BAZAR, 2024-12-22, 7:02 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ Z.BÜNYADOV, Y.MAHMUDOV,ORUC BƏY BAYAT .... - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Z.BÜNYADOV, Y.MAHMUDOV,ORUC BƏY BAYAT ....
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 6:34 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Ziya Bünyadov

Ziya Bünyadov (21 dekabr1923 - 21 fevral1997) − şərqşunas və tarixçi, Sovet İttifaqı qəhrəmanı, Dövlət mükafatı Laureatı, əməkdar elm xadimi.Akademik Ziya Bünyadov Berlin şəhərinin Pankov rayonunun (Almaniya), Urgənc (Özbəkistan), Astara və Göyçay (Azərbaycan) şəhərlərinin fəxri vətəndaşı idi. Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru (1981 - 1997) olmuşdur.

HƏYATI

Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-dəAstara şəhərində anadan olmuşdur. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra Bakı Ali Birləşmiş Komandirlər məktəbində təhsilini davam etdirmişdir. İkinci Dünya Müharibəsi dövründə vuruşaraq Berlinədək şərəfli döyüş yolu keçirmişdir. 1945-ci il 27 fevralda ona Sovet İttifaqı Qəhramanı adı verilmişdir.
Z.Bünyadov ordudan tərxis olduqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuş, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilmişdir. Ziya Bünyadov 1954 ildə namizədlik dissertasiyasım müdafia edib Azərbaycana qayıtmışdır.
Sonra o, Azərbaycan EA-nın Tarix İnstitutunda elmi axtarışlarını davam etdirmişdir. O, Xilafət və Azərbaycanın VII-XIII əsrlər tarixinin tədqiqatçilarından biridir. Z.Bünyadov alban tarixçisi M.Qoşun "Alban xronikası" əsərini 1960-cı ildə ingilis dilindən, Ə.Bakuvinin "Abidələr'in xülasısi və qüdrətli hökmüdarın möcüzələri" 1971-ci ildə və Nəsəvinin "Sultan Cəlaləddin Mankburnin həyatının təsviri" əsərini 1973-cü ildə Ərəb dilindən Rus dilinə tərcümə etmişdir.
1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitunda "Orta əsirlər tarixi" şöbəsinin rəhbəri olmuşdur. Elə həmin ildə o, tarix elimləri doktoru elmi dərəcəsi və 1965-ci ildə isə professor adına laiq görülmüşdür. 1967-ci ildə Azərbaycan Elmlər Akademyasının müxbir üzvü, 1973-cü ildə akademiyanın həqiqi üzvi seçilmişdir.
1981-ci ildən isə Şərqşünaslıq İnstitunun direktoru, 1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilmişdir. Milli məclisin deputatı idi. Z.Bünyadov öz çıxışlarında dəfələrlə həyasız saxtakar erməni tarixcilərin yalançı iddialarını faklarla ifşa etmişdir.
Ziya Bünyadov Qırmızı Bayraq, Aleksandır Nevski, 2-ci dərəcəli vətən müharibəsi, Qırmızı Ulduz ordenləri və medallarla təltif edilmişdir.
1997-ci il fevral ayının 21-də nəməlum cinayətkarlar tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.

ZIYA BÜNYADOV ÖZÜ HAQQINDA

Ziya Bünyadov özü haqqında dediklərindən: "Atam azərbaycanlı, anam rusdur... Mənim əsil adım Ziyavuddin, atam - şeyx Musa, babam - şeyx Məsum, atamın babası - şeyx Məhdi və s. Mən öz nəslimin tarixini sənədlər üzrə araşdırmışam və məlum olub ki,mənim ata tərəfdən 15 sülaləm şeyxlər olubdur və onların hər birinin adını təyin etmişəm...Mənim soyadım 15-ci ulu babamın adından yaranmışdır - Büned".[2]

"Şərqşunas və tarixçi, Sovet İttifaqı Qəhramanı, Dövlət Mükafatı Laureatı, Əməkdar Elm xadimi. Azərbaycan xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərindən və tarixi həqiqəti bugünkü nəsillərə, dünya tarixinə çatdırmaq baxımından Ziya Bünyadovun əsərləri əvəzsizdir."
(Heydər Əliyev)

 
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 6:35 PM | Message # 2
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
YAQUB MAHMUDOV

Yaqub Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
1956-cı ildən Balakən rayonunun Sarıbulaq kənd orta məktəbində müəllim işləmişdir. 1966-cı ildən Azərbaycan Sovet Ensiklopediyası redaksiyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, baş redaktorun elmi işlər üzrə müavini, 1974-cü ildən Azərbaycan Dövlət Pedoqoji İnstitutunda baş müəllim, dosent, 1981-ci ildən Azərbaycan Dövlət Universitetində dosent, kafedra müdiri, tarix fakültəsi dekanının müavini, 1992-ci ildən Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini, "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışmışdır. 1986-2004-cü illərdə Bakı Dövlət Universiteti tarix fakültəsinin dekanı olmuşdur. 2004-cü ildən AMEA-nın Tarix İnstitutunun direktorudur.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2005-ci il noyabrın 6-da 114 saylı Şəki kənd birinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İtaliya, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 3 övladı var.Əsas elmi əsərlərin adları
"Azərbaycanın Avropa ölkələri ilə əlaqələri", Ağqoyunlu dövrü (XV əsrin II yarısı). Bakı, 1986"Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII əsrin əvvəllləri)". Bakı, 1991 (rus dilində)"Azərbaycan diplomatiyası". Bakı, 1996, 2007"Azərbaycan: qısa dövlətçilik tarixi". İslamabad, 2005, Bakı, 2005 (Azərbaycan, ingilis və rus dillərində)"Qarabağ: real tarix, faktlar, sənədlər". Bakı, 2005 (Azərbaycan, ingilis, ərəb, fransız, alman və rus dillərində)"Naxçıvan: tarixi və abidələri". Bakı, 2007(Azərbaycan və ingilis dillərində)Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür.Təltif və mükafatlar
Yusif Məmmədəliyev, Rəsul Rza, "Qızıl qılınc", "Qızıl qələm" mükafatları laureatı;Azərbaycan Respublikasının Əməkdar Elm xadimi;"Şöhrət" ordeni
700-dən çox elmi əsərin və elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.

 
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 6:37 PM | Message # 3
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Oruc bəy Bayat


HƏYATI

1604-cü ildə, Servantesin "Lamançlı Don Kixot" əsəri yazılandan bir il qabaq İspan Krallığının paytaxtı Valyadolida şəhərində ispan dilində oxşar adla "İran Don Juanı" kitabı çıxır. Kitabın müəllifi Azərbaycanın türk qızılbaş tayfalarından olan Bayat boyuna mənsub Oruc bəy, Səfəvi səfirliyinin katibi kimi İspaniyaya gəlmiş və həmişəlik burada qalmaq niyyətinə düşmüşdü. Bu hadisə öz-özlüyündə bir sıra səbəblərə görə, əlamətdar idi. Bu, azərbaycanlı müəllifin Avropada çap olunmuş ilk kitabıdır. Bu, eyni zamanda azərbaycanlı müəllifin qələminə məxsus əsərin Avropa dillərindən birinə ilk tərcüməsi, eyni zamanda mətbəə metodu ilə çap olunmuş ilk Azərbaycan kitabıdır. Bundan da ötəndə kitabın nəşri və Oruc bəyin şərəfinə kral sarayında verilən qəbul dolayısı ilə onu göstərir ki, o zamankı Azərbaycan universitetlərinin məzunları yüksək savad və hazırlığa malik olublar. Uzun zaman unudulmuş bu kitab 1926-cı ildə ingiliscəyə çevrilərək, Londonda nəşr edilir, 1959-cu ildə fars dilinə tərcümə olunur. Bu kitab rus dilinə Bakıda orta əsrlər tarixi üzrə tanınmış alim Oqtay Əfəndiyev və Akif Fərzəliyev tərəfindən geniş giriş və şərhlərlə çevrilmiş və nəşr olunmuşdur. İran Don Juanının həyatına dair aşağıdakı faktlar Oruc bəyin öz kitabından götürülmüşdür.
Bəzi tədqiqatçıların fikrincə, Oruc bəyin 1560-cı ildə doğulduğu ehtimal olunur. Onun atası, türk-qızılbaş tayfalarından olan məşhur Bayat soyunun nümayəndəsi Sultanəli bəy Səfəvi şahı Məhəmməd Xudabəndənin (1578-1587) və onun oğlu Həmzə mirzənin yaxın adamlarından olub.
Xudabəndənin hakimiyyəti illərində az qala bütün AzərbaycanOsmanlı Türkiyəsi tərəfindən işğal olunmuşdu və səfəvi hakimlərinin bütün cəhdləri ilk növbədə Təbrizin azad olunmasına yönəldilmişdi. Gənc Oruc bəy atası ilə birlikdə Təbriz uğrunda döyüşlərdə iştirak edir 1585-ci ildəki belə döyüşlərdən birində Sultanəli bəy qəhrəmancasına həlak olur və onun öz hesabına topladığı 300 nəfərlik dəstənin komandanlığı Oruc bəyə tapşırılır. Bundan sonra Oruc bəy Həmzə mirzənin apardığı bir sıra əməliyyatlarda iştirak edir.
İran səfəvilərinin taxtına görkəmli sərkərdə və dövlət xadimi I Şah Abbasın (1587-1629) əyləşdirilməsindən sonra Oruc bəy onun da bir çox hərbi yürüşlərində iştirak edir və 1589-cu ildə Herat şəhəri alındıqdan sonra özünün də qeyd etdiyi kimi, yüksək hərbi vəzifəyə irəli sürülür. Artıq bir hərbi sərkərdə və siyasi xadim kimi Oruc bəyin nüfuzu o qədər yüksək idi ki, Şah Abbas Avropada osmanlılara qarşı işləyəcək səfarətin tərkibini müəyyənləşdirəndə onun namizədliyi ilk növbədə yada düşür.
Hüseynəli bəyin başçılıq etdiyi səfirlik ölkəni 1599-cu ildə tərk edir. Bu diplomatik missiyaya dörd katib və on beş nəfər qulluqçu daxil idi. Səfirliyin birinci katibi Oruc bəy olur. Həmin səfarətə şəxsən I şah Abbas tərəfindən tapşırılmışdı ki, Rusiyadan başqa 8 Avropa ölkəsinə - Almaniya, Roma, İspaniya, Fransa, Polşa, Venesiya, İngiltərə və Şotlandiyaya da səfər etsinlər.
Səfarət İsfahandan, Qum və Qəzvini keçərək, Gilana gəlir, oradan isə gəmi ilə Həştərxana yetişir. Bu yolda onların başlarına bir sıra sərgüzəştlər gəlir. Buradan onların səfəri Volqa çayı boyunca Kazana qədər uzanır, oradan da xizəklə Nijni Novqorod və Vladimirdən keçərək, Moskvaya gəlirlər. Noyabrda səfarət Moskvada böyük cah-cəlalla qarşılanır və çar Boris Qodunov tərəfindən təntənəli surətdə qəbul olunur. Oruc bəyin yazdığına görə, fasiləsiz yağan qar və yağış ara vermədiyindən onlar düz beş ay Moskvada qalırlar. 1600-cü ilin əvvəllərində çardan qiymətli hədiyyələr alan səfarət Qərbə doğru öz yoluna davam edir. Gəmi ilə Arxangelskdən Elba çayının mənsəbinə çatan səfarət su yolu ilə Emdenə qədər irəliləyərək, səkkiz karetada Almaniyanın içərilərinə doğru hərəkət edir. Bohemiya ölkəsinin Praqa şəhərinə qədər yol boyu keçdikləri torpaqların hakimləri səfirləri böyük dəbdəbə ilə qarşılayıb yola salırlar.
Praqada onlar I Ferdinandın nəvəsi imperator II Rudolf (1576 -1612) tərəfindən təntənə ilə qəbul edilirlər. Üç ay imperator sarayının qonağı olan səfirlər 1601-ci ilin baharında Almaniyanın Nürnberq, Münhen kimi şəhərlərindən keçərək, İtaliyaya yola düşürlər. Mantuyedə məşhur Qonzaq nəslindən olan hersoq onları öz sarayında qəbul edir. Sonra Oruc bəy səfirliyin digər işçiləri ilə birlikdə Verona və Ferraradan keçməklə Florensiyaya gəlir. Burada onlar Toskananın böyük knyazı I Ferdinandın sarayında iki həftə dincəlirlər. Knyaz özü, həyat yoldaşı Kristina, şahzadə Yekaterina Mediçi ilə birlikdə onları Pizada on gün qonaq saxlayır. Missiya buradan da Romaya, papanın hüzuruna gedir. Şəhər darvazaları ağzında onları mindən artıq ekipaj, dörd min süvari və saysız-hesabsız piyada əhali qarşılayır. Səfarət şəhərə daxil olarkən qaladakı toplardan yaylım atəşləri açılır, papanın muşketyorları isə atəşfəşanlıq edirlər. Onlar Romada iki ay qalır və papa tərəfindən qəbul olunurlar.
Hüseynəli bəy səfarətinin qalan üzvləri ilə birlikdə Romadan qaleralarla Fransaya yola düşür və atlarla Avinyon, Monpelye, Perpinyan kimi şəhərlərdən keçərək, Barselonaya çatır və oradan da qısa dayanacaqlarla İspan Krallığının paytaxtı Valyadolid şəhərinə gəlir. Burada şah Abbasın naməsini İspaniya kralı III Filippə təqdim etməklə Hüseynəli bəyin diplomatik missiyası öz vəzifəsini başa çatdırır və vətənə dönmək üçün Lissabon limanına gəlir. Missiyanın işi çox uğurlu alınmışdı, hər şey yaxşı gedirdi, ancaq.. . Son məqamda Hüseynəli bəyə qanqaraldıcı bir xəbər verdilər: onun dörd katibindən üçü xristianlığı qəbul edərək, İspaniyada qalmaq qərarına gəlmişlər.
Səfirin yaxın qohumu Əliqulu bəyin xaç atası kral III Filippin özü olur. Ona Fars don Filippi adı verilir. Bünyad bəy xaç suyuna ikinci çəkilir və dönüb Fars don Diyeqosu olur. Nəhayət, üçüncü əqidəsiz bizim Oruc bəy olur ki, onu da yeni dini qəbul etdikdən sonra Fars Don Juanı adlandırırlar. Onun xaç anası isə İspaniya kraliçası Avstriyalı Marqarita olur.
Don Juanın İspaniyada sonrakı həyatı barədə heç nə məlum deyil. Bircə o məlumdur ki, 1605-ci ilin 15 mayında Səfəvi səfiri ilə mübahisə etmiş və qılınc döyüşündə onu öldürmüşdür. Oruc bəyin təsvir etdiyi tarixi hadisələr, onun yol qeydləri bu maraqlı şəxsiyyətin diqqətcil və ümumiləşdirmələrə meylli bir adam olmasından xəbər verir. Misal üçün Səfəvi İranı haqqında bəhs edərkən o deyir: "İndi bizdə bütün Fars elində nəcabətli sayılan 32 ailə sülaləsi var ki, ölkədə böyük nüfuz sahibidir." Sonra isə həmin soyları bir-bir sadalayır: Ustaclı, Şamlı, Əfşarlar, Türkmanlar, Bayatlar, Təkəlilər, Xarmandalı, Zülqədərli, Qacarlar, Qaramanlı, Bayburtlu, İspirli, Oryatlar, Çauşlu, Asayişli, Çəmiş-Kəzəkli, Sarızolaqlı, Qarabacaqlı, Baharlı, Kuyniorulu(?), Kırklı, Boşalı(?), Hacı Fəqihli, Həmzəli, Zolaqlı, Mahmudlu, Qaraçomaqlı, Qaraqoyunlu, Gözi-Bayızlı(?), Peykli, İnazlı(?) və Kuhgiluyəli. Beləliklə, Oruc bəyin əsərindən mə'lum olur ki, hətta qızılbaş əyanlarının nüfuzunu zəiflətmək siyasəti yeridən Şah Abbasın hakimiyyəti dövründə də İran idarəçiliyi tamamilə azərbaycanlıların əlində idi.
Oruc bəy görkəmli bir şəxsiyyət olmuşdur. Onun xüsusi şah senzurası altında yazılmayan əsəri isə Azərbaycan, İran, Qafqaz və qonşuluqda yerləşən digər ölkə və xalqların, hətta Rusiya və bir sıra Avropa dövlətlərinin tarix, coqrafiya, etnoqrafiya və mədəniyyətini öyrənməkdən ötrü dəyərli mənbədir. Oruc bəy təvazö'dən uzaq olsa da, öz səyahətini Marko Polo və Magellanın səyahətləri ilə müqayisə edib.

 
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 6:38 PM | Message # 4
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
CAHANGİR ZEYNALOĞLU

Cahangir bəy Nəsirbəyov (1892-1944), Azərbaycan Demokratik Respublikasının milli ordusunun zabiti, tarixçi

HƏYATI

Cahangir bəy Zeynal bəy oğlu 1892-ci ildə Şuşada varlı zadəgan ailəsində anadan olmuşdur. İlk təhsilini doğulduğu şəhərdə almışdır. Məlum olduğu kimi, çar Rusiyasında yaşayan müsəlmanlar, o cümlədən azərbaycanlılar orduya çağırılmırdılar. Yalnız zadəganlar istisna təşkil edirdilər. Birinci Dünya müharibəsi başlayanda C.Nəsirbəyov hərbi xidmətə çağırılmış, əvvəlcə podporuçik, sonra isə poruçik rütbəsində Qafqaz cəbhəsində vuruşmuş, orden və medallarla təltif olunmuşdur. O, hələ Azərbaycan Xalq Cümhuriyyəti yaradılmamışdan əvvəl, Azərbaycan Zaqafqaziya Federasiyasının tərkibində olarkən milli hərbi kadrların yaradılmasında iştirak etmişdir. 1918-ci il martın 1-də Zaqafqaziya Seymi C.Nəsirbəyovu müvəqqəti olaraq Tiflisdə yerləşən unter zabit məktəbinin - "Müsəlman praporşiklər məktəbi"nin rəisi təyin etdi. Hərbi rütbəsi də artırıldı: əvvəlcə ştabs-kapitan, sonra isə kapitan oldu. Xalq Cümhuriyyəti elan edildikdən sonra hərbi məktəb Gəncəyə köçdü, türkiyəli hərbçilərin köməyi ilə fəaliyyətini bərpa etdi və statusu yüksəldilərək "praporşiklər məktəbi"nə çevrildi. Türkiyəli zabit Atif bəy məktəbin rəisi təyin olundu. C.Nəsirbəyov isə məktəbdə tərcüməçi və rəisin köməkçisi kimi xidmət etməyə başladı. Cahangir bəy 1918-ci ilin noyabrınadək burada çalışdı. Türklər Azərbaycandan gedəndən sonra o, hərbi xidmətdən azad edildi və 1920-ci ilin aprelinədək heç yerdə xidmət etmədi. XI ordu Bakını işğal etdikdən sonra C.Nəsirbəyov bu ordunun sıralarına daxil oldu. Lakin burada da xidməti uzun sürmədi. 1920-ci il dekabrın 5-də Azərbaycan Fövqəladə Komissiyasının orderi əsasında C.Nəsirbəyovun evində axtarış aparıldı, şəhərdən çıxmamaq barədə dilindən iltizam alındı. Başı üstünü ölüm təhlükəsi aldığını görən Cahangir bəy bir neçə gün sonra Azərbaycanı tərk edib Türkiyəyə köçdü. İkinci Dünya müharibəsi başlananadək burada yaşadı. Bu illərdə müxtəlif məktəblərdə rus, alman, fransız və italyan dillərini tədris etdi. Sonra ticarətlə məşğul oldu, Sivasda "Vətən" fabrikini yaratdı. Oğlu Baykal və qızı Maral dünyaya gəldi. Cahangir bəyin Türkiyədə yaşayan azərbaycanlı mühacirlər arasında çoxlu dostları var idi. Sonralar onların bəziləri Avropaya və Amerikaya köçdülər. Cahangir bəy də bir neçə dostu ilə bərabər Almaniyaya köçdü və burada "Könüllülər ordusu"nun sıralarına daxil oldu. Cahangir bəy Almaniyada olarkən ailəsinə göndərdiyi məktubların birində yazırdı ki, "tezliklə Azərbaycan azad olacaq, müstəqilliyini qaytaracaq və biz hamımız birlikdə Vətənimizə gedəcəyik". Amma onlar bir daha görüşə bilmədilər. Cahangir bəy 1944-cü ildə müəmmalı şəraitdə Almaniyada vəfat etdi.

ƏSƏRLƏRI

Cahangir bəyin elmi fəaliyyəti Azərbaycan mədəniyyətinin tarixində müəyyən iz qoymuşdur. Onun tarix təhsili yox idi. Bununla belə, mütaliəsi, fitri istedadı, geniş dünyagörüşü sayəsində dövrünün savadlı adamlarından biri oldu. Bütün bunlar ona Azərbaycan tarixinin müxtəlif məsələlərini tədqiq etməyə imkan verdi. Cahangir Zeynaloğlu İstanbulda çap olunmuş dörd kitabın - "Müxtəsər Azərbaycan tarixi", "Şirvanşahlar yurdu", "Tariximizin xanlıqlar dövrü" və "Atalar sözü (Xalqın sözü, haqqın sözü)" əsərlərinin müəllifidir. 1924-cü ildə nəşr olunmuş "Müxtəsər Azərbaycan tarixi" qədimlərdən başlayaraq 1920-ci ilədək olan dövrü əhatə edir. Azərbaycanın suverenliyi və müstəqilliyi ideyası kitabın ana xəttini təşkil edir. Bu, fəsillərin adlarında da aydın görünür: "Müstəqilliyin elan olunmasından əvvəlki dövr", "Atabəylərin müstəqilliyi dövrü", "Suveren Ağqoyunlu və Qaraqoyunlu dövlətləri", "Xanlıqların müstəqilliyi dövrü", "Müstəqil Cümhuriyyət". Hər fəslin axırında Azərbaycan tarixinin müxtəlif dövrlərinin mədəniyyətinə dair xülasə verilir. Əsərin son fəsli Azərbaycan Demokratik Respublikasının tarixinə həsr olunmuşdur. Cahangir bəy bu kitab üzərində işləyərkən təkcə əlyazma və kitablardan yox, həm də türk və rus dillərində çıxan gündəlik qəzet və jurnallardan, Rus Coğrafiya Cəmiyyətinin məcmuələrindən, Qafqaz Arxeologiya Cəmiyyətinin əsərlərindən, Qafqaz təqvimlərindən istifadə etmişdir. 1993-cü ildə kitab Bakıda yenidən nəşr olunmuşdur. 1931-ci ildə Cahangir Zeynaloğlu ikinci kitabını - "Şirvanşahlar yurdu"nu nəşr etdirmişdir. Əsər Şirvanşahlar dövlətinin tarixinin qaranlıq səhifələrinə işıq salır, Şirvanın daxili həyatı, onun hökmdarlarının nəsil şəcərəsi və fəaliyyəti ilə tanış olmağa imkan verir. Kitab Türkiyənin diplomatik dairələrində və mətbuatında müsbət qarşılandı. Əsərin titul vərəqində qeyd olunur ki, müəllif bu kitabın ilk nüsxəsini Mustafa Kamal Atatürkə təqdim etmişdir. 1931-ci il avqustun 31-də Atatürk və marşal Fevzi Çakmak kitabı yüksək qiymətləndirərək Cahangir Zeynaloğluya təşəkkür etmişlər. "Şirvanşahlar yurdu" bir neçə dəfə Türkiyədə təkrar nəşr olunmuşdur və bu gün də əhəmiyyətini itirməmişdir. Cahangir Zeynaloğlu kitabın müqəddiməsində yazır ki, bir çox mənbə Rusiyada qalmışdır və o, Türkiyə kitabxanalarındakı mənbələrdən istifadə etmişdir. Əsərdə antik mənbələrə istinad edilir. Şirvanın tarixi coğrafiyasına dair Strabon, Plutarx və digər antik müəlliflərin əsərlərindən sitatlar gətirilir. Həmçinin A.Bakıxanovun, B.Dornun, V.Bartoldun, Y.Paxomovun, M.Yanovskinin, M.Karaulovun əsərləri tədqiqata cəlb edilir. Kitabda Bərdənin, Şamaxının, Bakının, Dərbəndin rəsmləri, xəritələr verilmiş, Şirvanın müxtəlif dövrlərdə sərhədləri göstərilmiş, bu dövlətin etnoqrafik fotoşəkilləri dərc edilmişdir. Cahangir Zeynaloğlu Şirvanşahlar dövlətinin yaranması prosesini tədqiq etmiş, onun inkişaf, çiçəklənmə və tənəzzül mərhələlərini araşdırmışdır. Müəllif Şirvanşahların tarixini işıqlandırmaq üçün onun müxtəlif aspektlərini, daha doğrusu, dövlətin yarandığı tarixi-coğrafi şəraiti, Şirvan şəhərlərinin, burada yaşayan tayfaların və xalqların vəziyyətini, sənətləri və ticarəti, sosial münasibətləri, dövlət quruluşunu, hərb tarixini və mədəniyyət məsələlərini nəzərdən keçirmişdir. O, dövlət yaranandan süquta uğrayanadək Şirvanşahların nəsil şəcərəsini araşdırmış, bir sıra şirvanşahların adlarını və hakimiyyəti illərini dəqiqləşdirmişdir. Cahangir Zeynaloğlu hər bir dövrə ayrılıqda nəzər salmış və dövlətin mövcud olduğu illəri dövrlərə bölməyə cəhd etmişdir. Tarix təhsili olmayan tədqiqatçının xüsusi ədəbiyyatı və mənbələri bu qədər gözəl bilməsi heyrət doğurur. Cahangir Zeynaloğlunun "Atalar sözü" kitabında 5 min atalar sözü, zərb-məsəl, söz və onun sinonimi, tarixi termin və s. toplanmışdır. Tədqiqatçının əsərləri məzmununa və araşdırma metodlarına görə ölkə tarixinin 1920-ci ilədək olan dövrünün işıqlandırılmasında ilk cəhd idi. Bu əsərlər indi də əhəmiyyətini itirməmişdir. Şübhəsiz, kitabların nəzəri səviyyəsi elə də yüksək deyildi, burada metodoloji səhvlər, yanlış müddəalar və nəticələr vardı. Bu da o dövrdə tarix elminin inkişaf səviyyəsi ilə izah olunur. Bununla belə, müəllif Azərbaycan xalqının qədim dövrlərdən XX əsrin 20-ci illərinədək tarixinin vahid konsepsiyasını hazırlamaq üçün az iş görməmişdir. Onun əsərləri Azərbaycanın tarixi inkişafına həsr olunmuş ilk ümumiləşdirici tədqiqatlardan biri kimi diqqəti cəlb edir. Azərbaycan tarixinin öyrənilməsinin ilkin mərhələsini səciyyələndirərkən qeyd edək ki, XX əsrin əvvəlləri ölkənin qədim və orta əsrlər tarixinə dair köhnə faktların sistemləşdirilməsi və yeni faktların əldə edilməsi dövrü, başqa sözlə, Azərbaycanın qədim tarixinin yenidən yazılması mərhələsi idi. O vaxt alimlər hər şeyi praktik olaraq sıfırdan başlamalı olmuşdular. Amma artıq həmin illərdə gələcək tədqiqatların və elmi istiqamətlərin etibarlı təməli qoyuldu. Bu isə sonralar Azərbaycanın qədim, orta əsrlər, yeni və ən yeni tarixi kimi mühüm elmi bölmələri fərqləndirməyə imkan verdi. Ölkə tarixinin bir çox mühüm problemlərini planlı şəkildə və mərhələ-mərhələ tədqiq etməkdən ötrü yeni tarixçi kadrların yetişməsi üçün müəyyən müddət keçməli idi. Azərbaycanın qədim, orta əsrlər və yeni tarixinə dair ilk peşəkar elmi işlər ötən əsrin 50-ci illərində meydana çıxmağa başladı və bu əsərlər arxeoloji, etnoqrafik, epiqrafik və digər tədqiqatlara əsaslanırdı. Dərin biliyə, tarixi mənbələrdən bacarıqla istifadə etmək qabiliyyətinə malik olan, ən başlıcası isə Azərbaycanı varlığı qədər sevən Cahangir Zeynaloğlu özündən sonra zəngin elmi irs qoyub getmişdir. Hələ layiq olduğu qiyməti almamış bu irs Azərbaycan tarixşünaslığında öz yerini tutacaq. Qədirbilən xalqımız isə doğma yurdun tarixinə, mənəvi dəyərlərinə, mədəniyyətinə sonsuz məhəbbət hissi bəsləmiş Cahangir Zeynaloğlunu həmişə hörmətlə xatırlayacaq.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...