CÜMƏ, 2024-04-19, 11:46 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ MİDİYALILAR (MADAYLAR) - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » TARİX » MİDİYALILAR (MADAYLAR) (MİDİYALILAR (MADAYLAR))
MİDİYALILAR (MADAYLAR)
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ, 2010-09-01, 8:15 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Madaylar

Azərbaycan türklərinin ulu əcdadlarından biridir. Assur mənbələrində Maday və Matay kimi bu etnosun adı ilk dəfə e.ə. 843-cü ildə çəkilir. Maday və ya Matay müəyyən bir etnosun həqiqi, köklü adıdır. Alban tarixçisi Moisey Kalankatlı da bu xalqın adını məhz "Maday" kimi yazmışdır ("Alban ölkəsinin tarixi", I kitab, II fəsil). E.ə. 519-cu ilə aid Bisütun qaya yazısının mixi əlifba ilə farsca mətnində Mada (sonda "y" səsini ifadə edən mixi işarə yoxdur) kimidir.
Qədim yunanlar bu xalqın adını Medo, latınlar Mido kimi tələffüz etdiklərinə və belə də yazdıqlarına görə, Maday etnosunun və onun adı ilə adlanmış Maday ölkəsinin adı tarixə təhrif olunmuş şəkildə Midiya kimi daxil olmuşdur.
Maday, Matay etnosunun e.ə. IX əsrə (daha dəqiqi e.ə. 835) aid Assur mənbələrində farslarla (Parsua, Parsumaş) eyni vaxtda çəkilməsi əsasən belə bir fikir yaratmışdır ki, onların hər ikisi ari mənşəli idi və guya e.ə. II minilliyin sonlarında Güney Azərbaycan ərazisinə gəlmişlər. Lakin sonrakı ciddi tədqiqatlar bəhrəsini verdi və məlum oldu ki, Maday etnosu türk mənşəlidir və onun pars (ərəbcə forması fars) etnosu ilə heç bir genetik qohumluğu yoxdur.
İlk vaxtlarda əsasən Gizilbunda (Güney Azərbaycan ərazisində indiki Qızılüzən) çayının hövzələrində yaşamış Maday tayfası Assuriya ilə bir neçə əsr qanlı toqquşmalardan sonra e.ə. 673-cü ildə öz dövlətini yaratmışdır. E.ə. 612-ci ildə hökmdar Kiaksarın vaxtında Midiya dövləti türkmənşəli skiflərin köməyi ilə təcavüzkar Assuriya dövlətinə son qoymuş, ərazisini özünə qatmış və bu münasibətlə tarixdə ilk dəfə ikibaşlı qartal emblemini yaratmışdır (təxminən iyirmi əsr sonra ikibaşlı qartal rəsmi Bizansda yenidən ortaya çıxmış və III İvanın dövründə Rusiyaya da keçmişdir). Paytaxtı Ekbatana (indiki Həmədan ərazisində) adlanmış bu dövlət Yaxın Şərq ölkələrinin tarixində böyük rol oynamşdır. Midiya dövləti e.ə. 624-cü ildə farsların ölkəsini (Parsua) tutmuş, qəsbkar Assuriya və Urartu dövlətlərinin varlığına son qoymuş və imperiyaya çevrilmişdir. E.ə. 550-ci ildə türk Maday sülaləsi süqut etmiş və hakimiyyət farslara keçmişdir. Türk mənşəli parfların hakimiyyətinə qədər Güney Azərbaycan, eləcə də İran yaylası, Anadolunun bir hissəsi və s. əraziləri əhatə edən geniş bir ərazi gəlmə, fars kökənli Əhəməni sülaləsi tərəfindən idarə olunmuşdur. Farslar Midiya (Maday) mədəniyyətini və idarəetmə sistemini mənimsəmişlər.
Manna dövlətindən sonra Midiya dövləti Azərbayan ərazisində ikinci böyük türk dövlətidir. Dünya tarixşünaslığında uzun müddət hakim baxışa görə, midiyalılar Ari mənşəli olmaqla e.ə. II minilliyin axırlarında ya Orta Asiya, ya da Qafqaz tərəfdən gələrək Güney Azərbaycanda məskunlaşmışlar. Buna görə də Maday etnonimini və Midiya tayfalarını adını, Manna və Midiya ərazisində bəzi toponomləri və şəxs adlarının Avesta, qədim hind və qədim fars dilləri əsasında izahına təşəbbüs göstərilmişdir. Maday etnonimini qədim hind dilindəki madhu-kefləndirici (nəşələndirici içki) sözündən olması fikri söylənmişdir.
Lakin tədqiqatlar göstərdi ki,Maday (Matay) türkmənşəli müstəqil bir böyük tayfanın,sonra tayfa ittifaqının və nəhayət e.ə. 673-cü ildən dövlətin və ölkənin adıdır.Deməli Maday həm etnonim,həm də etnotoponimdir.Midiyadövləti yaranandan sonra Maday etnonimi bu dövlətin əhatə etdiyi ərazidə həm madayların,həm də başqa dillərdə danışan tayfaların ümumiləşdirilmiş “midiyalı” adına çevrilmişdir.Son araşdırmalar Maday,Matay etnosunun iran mənşəli yox,türk mənşəli olduğunu bir daha sübut edib.Maday etnik adını daşıyanların türkmənşəli olduğunu təsdiqləyən faktlardan biri indiyədək Qazaxıstanda Matay,Atalıq-Matay,Kapçaqay Matay,Gönçə Matay,Tuvada hələ XIII əsrdə Madı (türk dillərində “a”- “ı” əvəzlənməsi səciyyəvi haldır.),Madı-qoşun və Mat,Sibirdə və Altayda Maadı,Madar və Maxtar tayfalarının mövcud olmasıdır.
Qeyd edilməlidir ki,elam dilində bu etnonim və etnotoponim həm Matape (Matay etnonimi və elam dilində cəm bildirən –pe şəkilçsindən),həm də Maktape (Maqtay adından və -pe şəkilçisindən) adlanmışdır və deməli müvafiq olaraq bu adlar “Mata(y)lar” və “Maktaylar” yaxud “Maqtaylar deməkdir. Q.Qeybullayev qeyd edir ki,Matape elamların adaylara və Maday ölkəsinə verdiyi addır.Maktape isə madayların mannalara verdiyi maqtay adının elamlara keçməsi,Midiya dövləti yarandıqdan və Manna dövlətini də özünə birləşdirdikdən sonra elamların həmin adı madaylara şamil etməsinin nəticəsidir.
Madayların türkmənşəli olduğunu sübut edən digər bir fakt isə madayların toponimləri və şəxs adlarıdır.Midiya toponimlərinin çoxu e.ə. IX əsrin 80-ci illərindən e.ə. VII əsrdə Midiya dövlətinin yaranmasına qədər qonşu Assuriya çarlarının Manna və Midiya tayfalarının ərazilərinə vaxtaşırı hərbi səfərləri haqqında yazdıqları səlnamələrdə çəkilir.Tədqiqatçıların fikrincə semit mənşəli assur dilinin qrammatika qaydalarına uyğun surətdə yazıldıqlarına görə (məsələn,k,n,r,ş səslərinin qoşalaşdırılması,adların sonuna adlıq hal şəkilçisi kimi “-u” səsinin əlavə edilməsi,”v” səsi olmadığına görə onun “m” səsi ilə,”c” və “ç” səsləri olmadığına görə onların “s” və “z” səsləri ilə verilməsi,adların sonundakı “y” səsinin düşümü və s.) toponimlərin yerli tələffüz formalarını bərpa etməyə çətinlik yaradır.
Midiya toponimlərinin çoxunun Qərbi Avropanın bir sıra İranşünaslarının,Azərbaycanda İ.H.Əliyevin.Gürcüstanda Q.A.Melikişvilinin, Rusiyada İ.M.Dyakonovun,E.A.Qrantovskinin əsərlərində İran dilləri əsasnda şərh olunmasına cəhd olunmuşdur.Madayların İran (Ari) mənşəli etnos olması və ümumiyətlə,İrandilli tayfaların,daha doğrusu guya farsların əcdadlarının Manna dövləti və Midiya dövləti ərazisində hələ e.ə. IX əsrdən yayılması-Azərbaycan türklərinin qədim tarixinin saxtalaşdırılmasına səbəb olmuş bu şablon baxış farsların Cənubda Azərbaycan türkləri üzərində ağalığının tarixən qanuni olduğunu sübut etməyə xidmət etmişdir.Fars tarixçilərin bu deyanı hər vasitə ilə müdafiə etmələri də bununla əlaqədardır.
Midiya ərazisində toponimlərin bir qrupu “kin”,”kinq” sözü ilə başlayır. İ.M.Dyakonov yazır ki,lulubi və kassi dillərində bu söz “qala”,”möhkəmləndirilmiş yer” deməkdir.buradan belə çıxır ki,bu sözlərlə başlayan toponimlər Midiya ərazisində hələ e.ə. III-II minillikdən yaşayan lulubilərin və kassilərin yaşayış məskənlərinin adları kimi təşəkkül tapmşdır.Ola bilsin ki,bu söz mannalara və madaylara da keçmiş və toponim yaradıcılığında işlənmişdir.Lulubilərin və kassilərin isə türk mənşəli olması artıq elmdə sübut edilmişdir.Ona görə də kin (qin) və kinq (qinq) sözü (diqqəti cəlb edən daha bir məsələ bu sözlərdə sırf türk dilləri üçün xarakterik olan “nq” qovuşuq səsinin olmasıdır) də şübhəsiz ki türk mənşəlidir.Midiya toponimlərinin türk mənşəli olmasını bu sözlərin mənalarının açılması da göstərməkdədir:
Kindutauş (e.ə. 820) – E.A.Qrantovskinin ehtimalına görə,İranmənşəli addır.Türkcə “kin”-qala,”-du” (-lu) şəkilçisi və “tauş”-səsküylü çay sözlərindəndir.Toponimin sonundakı komponent Azərbayan respublikasında Tavusçay,Tauşçay hidronimlərində də qalmışdır.
Kinqiştilenzax (e.ə. 820)-Türkcə “kinq”-qala,naməlum “iştilen” komponenti və türkcə “üzək”,”özək”-çay sözlərindəndir.
Urşanika (e.ə. 744)-Sanqi əyalətində (indiki Səhənd dağı olan bölgə) bir şəhərin adı. E.A.Qrantovskiyə görə hindcə “varşan”-qüdrətli sözündəndir. Q.Qeybullayev qeyd edir ki,bu inandırıcı deyil,çünki şəhər adı belə sözdən ibarət ola bilməzdi. Həmdullah Qəzvini (XIV əsr) Təbriz yaxınlığında Urişak toponimini qeyd edir.Türkcə “ur”-möhkəmləndirilmiş yer,”sanq”,”çanq”-dağ və “ık”,”ik”-sığınacaq sözlərindəndir.Qeyd edilməlidir ki,Manna və Midiya toponimlərinin bəzilərində “ur” sözü mənşəcə şumer dilinə aid “uru”-icma (qədim türkcə ordu) sözü də sayıla bilər.
Kinqariku (e.ə. 714)-qədim türkcə “kinq”-qala və “ərqu”-dayanacaq,düşərgə sözlərindəndir. Qeyd edilməlidir ki,”qin”,”qinq” formalarında bu söz Midiyanın Qinxuxt,Qinqibir,Qinqird və b. toponimlərində də vardır.
Midiya ərazisində bir sıra toponimlərdə “işta”,”işte” komponenti diqqəti cəlb edir.Y.B.Yusifov bu sözlərin bəzilərinin türkcə “issi”,”isti” sözündən ibarət olduğunu yazmış,İştraura toponimini “İsti çay” kimi mənalandırmış və orta əsr Qermud çayı (İlıq çay) ilə eyniləşdirmişdir.Ehtimal ki,digər toponimlərdə “işta sözü” türk dillərindəki “ast”-alt tərəf sözüdür.Arazdan Cənubda yerləşdiklərinə görə bu toponimlərin bəzilərində “ast” sözü öz əksini tapmışdır.Bunu Atropatenada Ptolomeyin göstərdiyi Astabene,Strabonun göstərdiyi Azar,müasir Astara,Astrabad toponimlərində görmək olar.Ptolomeyin Midiyada qeyd etdiyi Astabene toponimi Güney Azərbaycanın Qaradağ mahalında Üştibin azərbaycanlı kəndinin adında da qalmaqdadır.Həmin mahalda,Arazın sağ sahilində,Seyid Cəbrayıl dağının Qərb ətəyində Astamal kəndi də vardır.Ona görə də İştaippa (e.ə. 714) toponiminin bu komponent vasitəsilə düzəldiyini güman etmək olar.Q.Qeybullayev qeyd edir ki,İştaippa toponimi Üçtəpə toponiminin təhrifidir.Güney Azərbaycanın Qaradağ mahalında indi Üçqardaş adlı üç təpədən ibarət dağ var.
Zakruti və Tadiruti (e.ə. 744) - Midiyada dağ adları.Yerli Saqirutu və Tadirutu oronimlərinin assur dilində yazılışdır.Güney Azərbaycanın Qaradağ mahalında lokalizə olunur.Babək üsyanı ilə əlaqədar hadisələrdə Zəhrqaş və Dav-ər-Rud dağ adları qeyd olunur.Zakruti oronimi türkcə “saqir”-dağ burnu,möhkəmləndirilmiş yer sözü,”u” birləşdirici səsi və türkcə “tu”- dağ sözündən ibarətdir.
Midiya ərazisində bir neçə toponim “ur” sözü ilə düzəlmişdir.Türk dillərində “ur” sözü tikmək,bina etmək anlamında işlədilir.Midiya toponimlərində isə bu söz möhkəmləndirilmiş yer,qala anlamışda işlədilir.Altayın türk dillərində isə “ur” sözü həm də təpə,yüksəklik mənasındadır.Ona görə də Ural və Uraş sözlərinin də buradan yarandığı göstərilir.Midiyada Uraş qala adı kimi qeyd olunur ki,bu da “ur” sözünün mənasına uyğundur.Bu ad Azərbaycanda XVI əsrdən məlum olan Araş (Ərəş) toponimi ilə bəlkə də eyni kökdəndir.”ur” sözü xeyli Midiya toponimində əks olunmuşdur:
Armanqu (e.ə. 719) – Midiyada bir qalanın adı.Türkcə “uram”-çaylaq,və “anqa”,”anqu”-çayın qolu,çuxur,qobu sözlərindəndir.
Uranbarzani (e.ə. 674),Uppurin (e.ə. 713),Urnakki (e.ə. 713),Urenna (e.ə. 713) toponomlərində uran,uren,urin komponentləri güman ki,eyni mənşəlidir.Türkcə oron,oren,uren –yer,heyvan üçün hasarlanmış yer sözündəndir.toponimin “barzani” hissəsi qədim türkcə “barça”-bütünlüklə,hamısı və “an” – karst süxuru.uçurumu sözlərindən ibarətdir.Bütünlükdə bu ad “Karst çuxurunda yurd” mənasını verir.
Nirutakta (e.ə. 744) - Midiyada bir dağın adı.Türkcə və monqolca “nuru” – uçqunlu yer (İsmayıllı rayonu ərazisindəki Nuran kəndi də bu sözdəndir və kənd həqiqətən də uçqunlu ərazidə yerləşir),yaxud türkcə “naru”-o tərəfdə və “takta” – dağlıq ərazidə terrasvari düzən yer sözlərindəndir.Maraqlıdır ki,Güney Azərbaycanda Savalan dağının ətəyində əhalisi türklərdən ibarət Nir kəndi və Nir çayı var.İbn Xordadbeh (IX əsr) Sərabdan 5 fərsəh (təxminən 32-33 km),Ərdəbildən 4 fərsəh aralıda Nir yaşayış məntəqəsinin adını çəkir.
Urimzan (e.ə. 728) – Qeyd edilməlidir ki,Manna və Midiya ərazisində bir sıra toponimlər “zan” komponenti ilə bitir:Gilzan,Aqanzan,Ançan (Anşan) və s.Türkcə “irim” – su burulğanı,yaxud “urem” – subasar sahə,çaylaq və “özən” – çay,vadi,düzən sözlərindəndir.Məsudi (X əsr) Güney Azərbaycanda masobzan toponimini qeyd edir.Quruluşca erkən orta əsrlərdə məlum olan Uyğur ölkəsində Urumçi (Beşbalık şəhərinin digər adı),Dağlıq Altayda Biy çayının qolu Kebozen ,Volqaboyunda Ceremsan, Cənubi Qafqazda Alazan və s. toponimlər ilə eynidir.
Tilaşuri (e.ə. 737) – Ehtimal ki,bu toponim suyu çox şor (mixi yazıda “o” və “u” səsləri eyni işarə ilə yazılırdı.) olan Urmiya gölü ilə bağlıdır.Urmiya gölünün içindəki ada indi də Tilə adlanır.XIII əsr ərəb coğrafiyaçısı Yaqut Həməvi Urmiya gölünün Tala adlandığnı yazmışdı.Tilə toponimi qədim türkcə “tilkə” – hissə,zolaq,torpaq sahəsi sözünün fonetik şəklidir. Müqayisə üçün qeyd etmək olar ki,Xəzərdəki Pirallahı adasını antik müəllif Pomponiy Mela (e.ə. I əsr) Talqe kimi qeyd etmişdir.O,yazır ki,bu adada bol məhsul və meyvə Allaha məsubdur.(Pomponiy Mela,III,6,58) Bu toponimi II əsr müəllifi Ptolomey Talka kimi yazır (Ptolomey,VI,9,8).Deməli həm Xəzərdə,həm də Urmiya gölündəki adalar qədim türkcə “tilkə” sözündəndir.
Gizilbunda (e.ə. 820) – Midiyada çay adı. Y.B.Yusifov mixi yazıda adın həm də Kizilbuda kimi yazılışına görə onun türk dillərində “kizil” – qırmızı və “bud” - dağ qolu sözlərindən olduğunu (Qırmızı dağ qolu) yazmışdır.Güney Azərbaycan ərazisində Balkaz dağlarından başlanan və Xəzərə tökülən Qızıl-Özən çayı ilə lokalizə olunur. Q.Qeybullayev qeyd edir ki, “kizil” – türkcə qırmızı (görünür çayın axdığı ərazinin vulkan mənşəli qırmızımtıl süxurlarına görə) və “bunda” komponentlərindən ibrətdir.Bu komponent gümün ki,türk dillərindəki “buya” – su sözündən ibarətdir.Lakin türk dillərindəki y-d əvəzləməsinə görə buda formasını almış və danışıqda ya da assur dilində hidronimi yazan katibin dilində “n” səsi əlavə olunmuşdur.Deməli Gizilbunda Qızıl su deməkdir.Quruluşca Sibirdə Kızıl-Xem,Türkiyədə Kızıl- Irmak və Kızıl-Su çay adları ilə eynidir.
Xarşa (e.ə. 744) və Xarşay (e.ə. 744) – E.A.Qrantovski bu toponimləri İranmənşli sayır və onları farsca “karşi”- şırım sözü ilə izah edir.Lakin Q.Qeybullayev göstərir ki,belə bir sözün toponimə çevrilməsi real deyil.Həm də Harşi və Surmurru (Assur mənbələrində e.ə. 744 və e.ə 728-ci ildə Mannada qeyd olunan Sumurzi toponimi) adlı şumer toponimi III Ur sülaləsindən Şulqi (e.ə. 2114-2067) vaxtından məlumdur.Türk dillərində “karşi”-qala,möhkəmləndirilmiş yer (V.V.Bartolda görə türk dillərində “karşi” həm də saray,paytaxt anlamında işlədilirdi.) sözündəndir.
Midiyanın paytaxtı Akbatan şəhəri idi (Herodot,III,92). İ.M.Dyakonov yazır ki,bu şəhər “qədim Midiyanın ürəyi idi”.Herodotun yazdığına görə bu şəhəri ilk Midiya çarı Deyok saldırmışdır (Herodot,I,98). İ.M.Dyakonov bu toponimin midiya dilində ( o,midiya dilini İran mənşəli sayır) Hanqmatana adlandığını və yığıncaq yeri mənasını verdiyini yazır.Başqa yerdə müəllif bu toponimin İran dillərindəki “ham”-birlkdə (azərbaycan türkcəsindəki hamı sözü də buradandır) və “kam” – getmək sözlərindən əmələ gəldiyini qeyd edir.Lakin İ.M.Dyakonov farscadakı ham sözünün bu dilə türk dillərindən keçdiyinə (türkcə bu söz “qamu” kimidir) fikir vermir.Başqa yerdə o yazır ki,Aqbatan sözü elam dilindəki “Hanqmata” sözündəndir və “midiyalıların ölkəsi” anlamını daşıyır.Aqbatan-Akbatan şəhəri indiki Həmədan şəhəri ilə lokalizə olunur(Həmədan formasında bu toponim ilk dəfə IX əsrə aid ərəb mənbəsində çəkilir).Əslində Həmədan toponimi Akbatan toponiminin təhrifidir.”ak” sözünün əvvəlinə “h” səsi əlavə olunmuş,batan sözü isə türk dillərində “b”-“m” fonetik qanununa uyğun olaraq “matan” şəklinə keçmiş və qədim Akbatan Haqmatan,sonra isə tədricən Həmədan şəklini almışdır.Buradan aydın olur ki,Həmədan-Akbatan toponiminin qədim fars dili vasitəsilə “yığıncaq yeri” kimi mənalandırılması düzgün deyil.
Q.Qeybullayev qeyd edir ki,Akbatan toponimi madayların dilində olmaqla türkcə “ak” və hazırda da Azərbaycan ərazisində bir sıra toponimlərdə qalmış “bat”,”bad” sözlərindən ibarətdir.Aq-Ak sözü burada Aqdam (Ağdam),Aqdaş (Ağdaş),Aqkənd (Ağkənd) toponimlərində olduğu kimi rəng bildirir və şəhərin qala divarlarının ağ rəngli daşdan tikilməsini göstərir.Herodot yazır ki,Akbatan qalasının I dövrlərləmə divarı ağ rəngdə idi (Herodot,I,98).
Bütün bu göstərilən faktlar Midiya toponimlərinin türkcə olduğuna şübhə yeri qoymur və təbii ki,başqa dildə danışan bir etnos bu qədər türkcə toponim yaratmazdı.Güney Azərbaycanda arasıkəsilməz etnik vərəsəliyi göstərən mühüm bir faktı da qeyd etmək lazımdır.Manna və Midiya e.ə. I minillikdə çəkilən toponimlərin bəzləri indiyədək az fonrtik dəyişkliklə qalmaqdadır:Uşkaya-Üskiyə,Kullar-Kullar,Urimzan-Urmu,Kizilbunda-Qızılözən,Sanqi-Səhənd,Kundur-Qotur,Astabene-Uştibin,Uauş-Yaş və s.
Madayların türkmənşəli olduğunu göstərən digər bir fakt onların daşıdıqları şəxs adlarıdır.Madaylarn İrandilli olamsına dair ortaya atılan saxta konsepsiyaya uyğun olaraq bir sıra Qərbi Avropa və rus tarixçiləri bu adların əksəriyyətini İran dilləri vasitəsilə izah etməyə çalışmışlar.Lakin sonrakı ciddi və məntiqli araşdırmalar bu adların əksəriyyətinin türk mənşəli olduğunu ortaya qoydu. Q.Qeybullayev qeyd edir ki,Manna və Midiya adlarının əksəriyyəti şumer dili vasitəsilə izah olunur.Lakin bu heç də həmin xalqların sonrakı şumerlər olduğunu demək olmasa da bəzi Şumer tanrılarının adlarının mannaların və madayların adlarında iştirak etməsi də danılmazdır (türk xalqları arasında əsas etnik bağlardan biri kimi izah oluna bilər).Bir neçə maday şəxs adını nəzərdən keçirdikdə bu daha aydın görsənir:
Enqur (e.ə. 821)- E.A.Qrantovskiyə görə,bu şəxs adı fars dilində “əngur” – üzüm sözündəndir.Lakin tarixə nəzər saldıqda hələ qədim şumerlərdə Ur-Enqur şəxs adının olduğunu görürük.Q.Qeybullayev sual verir ki,orada da farslar yox idi ki?!Şumer dilində “En”- Göy tanrısı və “qur” izin verdi sözlərindən ibarət olmaqla bu ad teofor addır.
Baqdatti (e.ə. 716) – Tədqiqatçıların bəziləri İranmənşəli ad sayıb.Məhz bu ada görə İ.M.Dyakonov, E.A.Qrantovski e.ə. VII əsrdə Urmiya gölü hözəsində artıq farsların yaşadığını qeyd edirlər. Y.B.Yusifov Baqdatti adının qədim türk-monqol mənşəli “boqdo” müqəddəs sözündən və “-ti” (-li) şəkilçsindən ibarət olduğunu yazmışdır. Q.Qeybullayev isə qeyd edir ki,ad ”bak” – şumercə parıldamağa başlamaq və “Utu” – Günəş tanrısı sözlərindəndir və bu teofor ad “Günəş tanrısı parıldadı” anlamını daşıyır.
Karakku (e.ə. 714) – İranmənşəli ad sayılır və qədim fars dilində “kara” – xalq sözü ilə əlaqələndirilir.Sonra da ermənilərdə Karapet şəxs adı ilə müqyisə edilir (E.A.Qrantovski-Rannaya istoriya iranskix plemen Predney Azii).Halbuki qədim fars dilindəki “kara” sözü türk dilindədir.Ermənilərə də ya farslardan ya da Qafqaz albanlarından keçmişdir.Ad ehtimal ki,lulubilər və kassilərdə Kuri tanrı adından və şumer dilində “uqu” – övlad sözlərindəndir.
Uzi (e.ə. 714) – E.A.Qrantovskiyə görə,Avesta dilindəki “uz” – hörmət etmək sözündəndir.Q.Qeybullayev qeyd edir ki,ad şumer dilində “uzu”-gələcəkdən xəbər verən (şumer dilində olan bu söz azərbaycan türkcəsində yozmaq sözünün də kökündə də qalır),qədim türkcə “uz” – bacarıqlı sözləri ilə əlaqəli ola bilər.Quruluşca VI əsrin ortalarında türk alanların başçısı Soraziy (yazılış qədim yunancadır,əslində Sar-Uziy) şəxs adı ilə müqayisə oluna bilər.
Dayaukku (e.ə. 715) – Bir sıra tədqiqatçılar İranmənşəli ad saymışlar. Q.Qeybullayev qeyd edir ki,”da”- şumercə tanrının köməyi ilə və “uku”-oğul,varis sözərindən ibarət teofor addır.
Kaştarita (e.ə. 673) – Assuriya irticasına qarşı üsyan qaldırmış Midiya hakiminin adı.Midiyada kass tayfasının başçısı.İranmənşəli ad sayılırdı və qədim farsca “hşadrua” – hakim kimi izah olunurdu.Lakin Q.Qeybullayev qeyd edir ki,ayrılıqda hakim sözü şəxs adına çevrilə bilməzdi.Adın mənbələrdə qədim farsca yazılışı düz,assurca yazılışı isə təhrifdir.Kaştarita Kas (kassi,kaş) etnonimindən,türk dillərindəki “tərə”,”tari”,”törü”,”törə”- qanun,qayda sözlərindəndir.Quruluşca VIII əsrin ortalarında uyğurlarda Kut-Tore xanın adı ilə müqyisə olunur.
Qaumata (e.ə. 519) – Fars hakimiyyətinə qarşı üsyan qaldırmış və çarlığı ələ almış midiyalı maqın adı.Bisütun qaya yazısının qədim farsca variantında Qaumata,babilcə variantında Qumata kimi qeyd olunmuşdur.Adın qədim farsca yazılışında həmin dilin qrammatik qanunlarına uyğun olaraq “u” səsi əlavə olunmadır.Məsələn həmin yazılarda Midiya toponimləri olan Payşibat və Sakabat qalalarının adları Payşiyauvat və Sakayauvat kimi yazılmış və deməli hər iki toponimdə “u” səsi artırılmışdır.Aydın olur ki,Qaumata kimi yazılmış ad əslində Qamata olmaqla türkcə “qam”- şaman,və “ata” – nəsildə və ailədə başçı sözlərindəndir.Ad “şamanların başçısı”,”şaman ata” mənasındadır.Adın bu etimologiyasını ilk dəfə prof. Firudin Cəlilov təklif etmiş,daha sonra isə Y.B.Yusifov və Q.Qeybullayev əsaslandırmış və daha tutarlı dəlillərlə sübut etmişlər.
Deyok (e.ə. VIII əsr) – Assur mənbəyində Dayaukku kimi qeyd olunur.Assur dilinin qrammatik qaydalarına uyğun olaraq “k” səsi qoşalaşdırılmış,sonuna “u” səsi əlavə olunmuşdur.Adın əsl forması Dayauk olmuşdur.İ.M.Dyakonov bu adın qədim farsca “dahuyi” – ölkə,tayfa ittifaqı (fars dilindəki dəh-kənd sözünün qədim forması) anlamını daşıdığını yazır.Lakin Q.Qeybullayev qeyd edir ki,ölkə,tayfa ittifaqı sözünün şəxs adına çevrilməsi inandırıcı deyil.Ad şumercə “da” – Tanrının qərarı ilə və “-k” şəkilçisindən ibarətdir.Bu teofor ad “Tanrının qərarı ilə doğulmuş övlad” anlamını daşıyır.
Kiaksar (e.ə. 625-584) - Midiya hökmdarı.Q.Qeybullayev qeyd edir ki,ilk böyük türk olan Kiaksar Manna və Midiya ərazisinə arasıkəsilməz basqınlar və hərbi yürüşlər keçirmiş təcavüzkar Assuriya çarlığına son qoymuş şəxsdir.Q.Qeybullayevə görə,Kiaksar şəxs adının əsl formasını bərpa etmək olduqca çətindir.Şübhəsiz Herodot fars məlumatçısından eşidiyi adı qədim yunan dilinə uyğun şəkldə yazmışdır.E.ə. 519-cu ilə aid Bisütun qaya yazısında Huvaxştra kimidir.Lakin bu da dəqiq deyil.Çünki farsca olmayan ad fars dilinin fonetikasına uyğunlaşdırılmışdır və Huvaxştra kimi oxunan adın əsli Kuvaksatar,yaxud Kuyaksatardır.Assur mənbələrində bir neçə midiyalının adında “satar” komponenti nəzərə çarpır:Satarpay,Satarpanu,Satarpet və b.Ona görə də Kuvaksatar şəxs adındakı “satar” komponentini türkcə “şat” – vəliəhd,şahzadə və “ər” – kişi,igid,döyüşçü sözlərindən olduğunu gümün etmək olar.XVIII əsrdə Xivə xanlığına aid arxiv sənədlərində qaraqalpaqlarda 9 nəfər Sadır şəxs adı çəkilir.İ.M.Dyakonov və E.A.Qrantovski “satar” sözünü qədim fars mənşəli “hşatra” –hakimiyyət sözünün assur dilində yazılışı sayır və bunun əsasında maday etnosunun ari mənşəl olduğunu yazırlar.Lakin yuxarıda qeyd edilən dəlillər bu fikrin yalnış olduğunu göstərir.Orta Asiyada sak çarlarından biri Saksatar (bu adı e.ə. II əsr müəllifi Poliyen çəkir) şəxs adı məlumdur.Adın birinci komponenti Şərqi Hun xaqanı Metenin oğlu Kiek (yazılışı çin dilindədir,Kuyak,Kuvak kimi bərpa olunur) və Çingiz xanın nəvəsi Quyuk xanın (1205-1248) adlarında da vardır.Kiaksar (Huvaxştra) şəxs adının dəqiq mənası hələ də müəyyən edilməyib.Q.Qeybullayev qeyd edirki,əgər bu ad məhz Herodotun yazdığı kimi səslənmişsə,onu şumer dilində “kiak” – sevimli sözündən və Sar (Şar) Assur tanrısının adından ibarət olduğunu və “Sar (Şar) tanrısı sevimlidir” anlamını daşıdığını güman etmək olar.Belə halda Kiaksar da teofor ad hesab olunur.
Astiaq (Herodot,I,153) – Midiyanın axırıncı hökmdarı.Q.Qeybullayev yazır ki,Astiaq türklərin tarixində qara səhifə açmış şəxslərdəndir.Onun öz sərkərdəsi Harpaqa (əslində Arpaq) qarşı ədalətsiz münasibəti (oğlunu öldürüb ətini atasına yedirməsi) Harpaqın Astiaqa qarşı döyüşən fars ordusunun tərəfinə keçməsinə və bununla da Herodotun “rəşadətli kişilər” adlandırdığı (Herodot,I,96) madayların hakimiyyətinin farslara (Əhəmənilər sülaləsi) keçməsinə səbəb olmuşdur.Herodotun Astiaq kimi yazdığı ad e.ə. 519-cu ilə aid Bisütun qayaüstü yazısının farsca versiyasında İştivequ,babilcə versiyasında İştimequ (bu dildə “v” səsi yox idi) formalarındadır.İ.H.Əliyev bu ad Elam mənşəli saymış və elam dilində “İştu” tanrısının adının əks etdirdiyini yazmışdır.Q.Qeybullayev yazır ki,həqiqətən də Midiyada ondan əvvəl İşteluku və İştesuku şəxs adları məlumdur.Lakin İ.H.Əliyev adın ikinci hissəsini izah edə bilməmişdir.Qeyd edilməlidir ki,qaya yazısınln farsca versiyasında da daın sonunda “u” əsinin yazılması göstərir ki,bu səs adətən assur dilində adların sonuna əlavə olunan “u” adlıq hal şəkilçisi deyil.Q.Qeybullayevə görə ad Elam mənşəli İştu tanrısının adından və şumer dilində “be” şəkilçisindən və “gu”- mənimdir sözlərindən ibarət olmaqla “İştu tanrısı mənimdir” anlamını daşıyır.Bəlkə də Elam mənşəli İştu (yaxud hürritcə İştu-parlaq) tanrısının adından,şumercə “be”-hökmdar,bəy və “ku”-mənimdir sözlərindən olmaqla “hökmdar İştu tanrım” mənasındadır.
Harpaq (Herodot,I,162)-Hökmdar Astiaqın qohumu,Maday ordusunun komandanı.Adın əvvəlinə “h” səsi əlavə olnmuşdur (Herodotun fars məlumatçısı adı Harpaq kimi tələffüz etmiş və müəllif də belə yazmışdır).Şumercə “ara”,”ərə” – qul,”ba” – bağışlamaq və “ku” qismət sözlərindən ibarət olub “Tanrı qul payı bağışladı” mənasındadır.E.ə. 713-cü ilə aid Assur mənbəsində çəkilən Arbaku adının eynisidir.
Mandana (Herodot,I,107) -Hökmdar Kiaksarın qızının adı.Şumercə “man”- mən,”da” tanrının qərarı ilə və “Ana” -Göy tanrısı sözlərindən ibarət teofor addır.Ad “Mən-Göy tarnrısının qərarı ilə” mənasındadır.
Artik- türkcə “ər”-kişi,igid,döyüşçü və “tın(q)” – möhkəm,qüvvətl sözlərindəndir.Bu adın ikinci komponenti 558-ci ildə Bizansa göndərilmiş Avar xaqanlığının səfiri Kandixin adındakı “dix” komponenti ilə eynidir (ad türkcə “kan” –xan və “tınq” sözlərindəndir).XVIII əsrə aid Xivə xanlarının arxivindəki sənədlərdə Artik bəy,Artiq Mühəmməd,Artuk biy və s.şəxs adları vardır.
Qeyd etmək lazımdır ki,Q.Qeybullayev “Azərbaycan türklərinin təşəkkülü tarixindən” adlı əsərində madayların bütün şəxs adlarının,toponimlərinin və tayfa adlarının izhınıvermiş və anlamını açmışdır.Göstərilən nümunələr də göstərir ki,madaylarda heç bir İranmənşəli və farsmənşəli ad yox idi.Maraqlı cəhət budur ki,istər Mannada,istərsə də Midiyada adların əksəriyyəti şumer mənşəlidir.Tədqiqatçılar bunun səbəbini izah etməkdə çətinlik çəkirlər və müxtəlif mülahizələr irəli sürülür.Birincisi çoxminillik qarşılıqlı əlaqələr nəticəsində Şumerin teofor adları mannalara və madaylara da keçmişdi.Qeyd edilməlidir ki,bu adlar akkadlarda,elamlarda və urartularda da bu və ya digər dərəcədə vardır.İkincisi mannaların və madayların ulu əcdadları olan lulubilər,kutilər və kassilər mənşəcə şumerlərlə eyni etnik kökə malik idilər,yəni türk idilər.Şumerlərin bir hissəsi mannaların və madayların əcdadlarına qarışmışdılar.
Madayların türk mənşəli olduğunu sübut edən bir fakt da vardır.Bu antik mənbələrdə Maday və Pars (fars) etnosları arasındakı etnik fərqlərə aid məlumatlardır.
1)Assur mənbələrinin birində “qüdrətli madaylar” ifadəsi işlədilir və onlar arilərdən fərqləndirilir.
2)Herodotun əsərində və Bisutun qaya yazısında maday və pars etnosları qarşı-qarşıya qoyulur və bir-birinə düşmən etnoslar kimi göstərilir.Herodot yazır ki,Midiya hökmdarı Deyokun oğlu Fraorta parsların üstünə getmiş və düşməni özünə tabe etmişdir (Herodot,I,101).
3)Həmin yerdə Herodot yazır ki,Midiya hökmdarı Fraorta atası Deyokdan sonra təkcə midiyalılar üzərində hakimiyyətlə kifayətlənmədi və farsların üstünə gedərək onları yenə özünə tabe etdi.”Bu iki xalqa” (Q.Qeybullayev qeyd edir ki,məhz bu ifadədən farsların və madayların ayrı etnos olduqlarını anlamaq mümkündür.) yiyələndikdən sonra hökmdar Asiyanın başqa xalqlarının üstünə getdi (Herodot,I,102).
4)Midiya tayfalarından biri olan maqlar Midiya hökmdarı Astiaqa demişlər:”Əgər o,(Maday çarlığı) bu fars oğluna (Pars əyalətinin hakimi Kir nəzərdə tutulur.) biz midiyalılar da qul olacayıq,farslar bizə yadelli kimi,alçaq gözlə baxacaqlar (Herodot,I,114).
5)Fars əyanlarından biri Qobriy deyir:”İndi farsların üzərində hökmdar midiyalı maqdır.”(Herodot.III,73)
6)Herodot yazır ki,fars hökmdarları öz bacıları ilə də evlənirdilər (Herodot,III,31).Məsələn,fars hökmdarı Kambiz bacıları Roksana və Atossa ilə evlənmişdi.Herodot oradaca qeyd edir ki,”bu farsların dini əqidəsindən irəli gəlir”.Lakin Manna və Midiya hökmdarlarında bu mənfur adətə meyl heç bir yerdə qeyd olunmur (bu türk törəsinə ziddir).Ümumiyyətlə qədimdən türk xalqlarında nigah ciddi ekzoqam idi.
7)Herodot yazır ki,midiyalıların farslardan fərqli öz geyim formaları var və farslar sonradan bu geyim formasını midiyalılardan mənimsəmişlər.(Herodot,III,81)
8)Herodot fars çarı Kserksin Afinaya hücumundan danışarkən yazır ki,ordunun silahı Midiya silahlarıdır,fars yox.(Herodot,VII.62)Deməli farslar və madaylar silahlarına görə də fərqlənmişlər.
9)Herodot yazır ki,Əhəmənilər dövlətində farslar vergilərdən azaddır.(Herodot,III,97) Lakin X satraplığa aid olan akbatanlılar (madaylar) və saklar ildə 450 talant vergi verirlər.(Herodot,III,92) Əgər madalar və saklar farslarla qohum idilərsə (əslində qeyd edilir ki,eyni kökdəndirlər) və mannalar da artıq farslaşmışdılarsa onda onlar niyə vergi verirdilər?
10)Herodot qeyd edir ki,farslar ölüləri quşlara və heyvanlara qoyurlar.(Herodot,I,140) Əgər madaylar da ari idilərsə nəyə görə bu adət farslarda var idi,madaylarda yox?
11)Yunan müəllifi Ksenofont (e.ə. V əsr) yazır ki,farslar madaylardakı,geyim,silah və xalçalardan istifadə edirlər.Qeyd edilməlidir ki,xalça toxuculuğu mənşəcə qədim türklərə mənsubdur.Altayda xalça qalıqları e.ə. I minilliyə aid kurqanlardan aşkar edilmişdir.Güney Azərbaycanın böyük və zəngin Təbriz xalçaçılıq məktəbinin məhsulları bu gün dünyaya İran xalçaları kimi tanıdılır.
12)Strabon yazır:”Deyilənə görə,midiyalılar ermənilərin (ermənilər-əsil etnik adı ərmənlər olan tayfa əslində türk mənşəli qədim tayfadır və bu tayfanın hazırda erməni adını qəbul etmiş və etnik adı hay olan tayfa ilə heç bir əlaqəsi yoxdur.Haylar ərmənlərin torpağında məskunlaşdıqdan sonra bu tayfanın adı ilə adlandırılmağa başlamışlar) və elə ondan əvvəl fars hökmdarlarının və adətlərinin baniləridir.”(Starbon,XII,13,11) Daha sonra bu müəllif belə bir məlumat verir: “Ən cəsur adamın çar seçilməsi daha çox Midiya adətidir.”(Strabon,XI,13,11) Əgər farslar və madaylar eyni etnosun hissələridirsə,nəyə görə farslarda dövləti idarə qaydaları Midiya mənşəlidir?
13)Qafqaz albanlarından olan tarixçi Moisey Kalankatlı Yafətin nəslinin şəcərəsini verdikdə Yafətin oğlanları içərisində Qomer (yəni kimmerlər,dəqiqi qəmərlər),Maday (madaylar),Maqoq (yəni skiflər,dəqiqi işkuzlar),Yavan,Tubal,Meşek,Tiras və Het adlarını (“Alban ölkəsinin tarixi”,I kitab,I fəsil) çəkir,lakin ari və pars adını göstərmir.
Deyilənlərdən görünür ki,maday etnik adını daşıyanlar pars etnik adını daşıyanlardan mənsubiyyətcə fərqli idilər.Əlbəttə ümumi mənada,Midiya dövləti sərhəddində yaşadıqlarına görə farslar da midiyalı idilər,lakin etnik adı maday olan və dövlətin qurucusu,həmçinin idarəçisi olan yerli tayfa türk mənşəli idi.
Doğrudur,Herodotun əsərində belə bir məlumat vardır:”Midiyalıların (söhbət fars ordusunun Afinaya hücumu və e.ə. 490-cı ildə baş vermiş Marafon döyüşündən gedir) başçısı Əhəmənilər nəslindən (mənşəcə fars olan nəsil) olan Tiqran idi.Qədimlərdə onların hamısını (yəni farsları və madayları) ari adlandırıdılar.Bu arilərə Afinadan kolxidalı Medey gəldikdən sonra onlar da (yəni madaylar) adlarını dəyişdilər.(Herodot,VII,62) Göründüyü kimi burada maday etnoniminin mənşəyinin müəyyən edilməsi cəhdindən gedir və Herodot onu kolxidalı Medey adlı şəxslə bağlayır (müqyisə üçün qeyd edilə bilər ki,antik müəlliflər Qafqaz albanlarını da İtaliyadan gəlmə sayırlar). I əsr müəllifi Strabon (Strabon,XI,13,10) da yazır ki,Medeya Yasonla burada hakimiyyətdə olublar və ona görə ölkə Midiya adlanıb.
Məntiq elmində yenilməz prinsipə görə gətirilən dəlil obyektiv olmadıqda (Midiya adının Kolxidadan gəliş qadınla bağlı olması) çıxarılan nəticə (madayların ari olması) də düz sayılmır.
Həqiqət isə belədir ki, madaylar, mannalardan sonra Azərbaycan ərazisində ikinci dövlət yaratmış, Azərbaycanda ilk türk imperiyasını qurmuş Azərbaycan türklərinin ulu türk əcdadlarından biridir.
Azərbaycan türklərinin formalaşması prosesində madaylar digər türk etnosları ilə qaynayıb qarışdı. Onların birbaşa varisləri Güney Azərbaycan ərazisində əhalisi Azərbaycan türkcəsində danışan Madabad, Madi, Mahnabad, Mehni (fars dilinin təsiri ilə “d” səsi “h” səsinə keçmişdir) və s. kəndlərdə yaşamaqdadır. Savalanda indi əhalisi türk mənşəli olan Madya kəndi vardır.
Maday əvvəlcə konret bir tayfanın,sonra tayfa ittifaqının,daha sonra bu tayfa ittifaqı əsasında yaranmış dövlətin adı olmuşdur.Etnologiya elmində qəbul edilmişdir ki,tayfa ittifaqı etnik mənsubiyyətcə qohum tayfaların birləşməsi kimi təşəkkül tapır və birləşmə ittifaqda sayca çoxluq təşkil edən tayfanın adını daşıyır.Midiya tayfa ittifaqında aparıcı tayfa maday idi.Herodot yazır ki,Midiya tayfa ittifaqına 6 tayfa daxil idi:maqlar,ariazantlar,budilər,buslar,paratagenlər və struxatlar.(Herodot,I,101) Bu tayfalar haqqında tədqiqatçılar çox yazmışlar.İ.M.Dyakonov bu tayfaların ikisinin-ariazantlar və struxatların İrandilli olduğunu yazmışdır.Lakin Q.Qeybullayev qeyd edir ki,bu düz fikir deyil,çünki müxtəlif dilli tayfalardan tayfa birliyi yarana bilməzdi.İqrar Əliyev bu tayfaları kaspidilli (yəni Elam-hürritdilli,başqa sözlə,Qafqazdilli) sayır.Midiya tayfalarının hamısının İrandilli olduğunu qeyd edənlər də vardır.Lakin kompleks aparılmış son tədqiqatlar Midiya tayfa ittifaqına daxil olantayfaların hamısının türkdilli olduğunu göstərmişdir.

 
FORUM » ELM VƏ TƏHSİL » TARİX » MİDİYALILAR (MADAYLAR) (MİDİYALILAR (MADAYLAR))
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...