Azıx mağarası
Sahəsi- 800 kv km
Aid olduğu dövr-Paleolit və Mezolit dövrləri
Azıx mağarası - Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarinin cənub-şərq yamacında yerləşən, Quruçay çayının sol sahilində mağaradır.
Mağara Azərbaycanın Xocavənd rayonu ərazisindədir. Təəssüflə qeyd etmək lazımdır ki, vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildən etibarən erməni işğalı altındadır və mağaranın işğaldan sonraki vəziyyəti haqqında heç bir məlumat yoxdur.
Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir. Azıx mağarası Qafqazda indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi də diqqəti cəlb edir.
Mağaranın kəşfi
Azıx mağarası haqqında dünya çox az məlumata malikdir. Çünki keçmiş SSRİ dövründə bu mağarada axtarış aparan, onun tarixi barəsində danışan alimlərin xarici ölkələrdə yaşayan həmkarları ilə əlaqə yaratmasına imkan verilmirdi. Bunun nəticəsidir ki, dünyanın ən qədim insanlarından birinin Azərbaycan ərazisində yaşadığı haqqında dünya hələ də çox az şey bilir.
Azıx mağarasının yerləşdiyi bölgənin əhalisi bu mağaranın varlığından xəbərdar olsalar da, onun tarixdəki yeri haqqında heç bir məlumata malik deyildilər. Onların nəzərində bura əjdahaların və başqa sehirli varlıqların yaşadığı təhlükəli yerdən başqa bir şey deyildi. Odur ki, insanlar mağaraya yaxın getməkdən belə çəkinirdilər.
1960-cı ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Azıx mağarasını kəşf etdi və üzərindəki pərdəni götürməyə başladı. Aydın oldu ki, əjdahaların yox, dünyanın ən qədim sakinlərinin (onları Azıxantrop adlandırırlar) yaşayış məskəni olub. 1968-ci ildə M.Hüseynovun uzun zamandan bəri Azıx mağarasında apardığı qazıntıların nəticəsi olaraq Neandertal tipə məxsus olan bir insanın alt çənə sümüyü aşkar edildi. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum oldu ki, onun ən azı 350-400 min illik bir tarixi vardır.
Mağarada qiymətli tapıntılar
Çənə sümüyünün azı dişlərindən biri bütöv qalmış, digəri isə qismən sınmışdı. Alimlər onu 18 yaşlı bir qadına məxsus olduğu düşüncəsindədirlər. 18 yaş o dövr üçün qocalıq dövrü hesab olunurdu, çünki o zamanlar həyat orta hesabla 20-22 il davam edirdi. Bu qiymətli tapıntının aşkar edilməsindən sonra Azıx mağarasına diqqət daha da çoxaldı.
Çox keçmədən mağarada Paleolit dövrü və Mezolit dövrünə aid olan daşdan qayrılmış əmək alətləri də aşkar edildi. Bu alətlərin 1-1.5 milyon il əvvələ aid olduğu söylənilir. Mütəxəssislərin fikrincə, Azıx mağarasından tapılmış çənə sümüyü qədimliyinə görə dünyada dördüncü yerdədir. Ondan əvvəlki dövrlərə aid edilən bu növ arxeoloğı tapıntılar Tanzaniyada, Keniyada və Fransada aşkar edilmişdi. Bu fakt kifayətdir ki, dünyanın ən qədim sakinlərinin məskunlaşdığı ərazilər arasında Azərbaycanın mühüm yer tutduğu sübuta yetirilsin.
Mağaradan tapılan mühüm tapıntılardan biri də daş alətlər idi. Arxeolojı baxımdan bu sadə alətlər "çay daşı mədəniyyəti"ni təmsil edirdi. Buna və mağara Quruçay ərazisində yerləşdiyinə görə bü dövr "Quruçay mədəniyyəti" adlandırılır. Yaxınlığına görə bu mədəniyyəti ancaq Tanzaniyanın Olduvay düşərgəsində aşkar edilmiş 1.5 milyon illik tarixi olan mədəniyyətlə müqayisə etmək olar.
Çünki Quruçay mədəniyyətini də məhz bu qədər tarixə malik olduğu sübut edilmişdir. Azıx mağarasının sakinləri ovçuluqla məşgul olurdular. Mağaradan tapılmış 45 növ heyvan sümüyü bunun əyanı sübutudur. Bəzilərin kökləri artıq kəsilmiş bu heyvanların içərisində nəsli indiyə qədər davam edən ayı və maral xüsusi yer tutur. Bəzi mütəxəssislərin düşüncələrinə görə ayı mağara sakinləri üçün müqəddəs hesab olunurmuş. Alimlər bu fikirləri mağarada bir-birinin yanınca düzülmüş ayı kəllələrinin varlığı ilə sübut etməyə çalışırlar. Hətta mağaranın adı da bununla əlaqələndirilir. Çünki qədim türk dillərində "azıx" -"ayı" deməkdir.
Azıx mağarasında həmçinin ocaq yerləri də aşkar edilmişdir. Bu ocaqlar kənardan daşlarla əhatə olunmuşdur. Mağaradan tapılmış 5 ocaq yerindən insanların təkcə yemək hazırlamaq üçün deyil, həm də odu qoruyub saxlamaq üçün istifadə etdikləri güman edilir. Bu ocaq yerlərindən birinin ətrafında qalınlığı 30 sm. olan aypara şəkilli divar vardır. Bu divarın tikilməsinin əsas səbəbi yaxınlıqdaki yaşayış yerini oddan qorumaq idi. Mağaradakı ocaq yerindın başqa həm də ilk tikili hesab olunur.
Bütün bu göstərdiklərimiz dünyanın ən qədim sakinlərinin yaşayış yerinin Azərbaycanın olduğu haqda fikirləri sübut edir. Çox təəssüf ki, dünyanın ən qədim sakinlərinə ev sahibliyi etmiş bu Azərbaycan torpağı indi işğal altındadır. O torpaqların düşmən caynağından azad olunacağı gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq.