CÜMƏ, 2024-12-27, 3:29 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ZƏRDAB - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
ZƏRDAB
Nariman_QahramanliTARİX: BAZAR ERTƏSİ, 2010-09-06, 10:02 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Zərdab

İqtisadi rayon:
Aran iqtisadi rayonu

Ərazi:
856 (km²)
Əhali:
44417
Əhali sıxlığı:
(nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
63
Telefon kodu:
135
Poçt kodu (Mərkəzi PŞ): AZ 6300
Yaşayış məntəqələrinin sayı 44
İcra başçısı:
Lütfəli Babayev

İnternet saytı:
http://www.zardab.com.az

Tarixi
Zərdab rayonunun ərazisi arxeoloji cəhətdən demək olar ki, öyrənilməmişdir. Rayonun ərazisi qədim insanların yaşaması üçün vacib olan bütün şərtlərə malik idi. Bu şərtlər içərisində şirin su qaynaqlarının olması, bitki və heyvanat aləminin zənginliyi xüsusi yer tuturdu.
Zərdab ərazisində tapılmiş (təsərrüfat işləri ilə əlaqədar şum aparılarkən) şirli və şirsiz məişət əşyalarının, qab-qacaqların qalıqları bu ərazinin arxeoloji cəhətdən geniş tədqiq edilməsi zərurətini yaradır. İbtidai icma quruluşunun Tunc dövrü mərhələsində insanların daha geniş ərazilərə yayılması, yaşayış yerlərinin çox zaman çay kənarlarında salınması bunu deməyə əsas verir ki, Zərdab ərazisində insanlar tunc dövründən başlayaraq yaşamışlar.
Təsadüfi deyil ki, Erkən Tunc dövrü (e.ə.IV minilliyin ikinci yarısından başlayaraq – e.ə. III minilliyin sonuna qədər davam etmişdir) Azərbaycanda Kür-Araz mədəniyyəti adlanır. Bu dövrə aid arxeoloji nümunələr daha çox bu ərazilərdə aşkar edilmişdir.
XIV əsrin Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbi əl-Əhəri "Tarix-e Şeyx Uveys" əsərində monqol hökmdarları Hülakuların tarixindən bəhs edərək yazır ki, Abaqa xanın hakimiyyəti dövründə (1265-1282) Hülakular dövləti lazımi qədər möhkəm idilər, 1266-cı ildə "Abaqa xan buyurdu ki, Kür çayı sahilindən və Delan Naurdan Gərdmun səhrasına kimi ərazini şahzadələrdən Səmağar, Menku-Temur və Ulcay xatun tutsunlar. Bu yer onların qışlaq yurdu oldu"... Əsərdə haqqında danışılan Delan Naur monqol dilində “Yetmiş göl” deməkdir, monqollar Kürün şimalında Hacıqabul—Kürdəmir—Zərdab ərazilərində mövcud olmuş gölləri bu cür adlandırmışlar.
Rəvayətə çox-çox qədimlərdə Zərdab ərazisində - Bıçaqçı kəndi yaxınlığından başlanan Yerayız adlı böyük və zəngin şəhər varmış. Bu şəhər hansı səbəbdənsə məhv olub yer altında qalmışdır. Hətta indi də o ətrafdakı kəndlərdə adamlar bir-birlərinə, "İndi ki Yerayız şəhəri yoxdur ki, qaçıb orda gizlənəsən, səni də tapmaq mümkün olmaya" deyirlər.
Zərdabın Yuxarı Seyidlər kəndi yaxınlığında Qanlıca adlanan göl var. Bu adın nə ilə əlaqədar yarandığı təssüf ki, hələ də dəqiq bilinmir. Lakin məlumdur ki, bu göldə su qan rəngindədir. Yerli sakinlərin dediyinə görə nə zamansa və hansı səbəbdənsə gölün dərinliyində qırmızı kərpicdən bina batmışdır, suya qırmızı rəng verən də həmin binanın kərpicləridir.
IX-X əsr ərəb coğrafiyaşünasları və səyyahları yazırlar ki, orta əsrlərdə Təbriz-Ərdəbil-Beyləqan-Bərdə-Şamaxı-Dərbənd ticarət yolunda – Kür vadisində mühüm ticarət mərkəzi Bərzənd (bəzi mənbələrdə Bərzənc) şəhəri vardır, karvanlar bu şəhərdən kecib gedirdi.
İbn Həvqəl X əsrdə "Yollar və məmləkətlər" əsərində yazırdı ki, "Bərdədən Bərzəncə 18 fərsəx (hər fərsəx 6-8 km-dir) yoldur. Bərzəncdən Kürü keçərək Şəmaxiyyəyə 14 fərsəx yol var..." Minorski sübut etmişdir ki, bu şəhər Zərdabın Körpükənd adlanan kəndinin lap yaxınlığında - Bərdədən təqribən 35 km. şərqdə mövcud olmuşdur.
Görkəmli alimlərin Bərzəncin yaşıdı hesab etdikləri, bu gün də qədim adını yaşadan Körpükənd barədə qeydlər orta əsrlərin sonuna aid sənədlərdə yazılmışdır. Həmin tarixi mənbələrdə deyilir ki, Körpükənddə bərə vardı, Şamaxıdan gəlib Qarabağa, Gürcüstana, İrana, İrəvana gedən karvanlar bu körpüdən keçirdi.
Zərdabın adına yazılı mənbələrdə ilk dəfə 1500-cü ildə rast gəlinir.
"Azərbaycan SSR atlası" kitabında (Bakı-Moskva, 1963, səh.208.) göstərilir ki, Şah İsmayıl Xətai Səfəvi qoşunları ilə 1500-1501-ci illərdə Ərzicandan Təbrizə hərəkət edərkən indiki Zərdab şəhərinin qarşısından ("Qoyun ülumu"ndan — bu sözlər qoyun yığışan, qoyun cəmləşən, toplaşan yer mənasını verir) Kürü keçmiş, Şamaxıya getmişdir. I Şah Təhmasib öz ordusuyla Şirvana (1538-ci il) və Şəkiyə (1551) hərəkət edərkən Cavaddan (Sabirabad rayonu) Kürü keçmiş, Zərdaba ("Qoyun ülumu"na) gəlmiş, buradan Qəbələyə, sonra Şamaxıya yürüş etmişdir.
Oqtay Əfəndiyev "Azərbaycan Səfəvilər dövləti" əsərində yazır: "I Şah Təhmasib Gürcüstan yürüşündən qayıdarkən Gəncədən keçdi, Yevlax adlanan yerdə dayandı... Zülhiccənin 11-də "Qoyun ülumu" kecidinin yanından Kürü keçdi...
Bu günkü Zərdab şəhəri 1578-ci ilə aid türk mənbələrində "Zərdab sancağı" kimi göstərilir. Həsən bəy Zərdabi 1884-cü ildə Zərdabın 500 evdən ibarət olduğunu yazır. 1827-ci ildən yelkənli iri çay gəmiləri Zərdab ərazisində Kür çayı boyunca yük daşıyırdılar. H.Zərdabi qızı Pəri xanımın əri Əlimərdan bəy Topçubaşovun H.Z.Tağıyevdən icarəyə götürdüyü və redaktorluğun ona həvalə olunduğu "Kaspi" qəzetində 1892-ci ildə belə yazırdı: "Bizim kəndimizdə 800-ə yaxın ev var, güman ki, Zərdabda 5 minə yaxın adam yaşayır..."
1935-ci ildə Zərdab bölgəsi Göyçay rayonunun tərkibində idi. Azərbaycan Xalq Təsərrüfatı Uçotu Nəşriyyatı tərəfindən 1933-cü ildə Bakıda nəşr olunmuş "Azərbaycan Sosialist Şuralar Cəmiyyəti, Naxçıvan Sosialist Şura Cəmiyyəti və Muxtar Dağlıq Qarabağ Oblastı inzibati bölünüşü" statistik məlumatından indiki Zərdab rayonu haqqında xeyli maraqlı bilgi əldə etmək mümkündür. Həmin məlumata əsasən 1933-cü ildə Zərdab bölgəsində 37 yaşayış məntəqəsi olmuşdur. Sosialist Şuralar Cəmiyyətinin 1920-ci ildən hakimiyyətə yiyələnməsinə baxmayaraq kəndlərdə təsərrüfatlar hələ tam ümumiləşdirilməmişdi. 14 kənddə bir təsərrüfat belə ümumiləşməmişdi. Təsərrüfatlar fərdi fəaliyyətlə məşgul olurdular.
Nisbətən böyük kəndlərdə isə təsərrüfatların ümumiləşdirilməsinə başlanmışdı. Belə təsərrüfatların sayı Məliklidə 74, Gəndəbildə 69, Xələcdə 52 (o vaxt Xələc Zərdabın inzibati ərazi vahidinə daxil idi), Gəlmədə 44, Burunluda 39, Çallıda 37, Nəzərallıda 36 idi. Zərdab bölgəsində 8 kənd şurası fəaliyyət göstərirdi. Bu kənd şuraları sonralar kənd zəhmətkeş deputatları sovetinə çevrilmiş, 1977-ci ilədək bu ad altında, 1977-ci ildən SSRİ dağılanadək isə xalq deputatları soveti kimi fəaliyyət göstərmişlər.
XIX-XX əsrlərdə Göyçay qəzasının iri kəndlərindən olan Zərdab sonralar inkişaf edərək 1935-ci ildə rayon mərkəzinə çevrilmişdir.

Coğrafi mövqeyi
Rayonun Bakıdan şosse yolu ilə məsafəsi 285 km-dir. Rayon mərkəzi dəniz səviyyəsindən 11 metr aşağıda yerləşmişdir.
İri yaşayış məntəqələri
Rayon ərazisində 40 yaşayış məntəqəsi vardır. İnzibati mərkəzi - Zərdab şəhəridir. Rayon Bəyimli qəsəbəsini və Bıçaqçı, Yuxarı Seyidlər, Sileyli, Körpükənd, Məlikli, Burunlu, Qoruqbağı, Sarıqaya, Məmmədqasımlı, Gödəkqobu, Yarməmmədbağı, Lələağacı, Pərvanlı, Gəlmə, Salahlı, Hüseynxanlı, Xaməmmədli, Əlibəyli, Allahqulubağı, Çallı, Məlikumudlu, Birinci Alicanlı , İkinci Alicanlı, Cülovxanlı, Dəliquşçu, Dəkkəoba, İsaqbağı, Qərəvəlli, Böyük Dəkkə, Nəzəralı, Şıxbağı, Gəndəbil, Ağabağı, Şahhüseynli, Şəftəhal, Aşağı Seyidlər, Əlvənd, Otmanoba kəndlərini özündə birləşdirir.

Əhalisi
1933-cü ildə Zərdab bölğəsində 2180 təsərrüfatda 11846 nəfər əhali yaşayırdı. Onların 99,5 faizi azəri türklərindən ibarət idi. Ən iri yaşayış məskənləri Çallı (819 nəfər), Alıcanlı (726 nəfər), Xələc (676 nəfər), Gəlmə (618 nəfər), Yarməmmədbağı (602 nəfər), Zərdab (594 nəfər), Qaravəlli (413 nəfər) kəndləri idi. Əldə olunan məlumatlara əsasən 1831-ci ildən 1940-cı ilədək həmişə kişilərin sayı qadınların sayından çox olmuşdur. 1933-cü il də bu sahədə istisnalıq təşkil etmir. 1933-cü ildə Zərdab bölgəsində yaşayan 11846 nəfərdən 6235 nəfəri kişilər idi. Hazırda rayonda qadınların çoxluq təşkil etməsi, görünür, müharibələrin soy-kökümüzə vurduğu dəhşətli zərbənin, kişilərin qanlı döyüşlərdə kütləvi qırılmasının nəticəsidir.

Görkəmli şəxsləri
• Həsən bəy Zərdabi

İqtisadi xarakteristikası
Rayonun iqtisadiyyatında kənd təsərrüfatı xüsusi rol oynayır. Kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, baramaçılıq və heyvandarlıq təşkil edir. Rayonda pambıqtəmizləmə, konserv, çörək, kərpic, asfalt, süd zavodları fəaliyyət göstərir.

Maddi-mədəni irsi
XX yüzilliyin 70-ci illərində Zərdab ərazisində görülən meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, əsrlər boyu torpaq altında qalsa da rəngini və kefiyyətini itirməyən çini və keramik qablar, Eldəgizlər (Azərbaycan Atabəyləri) və digər hakimiyyətlər dövründə buraxılmis mis pullar, qədim bəzək, məişət və mədəniyyət əşyaları üzə çıxdı və indi bunların bir çox nümunələri Zərdab tarix-diyarşünaslıq muzeyində eksponat kimi nümayiş etdirilir.
"Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli (N-132) qərarı ilə Xanməmmədli kəndində aşkar edilmiş küp qəbirləri nekropolu I əsrə aid edilərək ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir.
Zərdab rayonunun Dəli Quşçu kəndi ərazisində kütləvi qəbristanlıqlar - Ağtəpə adlanan kurqan bu gün də mövcuddur və bu kütləvi məzarlığın tarixi barədə konkret bilgi yoxdur və bu təpədə əsaslı qazıntı-tədqiqat işinə ciddi ehtiyac var.
Bir zamanlar Zərdabın bəzi ərazilərində, o cümlədən Məlikumudlu kəndi yaxınlığındakı qədim yaşayış məskənlərində torpaq işləri görülərkən gümüş və qızıldan düzəldilmiş qadın zinət şeyləri, qırmanc dəstəyi, əsa başı, sikkələr tapanlar çox olmuşdur.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...