilir.[13]
Dini versiyalardan birinə görə İçəri Şəhərdə pravoslav xristanları arasında İsa peyğəmbərin on iki həvarisindən biri Varfolomeyin həlak olduğu iddia edilir .[14] [15][16][17]

İçəri Şəhər kompleksi mədəniyyətdə
İçəri Şəhər kompleksinin fraqmentlərinə digər mədəniyyət və incəsənət nümunələrində daima rast gəlinir. Kompleksin cizgilərindən xalçalarda, rəsm və incəsənət əsərlərində geniş istifadə edilir. Kompleks beynəlxalq aləmdə Azərbaycanın tanınma nişanlarından birinə çevrilmişdir.
İçəri Şəhərin təsvirləri tarix boyu ərazidə mövcud olmuş dövlətlərin sikkələrində daim təsvir olunmuşdur. Kompleksə daxil olan Qız qalası 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildikdən sonra onun ilk kağız pullarının üzərində öz əksini tapmışdır.
İçəri Şəhərin sxematik təsviri Azərbaycan Respublikasında 2005-ci il pul islahatından sonra yeni 10 manatlıq əskinasda təsvir edilmişdir.[18]

1. Arşın Mal Alan (1945), rejissor: Rza Təhmasib, Nikolay Leşşenko
2. O Olmasın, Bu Olsun (1956), rej. Hüseyn Seyidzadə
3. Telefonçu Qız (1962), rej. Həsən Seyidbəyli
4. Əhməd Haradadır? (1963), rej. Adil İsgəndərov
5. Arşın Mal Alan (1965), rej. Tofiq Tağızadə
6. Uşaqlığın Son Gecəsi (1968), rej. Arif Babayev
7. Bir Cənub Şəhərində (1969), rej. Eldar Quliyev
8. Şərikli Çörək (1969), rej. Şamil Mahmudbəyov
9. Gün Keçdi (1971), rej. Arif Babayev
10. Ən Vacib Müsahibə (1971), rej. Eldar Quliyev
11. "Amfibiya adam" (1961), rej. V.Çebotaryov və G.Kazanski (Mosfilm)
12. "Aybolit-66" (1966), rej. R.Bıkov (Mosfilm)
13. "Brilliant əl" (1968), rej. L.Qayday (Mosfilm)
14. "Tehran-43" (1981), rej. A.Alov və V.Kaumov (Mosfilm)

Sənədli filmlər
1. İçəri Şəhər (1964), rej. Əlibala Ələkbərov
2. İçəri Şəhər (1978), rej. Nicat Bəkirzadə
3. İçəri Şəhərdə gəzinti (2003), rej. Cavid İmamverdiyev

 
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » İÇƏRİ ŞƏHƏR
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...