ŞƏNBƏ, 2024-04-20, 3:26 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ QƏDIM ROMA DÖVLƏTİ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » TARİX » QƏDIM ROMA DÖVLƏTİ (QƏDIM ROMA DÖVLƏTİ HAQQINDA)
QƏDIM ROMA DÖVLƏTİ
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 6:42 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Qədim Roma əvvəlcə şəhər-dövlət, sonralar (e.ə. 3 əsrin sonundan) Avropanın qərb və cənub-şərq hissələrinin, Kiçik Asiyanın, Şimali Afrika sahilinin, Suriya və Fələstinin daxil olduğu dövlət. Rəvayətə görə, Roma şəhəri e.ə. 754/753 ildə Eneyin varisləri Romul və Rem tərəfindən salınmışdır. Romanın tarixi ənənəvi olaraq üç dövrə bölünür: çarlıq (e.ə. 754/753-e.ə. 510/509), respublika (e.ə. 510/509-e.ə. 30 və ya 27), İmperiya və ya prinsipat dövrü (e.ə. 30 və ya 27-eramızın 193 ili) və dominat. Roma dövlətinin tarixində ordu böyük rol oynamışdır. Romalılar əvvəlki quldarlıq dövlətlərinə nisbətən daha mükəmməl, nizami ordu yarada bilmişdilər. Onun əsas qüvvəsi koqorta və manipulalara bölünmüş legiondan ibarət olan piyada idi. Süvari qoşunu yardımçı rol oynayırdı.

ÇARLIQ

Ən qədim çarlıq dövrün yeddi çarının adı məlumdur (Romul, Numa Pompili, Tull Qostili, Ank Marsi, Tarkvini Prisk, Servi Tulli və Məğrur Tarkvini). Çarlıq dövrünün başlanğıcında cəmi 300 qəbilədən ibarət olan əhalidən hər 10 qəbilə bir kurianı, hər 10 kuria isə tribanı təşkil edirdi. Üç triba (latın, sabin, etrusk) var idi. İcmanın ən mühüm işlərinə qəbilə ağsaqqallarından seçilən senat baxırdı. Senata ağsaqqalları tədricən hər qəbilənin eyni ailəsindən seçməyə başladılar. Bu qayda əhalinin imtiyazlı təbəqəsinin (patrisilərin) yaranmasına səbəb oldu; əhalinin qəbilə təşkilatından kənarda qalan hissəsi plebeylər adlanırdı. Senatdan başqa, kurialar üzrə toplanan xalq məclisi də mövcüd idi (yalnız patrisilər iştirak edirdilər). Əvvələr çarın hakimiyyəti qəbilə başçısının səlahiyyətinə yaxın idi. Müəyyən müddətdən sonra çarlar senat üzvlərini yalnız məhdud dairələrdən təyin etməyə başladılar. Beləliklə, senat Roma əyanlarının qanalı orqanına çevrildi. Patrisilərdə plebeylərin mübarizəsi şəraitində plebeylər icmada patrisilərlə bərabər vətəndaşlıq hüququ qazandılar. E.ə. 5 əsrin 1-ci yarısında xalq tribunu vəzifəsi təsis olundu. E.ə. 6 əsrin ortalarında Romada cəmiyyəti varlı və yoxsul siniflərə bölünən islahatlar keçirildi. Əmlak senzindən asılı olaraq, hər sinif qoşun üçün müəyyən sayda döyüşçü verirdi. Senturiyalar üzrə səsvermə xalq məclisində səslərin patrisilərin xeyrinə təmin edirdi. Bu şəraitdə çar hakimiyyətinin süqutu və respublikasının qurulması başa çatdı.

RESPUBLIKA

Respublikada keçmiş çar səlahiyyətini hər il seçilən iki vəzifəli şəxs (əvvəlcə pretorlar, sonra konsullar) icra edirdi. Ali hakimiyyət orqanı formal olaraq xalq məclisi sayılsa da, əslində dövlətin idarəsində aparıcı rol senata məxsus idi. Senat maliyyə, dövlət əmlakı, xarici siyasət və hərbi işlərə baxırdı. İcraedici orqanlar magistratlar idi. E.ə. 5 əsrdə Roma yeni ərazilər əldə etmək uğrunda yaxın qonşunları olan etrusklar, latınlar və başqa tayfalarda müharibələr aparırdı. Qalların hücumundan (e.ə. 390 və ya 387) sonra plebeylər ilə patrisilər arasında sosial mübarizə kəskinləşdi. E.ə. 326 ildə borc köləliyi ləğv edildi. E.ə. 4 əsrin ortalarında qazandığı qələbələr nəticəsində Roma Orta İtaliyada güclü dövlətinə çevrildi. Onun latınlar (e.ə. 340-338), samnitlər, Epir çarı Pirr üzərində (e.ə. 280-275) qələbələri ilə Apennin yarımadasının 200 il davam edən işğalı başa çatdı. Romaya tabe olan tayfaların federasiyası yarandı. Daxili işlərində isə diktator Hortenzinin verdiyi qanundan (e.ə. 237) sonra plebeylərin triblər üzrə qəbul etdikləri qərarlar qanun qüvvəsi aldı və onları senatın bəyənməsinə ehtiyac qalmadı. İtaliyada hakimiyyətini möhkəmləndirən Roma Aralıq dənizinin qərbində Karfagenlə mübarizəyə girişdi. Pun müharibələrində (e.ə. 264-241, 218-201, 149-146) Roma Karfageni məhv edib Aralıq dənizinin qərbində hegemonluğu ələ keçirdikdən sonra Balkan yarımadasına və Asiyaya doğru irəlilədi. E.ə. 2 əsrin ortalarında Aralıq dənizi sahilinin bir çox ərazisi Roma tərkibinə qatıldı və Roma əyalətləri yarandı. Lakin sinfi ziddiyyətlərin hədsiz kəskinləşməsi böyük üsyanlara - Siciliyada qul üsyanlarına və Kiçik Asiyada Aristonikin üsyanına səbəb olmuşdu. Kəndlilərin torpaq uğrunda mübarizəsinə Qrakx qardaşları başçılıq etdilər. E.ə. 133 ildə xalq yığıncağı ictimai torpaqların tutulmasını məhdudlaşdırmaq haqqında qanun qəbul etdi. Siyasi qruplaşmalar - optimatlar ilə populyarlar arasında silahlı mübarizə şiddətləndi. Xarici siyasətdə Yuqurta müharibəsinin (e.ə. 111-105) əvvəlində Roma ordusu məğlubiyyətə uğradı. Müttəfiqlər müharibəsi (e.ə. 90-88) nəticəsində Roma italiklərə vətəndaşlıq hüququ verməyə məcbur oldu. Sulla və Mari tərəfdarlarının mübarizəsi (e.ə. 87-82) köhnə siyasi quruluş formalarının yeni şəraitə uyğun gəlmədiyini göstərdi. E.ə. 82 ildə Sulla müddətsiz diktator oldu; xalq yığıncağının və xalq tribunlarının rolu heçə endirildi. Sullanın rejimi geniş müxalifət doğurdu və o, e.ə. 79 ildə səlahiyyətindən əl çəkməyə məcbur oldu. Qədim dövrün ən böyük qul üsyanlarından olan Spartak üsyanı (e.ə. 74 və ya 73-71) Romada ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş vermişdi. Siyasi qruplaşmalar arasında hakimiyyət uğrunda mübarizə şiddətləndi. E.ə. 60 ildə Qney Pompey, Mark Lisini Krass və Yuli Sezar ittifaq bağlayaraq birinci triumvirat yaratdılar. Lakin onların arasında təfriqə düşdü və yeni mübarizə Sezar diktaturasının qurulması ilə nəticələndi. O, yeni əraziləri (Qalliya, Britaniya və s.) işğal etdi. Sezar öldürüldükdən (e.ə. 44) sonra ölkədə bir neçə il vətəndaş müharibəsi davam etdi və Oktavianın qələbəsi ilə qurtardı.

PRINSIPAT VƏ DOMINAT

Oktavian Avqust imperiya dövrünün başlanğıcını qoymuş prinsipat sistemini (e.ə. 27 ildən) yaratdı. Dövlətin sərhədləri xeyli genişləndirilmiş, Misir, Şimali İspaniya işğal edilmiş, Ermənistan, Qara dəniz sahilinin xeyli hissəsi asılı vəziyyətə salınmışdı. Avqustun xələfləri Tiberi (14-37), Kaliqula (37-41), Klavdi (41-54), Neron (54-68) əyalətlərdə xalq kütlələrinin üsyanları yatırır, respublika qaydalarını bərpa etməyə can atan Roma aristokratiyasına qarşı şiddətli mübarizə aparırdılar. Bu zamanda xristianlıq yaranmağa başladı. Roma imperiyasının yüksəlişi Antoninlər sülaləsi dövrünə (96-192) təsadüf edir. Trayanın dövründə (98-117) Roma dövlətinin əraziləri maksimum genişlənmiş, daxili ticarətin və sənətkarlığın inkişafına şərait yaranmışdı. İtaliyada başlanan sosial-iqtisadi böhran ("3 əsr böhranı") quldarlığı aradan qaldırdı. Markoman müharibəsində Roma barbarların hücumunu güclə dəf edə bildi. İmperator Karakallanın 212 ildə bütün azad əyalət adamlarına Roma vətəndaşlığı vermək haqqında qanunu da vəziyyəti yüngulləşdirmədi. 3 əsrin ortalarında Roma imperiyası əslində dağıldı. İmperatorlardan Diokletian (284-305) və I Konstantinin (306-337) dövründə imperiya bərpa edilmiş, dominat rejimi bərqərar olmuşdu. 313 ildən sonra hakim kilsə olan xristian kilsəsi dövlətin sədaqətli müttəfiqi idi. 4 əsrdə ticarətin, sənətkarlığın tənəzzülü ilə yanaşı, orduda və inzibati idarələrdə barbarların mövqeyinin xeyli güclənməsi də müşahidə edilirdi. 378 ildə Roma ordusunda xidmət edən vestqotlar üsyana qalxdılar. Adrianopol yaxınlığında üsyançılar imperator Valentinin ordusunu darmadağın etdilər. 395 ildə imperiya iki hissəyə - Qərbi və Şərqi Roma imperiyasına bölündü. 410 ildə vestqotlar Roma şəhərini ələ keçirib qarət etdilər. Qalliya və İspaniyanı baqaudların üsyanı bürürdü. 476 ildə Odoakr Qərbi Roma imperiyasının sonuncu imperatoru Romul Avqustulu devirdi və Qərbi Roma imperiyası süqüt etdi.

KONSUL (QƏDIM ROMA)

Konsul - Qədim Romada ali magistraturadan biri. İki nəfər olub, bir illiyə seçilirdi. İki konsul kollegiyası Məğrur Tarkvini qovulduqdan sonra (e.ə. 510-509) təsis edilmişdi. Əvvəllər yalnız patrisilərdən, e.ə. 367-366 illərdən isə həm də plebeylərdən seçilirdi. Konsullar ali mülki və hərbi hakimiyyətə malik idilər; fövqəladə vəziyyətdə senat konsula qeyri-məhdud hüquqlar verirdi. İmperiya dövründə konsul fəxri titula çevrildi.

PATRISILƏR

Patrisilər (patricii, pater - ata) - Qədim Romada əvvələr, ehtimal ki, nəsli icmaya daxil olan və plebeylərə qarşı duran bütün yerli əhali; sonralar nəsli aristokratiya. E.ə. 6 əsrin sonunda siniflərin və dövlətin yaranması dövründə patrisilər Roma respublikasında hakim sinfə - təbəqəyə çevrildilər. Patrisilərin iqtisadi hökmranlığının əsasını ictimai torpaqlardan istifadə etmək üçün müstəsna hüquqa malik olmaları təşkil edirdi. Plebeylərin hüquqları patrisilərlə bərabərləşdirildikdən sonra (e.ə. 3 əsrin əvvələri) patrisilər ilə plebeylərin yuxarı təbəqəsi birləşib nobilitet təşkil etdi.

PLEBEYLƏR

Plebeylər (plebeii, plebs - sadə xalq) - Qədim Romada azad əhalinin təbəqələrindən biri. E.ə. 3 əsrin əvvəlinədək icma torpağından istifadə hüququna malik deyildilər, xüsusi mülkiyyətçi kimi onların kiçik torpaq sahələri vardı. Əkinçiliklə yanaşı sənətkarlıq və ticarətlə də məşğul olurdular. Patrisilərə qarşı mübarizə (e.ə. 5 əsrin əvvəli-e.ə. 3 əsrin əvvəli) nəticəsində plebeylər patrisilərlə eyni dərəcədə vətəndaşlıq və siyasi hüquqlara nail oldular; Roma xalqının tərkibinə daxil edildilər, patrisilərlə birgə nobilitet yaratdılar. Plebeylər termini e.ə. 3-2 əsrlərdə tam hüquqlu, lakin əsilzadə olmayan vətəndaşlara aid edilirdi. Roma senatı
Senat (latıncasenatus, senex - qoca) - Qədim Romada ali dövlət orqanlarından biri. Patrisi nəsillərinin ağsaqqalar şurası əsasında yaranmışdı (e.ə. təqr. 6 əsr); çar yanında dövlət şurasından ibarət idi. Respublika dövründə plebeylərlə patrisilərin silki mübarizəsi (e.ə. 5-3 əsrlər) nəticəsində senatın bəzi hüquqları komisiyalara (xalq yığıncaqlarına) keçmişdi. E.ə. 3-1 əsrlərdə senatın vəzifələrinə qanun layihələrini əvvəlcədən nəzərdən keçirmək, hərbi işlərə, xarici siyasətə, maliyyə işlərinə, dövlət əmlakına və s. məsələlərə ali rəhbərlik daxil idi. Senat üzvlərinin (e.ə. 88 ilədək 300 nəfər, sonra 600) siyahısını senzor tərtib edirdi. İmperiya dövründə senatın hüquqları daha da məhdudlaşdırılmış, Diokletianın dövründə Roma şəhər şurasına çevrilmişdi. Senator adı ömürlük verilirdi. İmperiya dövründə irsən keçir, yaxud imperator tərəfindən bəxş edilirdi.
İndiki zamanlarda ABŞ Konqresinin yuxarı palatası Senat adlanır

XALQ TRIBUNU

Xalq tribunları (plebey tribunları) (tribuni plebis) - Qədim Romadaplebeylərdən (e.ə. 494 ildən) seçilən vəzifəli şəxslər. Xalq tribunları plebeylərin hüquqlarını müdafiə edir və onların xeyrinə qanunlar həyata keçirirdilər. Onlar magistrat və senatın qərarlarını ləğv etmək hüququna malik idilər. Tribunların şəxsiyyəti toxunulmaz və müqəddəs hesab edilirdi. İmperiya dövründə xalq tribunları əslində real əhəmiyyətlərini i


ROMA IMPERATORLARI (İMPERIYANIN PARÇALANMASINDAN QABAQ)

Avqust ·Tiberi ·Kaliqula ·Klavdi ·Neron ·Qalba ·Oton ·Vitelli ·Vespasian ·Tit ·Domisian ·Nerva ·Trayan ·Hadrian ·Antonin Piy ·Mark Avreli/Lusi Ver ·Kommod ·Pertinaks ·Didi Yulian ·Septimi Sever ·Karakalla/Geta ·Makrin ·Elaqabal ·Aleksandr Sever ·Frakiyalı Maksimin ·I Qordian ·II Qordian ·Balbin/Pupien ·III Qordian ·Ərəb Filipp ·Desi Trayan ·Gerenni Etrusk ·Trebonian Qall ·Hostilian ·Voluzian ·Emilian ·Valerian ·Qallien ·II Klavdi ·Kvintill ·Avrelian ·Tasit ·Florian ·Prob ·Kar ·Karin ·Numerian ·Diokletian/Maksimian ·I Konstansi ·Qaleri ·Flavi Sever ·Maksensi ·Maksimin Daza ·Lisini ·Valeri Valent ·Martinian ·I Konstantin ·II Konstantin ·Konstant ·II Konstansi ·Maqnensi ·Neposian ·Vetranion ·Mürtəd Yulian ·İovian ·I Valentinian ·Valent ·Qrasian ·II Valentinian ·Maqn Maksim ·Yevgeni ·I Feodosi



OKTAVIAN AVQUST
Oktavian Avqust (Qay Oktavi, e.ə. 44 ildən Qay Yuli Sezar Oktavian, e.ə. 27 ildən Qay Yuli Sezar Oktavian Avqust) (e.ə. 23 sentyabr, 63-eramızın 19 avqust, 14) ilk Roma imperatoru (Yulilər-Klavdilər sülaləsindən, e.ə. 27-eramızın 14 il), Yuli Sezarın oğulluğu. O, Sezarın qatilləri Brut və Kassini məğlub etmiş, Sekst Pompey ilə müharibədə qələbə çalmışdır (e.ə. 36). Aksi yaxınlığında vuruşmada (e.ə. 31) Mark Antoni və Kleopatraya qalib gəlmişdir. Avqust hakimiyyətinin ilk illərində işğalçılıq müharibələri aparmış, özgə torpaqlarını fəth etmişdir. Misiri Romanın əyalətinə çevirmişdi. Misirdən qayıtdıqdan sonra senat Oktaviana Avqust (Müqəddəs) adı vermiş, bununla da hakimiyyət əslində onun əlinə keçmişdi. Avqustun verdiyi qanunların bir çoxu quldarlığın daha da möhkəmlənməsinə yönəldilmişdi. Avqust Romada respublika quruluşunu formal saxladı. Orduya arxalanan Avqust hərbi diktatura yaratmışdı. Avqustun yaratdığı dövlət idarə sistemi prinsipat adlanırdı. Avqust İspaniyanın şimal-qərbinini, Dunayboyu vilayətləri və s. yerləri imperiyaya birləşdirmişdi. Avqust dövründə Romada böyük tikinti işləri aparılmış, ədəbiyyat yüksək inkişafa çatmışdı.

NERON

Klavdi Sezar Neron (15 dekabr, 37-9 iyun, 68) - Roma imperatoru (54-68), Yulilər-Klavdilər sülaləsindən. Hakimiyyətinin ilk illərində ölkəni senatla razılıq əsasında idarə etsə də, sonradan cəza tədbirlərinə və müsadirələrə əl atmış, nəticədə təkcə senatorları deyil, digər təbəqələri də özünə qarşı qaldırmışdı. Özünəvurğunluğu, qəddarlığı və əyyaşlığı ilə fərqlənmişdir. Yaxın qohumları (o cümlədən anası) və bir sıra görkəmli şəxslər Neronun qurbanı olmuşlar. 68 ildə əyalət canişinləri üsyana qalxdığı zaman Neron Romadan qaçmış, yolda özünü öldürmüşdür. Ölümündən az əvvəl Qafqaz Albaniyaya hücum etmək məqsədilə çoxlu qoşun toplamışdı.

I KONSTANTIN

I Konstantin (Böyük Konstantin), Flavi Valeri Avreli (təqr. 285, Naissus-337, Ankiron) Roma imperatoru (306-337). 325 ildən təkbaşına hökmdarlıq etmişdi. Dövlət aparatını mərkəzləşdirmək siyasəti yeridir, vaxtı keçmiş quldarlıq münasibətlərini və xristian kilsəsini müdafiə edirdi. Konstantinin dövründə paytaxt Romadan Konstantinopola köçürülmüşdü (330 il).


ROMA İMPERIYASI

Roma İmperiyası (latınca Imperium Romanum, ingiliscə Roman Empire) - e.ə. 27 - e. 476-cı illərində tarix səhnəsində Roma Respublikasını əvəz etmiş və Qədim Dünya, o cümlədən Qədim Roma tarixində əhəmiyyətli yer tutan dövlət. Bu tarixi mərhələ qədim Roma dövlətində imperator Avqustun hakimiyyətini və ondan sonrakı dövrü əhatə edir. İmperiya dövründən əvvəl 500 il ərzində mövcud olmuş Roma Respublikası bir neçə vətəndaş müharibəsi nəticəsində zəifləmişdir. O dövrdə Qədim Romada baş vermiş bəzi hadisələr - Yuli Sezarın ömürlük diktator (e.ə. 44) təyin edilməsi, Oktavianın Aktium döyüşündə qələbəsi (2 sentyabr e.ə. 31) və Roma Senatının onu şərəfli Avqust adı ilə təltif etməsi (16 yanvar e.ə 27) artıq Roma Respublikasının avtokratik İmperiyaya keçidi ilə əlamətdardır.

Romanın ərazisi Respublika zamanında genişlənməyə başlamış və İmperator Trayanın hakimiyyəti dövründə ən yüksək nöqtəsinə - 5 900 000 km² çatmışdır. İmperiyanın bir neçə əsr ərzində belə nəhəng əraziyə malik olması nəticəsində, indiyədək müxtəlif millətlərin dillərində, dinlərində, mədəniyyətlərində, memarlıq abidələrində, fəlsəfələrində və qanunlarında Romanın dərin tarixi təsiri müşahidə olunur.


 
FORUM » ELM VƏ TƏHSİL » TARİX » QƏDIM ROMA DÖVLƏTİ (QƏDIM ROMA DÖVLƏTİ HAQQINDA)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...