ÇƏRŞƏNBƏ, 2024-04-24, 2:21 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ AFRİKA - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » COĞRAFİYA » AFRİKA (AFRİKA MATERIKI HAQQINDA)
AFRİKA
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ, 2010-01-06, 9:56 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Afrika

Sahəsinə görə Avrasiyadan sonra ikinci materik olub adalarla 30.3, adalarsız 29.2 milyon km2-dir. Afrika sözü materikin şimal-şərqində yaşamış “afriqi” tayfasından götürülüb. Ən isti materikdir. Dünyanın ən uzun çayı, dünyanın ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannası bu materikdədir. Onu Avropadan Cəbəllütariq boğazı və Aralıq dənizi, Asiyadan Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Bab-Əl-Məndəb boğazı, Ədən körfəzi ayırır. Ekvator xətti və sıfırıncı meridian bu materikdən keçdiyinə görə o, 4 yarımkürədə yerləşir. Atlantik və Hind okeanları ilə əhatə olunub. Ucqar nöqtələri: şimalda – Əl-Əbyad və ya Ras-Enqela burnu, cənubda – İynə burnu, şərqdə – Ras-Xəfun, qərbdə – Almadi .Yeganə materikdir ki, bütün ucqar nöqtələri müxtəlif yarımkürələrdə yerləşir. Materik qədim Qondvananın qalığıdır. Sahil xətləri az parçalanıb. Bir böyük yarımadası (Somali), 1 böyük körfəzi (Qvineya) vardır. Ən böyük adası Madaqaskardır, bundan başqa Seyşel, Əmirlik, Zənzibar, Kanar, Komor, Yaşılburun, Vozneseniya, Müqəddəs Yelena adaları da buraya aiddir. Materikin şimal hissəsi qədim sivilizasiyanın mərkəzlərindən olduğuna görə əvvəldən öyrənilmişdir. Onun cənub hissəsinin öyrənilməsində İngilis tədqiqatçısı Livinqstonun xüsusi rolu vardır. O, quru ilə Atlantik okeanın sahilindən Hind okeanın sahilinə qədər keçmiş ilk Avropalıdır. Livinqston Konqo və Zambezi çaylarının hövzələrini öyrənmiş, Livinqston və Viktoriya şəlalələrini kəşf etmiş, Tanqanika və Nyasa göllərini tədqiq etmişdir. Rus tədqiqatçısı Yunker ilk dəfə Nil çayının mənsəbindən mənbəyinə qədər gəlmişdir. O, düzgün olaraq göstərmişdir ki, Nilin il boyu bol sulu axmasının səbəbi onun mənbəyinin bol yağıntılı ekvatorial və subekvatorial qurşaqlarda yerləşməsidir. Ingilis tədqiqatçısı Park Seneqal və Niger çaylarının hövzələrini, Bart isə Aralıq dənizindən Çad gölünə qədər Böyük Səhranı öyrənmişdir. Rus alimi Vaviloiv şimali Afrikanın bitki örtüyünü tədqiq etmişdir.
Afrika relyefinə görə hündürlüyü 1000 m-ə qədər olan şimal və qərb, hündürlüyü 1000 m-dən artıq olan cənub və şərq hissələrə ayrılır. Materikin əsas relyef formalarına denudasion düzənliklər (Böyük Səhra, Liviya və Nubiya səhraları, Kalaxari səhrası, Namib səhrası), yaylalar (Tibesti, Ahaqqar, Darfur, Efiopiya, Şərqi Afrika) geniş yayılmışdır. Materikin şimal-qərbində cavan Alp qırışıqlığına aid Atlas dağları, cənubunda isə qədim Əjdaha və Kap dağları yerləşir. Burada fəaliyyətdə olan Kilimancaro, Kenya, Kamerun vulkanları vardır. Afrikanın ən hündür nöqtəsi Kilimancaro zirvəsi (5895 m), ən alçaq nötəsi Afar çökəkliyindəki Assal gölünün səthidir (-154 m). Misir ərazisində okean səviyyəsindən 132 m aşağıda yerləşən Kattara çökəkliyi də var. Quruda yer qabığının ən uzun çatı olan Şərqi Afrika Sınma Zolağı Qırmızı dəniz sahilindən Zambezi çayının mənsəbinə qədər uzanır. Buna görə də Qırmızı dəniz sahili və bu sınma zolağı seysmik cəhətdən fəal ərazidir. Materikin şimal və qərb hissəsində çökmə süxurlar geniş yayıldığına görə burada neft və təbii qaz ehtiyatları vardır. Ən böyük neft ehtiyatları şimali Afrikada (Misir, Əlcəzair, Liviya) və Qvineya körfəzinin sahilindədir (Qabon, Nigeriya). Cənub və şərq hissədə maqmatik və metamorfik süxurlar geniş yayıldığına görə burada filiz faydalı qazıntılar çoxdur. Dünyanın “mis qurşağı” mərkəzi Afrikada Zair və Zambiya ərazisindədir. Burada zəngin sink, qalay, uran, boksit yataqları da vardır. Cənubi Afrikada almaz, qızıl, daş-kömür ehtiyatları çoxdur. Ekvator xətti Afrikanın təqribən mərkəzindən şimal və cənub tropikləri onun üzərindən keçdiyinə görə ərazinin çox hissəsi isti qurşağa düşür və buna görə də o, ən isti materikdir. Materikin çox böyük hissəsində günəş ildə 2 dəfə zenitdə olur. Materikin ucqar şimal və cənub nöqtələrində belə ən soyuq ayın orta temperaturu 10°-12°-dir. Materikin iqliminə onun sahillərindən keçən soyuq Somali, Kanar, Bengel cərəyanları, isti Madaqaskar, Mozambik, İynəburnu, Anqola, Qvineya cərəyanları da təsir göstərir. Yağıntılar qeyri-bərabər paylanıb, ekvatorial qurşağa ildə 2000-3000 mm və daha çox yağıntı düşür. Yeganə materikdir ki, burada olan iqlim qurşaqları həm şimalda həm də cənubda yerləşməklə təkrarlanır. Materikdə 1 ekvatorial, 2 subekvatorial, 2 tropik, 2 subtropik iqlim qurşağı vardır. Materikin çayları onu əhatə edən 2 okean hövzəsinə və materikin sahəsinin 1/3-ni əhatə edən daxili axarlı hövzəyə aiddir. Ən böyük çaylar – Nil, Seneqal, Niger, Konqo, Narıncı çayları Atlantik okeanı hövzəsinə aiddir. Zambezi və Limpopo çayları (Limpopo cənub tropik xəttini 2 dəfə kəsir) Hind okeanı hövzəsinə aiddir. Daxili axarlı hövzə Böyük Səhranı əhatə edir ki, orada Çad gölü və ona tökülən Şari çayı vardır. Materikin əsas gölləri – Tanqanika, Nyasa, Rudolf və s. Şərqi Afrika Sınma Zolağının qrabenlərində yerləşən uzunsov, şirinsulu göllərdir. Materikin ən böyük gölü olan Viktoriya platformanın əyilmə zonasında yerləşdiyinə görə sahəcə böyükdür.
Iqlim qurşaqları kimi təbii zonaları da təkrarlanır:
1. Rütubətli, həmişə yaşıl ekvatorial meşələr zonası – müxtəlif fikuslar, palmalar, seyba ağacları, banan, qıjı kimi bitkilərdən leopard, cırtdan, begemot, müxtəlif meymun növləri, timsah və s. yaşayır. Burada Afrikanın endemik heyvanı olan sese milçəyi vardır.
2. Subekvatorial meşələr zonası.
3. Savannalar və seyrək meşələr zonası – materikin 40 %-ni əhatə edir. Hündürlüyü 2 m-ə çatan otların arasında tək-tək Səyyah ağacı, Baobab, Butulka, Çətirli Akasiya ağacı, heyvanlardan antilop, zebr, zürafə, gərgədan, fil, begemot, şir, dəvəquşu və s. vardır.
4. Tropik səhralar zonası – həm şimalda həm də cənubda yayılmışdır.
5. Codyarpaqlı həmişə yaşıl meşə və kolluqlar zonası – materikin həm şimal həm də cənub hissəsində var.
Afrikanın əhalisi 720 milyon nəfərdən çoxdur. Şimal tərəfdə Avropoid irqinə aid olan ərəblər və bərbərlər, 10° şimal eni boyunca neqroid irqinə aid olan zəncilər, Madaqaskar adasında isə monqoloid irqinə aid olan malaqasilər yaşayır. Afrikanın digər yerli xalqlarına bantular, ximilər, tutsilər, piqmeylər, nilotlar, buşmenlər, qotentotlar aiddir. Materikin şimalında Fransızlar, cənubunda isə İngilisvə Hollandlar yaşayır ki, bunlara burlar deyilir. Afrika uzun illər müstəmləkə qitəsi olmuşdur. İkinci dünya müharibəsi ərəfəsində burda Efiopiya, Misir, Liberiya, CAR olmaqla 4 müstəqil ölkə var idi. Hazırda materikdə 56 müstəqil dövlət vardır. Sonuncu olaraq 1993-cü ildə Efiopiyanın tərkibindən Eritreya dövləti ayrılmışdır. Afrikada dövlətlər yaranarkən əhalinin milli etnik tərkibi nəzərə alınmadığına görə burada dövlət sərhədləri çox vaxt paralel və meridianlara uyğun gəlir.

 
FORUM » ELM VƏ TƏHSİL » COĞRAFİYA » AFRİKA (AFRİKA MATERIKI HAQQINDA)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...