Laçın
İqtisadi rayon:
Kəlbəcər-Laçın iqtisadi rayonu
Ərazi:
707 (km²)
Əhali:
42900
Əhali sıxlığı:
36 (nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
41
Telefon kodu:
Poçt kodu (Mərkəzi PŞ):
Yaşayış məntəqələrinin sayı 125
İnternet saytı: www.zengilan.com
Tarixi
Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan Respublikası tərəfindən işğal olunub.
264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.
İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir.
Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarına, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün düşmüşdür.
Laçın tarix, mədəniyyət və arxeologiya abidələri ilə zəngin olan bir ərazidir. Rayonun Mirik kəndindəki "Qaranlıq kaha", "Bayqara" mağaraları, Hocaz kəndindəki mağara məbəd hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.
Güləbird kəndindəki "Qız qəbri" kurqanı və bu ərazidə olan digər adsız kurqanlar, Mirik kəndinin "Təpələr" ərazisindəki kurqanlar və eləcədə Ziyrik kəndi ərazisindəki Rizvan meşələrində və digər yerlərdəki bu tipli kurqanların mövcudluğu və çoxluğu əsas verir ki, bu bölgədə yaşayışın neolit və tunc dövrlərindən başlandığı haqqında fikir söylənilsin.
Rayon ərazisində Antik dövr daş abidələrindən sayılan qaya, daş üzərində insan, heyvan, quş və digər həndəsi təsvirlərə də rast gəlmək olur. Bu təsvirlər əsasən rayonun Qaragöl yaylağından, Pəri çınqılı adlanan ərazidən, Kəlbəcər rayonunun əraziləri istiqamətində uzanan silsilə çınqıl daşları üzərlərində oyulub. Bu təsvirlərin yaşı, bəlkə də Qobustan qayaları üzərindəki təsvirlərin yaşı qədərdir.
XII əsrin sonu XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı yarandı. Bu knyazlıq eləcə də indiki Laçın bölgəsini əhatə edirdi. Ona görə də Dağlıq Qarabağın digər bölgələrində olduğu kimi, bu ərazilərdə də Xaçın adı ilə bağlı yeni adlar, toponimlər əmələ gəlməyə başladı. Buna misal olaraq indiki Laçın ərazisindəki Xaçınyalı kəndini, Bozlu kənd ərazisindəki Xaçın yalı, Xaçın daşı adları ilə adlanan yer adlarını göstərmək olar.
Sonralar Xaçın knyazlığının ərazisində Xaçın da daxil olmaqla Qarabağ-alban məlikləri Xaçın, Vərəndə, Dizaq, Gülüstan (Talış) məlikliyi ilə yanaşı, Çiləbörd məlikliyi də yarandı.
1828-ci il Rusiya-İran müharibələrindən sonra bağlanan Türkmənçay müqaviləsinə əsasən, bölgə Şimali Azərbaycanın tərkibində Rusiyaya qatılıb. Öz sərhədləri ətrafında təhlükəsiz zona yaratmaq məqsədi ilə çar hökuməti Cənubi Qafqazda Azərbaycan torpaqlarının erməniləşdirilməsinə qərar verib. Bu qərardan sonra Rusiyanın himayəsi altında Osmanlı dövlətindən və İrandan Azərbaycan torpaqlarına ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlandı.
Beləliklə, qədim Azərbaycan torpaqları olan Naxçıvan, İrəvan, Zəngəzur və Qarabağ ərazilərinə Rusiyanın müstəmləkəçilik siyasəti nəticəsində xeyli sayda erməni ailələri yerləşdirilsə də, Qarabağın tərkibində olan Laçın bölgəsinə (Gorus, Sisyan, Qafan, Muğru məntəqələri istisna olunmaqla), ermənilərin məskunlaşdırılması mümkün olmadı.
Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra, Laçın bölgəsi 1829-cu ildən yeni yaradılan Qarabağ əyalətinə qatılıb, 1861-ci ildən isə indiki Laçın Rus imperiya siyasətçilərinin qərarı ilə ayrıca, Zəngəzur qəzasına çevrilib.
Zəngəzur qəzası: - Şimali Azərbaycan torpaqlarında Rusiyanın yaratdığı inzibati ərazi vahidi olub. 1867-ci ildə Yelizavetopol (Gəncə) quberniyası yaradılanda Zəngəzur qəzası onun tərkibinə verilib. Zəngəzurun qəza mərkəzi, İranın Gorus əyalətindən gətirilib yerləşdirilən ermənilərin daha çox məskunlaşdırıldığı Gorus adlandırılan yeni yaşayış məntəqəsi müəyyənləşdirilib.
Şimali Azərbaycanda, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra ermənilərin düşmənçilik siyasəti daha da gücləndi. Qarabağı və Zəngəzuru mənimsəmək üçün ərazi iddiaları onların törətdikləri kütləvi qırğınlarla müşahidə olunmağa başladı. Bu qırğınlar Laçın bölgəsinin bütün ərazilərində daim müşahidə olunurdu. Erməni ordusunun komandanı Andronik nə yolla olursa-olsun öz silahlı qüvvələri ilə bərabər Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq, oranın erməni əhalisini Azərbaycan hökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu məqsədlə Andronik bir neçə minlik ordu ilə Zabux kəndini keçərək Laçın istiqamətində irəliləməyə başladı. Bu məsələdən əvvəlcədən xəbər tutan, bölgənin nüfuz sahiblərindən biri, Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan bəy Sultanov, öz partizan dəstəsi ilə Laçın-Zabux yolundakı bir dərədə pusqu quraraq Andronikin qoşununu mühasirəyə saldı. Burada təqribən bir günlük çox qanlı döyüşlər getdi. Bu döyüşlər zamanı general Andronik demək olar ki, bütün qüvvəsini itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan tapdı. Dərə bu döyüşdən sonra xalq arasında "Qanlı dərə" adlandırıldı.
Bu məğlubiyyətdən sonra daha da azğınlaşan erməni generalı Andranik Azərbaycanın bu bölgəsində daim sabitliyi pozmaq, Zəngəzur və Qarabağ torpaqlarını işğal etmək üçün Rusiyanın maliyyə dəstəyi ilə yeni-yeni silahlı qruplar yaradırdı.
Bölgədə erməni və digər xarici silahlı qüvvələrin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı hazırlanan qiyamın qarşısını almaq, ölkənin ərazi bütövlüyünü təmin etmək və əhalini qırğınlardan qorumaq üçün Azərbaycan hökuməti Zəngəzura qoşun hissələrinin göndərilməsini qərara aldı. Bu məqsədlə hərbi nazirlik 1919-cu il oktyabr ayının 30-da xüsusi Zəngəzur dəstəsi yaratdı. Dəstənin rəhbəri 1-ci piyada diviziyasının komandiri, general-mayor Cavad bəy Şıxlınski idi. Dəstə oktyabrın 30-da ilkin mövqelər istiqamətində Xankəndindən Zəngəzura doğru hərəkətə başladı.
Müxtəlif istiqamətlərlə hərəkət edən birinci, habelə sağ və sol dəstələr Dığ yaşayış məntəqəsinə doğru irəliləməli idilər. Dığın erməni silahlı qüvvələrindən təmizlənməsi həm Qarabağa aparan strateji yolu, həm də bölgəni nəzarət altında saxlamaq üçün böyük əhəmiyyət daşıyırdı. Dəstənin rəisi Şıxlınskinin əmrinə əsasən, 1-ci dəstə noyabrın 3-də hücuma başlamalı, dəstənin piyada bölmələri 2 ədəd topla Sultanlar kəndi, suvari bölmələri isə Sadınlar kəndi istiqamətində irəliləməli və orada döyüşqabağı mövqe tutmalıydı. Hücum zamanı dəstənin sağdan mühafizəsi Sultan bəy Sultanovun rəhbərliyi ilə yerli partizanlara tapşırıldı.
Dığ istiqamətində aparılan döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da, onu əldə saxlamaq mümkün olmadı.
Zəngəzur qəzasında ermənilərin həyata keçirdikləri talanlar, zorakılıq aktlarını, soyqrımları dayandırmaq mümkün olmadı. Zəngəzur qəzasında 115 müsəlman kəndi ermənilər tərəfindən dağıdılıb. Həmin kəndlərdə 3257 kişi, 2776 qadın və 2196 uşaq öldürülüb, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanıb. Vağadü kəndində erməni vandalları 400-dən çox azərbaycanlı əhalinin sığınacaq tapdığı məscidə əvvəlcə əl qumbaraları atıb, sonra isə ona od vuraraq adamlarla birlikdə yandırıblar. Məhz bu səbəbdən, 1918-1920-ci illər Azərbaycan tarixində Zəngəzur qırğınları kimi qeyd olunur.
1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ermənilərin Zəngəzuru Azərbaycandan qoparmaq siyasəti daha da fəallaşıb, Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra isə bunu Rusiyanın əli ilə həyata keçirmək mümkün olub. Belə ki, Zəngəzur qəzası torpaqlarının böyük bir hissəsi Ermənistana ilhaq edilib, Ermənistan Xalq Komissarları Sovetinin 1921-ci il 20 iyul tarixli qərarı ilə Ermənistan SSR-də Zəngəzur qəzası yaradılıb. 1920-ci illərin sonlarında həyata keçirilən rayonlaşma siyasəti nəticəsində həmin ərazilərdə Qafan, Gorus, Muğru və Sisian rayonları təşkil edilib, Zəngəzur bir tarixi vilayət kimi ləğv olunub. Zəngəzur qəzasının böyük bir hissəsinin Ermənistana birləşdirilməsi Azərbaycana daha bir zərbə vurub, Naxçıvan torpaqları Azərbaycandan ayrı salınıb.
Artıq bu dövrdə Zəngəzur vilayətinin Azərbaycanda qalan hissəsində də hansısa bir inzibati idarə mərkəzi yaradılması zərurəti meydana gəlib. Və beləliklə, Laçın və Abdallar kəndləri arasındakı ərazidə rayon mərkəzinin yaradılması qərara alnır. Rayonun adını seçərkən yerli relyefi və əhalinin xarakterini nəzərə alan yazıçı Tağı Şahbazi Simurq təşəbbüs göstərərək rayonun adını Laçın elan etib. 1930-cu ildə Laçına rayon statusu verilib. Azərbaycanın qərb torpaqlarına sahib çıxaraq bu torpaqlar üzərində özlərinə dövlət quran ermənilər artıq Azərbaycana qarşı yeni, daha böyük ərazi iddiaları ilə çıxış etməyə başladılar. Onlar Qarabağı Ermənistana birləşdirilməsi məsələsini ortaya ataraq bir maneə kimi Laçın rayonunu aradan götürməyin yollarını düşündülər. Sovetlər dönəmində ermənilər dəfələrlə Laçın rayonunun bir inzibati mərkəz kimi ləğvinə çalışsalar da, təşəbbüsləri baş tutmamışdı. Bunun əvəzində onlar 1970-1980-ci illərdə Güləbird, Cicimli, Malıbəy, Qarıqışlaq, Sadınlar və digər kəndlərin yüz hektarlarla pay torpaqlarını və bütövlükdə Qaragöl yaylağını mənimsəməyə nail oldular.
Coğrafi mövqeyi
Laçın rayonu Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir.
Rayon mərkəzinin Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir.
Rayonun cəmi torpaq sahəsi 166488 hektardır. Ondan da 75781 hektarı kənd təsərrüfatına yararlı, 12102 hektarı isə əkin yeridir.
İri yaşayış məntəqələri
Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur.
Əhalisi
Laçın rayonunun əhalisi 27 yanvar-4 fevral 1999-cu il siyahıya almasına əsasən 63.162 nəfərdir (58.058 nəfəri azərbaycanlılar, 5.073 nəfəri kürdlər və 31 nəfəri digər millətlərin nümayədələri olmaqla), 1 yanvar 2007-ci il tarixində rayonun əhalisi artaraq 69.982 nəfərə, Laçın şəhərinin əhalisi isə 11519 nəfərə çatmışdır.[1]
Əhalinin sıxlığı hər kvadrat km-ə 36 nəfər, hər sakinə 18 kvadrat km sahə düşürdü.
Görkəmli şəxsləri
1. Sarı Aşıq — XVII əsrdə yaşamış məşhur bayatı ustası, aşıq.
2. Paşa bəy Sultanov — müdrik kəlamlar ustadı, Hacısamlı nahiyəsinin bəyi.
3. Sultan bəy Sultanov — Xalq qəhrəmanı.
4. Xosrov bəy Sultanov — Azərbaycan Demokratik Respublikasının ilk müdafiə naziri, Qarabağ General Qubernatoru, həkim.
5. İskəndər bəy Sultanov — daşnaksütyun və erməni terrorizminə qarşı mübarizənin fəal iştirakçısı.
6. Aşıq Abbas — hikmətli söz ustası, Paşa bəy və Sultan bəy Sultanovların yaxın məsləhətçisi, aşıq.
7. Qara Murtuza bəy — XVIII əsr Pənahəli xan Sarıcalı-Cavanşirin sərkərdəsi, Qarabağın Hacısamlı nahiyəsinin bəyi.
8. Nurməmməd bəy Adilxan oğlu Şahsuvarov — Azərbaycan Demokratik Respublikası dövründə Nazirlər Şurasının sədri, Nəsib bəy Yusifbəylinin II hökumət kabinəsində Maarif və Dini-etiqad naziri]], 1920-ci ildə Azərbaycan SSR Xalq Maarif Komisarının müdiri.
9. Qorxmaz Abış oğlu Eyvazov — Qarabağ müharibəsinin fəal iştirakçısı, Azərbaycanın Milli Qərəmanı.
10. Ələsgər Xanlar oğlu Novruzov — Qarabağ müharibəsinin fəal iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı.
11. Oqtay Güləli oğlu Güləliyev — Qarabağ müharibəsinin fəal iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı.
12. Fazil Umud oğlu Mehdiyev — Qarabağ müharibəsinin fəal iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı.
13. Kamil Baladə oğlu Nəsibov — Qarabağ müharibəsinin fəal iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı.
14. İsrafil Şahverdi oğlu Şahverdiyev — Qarabağ müharibəsinin fəal iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı.
15. Surxay Əzim oğlu Şahsuvarov — Biologiya elmlər namizədi.
16. Mürsəl Adilxan oğlu Şahsuvarov — Tibb elmlər doktoru, professor.
17. Hüseyn Həsən oğlu Alışanov — Filologiya elmlər namizədi, şair.
18. Əvəz Həşim oğlu Verdiyev — Qvardiya baş leytenantı, Sovet İttifaqı Qəhrəmanı, İkinci Dünya Müharibəsinin iştirakçısı.
19. Ağa Əliqəmə oğlu Əliyev — Filologiya elmlər namizədi, şair.
20. Tofiq Surxay oğlu Şahsuvarov — Geologiya və Minerologiya elmlər doktoru, professor.
21. Məhəmməd Fərman oğlu Mehdiyev — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi.
22. Knyaz Şiraslan oğlu Məmmədov — Fizika-riyaziyyat elmlər doktoru, professor.
23. Ziyadxan İsrafil oğlu Nəbibəyli — professor, elmlər doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvi.
24. Ələmdar Əli oğlu Şahverdiyev - Tarix elmlər namizədi.
Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Laçın rayonda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, cəmaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur.
Laçın ərazisində toxuculuq sənəti də inkişaf etmişdi. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyilə seçilib. Təsadüfi deyil ki, dünyada "Qasımuşağı" adı ilə tanınan xalçanın yaranması məhz bu bölgənin adıyla bağlıdır.
Maddi-mədəni irsi
Bax:Laçın abidələri
Laçın rayonunun ərazisində 200-ə yaxın tarixi, mədəniyyət və memarlır abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar qorunub saxlanmışdır.
Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Laçında olan Qafqaz Albaniyası dövrü abidələrinin bir çoxu bizim eranın xristianlıqdan əvvəlki dövrünə aiddir.
Bu yerlərin mürəkkəb relyefi, sərt iqlimi bir çox çay keçidlərində, yolların keçilməz hissələrində körpülərin inşasına səbəb olmuşdur. Onlar əsasən bir tağlı və yaxud iki tağlı körpülərdir.