CÜMƏ AXŞAMI, 2024-03-28, 9:21 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ALBAN XAÇ DAŞLARI - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » ALBAN XAÇ DAŞLARI
ALBAN XAÇ DAŞLARI
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-09-25, 12:52 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Alban xaç daşları

Alban xaçını digər xristian xaçlarından fərqləndirən özəlliklər mövcuddur. Bunlardan biri ənənəvi xristian xaçlarından fərqli olaraq, alban xaçının dörd tərəfinin də bərabər uzunluqda olmasıdır. Alimlər bu cəhəti müxtəlif şəkildə izah edirlər. Bəzi alimlərin fikrincə, bu, albanların sülhpərvər olduğunu göstərir. Simvolikada isə bərabərtərəfli xaç tarazlıq rəmzidir. Alban xaçını fərqləndirən digər cəhət onun tərəflərinin ucunun sonda üç tərəfə şaxələnməsidir ki, bu da onu qriqoryan xaçından fərqləndirir və qarışıq salınma ehtimalını sıfıra endirir. Bəzi məbəd və qəbir daşlarının üzərindəki xaçların tərəfləri arasında günəş şüalarına bənzər xətlər də təsvir olunmuşdur. Bu cür xaçlar xristianlığın erkən dövrünə aid edilir. Tədqiqatçılar bu xaçların albanların xristianlıqdan əvvəl günəşə və oda sitayiş etdiyini göstərdiyini qeyd edirlər. Alban məbədlərinin üstünə həkk olunmuş bu xaçlar onların əsl sahibindən - albanlardan xəbər verir. Lakin ermənilər zaman-zaman məbədlərdəki bu cür xaçları məhv etməyə və albanların izini itirməyə çalışıblar.
Alban xaçı
Qafqaz Albaniyasının xatirə stellalarının memarlıq-kompozisiya, konstruktiv və dekorativ-plastik həlli onların məna və simvolik özümlülüyündən ayrılmazdır. Qafqaz Albaniyasının erkən və yetkin orta əsr xatirə plastikasında xristianlıqdan əvvəlki müəyyən dünya görüşü və simvolik təsəvvürlər əks olunmuşdur. Alban xaç daşlarnın obrazları bir çox əsrlər ərzində, əvvəlcə dini simvolika stellalarının obrazlarında üzvi şəkildə çarpazlaşmış iki, sonra üç dinin təsiri altında təşəkül etmişdi. Xaç daşlarının bütün özümlülüyü, orijinallığı və erməni xaçkarlarından əsaslı fərqi də bundan irəli gəlir. Alban qəbir, xatirə və sərhəd stellalarının, xaç daşlarının yaranmasında, göstərildiyi kimi, üzərində dünyanın quruluşu haqqında təsəvvürlər və bütpərəstlik simvolikasının təsvirləri qalmış xristianlıqdan əvvəlki stellalar müəyyən rol oynamışdır. Əvvəllər günəş, məhsuldarlıq, həyat ağacı simvolu olan xaç onların yeni xristian dininə aid olduğunu təsdiq edir. [1]
Əgər erməni xaçkarlarında simvolik və bədii traktovkanın əsasında bütün kompozisiyanın və bəzək tərtibatının tabe olduğu xaç təsviri durursa, alban xaç daşlarında xaç obrazı adətən dərinlik və hündürlük üzrə ümumi, çoxpilləli traktovkada əriyib itən bir neçə - 2, 4, 6 kiçik xaçlara xırdalanaraq sanki bəzək tərtibatına qarışır və bu tip xaçlar özündən əvvəlki həyat ağaclarının təsvirlərinə yaxınlaşır. Alban xaç daşlarında xaç əsas deyil, əksinə stellanın tam, bitkin həll olunmuş obrazıdır.
Əgər xaçın adətən çatma tağlı taxçada, bir növ stilizə olunmuş müsəlman mehrabında yerləşdiyini, onun yuxarısında və aşağısında təmiz bütpərəstliyə məxsus mövzuda təsvirlərin olduğunu nəzərə alsaq, alban xaç daşlarının erməni xaçkarlarından əsas fərqini görərik. Erməni xaçkarlarının hamısının obrazı bir qayda olaraq xristian dininin bədii kanonlarına tabe olurdu.
Alban xaç daşları plastikliyi, fikir dərinliyi və əsrlər ərzində formalaşmış xalq etiqadı və ənənələri əsasında yaranmış memarlıq, inəsənət və dini simvolikanın üzvi sintezi nəticəsində meydana çıxan memarlıq-bədii məsələlərin həllindəki cəsarətliliyi ilə heyrət doğurur.
Son dövrlərdə ermənilər albanlara məxsus xaç daşlarını və xaç nümunələrini də mənimsəməyə çalışırlar. Onu da qeyd etmək yerinə düşərdi ki, Alban dövrünə qədər Qafqazda heç bir dini qrupa və ya cərəyana aid olan xaçlara rast gəlinmir. Xaç rəsmlərinin meydana gəlməsinin tarixi xristianlıqdan çox-çox qabaqkı dövrlərə aid edilir. Xaçların yaranması qədim türk əsatirlərində göstərildiyi kimi, insanların oda, günəşə etiqadından irəli gəlirdi. İnsanlar yeri, kainatı qızdıran, torpağa, suya hərarət və can verən böyük möcüzə sahibi günəşin obrazını daş, qaya üzərində həkk edərək ona sitayiş edirdilər. Oda, günəşə etiqad Azərbaycan ərazisində o qədər güclü olmuşdur ki, hətta indi də xalq arasında günəşə və oda and içirlər. İnsanlar arasında günəşin möcüzəsinə olan bu inam artdıqca onların daş üzərində ifadə etdikləri günəşin müxtəlif obrazlarının bədii forması da zaman-zaman insanların təfəkkürünə uyğun olaraq dəyişir, mürəkkəbləşir və daha da inkişaf edirdi.
Araşdırmalar göstərir ki, xaçların yaranmasında hələ xristianlıqdan çox-çox qabaq qədim türk tayfalarının böyük rolu olmuşdur. O zamankı insanların günəş obrazını yerdə, torpaq üzərində yaradaraq, ağac, daş üzərində yüksəyə qaldıraraq yenidən göylərə qovuşdurmaq istəyi xaçların indiki formasının meydana gəlməsinə səbəb olmuşdur.
Məhz bu səbəbdəndir ki, alban xaçları özünün daha çox klassik ənənələrinə uyğunlaşdırılırdı. Belə ki, alban xaçları xristianlığaqədərki elementlər və dini ayinlərlə birbaşa bağlıdır.
Xaç obrazı, alban xaç daşlarında sanki müxtəlif bir-birinə aidiyyatı olmayan dekorativ tərtibatları qovuşdurur. Alban xaçı dünyada yeganə xaçdır ki, xristianlığaqədərki inamların və kainatı dərketmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq, nur və məhsuldarlıq simvolu kimi əks olunmuşdur.
Tədqiqatlar sübut edir ki, Qafqaz Albaniyasının erkən xristianlıq incəsənətinin meydana çıxması və inkişafı tamamilə orijinal, özünəməxsus yolla getmişdir. Bütün alban yazılı daşlarının üzərindəki xristianlığa qədərki inamların və kainat qüvvələrinin qanunauyğun şəkildə yerləşməsi ilə dini-bədii qanunlara tabe edilmiş özünəməxsus təsvirlər təşkil edir ki, bu da başqa xalqların xaç təsvirlərində yoxdur. Odur ki, alban daş yazı nümunələrinin (xaç daşlarının, baş daşlarının və nişan daşlarının) bu cür orijinallığı və özünəməxsusluğu onu digər xalqların daş yazı nümunələrindən köklü surətdə fərqləndirir.
XIX əsrin əvvəllərində Cənubi Qafqazda kök salmış ermənilər özlərinin "böyük fəlsəfi təfəkkürə malik xalq" və digər millətlərdən üstün olduqlarını göstərmək üçün son zamanlar öz dini rəmzlərinin, xaçlarının təkmilləşdirilməsi ilə məşğul olurlar. Onlar sadə, heç bir bədii məna kəsb etməyən erməni xaçlarının bu cür yeniləşməsində alban xaç daşlarının bədii nümunələrindən və ornamentlərindən istifadə edirlər. Qeyd etmək yerinə düşərdi ki, erməni dini simvolları və rəmzləri, xüsusilə xaç təsvirləri sadə formada olduqlarından, özünün bədii üslubuna və xarakterinə görə heç bir məna və əhəmiyyət kəsb etmir. Çünki erməni-qriqoryan xaçları hazırlanarkən onların təsvirlərində, dekorativ sənət nümunələrindən, müxtəlif ornamentlərdən və digər bəzək nümunələrindən istifadə edilməmişdir. Ona görə də erməni-qriqoryan xaçlarının dövrümüzə qədər olan bütün nümunələri sadə formada olub, öz xüsusiyyətlərinə görə bədii sənət əsərləri sayılmırlar. Bu xaçlar sadəcə olaraq kilsələrdə dini ayinlərin icrasında istifadə olunan adi bir dini vasitədən başqa bir şey deyildir.
Xaçın xaç daşları
Xaçın alban knyazlığı dövründən yadigar qalmış xaç daşları əsasən Kəlbəcər rayonu ərazisində tədqiq edilmişdir. Bu tədqiqatı ilk dəfə memarlıq elmləri doktoru D.A.Axundov və fəlsəfə elmləri namizədi M.D.Axundov aparmışdır.
Kəlbəcər rayonu ərazisində Cahartağ (dördtağlı kompozisiya) şəklində həll olunmuş və tağbəndli hündür stilobat üzərində qaldırılmış qədim bütxananın yaxınlığında tapılmış stelalarda iki dinin - xristian və çox güman ki, mitraizm dinlərinin incəsənəti müşahidə olunur. Həmçinin ayrı-ayrı yerli dini təriqətlərin də təsiri ehtimal olunur. D.A.Axundov Kəlbəcərdəki bir xaç daşı bu cür təsvir edir: "İkiqat düzbucaqlı çərçivə içərisində antropomorf tanrı təsvir olunmuşdur. Onun başında üz əvəzinə çevrə daxilində ulduz-günəş, kosmik işıq-cənnət sferası (haqqında bəhs edilən stelanın ölçüləri, basma şəkilləri 1980-ci ildə memar Abdullayev Tofiq Ələkbər oğlu tərəfindən götürülmüş, fotoşəkilləri çəkilmişdir) rəmzi verilmişdir; əlində dairə şəklində girdə ay-məhsuldarlıq rəmzi vardır, qarnından aşağıda isə başındakına nisbətən bir qədər kiçik dairə daxilində, həmçinin ulduz – yeraltı dünya və ya ona giriş təsvir olunmuşdur". Bunlar qədim albanların şüurunda dünyanın aydın üçpilləli modelidir. İnsan fiqurunun özü isə göstərilən bütün dünyaları bir-biri ilə birləşdirən dünya oxudur.
D.A.Axundov qeyd edir ki, bu xatirə daşından bir qədər kənarda xristianlıqdan əvvəlki dövrə aid digər bir stela tapılmışdır. Bu stelada düzbucaqlı çərçivə içərisində cızma texnikasında qadın, güman ki, Ay ilahəsi Selena, yaxud Anahid təsvir olunmuşdur. Təsvir olunan iki xaçdaşdan əlavə Kəlbəcərdə daha dörd xatirə daşı aşkarlanmışdır. Onlardan dövrümüzə yaxşı çatanı cahartağda qoyulmuşdur. Dörd xaçdaşın hər biri kompozisiya baxımından dərin oyulmuş hamar fondan, əsas və əlavə xaçları həcmli verilməyən ikinci dekorativ müstəvidən ibarətdir. Üçünün naxışlı haşiyəsi, birinin isə xaçla bir səviyyədə həll olunmuş saya çərçivəsi vardır. İki xaçdaşın hər birində ikinci dərəcəli kiçik, həm də dərinə batırılmış dörd xaç (güman ki, dörd cəhətin rəmzləri) vardır. Əsas xaçlar yeraltı səltənətə girişi təmsil edən bir neçə çevrədən ibarət, zəngin naxışlı, aşağıdakı xonça ilə ahəngdar bir şəkildə çarpazlaşmış simvolik dağdan (bir-birinin daxilinə yerləşdirilmiş pilləli üçbucaqlardan yaranıb) yuxarı qalxan qollu-budaqlı həyat ağacı şəklində təsvir olunmuşdur.
Xotavəng alban monastrında yan-yana qoyulmuş iki xaç daş da olduqca maraqlıdır. Bir-birinin üstündə iki dairəvi xonça olan birinci xaçdaş öz orijinallığı ilə tədqiqatçıların diqqətini cəlb etmişdir. Aşağıdakı böyük xonça yeraltı səltənətin və ya oraya girişin rəmzidir, yuxarıda isə onun içində meridional şəkildə əlavə dörd kiçik xonça yerləşir. Çox güman ki, bu səmanın dörd səmtinin-cənnət sferasının rəmzidir və yaxud planetlərin əbədi hərəkəti ilə hüdudsuz işıq fəzasını təcəssüm etdirir. Onların üstündə həyat ağacı şəklində xaç təsvir olunmuşdur. Xaçdaşın bədii simvolik traktovkası incə işlənmiş qurşaqla tamamlanır, onun mərkəzində, xaçdan yuxarıda üçləçəkli tağın içərisində bürcləri, səmanın möhkəmliyini, göy cismlərini – cənnət sferasını təcəssüm etdirən üç çarpazlaşmış xonça yerləşir.
Soldakı xaç daş da siluetinə görə sağ tərəfdəki xatirə daşına oxşar şəkildə həll olunmuşdur. Onun aşağı hissəsində şəbəkəli dairələrdən toxunmuş və ustalıqla naxışlanmış böyük xonça yerləşir. Yuxarıda yanlarda iki kiçik xonça yerləşir ki, onlar da birlikdə ilahi üçlüyü təşkil edir. İki xonçanın arasındakı üçbucağın təpəsində bir-birinin içərisində yerləşən iki kiçik dairə vardır. Üçbucaq və dairə günəşi təmsil edir, ondan həyat ağacı-məhsuldarlıq rəmzi şəklində xaç yüksəlir. Bu xaç daş birinci xaç daşa anoloji olaraq işlənmiş qurşaqla tamamlanır. Onun üçləçəkli tağında taxtda oturmuş tanrı təsvir edilmişdir. Hər iki xaç daş tam orijinal və təkrarsız tamamlanır. Xaçın yuxarı budağından qanadlı dairədə kiçik haça çıxır. Xristian simvolikası ilə ağlasığmaz tərzdə birləşmiş cüt Ahur-Mitra tanrılarının aşkar rəmzidir ki, bu da yalnız Qafqaz Albaniyasının stelalarında müşahidə olunur.
Artsak xaç daşları
Tarixi Artsak (Artsak qədim türkcə "art"-dağlıq ərazi, yüksəklik sözü və sak etnonimindən ibarət olmaqla "Sak yüksəkliyi" anlamını verir) vilayətinin ərazisində də orijinal alban xaçdaşları dövrümüzə çatmışdır. Onlardan ən məşhuru və elmi ədəbiyyatda böyük marağa səbəb olanı xaçvari Artsak xaçdaşıdır. Xaçvari şəkilli Artsak xaçdaşı (1633-cü il) olduqca maraqlı və orijinaldır, o Qafqaz Albaniyasının hər yerində qəbul olunmuş kanonlar çərçivəsində həll olunmuşdur (haqqında danışılan xaçdaş hələ SSRİ dövründə Üçmüədzinə aparılmış və bu gün də dünyaya erməni təfəkkürünün bədii nümunəsi kimi təqdim edilməkdədir). Onun forması daş xaç şəkilli olmasına baxmayaraq, stelanın obrazında əsas bədii və simvolik dominantı xaçın ortasındakı üç dairədən ibarət böyük xonça təşkil edir. Orta dairə səkkiz bərabər hissəyə bölünmüş həndəsi hörmə şəklində həll olunmuşdur.
Xonçanın mərkəzində bərabər yanlı xaç təsviri vardır və onun da kəsişmə nöqtəsində kiçik dairəvi xonça yerləşdirilmişdir. Qeyd etmək lazımdır ki, erməni tədqiqatçılarının özlərinin də etiraf etdiyi kimi heç bir erməni xatirə abidələrində (onların əksər hissəsi Şərqi Anadoludadır) bərabəryanlı xaç təsviri yoxdur. Tanınmış albanşünas K.V.Trever "Alban tarixi və mədəniyyətinə dair oçerklər" adlı kitabında yazır ki, "Erkən xristianlıq tarixində bərabər yanlı xaçlar olduqca nadirdir. Qafqazda isə bu cür xaçlar qafqaz albanları arasında geniş yayılmışdı və güman ki, bu günəşə ibadətin qalıqları idi".
Xaçvari Artsak xaçdaşında bütün kompozisiyası xristian qəbir daşının sintezləşdirilmiş obrazında birləşən günəş, işıq və məhsuldarlıq simvolu kimi həll olunmuşdur. Günəş emblemi arxasındakı həyat ağacı - xaç, həmçinin günəşi təmsil edən simvolik pilləli dağdan yüksəlir, bu isə qədim Azərbaycan ərazisində əzəldən bəri tətbiq olunan səciyyəvi üslubdur.
XIV əsrə aid edilən digər bir Artsak xaçdaşı isə tamamilə başqa üslubda həll olunmuşdur. Stelanın bütün səthi çoxlu tematik təsvirlərlə bəzədilmişdir. Dekor prinsipi onu Cuğa xaçdaşları ilə, xaçın şəkli və hörmə naxışları isə Kəlbəcərdəki Xaçın xaçdaşları ilə birləşdirir. Stelanın yuxarısında qanadlı dairədə (qanadllı dairə tanrı Ahuramazdanın əbədi simvoludur) tanrının dini-simvolik təsvirləri verilmişdir. Onun hər iki yanında üç mələk, aşağısında isə biri çox sınmış iki şeytan sifəti təsvir olunmuşdur. Stelanın yuxarı üçdə birində, hər iki yanda enli çərçivədə iki atlı - solda nizəylə əjdahanı öldürən Müqəddəs Georgi, sağda isə yuxarı qaldırılmış əlində məşəl tutmuş atlı təsvir olunmuşdur. Xaçın hər iki tərəfində iki uçan insan fiquru çəkilmişdir, onlar pis qaldığından kimləri təsvir etdikləri aydınlaşdırıla bilinməmişdir.
Təsvir olunan heykəllər kompozisiyası xristian və mitraist - zərdüşt simvolikasının birləşdiyinə parlaq sübutdur. Stelanın aşağı hissəsində yastı fəza şəklində zəngin ornamentli xonça-günəş təsviri verilmişdir. Günəş dairəyə alınmışdır, ondan budaqlanmış həyat ağacı - xaç qalxır (təəssüflə qeyd edilməlidir ki, xalqımızın yüksək mədəni və fəlsəfi dünya görüşünü əks etdirən bu abidəmiz də ermənilər tərəfindən oğurlanaraq Üçmüədzinə aparılmışdır).
Gəncəsər məbədində memar F.Miralayev tərəfindən aşkar edilmiş xaç daşı isə Azərbaycanın o dövr tarixinin canlı şahididir. Belə ki, monqolların Azərbaycana gəlişindən sonra Xaçın knyazı Həsən Cəlal monqollarla müttəfiq olur. Gəncəsərdəki xaçdaşın aşağı sağ tərəfində səciyyəvi xələt və papaq geymiş, əlində nizə tutmuş, iki hörüklü monqol süvarisinin təsviri vardır. Əlində nizə tutmuş monqol süvarisi təsvir olunan digər xaç daş da (üzərindəki yazıya görə) 1274-cü ildə Gəncəsər məbədinin təmiri şərəfinə yaradılmışdır. Qazan xan tərəfindən İslam qəbul edildikdən sonra Gəncəsərdəki birinci xaç daş sındırılmış, ikincisi isə monastr yeməkxanası tikilərkən atma kimi istifadə olunmuşdur və indi də çevrilmiş vəziyyətdə orada durur. D.A.Axundov qeyd edir ki, güman ki, həmin xaç daşında təsvir edilmiş monqol döyüşçüsü Həsən Cəlalın qızı Ruzukanı ərə verdiyi Carmaqan Bora-Noyonun oğludur.
Xalqın inamı ilə bağlı olan mənəvi mədəniyyət sahəsi təkcə Azərbaycanda deyil, bütün dünyada böyük maraq doğurur. Ona görə də ermənilər məhz bu tip tarixi memarlıq abidələrimizin özününküləşdirilməsinə daha çox diqqət verir və bu haqda cildlərlə kitablar yazırlar. Bütün Albaniyada olduğu kimi Artsak-Xaçında da xristianlığa qədərki inamların və dünya görüşünün təsiri olmuşdur.
Cuğa xaç daşları
Bu tip xaçdaşlar əsasən Güney Azərbaycanla sərhəddə, Araz çayı sahilindədir. Maraqlı və özümlülü həllə malik Cuğa xaçdaşlarının əksəriyyətində eyni bir təsvir olunur: qarşı-qarşıya durmuş iki qanadlı əjdahanın bədəni buynuz zirehlə örtülmüşdür, onların adətən açıq ağızları yana çevrilmişdir. İki əjdaha arasında qanadlı halə, yaxud da haləyəbənzər saçı olan kişi başı təsvir olunmuşdur. İkonaqrafik əlamətlərinə görə o, İsanın başına oxşayır: bəs onda iki əjdaha nəyi təmsil edir? D.A.Axundov qeyd edir ki, bu mürəkkəb təsvirdə bir neçə din və etiqadın (zərdüştlük, mitraizm, xristianlıq, islam) birləşməsindən yaranan simvolik qrup alban sənətkarları tərəfindən təsvir edilmişdir. Təsvirlər xristian qəbir daşlarında – xaçdaşlarda yerləşdirilib - bir xaç və ya xaçlar bunu təsdiq edir. Bu təsvirdə İsanı əvvəlki dinlərin qalığı olan əjdahalar mühafizə edirlər. Dişlərini qıcamadan ağızlarını bir qədər açmış əjdaha başlarının İsanın başına tərəf çevrildiyi təsvirlər buna sübutdur. Bu xristian-bütpərəst kompozisiyalar bir xalq içərisində müxtəlif dinlərin mövcud olması nəticəsində yaranmışdır. Cənubi Qafqazda yeganə belə xalq Qafqaz albanları idi.
Yenivəng xaç daşları
Yenivəng xaçdaşları da kompozisiya həll baxımından Cuğa xaçdaşlarına oxşayır. Bu daşların əksərində birinci planda tanrı fiquru yerləşir. Lakin bu qabarıq təsvirlərin demək olar ki, üz hissəsi tamamilə sınmışdır. Bu xaçdaşlardan birinin təsvirini M.D.Axundov vermişdir: Tanrı təsvirinin yalnız sıx saçları, halə və başın arxasına doğru gedən üç yastı zolaq görünür. Bu yastı zolaqlar başın arxasında xaç fiquru təşkil edirdi. Tanrının başından çıxan üç enli şüadan, üç kürdədən yaranan xaç nə qədər xristian dininin simvolu olsa da, müəyyən qədər də mitraist dini yükü daşıyırdı. Xaçdaş tamamilə Azərbaycan naxış şəbəkəsi ilə örtülmüşdür. Yenivəng (ermənilər hazırda bu məbədi Noravəng adı ilə dünyaya qədim erməni məbədi kimi təqdim edirlər) xaçdaşlarının əsas səciyyəvi və fərqləndirici cəhəti xaçın təpəsində və əsasında kişi (güman ki İsa) sifətinin təsviridir. Bu təsvirlərin başı üzərində ay, çox güman ki, mitraist haçalar yerləşir. Xristian simvolikası baxımından ən son və kamil Yenivəng xaç daşları XIII əsrə aiddir. Əksərinin üzərində alban yazıları olan bu xaçdaşları əraziyə ermənilərin köçürülməsindən sonra ya tamamilə məhv edilmiş, ya da alban yazıları sındırılaraq daşların tarixi əhəmiyyəti öldürülmüşdür. Bu xaç daşlarından görünür ki, erkən orta əsrlərdə Qafqaz Albaniyasında səcdə edilən xristian tanrısı və Mitra vahid dini-bədii obrazda birləşən eyni bir tanrının törəmələridir. Qeyd edilməlidir ki, haqqında bəhs etdiyimiz bu alban stelalarının mühüm bədii sənət nümunəsi və tarixi əhəmiyyəti olanları hələ SSRİ dövründə xüsusi canfəşanlıqla Ermənistana (Qərbi Azərbaycan torpaqları) daşınmışdı. Xırda bir faktı nəzərə çatdırmağımız yetər. Tədqiqatçı memarlarımız Gədəbəy rayonundakı Həmşivəng məbədinin ərazisində Artsak xaçdaşına bənzər xaçdaşı aşkarlamışdılar. Lakin daş hətta tədqiq belə edilmədən Ermənistan rəhbərliyinin göstərişi ilə gecəylə vertolyotla bizim alimlərin gözü qabağında oğurlanaraq Ermənistana aparılmışdır. Son dövrlərdə isə Qarabağdakı bu tip abidələrimizin mənimsənilməsi faktları dəfələrlə mətbuat səhifələrində özünə yer tapmışdır. Saxtakarlıqla özlərinə mədəniyyət və tarix yaratmağa can atan ermənilər alban sənətkarlarının əl işlərini mənimsəyərək Ermənistanın hər yerini bu tip saxta əl işləriylə bəzəməkdədirlər. Lakin bütün bunların bir nəticə verdiyini düşünmək əbəsdir, çünki tarix özü hər kəsə və hər şeyə layiq olduğu qiyməti verir.

 
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » ALBAN XAÇ DAŞLARI
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...