BAZAR ERTƏSİ, 2024-12-30, 9:19 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ MARŞAL PLANI - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
MARŞAL PLANI
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ, 2010-09-01, 8:54 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Marşal planı

Marşal planı — Soyuq müharibənin başlanması üçün real addım
Almaniya və Yaponiya üzərində 1945-ci ildə çalınan qələbənin sevinci çox keçmədi ki, qorxu ilə əvəz olundu. Belə ki, Amerikanın müttəfiqi olan Sovet İttifaqı birdən-birə dönüb onun düşməninə çevrildi və Soyuq Müharibə qırx ilə qədər çəkdi.
Soyuq Müharibə amerikan cəmiyyətinə, onun dövlət siyasətinə böyük dəyişmələr gətirdi. Bu müharibə amerikan xalqına, çətin də olsa, öz münasibət və baxışlarına yenidən nəzər yetirməyi təlqin etdi. Axı amerikalılar özlərinin xarici siyasətində yalnız ağ və qara rəngi görməyə alışmışdılar: hər hansı dövlət ya dostdur, ya da düşmən; yaxşı siyasət ya da pis siyasət, udulan, ya da uduzulan müharibə; Soyuq Müharibə dövründə amerikan xarici siyasəti mahiyyətcə Harri Trumən tərəfindən düşünülmüş “cilovlama siyasəti”nə (containment policy) söykənirdi. Bu siyasətin əsas məqsədi Sovet İttifaqının nüfuz dairəsini Şərqi Avropa çərçivəsində cilovlamaq idi; kommunist qüvvələri daha uzağa gedəcəyi təqdirdə, Birləşmiş Ştatların əsas vəzifəsi Sovet İttifaqını yalnız öz yerində oturtmaq idi…
Soyuq Müharibə amerikanlara imkan yaratdı ki, Marşall planını əldə rəhbər tutub səxavət göstərsinlər, həm də ölkənin öz daxili siyasətində ciddi dəyişmələr aparsınlar. Koreya müharibəsinin tən ortasında o qədər də rəğbət qazanmayan prezident, məşhur generalı tutduğu vəzifədən azad etməklə, mülki rəhbərliyin hərbçilərdən bir baş yuxarı olduğunu sübuta yetirdi. Ali Məhkəmə öz hərbi səlahiyyətlərindən istifadə etmiş prezidentin bu təşəbbüsünü antikonstitusion hərəkət kimi qiymətləndirdi; amerikan tarixində Vətəndaş müharibəsindən bəri indiyəcən belə bir məqama rast gəlinməmişdi. Elə bu məqamdaca makkartizm öz üzünü göstərdi; qısa, ancaq dəhşətli bir zaman kəsiyində kütlə şüuru – demokratiyanın astar üzü meydan suladı. Ancaq millət Soyuq Müharibə dövrünü yaşayıb qurtardı. Eyni zamanda, cəmiyyətin bəzi demokratik prinsipləri də əksinə, möhkəmlənmiş oldu.

1947
1947-ci il iyunun 5-də dövlət katibi Corc Marşall (George C. Marshall) özünün Harvard Universitetindəki çıxışında sonradan “Marşall planı” kimi məşhurlaşan planın konturlarını cızdı.
Müharibənin səfalətini yaşamış Avropa çox ağır bir qışdan çıxmışdı. Avropa ölkələrində dönərli valyutaya satıla bilən mallar yox dərəcəsində idi, əlavə olaraq bu ölkələrin çoxundakı sosial-demokratik iqtidarlar liberal fikirli iqtisadçıların irəli sürdükləri ağrıverici bərpa tədbirlərini qəbul etmək niyyətində deyildilər. Əlbəttə, humanitar sahədə islahatlar həyata keçirməklə yanaşı, kommunizmin qərbə doğru yürüşünün qabağını alan əks addımlara ehtiyac duyulurdu.
Belə bir anda Birləşmiş Ştatlar Avropa dövlətlərinə 20 milyard dollarlıq yardım təklif etdi . Ancaq bir şərtlə ki, Avropa dövlətləri bu yardımdan istifadəni çevik, planlı, həm də müştərək şəkildə həyata keçirsinlər. Avropa dövlətləri ilk dəfə idi ki, bir-biri ilə sıx şəkildə əməkdaşlıq qurmaqla, vahid iqtisadi qurum kimi fəaliyyət göstərəcəkdilər. Marşall həm də Sovet İttifaqına, eləcə də onun Şərqi Avropadakı müttəfiqlərinə də yardım təklif etdi. Fəqət, Stalin bu proqramı bir fənd kimi qəbul edərək bu yardımdan boyun qaçırdı. Stalinin mənfi cavabı ola bilsin bu planın Konqresdə qəbul olunmağında həlledici əhəmiyyət daşıdı.
Qeyd etmək lazımdır ki, Marşall planı amerikan iqtisadiyyatına da xeyir gətirdi. Çünki Avropa dövlətlərinə yardım şəklində ayrılan pullar məhz Birləşmiş Ştatlarda istehsal olunan məhsulların alınmasına xərclənməliydi və həmin məhsullar amerikan ticarət gəmilərində Atlantik okeanın o tayından bu tayına daşınmalı idi. Bu plan həqiqətən öz işini gördü. Artıq 1953-cü ilə qədər Birləşmiş Ştatlar Avropa iqtisadiyyatına 13 milyard dollar köçürmüşdü, elə bununla da Avropa iqtisadiyyatı doğrudan da dirçəlmiş oldu. Bundan əlavə, həmin proqram Qərbi Almaniyanı da əhatə edirdi ki, ölkənin qərb hissəsi yenidən Avropa işbirliyinə qatılmış oldu. (Planda yalnız iqtisadi yardım nəzərdə tutulmuşdu. Koreya müharibəsi qurtarana qədər hərbi sahədə yardım göstərilmirdi).
Avropanın bərpasından əlavə Marşall planı başqa bir Şuman planını da həyata keçirməyə imkan qazandırdı. Şuman planının nəticəsində öncə “Avroatom”, “Kömür və polad birliyi” sonradan isə “Ümumi bazar” yaranmış oldu. Beləliklə, Şuman planı Avropanı inkişaf etdirərək sonradan onun iqtisadi-siyasi cəhətdən tərəqqisinə və birliyinə zəmin yaratdı.
Marşall planı xarici siyasətimizi xeyirxah və səxavətli görmək istəyənləri, həm də dünyanın reallıqlarından baş çıxaranları xeyli razı saldı; bu plan çox acların qarnını doyurdu, evsiz-eşiksizlərə yurd-yuva bəxş elədi. Ən başlıcası isə, Avropanı dirçəltməklə, kommunizmin qabağına keçilməz bir sədd çəkdi.

MARŞALL PLANI
Centlmenlər, mən deməsəm də, sizə aydındır ki, dünyada vəziyyət son dərəcə gərgindir. Hər bir ağlı başında olan adam bunu hiss eləyir, duyur. Bir tərəfdən də, mətbuatın, radionun xalqa təqdim etdiyi saysız-hesabsız faktlar məsələni daha da qəlizləşdirir. Hər hansı insanın vəziyyətdən baş çıxarmağı əngələ düşür.
Düzdür, ölkəmizin insanları bədbəxtliyə düçar olmuş bölgələrdən çox uzaqdadır. Və əziyyət çəkən, iztirab içində çırpınan xalqların əhvalını başa düşmək bizlər üçün çətindir. Çoxumuzdan ötrü özgə dövlətlərdə yaşayanların fikrini-zikrini öz ölkələri, eləcə də dünya barədə niyyətlərini anlamaq mürəkkəbdir.
Avropada insan itkisini, dağılan şəhərləri, fabrikləri, şaxtaları, dəmir yollarını bərpa etmək üçün sərf olunan vəsait məqsədəuyğun şəkildə xərclənib. Ancaq son aylar məlum olub ki, Bütöv Avropa iqtisadi sisteminin bərpası göz önündəki dağıntıları bərpa etməkdən daha çətindir. Son on il ərzində Avropada yaşamaq hər adamın hünəri deyil. Bundan əlavə, total şəkildə aparılan silahlanma da bütün dövlət iqtisadiyyatının hər bir sahəsinə nüfuz edib. Avadanlıq sarıdan hər şey sınıq-salxaq vəziyyətdədir, yaxud da tamamilə köhnəlib. Faşist rejiminin dağıdıcı təzyiqi altında işləmək məcburiyyətində qalan hər bir müəssisə alman hərbi maşınına tabe edilmişdi. Əvvəlki kommersiya əlaqələri, şəxsi mülkiyyətlər, banklar, sığorta, eləcə də gəmiçilik şirkətləri müflis olduğundan, ya da milliləşdirildiyindən tamamilə öz fəaliyyətlərini dayandırıblar, yaxud da sadəcə olaraq, yararsız hala düşüblər. Ölkələrin çoxunda yerli pul vahidinə inam demək olar ki, itib. Müharibə dövründə Avropanın işgüzar qurumları tamamilə məhv edilib. Saydıqlarımın bərpası həm də ona görə gecikir ki, müharibədən iki il keçmiş olsa da, Almaniya və Avstriya ilə sülh danışıqları başa çatdırılmayıb. Və əgər bütün bu mürəkkəb problemlərin həlli üçün dərhal tədbir görülsə belə ümumi vəziyyətdən bəlli olur ki, Avropa iqtisadi strukturunu işlək hala salmaqdan ötrü bizim gümanımızdan daha çox zaman və qüvvə sərf olunasıdır.
Dediyimiz problemin başqa vacib cəhəti də var. Bəllidir ki, kənddəki fermerlər öz məhsullarını şəhər əhlinə məxsus digər çoxişlənən mallara dəyişmək üçün istehsal edirlər. Əslində, müasir tərəqqinin özülündə məhz həmin cür əmək bölgüsü dayanır. Hazırda isə bu sistem tamamilə yox olmaq təhlükəsi qarşısındadır. Belə ki, şəhər və şəhərətrafı müəssisələr kənd təsərrüfatı məhsulları istehsal edən fermerlərlə dəyişmək üçün kifayət qədər mal ortaya çıxara bilmirlər. Xammal və yanacaq yoxa çıxıb. Maşın avadanlığı çatışmır, yaxud da yararsız haldadır. Fermer, kəndli satışda istədiyi malları tapmır. Beləliklə, onun öz məhsulunu satandan sonra qazandığı pul elə cibindəcə qalır, çünki istədiyi şeyi tapıb almaq mümkün deyil. Fermer belə təqdirdə məhsul əkib-becərdiyi tarlalara, sadəcə olaraq, əl gəzdirir onları mal-qara üçün örüş yerinə çevirir. Beləliklə, kəndli mal-qara üçün daha artıq yem istehsal etməyə məcbur olur, bununla da hər şeydən əvvəl özünü, öz ailəsini ərzaqla təmin edir. Əvəzində isə özünü və dediyimiz kimi ailəsini geyim-kecimlə, başqa çoxişlənən mallarla təmin etmək iqtidarında olmur. Eyni vəziyyət şəhər əhlinin də başına gəlir, yəni şəhərdə də nə doyunca yemək, nə də yanacaq tapılır. Belə olan təqdirdə, dövlət məcburdur ki, xarici valyuta ehtiyatlarından, kreditlərdən istifadə etsin və ölkədən qıraqda əhaliyə lazım olan ilk tələbat mallarını axtarsın. Bu proses ölkəni bərpa etmək üçün nəzərdə tutulan fondları müflisləşdirir. Belə bir vəziyyətə addımbaşı rast gəlirsən və bu vəziyyət heç də çıxış yolu sayıla bilməz. Məhsul dövriyyəsinə güvənən müasir əmək bölgü sistemi tamamilə dağılmaq ərəfəsindədir.
Həqiqət burasındadır ki, son 3-4 il ərzində Avropanın əcnəbi mallarına, xüsusilə də Amerika məhsullarına tələbatı o dərəcədə artıb ki, tələbat Avropanın bugünkü ödəmə qabiliyyətini qat-qat üstələyir. Bu minvalla, Avropanın əməlli-başlı əlavə yardıma ehtiyacı var, yoxsa çox dərin iqtisadi, sosial və siyasi böhrandan yan keçə bilməyəcək. Biz bu əlverişsiz dairəni sındırmalı, Avropa xalqlarının öz ölkələrində, eləcə də, bütövlükdə qitədə iqtisadi yüksəlişə nail olmaq ümidini yenidən doğrultmalıyıq. Fəhlə, ya fermer öz istehsal etdiyi məhsulu etibarlı bir pul vahidinə dəyişmək inamı ilə yaşamalı və bu yolda səylə çalışmalıdır.
İnsanların çarəsizliyi müxtəlif cür başıpozuqluq yaradar, eyni zamanda, dünyada gərəksiz effektlər doğura bilər. Ancaq Birləşmiş Ştatların iqtisadiyyatı üçün həmin hadisələrin sonluğu hamı üçün aydın olmalıdır. Buna görə də, Birləşmiş Ştatlar bütün planetin iqtisadi sağlamlığını bərpa etmək üçün əlindən gələni əsirgəməməlidir. Çünki bunsuz dünyanın əmin-amanlığı, eləcə də siyasi sabitliyi mümkün sayılmaz. Siyasətimiz hər hansı bir ölkəyə, ya doktrinə qarşı yönəlməyib. Biz yalnız aclığa, yoxsulluğa və çarəsizliyə çarə tapmağa çalışırıq. Siyasətimiz dünya iqtisadiyyatının bərpasına xidmət göstərir, bu isə, öz növbəsində, demokratik institutların varlığını mümkün edir. Yardımımız heç cürə yarımçıq olmamalıdır, çünki biz eyni vaxtda bir neçə böhranla üzləşmişik. Gələcəkdə dövlətimizin təqdim edəcəyi hər cürə kömək problemin adicə yumşalmasına deyil, onun kökündən həllinə can atmalıdır. Bərpa məsələsinə əl yetirmək istəyən hər hansı dövlət isə, mən əminəm ki, Birləşmiş Ştatlar tərəfindən başa düşüləcək, hərtərəfli rəğbət qazanacaqdır. Əksinə, başqa dövlətlərin iqtisadiyyatını dirçəltmək işinə pəl vurmaq niyyətində olan hər hansı dövlət qoy bizdən heç vaxt kömək ummasın. Hətta deyərdim ki, insan iztirablarını az qala əbədiləşdirmək istəyən, bundan siyasi, ya qeyri-faydalar götürmək iddiasında olan hər hansı bir hökumət, siyasi partiya, yaxud da qurumlar Birləşmiş Ştatlar tərəfindən özünün layiqli cavabını alacaqdır.
Ancaq belə görünür ki, Birləşmiş Ştatlar Avropanın bərpasına başlamazdan əvvəl, ilk növbədə Avropa ölkələrinin öz aralarında məxsusi razılıq yaranmalıdır. O razılıq mövcud şəraitə uyğun, həm də bizim dövlətin bu sahədə atdığı addımlara həmahəng səslənməlidir. Şübhəsiz ki, Avropa iqtisadiyyatını bərpa etmək barədə yalnız bizim hökumətimiz tərəfindən düşünülən proqram sərfəli, yeganə xeyirli proqram sayıla bilməz. Bu məsələ ilk növbədə avropalıların özlərinin işidir, yəni təşəbbüs də Avropa tərəfdən olmalıdır. Bizim ölkənin rolu isə avropalılara bu yöndə, yəni proqramın hazırlanmasında dəstək verməkdir. Belə bir proqram bütün Avropa dövlətləri ilə mümkün olmasa da, bəziləri ilə mütləq razılaşdırılmalıdır.
Birləşmiş Ştatların həyata keçirdiyi hər hansı siyasəti uğura yetirən amil – ortaya çıxan problemlərin həlli yolunda bizim xalqın məsələni bütün dərinliyi ilə dərk etməyindədir. Bu gün haqqında danışdığım çətinliklər xalqımızın uzaqgörənliyi, ölkəmizin öhdəsinə düşən müşkülləri çözə bilmək bacarığı nəticəsində vaxtında öz həllini tapacaq. Biz bu tarixi missiyamızı məğrurcasına başa düşür və anlayırıq.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...