HÖTE, ŞİLLER, BÖLL VƏ S.
| |
Nariman_Qahramanli | TARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 5:54 PM | Message # 1 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Yohan Volfqanq Höte Yohan Volfqanq von Höte (alm. Johann Wolfgang von Goethe, 28 avqust 1749 - 22 mart 1832) - alman şair-dramaturqu, mütəfəkkir və naturalisti. HƏYATI Yohan Volfqanq Höte qədim alman ticarət şəhəri olan Frankfurt-Maynda, varlı burger Yohann Kaspar Hötenin (1710-1782) ailəsində dünyaya gəlib. Atası imperiya məsləhətçisi, keçmiş vəkil, anası şəhər zadəganının qızı olub. Höte evdə yaxşı təhsil alıb. 1765-ci ildə Leypsiq Universitetində təhsilini davam etdirib. 1770-ci ildə Strasburqda dissertasiya müdafiə edərək Hüquq elmləri doktoru elmi dərəcəsi alıb. Yaratdığı iki hissədən ibarət ölməz Faust dram-poeması dünya ədəbiyyatının ən gözəl nümunələrindən biri sayılır. Hötenin digər məşhur əsərlərinə çoxsaylı şer-poemaları - "Vilhelm Meysterin təhsil illəri", "Gənc Verterin iztirabları" adlı məktub-romanı, "Seçmə oxşarlıq" adlı qismən avtobioqrafik romanlarını misal göstərmək olar. Höte alman ədəbiyyatının və XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Almaniyada Veymar klassisizmi hərəkatının ən önəmli simalarından biri idi. Veymar hərəkatı o dövr Avropa və Almaniyada İntibah, Sentimentallıq, "Tufan və Həmlə" (Sturm und Drang) və Romantizm ədəbi-fəlsəfi cərəyanları ilə eyni dövrdə baş vermişdir. Faust və Rənglərin Nəzəriyyəsi əsərlərində Höte bitkilərin morfologiyasına dair elmi fikirləri ilə Darvinə ciddi təsir göstərmişdir. Höte yaradıcılığı sonralar ümumilikdə Avropa musiqisi, dramaturgiyası, poeziya və fəlsəfəsinin əsas ilhamverici qüvvəsinə çevrilir. Höte Şərq mövzusundakı əsərlərində qəzəl formasından istifadə etmişdir.
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 5:55 PM | Message # 2 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Fridrix Şiller İohan Xristof Fridrix fon Şiller (alm. Johann Christoph Friedrich von Schiller, 10 Noyabr 1759, Marbax, Almaniya — 9 May 1805, Veymar, Almaniya) - alman şairi, filosof, tarixçi və dramaturqu, alman romantik ədəbiyyatının nümayəndəsi. Ömrünün son illərində İohan Volfqanq Höte ilə çox məhsuldar, lakin bir qədər mürəkkəb dostluq münasibəti qurur. Bu yaradıcılıq münasibətləri iki dahi ədibin öz estetik dünya görüşlərıni müzakirə və mübadilə etməsinə, Hötenin yarımçıq buraxdığı bir çox əsərlərini tamamlamasına imkan yaradır. Bu ədəbi-fəlsəfi münasibətlər sonralar alman ədəbiyyatında Veymar klassisizmi adlanacaq bir dövrün əsasını qoyur. Şiller Höte ilə birgə estetik dünya görüşlərinə düşmən kəsilmiş filosoflara cavab olaraq "Yadlar" ("Die Xenien") adlı qısa, lakin çox kəskin satirik poemalar məcmuəsini yazır. Şiller 1759-cu il noyabrın 10-da Almaniyanın Marbax şəhərində hərbi feldşer İohan Qaspar Şillerin (1723-1796) ailəsində dünyaya göz açmışdır. Uşaqlıq və gənclik illəri yoxsulluq içində keçmiş, bununla belə kənd məktəbində təhsil ala bilmişdir. Bilik və istedadı ilə 1783-cü ildə Vürtenberq hersoqunun diqqətini cəlb edən Şiller nüfuzlu hərbi akademiyaya daxil olmaq imkanı əldə edir. Burada özünü ilk öncə hüquqşünaslıq, daha sonra isə tibb elminə həsr edir. Şiller hələ məktəbdə oxuduğu illərdə özünün "Oğrular" adlı, sadəlövh inqilabçılar və onların faciəvi sonluqlarından bəhs edən ilk pyesini qələmə alır. 1780-ci ildə Şiller Ştutqartda hərbi alay həkimi vəzifəsinə təyin edilir. "Quldurlar" pyesinin 1781-ci ildə Manheymdə tamaşaya qoyulmasından sonra, Şiller hərbi tribunala verilir və ondan bir daha yazmamaq tələb olunur. Şiller 1873-cü ildə Ştutqartdan qaçır. Qaçışdan əvvəl qələmə aldığı iki pyesi - "Fiesko" və "Məkr və məhəbbət" də Manheym teatrında səhnəyə qoyulur. 1787-ci ildə oxucularından birinin dəvəti ilə qonaq qaldığı Drezden şəhərini tərk edir və 1789-cu ilə qədər Veymarda yaşayır. Həmin il Yena universitetində tarix və fəlsəfə fakültəsinə professor təyin edilir, 1790-cı ildə isə Şarlotta fon Lengefeld adlı qadınla evlənir. Bu nigahdan Şillerin iki oğlu və iki qızı dünyaya gəlir. 1799-cu ildə yenidən Veymara qayıdaraq yerli messenatların maliyyə dəstəyi ilə bir neçə ədəbi jurnalın nəşrinə başlayır. Məhz bu illərdə Şiller Höte ilə görüşür. Onlar tezliklə sonradan Almaniyanın ən aparıcı teatrlarından birinə çevriləcək Veymar teatrını yaradırlar. Şiller ömrünün sonuna qədər Veymarda qalır ömrünün son illərini ağır və üzücü xəstəliklərlə mübarizədə keçirir və 9 May 1805-ci ildə 45 yaşında vərəm xəstəliyindən vəfat edir. Şairin 1785-ci ildə yazdığı dünya şöhrətli "Şadlığa mədhiyyə" əsərinə sonralar dahi alman bəstəkarı Lüdviq van Bethoven musiqi bəstələyir. Bu musiqi əsəri hazırda Avropa İttifaqının rəsmi himnidir. Əsərləri • "Quldurlar" (1781) • "Fiesko" (1784) • "Məkr və məhəbbət" (1783) • "Don Karlos" faciəsi (1787) • "Vallenşteyn" (1800) • "Orleanlı qız" (1801) • "Mariya Stüart" (1800) • "Messinalı gəlin" (1803) • "Vilhelm Tell" xalq dramı (1804) • "Dimitriy" (ölümü səbəbindən yarımçıq qalmışdır) Məşhur kəlamlarından • Dil millət üçün bir güzgüdür, biz bu güzgüyə baxdıqda özümüzün böyük bir şəklini görürük . • İnsanın insaniyyəti onun ana dilinə olan münasibətində aydın görünür.
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 5:56 PM | Message # 3 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Henrix Böll Henrix Böll (almanca Heinrich Theodor Böll, 21 dekabr 1917, Köln — 16 iyul 1985, Langenbroyx) — alman yazıçı, tərcüməçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1972). Məşhur alman prozaiki və novellisti Henrix Teodor Böll Reyn vadisinin ən böyük şəhəri olan Kölndə, ağac ustası Viktor Böllün və Mari (Xermanns) Böllün çoxuşaqlı ailəsində dünyaya göz açıb. Böllün ulu babaları XIII Henrixin dövründə İngiltərədən qaçmışdılar. Bütün fanatik katolikllər kimi, onlar da protestant anqlikan kilsəsi tərəfindən təqiblərə məruz qalmışdılar. Hələ uşaqlıq dövründən şeirlər və hekayələr yazan Böll orta məktəbi bitirəndən sonra Hitleryuqendə üzv olmayan tək-tük yeniyetmələrdən olur. Buna baxmayaraq, orta təhsilini başa vurandan bir il sonra onu məcburi əmək işlərinə cəlb edirlər. 1939-cu ildə isə Böll hərbi xidmətə çağırılır. O, şərq və qərb cəbhələrində kapral çinində xidmət edir, bir neçə dəfə yaralanır, 1945-ci ildə Amerika hərbi hissələri tərəfindən əsir götürülür və bir neçə ay Fransanın cənubundakı hərbi əsir düşərgələrindən birində saxlanılır. Doğma şəhərinə qayıdandan sonra Böll bir neçə müddət Köln universitetində təhsil alır, bir müddət atasının emalatxanasında, sonra isə demoqrafik statistika üzrə şəhər bürosunda işləyir və bütün bu müddət ərzində yaradıcılıqla məşğul olmağına davam edir. Henrix Böll 67 yaşında Bonn yaxınlığında, oğlanlarından birinin evində qonaq qalarkən, gözlənilmədən vəfat edir. Yaradıcılığı 1949-cu ildə onun ilk əsəri olan «Qatar vaxtında gəlib» povesti kitab halında dərc olunur və ədəbi mühitin rəğbətini qazanır. Əsər - müharibədən qayıdıb yenidən ölüm təhlükəsiylə üzləşmək məcburiyyətində qalan bir əsgərdən bəhs edir. «Qatar vaxtında gəldi» əsəri Böllün, mənasız müharibə, müharibədən sonrakı illərin ağrı-acılarından bəhs edən kitablar seriyasından olan ilk əsəridir. Bunların içində ən tanınmışları -«Yolçu, nə vaxt gələcəksən…», «Hardaydın, Adam?», «Erkən illərin çörəyi» əsərləridir. Henrix Böllün müəllif üslubu nasizm pafosundan azad olan sadə, aydın alman dilini bərpa etmək məqsədi güdürdü. İlk romanı olan «Onun yarısında oynanılan bilyard»da yazıçı Trummer literatur (Xarabalıqlar ədəbiyyatı) manerasından uzaqlaşaraq məşhur Köln arxitektorlarının ailəsindən bəhs edir. Əsər ailənin bir gününün təsviri ilə məhdudlaşsa da, reminsensiyalar və xatirələr vasitəsilə Böll üç nəslin həyatını təsvir edir. Roman Kayzer Vilhelmin hakimiyyətinin son illərindən tutmuş 50-ci illərin «çiçəklənən Almaniya»sına qədər, böyük bir dövrü əhatə edir. «Onun yarısında oynanılan bilyard» Böllün əvvəlki əsərlərindən təkcə miqyasına görə yox, həm də forma baxımından mürəkkəbliyi ilə seçilir. Alman tənqidçisi Henri Plard yazırdı:«Bu kitab insan məhəbbətinin bötövlüyünü, tamlığını göstərdiyinə görə oxucuda böyük ruhi rahatlıq yaradır». XX yüzilin 60-cı illərdə Böllün əsərləri kompozisiya baxımından daha da mürəkkəbləşir. Yazıçının 1963-cü ildə yazdığı «Klounun gözləriylə» povestində baş verən hadisələr də bir gündə cərəyan edir. Povestin mərkəzində, telefonla danışan gənc oğlan durur və hadisələr də məhz onun dilindən danışılır: Qəhrəman müharibədən sonrakı Almaniya cəmiyyətinin riyakarlığına tabe olmamaqçün təlxək rolunu oynamağı qərarlaşdırır. Tənqidçi Diter Xanike bu əsər barədə yazmışdı: «Bu povestdə biz yenə də Böllün əsas mövzularından bir neçəsi ilə rastlaşırıq - müasir Almaniyanın sükanı arxasında duran insanların nasist keçmişi və müharibədən sonrakı Almaniya cəmiyyətində katolik kilsəsinin rolu». «İcazəsiz məzuniyyət» (1964) və «Bir ezamiyyətin sonu» (1966) əsərlərinin mövzusu da rəsmi dövlət orqanlarına qarşı mübarizədir. Əvvvəlki əsərlərlə müqayisədə daha böyük həcmli və daha mürəkkəb struktura malik olan «Xanımla birgə çəkilmiş portret» romanı Leni Pfeyferin intervüsü və onun sənədləri əsasında qurulmuş reportaj formasında yazılsa da, burada baş qəhrəmanla bərabər daha altmış adamın taleyi işıqlanır. Amerika tənqidçisi Riçard Lokk yazırdı; «Alman tarixinin altmış ili boyu Leni Pfeyferin taleyini izləyən Böll ümumbəşəri dəyərləri təbliğ edən bir roman yaratmağa nail olub». Bu roman, 1972-ci ildə Böllə Nobel mükafatı təqdim olunan zaman xüsusi qeyd olunmuşdu. «Alman ədəbiyyatının intibahına xidmət edən və reallığı geniş şəkildə əhatə etməklə bərabər insan xarakterlərini yüksək ustalıqla açan əsərlər yaratdığına görə» Böll 1972-ci ildə İsveç Akademiyasının adıçəkilən mükafatına layiq görülür. Akademiyanın nümayəndəsi Karl Raqner Qirov öz nitqində belə demişdi; «Bu intibah hamının fikrincə artıq məhvə məhkum olan, lakin təəccübümüzə rəğmən dirilib yeni bəhrələr verən bir mədəniyyətin küldən döğulub, alova çevrilməsiylə müqayisə oluna bilər». Hələ Nobel mükafatı almamışdan əvvəl Böllün əsərləri nəinki Qərbi, hətta Şərqi Almaniyada, SSRİ də daxil olmaqla bütün sosialist ölkələrində məşhurlaşmışdı və milyonlarla tirajla satılırdı. Bununla bərabər Henrix Böll yazıçıların beynəlxalq təşkilatı olan PEN-klubun, rejimlərin təzyiqlərinə məruz qalan yazıçılara hüquqlarının qorunması sahəsində gördüyü işlərə fəal şəkildə yardım edirdi. 1974-cü ildə SSRİ-dən sürgün olunan kommunist Aleksandr Soljenitsın Parisə köçməzdən əvvəl uzun müddət Henrix Böllün evində yaşamışdı. Soljenitsına yardım etdiyi ildə Böll «Katerina Blümün tapdalanmış namusu» adlı publisistik povestini yazır və satqın jurnalistikanı kəskin şəkildə tənqid edir. Bu əsərdə, haqsız olaraq təzyiqlərə məruz qalan qadın nəhayətdə bezib, namusunu tapdalamış reportyoru öldürür. 1972-ci ildə, mətbuatda Baader Meynhoffun terrorçu qrupu barədə geniş materiallar dərc olunan zaman isə Henrix Böll «Qayğı konvoyu» romanını yazır. Bu romanda kütləvi zorakılıq zamanı təhlükəsizlik tədbirlərinin ifrat gücləndirilməsindən doğan sosial narazılıqlar təsvir olunur. 1942-ci ildə Henrix Böll Anne Mari Çex adlı bir xanımla evlənir. Bir neçə il sonra isə yazıçı iki oğul atası olur. Böll xanımıyla birgə bir çox amerikan yazıçılarının -Bernard Malamudun, Selencerin və s. əsərlərini alman dilinə tərcümə edir. Həmin 1985-ci ildə Böllün 1947-ci ildə yazdığı, lakin heç vaxt dərc etmədiyi «Əsgər mirası» romanı çap olunur. Bu əsərdə ikinci dünya müharibəsi zamanı Şərq və Atlantika cəbhələrində baş verən faciəvi hadisələr təsvir olunur. Amerika tənqidçisi Uilyam Boyd yazırdı: «Bu romanda müəyyən qədər özünü zora salma hiss olunsa da, ümumiyyətlə əsər yetkin və sanballı hesab oluna bilər. Ondan, yaşanmış iztirab və bundan doğan müdrikliyin qoxusu gəlir…» Öz romanlarında, pyeslərində, esselərində, (bütünlükdə qırx cild) Henrix Böll Almaniyanın İkinci dünya müharibəsi zamanı və sonraki illərdə yaşadığı ictimai prosesləri, bir çox hallarda ironik-satirik üslubda təsvir edirdi. İngilis tənidçisi U.E.Yuill yazırdı: «Böll həmişə geniş miqyaslı yazıçı olub. Onu bütöv bir nəslin taleyi ilə bərabər, qarışqa yuvasına bənzər müasir şəhərlərdə yaşamağa məcbur olan ayrı-ayrı şəxslərin taleyi də narahat edir. Buna baxmayaraq, heçdə bütün tənqidçilər Böllün yaradıcılığını yüksək qiymətləndirmirdilər. Amerikan tənqidçisi Robert Konrad bu xüsusda qeyd edirdi ki, «Təəssüflər olsun, bir çox hallarda Böll həddən artıq sentimentallıqda, idealizmdə və öz fikirlərini adekvat ifadə edə bilməməkdə günahlandırılırdı». Məsəlçün, Böllün müasir cəmiyyətin praktisizminə hücumları amerikan tənqidçisi Piter Demetsə sadəlövhlük əlaməti kimi görünürdü. «Əslində mənəvi imperativin arxasında gündəlik, praqmatik hərəkətlərə dərin bir nifrət durur. Ya hər şey, ya heç nə». Amerikan tənqidçisi Teodor Siolkovskinin fikrincə isə Böll müharibədən sonrakı Almanıyada azsaylı yazıçılardan biridir ki, daimi mənəvi möizələrlə qidalanan uydurma bir dünya yaratmışdı. Böllün Kölnünü Folknerin Yoknapatofası ilə müqayisə edən Siolkovski həm də qeyd edirdi: «Böll Almaniyanın xəritəsinə tamam yeni bir əyalət gətirməklə bərabər, həm də əsrin ortalarının alman məişətinin ən uğurlu təsvirçisi kimi tanınmışdı».
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 5:57 PM | Message # 4 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Henrix Heyne Kristian İohan Henrix Heyne (almanca: Christian Johann Heinrich Heine, transkripsiya: Kristian Yohan Haynrih Hayne) XIX əsr alman şairi və jurnalisti, "sonuncu romantik şair". Heyne gündəlik alman dilini inkişaf etdirərək, onu lirik bir səviyyəyə çatdırmış, felyeton və səyahət xəbərlərini ədəbi şəkildə təsvir etməklə alman dilinin aydın və sadə şəkildə formalaşmasına töhfə vermişdir. Heyne eyni zamanda tənqidçi, siyasi jurnalist, esseist, satirik və polemikaçı kimi də o tanınırdı. Bu gün o, ən çox tərcümə olunan alman şairlərindən hesab edilir. Uşaqlığı və təhsili Heyne Düsseldorf şəhərində yəhudi tacir Samson Heynenin (1764 - 1828) və Betti Heynenin ilk övladı kimi dünyaya gəlmişdir. İlk təhsilini yerli katolik liseydə almış və burada da balaca Henricdə xristian dininəə rəğbət yaranmış və bu rəğbət onu bütün həyatı boyu izləmişdir. Fransızlarla müharibə zamanı böyük vətənpərvərlik ruhunda olan gənc Henrix Napoleonun məğlubiyyətindən sonra məyusluğa uğrayır, çünki müharibədən sonra onun vətənində qalib prussiyalıların feodal qayda-qanunlarını bərpa etməklə yanaşı, Napoleonun yəhudilərə verdiyi dini və digər azadlıqlar ləğv etmişdilər. Heynenin valideynləri oğullarını Napoleon ordusunun generalı kimi görmək istəsələr də, məğlubiyyətdən sonra onlar onun üçün tacir peşəsini seçirlər.1816-cı ildə o milyonçu əmisi Solomon Heynenin yanına ticarət işini öyrənməyə yollanır. Ancaq gənc Heyne nə yerli ticarətdə, nə Frankfurt-Maynda heç bir ümid verici fəaliyyət göstərmir. Bu arada artıq Heyne özünü şair kimi tanımış və ticarət işindən uzaq olduğunu anlamışdı. Bu dövrdə yazdığı və əsas əmisi qızı Amaliyaya olan nakam məhəbbətindən bəhs edən şeirləri və məktubları dəhşət romantikasından bəhs edirdi. Onun üçün sonrakı romantizm motivləri məhəbətt-ölüm, ikilik, dəhşətli yuxular və s. səciyyəvi idi. Henrixdən heç bir ticarətmi alınmayacağını görən qohumları tezliklə ona universitetdə təhsil almağa imkan yaradırlar. 1819-cu ildə o Bonn şəhərində Şleqelin "Alman dilinin tarixi və poeziya" mövzusunda mühazirələrini dinləyir. Bununla da Şleqel Heynenin romantik meyillənməyə sövq etməsinə təsir göstərir. Heynrix Heyne Bayronun şeirlərini tərcümə edir və eyni zamanda romantik stilin incəliklərinə yiyələnir. O romatizm haqqında məqalələr yazır. Sonralar Bonnda daha bir müəllimi Morits Arndt da onun şairlik yolunu seçməsində önəmli rol oynayır. Bonnda olarkən tələbə cəmiyyətlərində iştirak edir, liberal və milli axınlara qoşulur. Bunun səbəbi hələ o dövrdə zəif olan Almaniya idi. 1820-ci ildə Heyne Qöttingen şəhərindəki universitetə gedir. 1821-ci ildə o, bu universiteti duel əhvalatına görə tərk etməli olur. Heyne o dövrdə Almaniyada yəhudilərə qarşı olan münasibətə görə öz əslini gizlətməyə çalışan Heyne onu yəhudi olduğuna görə təhqir edən tələbə yoldaşını duelə çağırır. Bundan xəbər tutan Universitet onu təhsildən tam xaric edir, qarşı tərəfi isə bir semestr təhsildən kənarlaşdırır. Henrix Heyne nəticədə Berlinə köçməli olur. O burada 1821-1823-cü illərdə filosof Hegelin yanında təhsil alır. Bu müddətdə Heyne şəhər ədəbi dairəsi ilə kontakt yaradır və orada Varnhaqen ailəsi ilə tanış olur. Xanım Rahel və onun əri Karl Varnhaqen fon Ensenin onun şair kimi yetişməsində böyük rolları olur. Onlar Haynenin ilk ədəbi əsərləri haqqında müsbət fikirlər söyləyirlər. Varnhaqen fon Ense vəfatına kimi Hayne ilə məktub əlaqəsində olur. Berlində olduğu müddətdə 1822-ci ildə onun şerlər kitabı, 1823-cü ildə isə "Fəlakət" kitabı çapdan çıxır. 1822-ci ildə Hayne Berlindən Poznan şəhərinə səyahət edir. O, burada ilk dəfə olaraq İudaizmin Hassidi cərəyanı ilə yaxından tanış olur. Bu Hayneni heyran etsə də, o özünü yəhudi varlığı ilə identifikasiya edə bilmir. 1823-cü ildə xristian dinini qəbul etməzdən əvvəl o dostu İmmanuel Vohlvilə yazmışdır:"Mən nə uzun saqqal gəzdirməyə qadir deyiləm ki, məni yəhudi keşişi deyə çağırsınlar, və nə də mən oruc tutabilmərəm" Xristian dinini qəbul etməsi 1825-ci ildə Qöttinqendə Heyne hüquq üzrə doktor elmi dərəcəsi alır. Hüquqşünas kimi böyük nailiyyətlər əldə etmək üçün o protestant kilsəsində o xristianlıq dinini qəbul edir və adının önünə "Kristian" adını əlavə edir. O bunu gizli saxlamağa çalışır. O keşişin evində kirvədən başqa heç kim olmasın. O bu dinin qəbul edilməsini avropa mədəniyyətə ayaq basmaq üçün edilən formal addım kimi qiymətləndirirdi. Ancaq o sonralar görür ki, buna baxmayaraq o bu "yad mədəniyyətdə" istədiyi kimi qəbul edilmir. Bu onunla şair Platten arasında olam münaqişәdә özünü daha aydın bürüzә verir. O Heynəyə yəhudi əsilli olmasına görə hücum edir. Hətta bu münaqişə Plattenin yazdığı teatr səhnəsinin mövzusuna çevrilir. Heyne bu hәmlәlәrdәn özünü müdafiə etməyə çalışır. O bu kampaniyanı onun Münxen Universitetindә professor vəzifəsi almasının qarşısını almağa yönəldiyini qeyd edir. Henrix ilə Platten arasında olan bu çəkişmə ədəbi formada davam etdirilir və onların bir-biri haqqında yazdıqları şeirlərdə özünə yer alır. Nəticədə Heyne almaniyada hüquqşünas kimi çalışmaq cəhdi boşa çıxır. Beləliklə, xristian dinin qəbul edilməsi ona heç bir uğur gətirmir. O sonra 9 yanvar 1826-cı ildə Mozes Mozerə yazır:" Mən xristian dinini qəbul etdiyimә görə peşmanam, mən bundan sonra özümü daha da pis hiss edirəm, uğursuzluqdan başqa mənə heç nə nəsib olmur." Bundan sonra o həyatı üçün lazım olan maliyyə vəsaitini, o dövr üçün qeyri-adi olan yazıçılıqla qazanır. Onun yaradıcılığını tədqiq edən bütün mütəxəssislər yəhudi əsilli olmasının Henrix Heynenin həyatında və şairliyində böyük əhəmiyyət kəsb etməsindən yazırlar. O hələ Berlində təhsil alarkən yəhudi icması ilə əlaqədə olur. İudaizm motivi onun xristian dinini qəbul etməsindən sonra qabarsa da, bu məsələ onu həyatı boyu müşayiәt etmişdir. Heynenin Fransaya köçmə səbəblərinin kökündə də siyasi problemlərdən çox onun mənşəyi durduğu vurğulanır. Heyne alman cəmiyyətində yәhudi kimi izolyasiya olunmuşdur. İlk ədəbi nailiyyəti Onun ilk şeirləri artıq 1816-cı ildə Hamburqda olarkən Froydhold Rizenharf (Freudhold Riesenharf) təxəllüsü ilə çap olunmuşdur. H.Heyne kimi onun ilk şeiri 1821-ci ildə Berlində işıq üçü görür.1824-cü ildə 33 şeirdən ibarət topluda Heyneni məşhur edən əsərlər də (Su pərsi) özünə yer tapır. Həmin il Vaymara çox hörmət etdiyi Volfqanq fon Qötenin yanına gedir. Hələ iki il öncə o Qöteyə ilk şeirlər kitabını onun haqqında yazdığı giriş sözləri ilə göndərmişdir. Görüş Heyne üçün məyusedici şəkildə keçir. Çünki, o bu görüşdə özünü solçu, təbii göstərsə də Qöte ondan mədəni şəkildə məsafə saxlamağa çalışır. 1826-ci ildə Heyne "Harça səyahət" adlı kitabını çap etdirir. Bu ona böyük uğur gətirir. Həmin il onun Hoffman və Kampe nəşriyyatı ilə iş əlqəsi yaranır. Bundan sonra Yulius Kampe Heynenin vəfatına qədər onun əsərlərini çap edən şəxs kimi qalır. O 1827-ci ildə Heynenin şöhrətinin əsası sayılan Lirik mahnılar məcmuəsini çap edir. Burada romantik, çox vaxt xalq dilində yazılmış şeirlər heç də yalnız o dövrün hisslərinə toxunmurdu. Heyne çox vaxt şeirlərində siyasi motivləri də ironik şəkildə təsvir edirdi. 1827-28-ci illərdə o Londona və İtaliyaya səfəri zamanı gördüklərini "Səyahət tәәssüratları" əsərində çap etdirir. "Le Grand" kitabında Heyne Napoleona olan rəğbətini açıqlayır və fransız inqilabının nailiyyətlərindən söhbət açır. 1827-ci ildə onun əsərlərinə Almaniyada yasaq qoyulmuşdur. Artıq 1830-cu illərdə Heyne Almaniyada və Avropada istedadlı şair kimi ad qazanmışdır. Paris həyatı Siyasi baxışlarına görə Prussiyada Heyneyə qarşı artan təzyiqlər nəticəsində o 1831-ci ildə Fransa inqilabından sonra Parisә köçür. Burada Heynenin yaradıcılığında ikinci mərhələ başlayır. Parisdə yaşadığı müddətdə o almaniya üçün darıxır. Bunu onun şeirlərindən görmək olur: Ich hatte einst ein schönes Vaterland. Der Eichenbaum Wuchs dort so hoch, die Veilchen nickten sanft. Es war ein Traum. Das küßte mich auf deutsch und sprach auf deutsch (Man glaubt es kaum Wie gut es klang) das Wort: „Ich liebe dich!“ Es war ein Traum. Bir başa tərcüməsi: Mənim gözəl ana vətənim vardı, Orada hündür palıd ağacları bitərdi, Ağaclardan yarpaqlar yumşaq yellənərdi, Bu bir yuxu idi. Məni alman dilində öpərdilər və almanca (Adamın heç inanmağı gəlmir, bu necə də gözəl səslənirdi) deyərdilər: “ Mən səni sevirəm!” Bu bir yuxu idi''. O iki dəfə ana vətəninə baş çəkmək imkanına malik olur. 1833-cü ildə Prussuya və 1835-ci ildə Frankfurt federal parlamentin qərarı ilə onun əsərləri qadağan olunduqqdan sonra Heyne üçün Paris əsl eksilə çevrilir. Parisə Heyne əsasən "Augsburger Allgemeinen Zeitung" qəzetinin xarici müxbiri kimi çalışırdı. Buradan aldığı pul onun yeganə gəlir mənbəyi idi. 1833-cü ildə onda xəstəliyinin ilk simptomları üzə çıxır, baş ağrıları, bəzi qabiliyyətlərinin məhdudlaşması, görmə qabiliyyətinin zəifləməsi onu ömrünün sonunda 8 il yatağa məhkum edir. Ancaq ona qədər o ömrünü Parisə maraqlı keçirməyə çalışır. Heyne, Parisdə avropanın məşhur şəxsiyyətləri ilə (bunların arasında Duma, Humbolt kimi şəxslər var idi) tanış olur. Evlənməsi və Almaniya səyahətləri 1841-ci ildə Heyne St. Sulpise kilsəsində özünün Matilda adlandırıdğı keçmiş ayaqqabı satıcısı Auqustine Kresçense Mirat ilə evlənir. Heyne 18 yaşlı Matilda ilə hələ 1833-cü ildə tanış olmuşdur və ehtimal olnur ki, 1834-cü ildən onunla birlikdə yaşayırdı. Toy mərasimi katolik ənənəsinə görə aparılır. O yəhudi mənşəyini uzun müddət gizlətmişdir. Onun dostlarından Karl Marks və Fridrix Engels belə aşağı təbəqədən olan çılğın bir qızla evlənməyi məsləhət görmürlər. Heyne isə onunla yəqin ona görə evlənir ki, Matilda onun malik olduğu intellektual mühitə rәngarәnglik gətirirdi. Evlənməmişdən əvvəl Heyne qızın təhsil alması üçün köməklik göstərməyə cəhd edir. Matilda isə özünə inamı olan bir qız olduğundan Heynenin tərbiyələrindən imtina edir. Onlar evlənəndən sonra həyatları turbulentli keçir. Ancaq Heyne Matildanın alman dili bilməsə də onu çox dәyәrlәndirirdi. Matilda Heyne haqqında demişdir: Mənim ərim həmişə şeir yazır, ancaq mən inanmıram ki, onların zərrə qədər də dəyəri vardır, çünki o bunlarla razı deyil." Bu Heynenin fikrincə ona dəlalət edirdi ki, Matilda onu şair kimi yox insan sevirdi. Onların bu nigahdan övladları olmamışdır. Matilda ərinin ölümündən sonra xeyli yaşayır və 1883--cü ildə vəfat edir. Heyneni Almaniya ilə bağlayan təkcə orada baş verən siyasi problemlər olmayıb, həm də atasının vəfatından sonra tək qalmış anası idi. O 1843-cü ildə anasına həyat yoldaşını təqdim etmək və eyni zamanda həsrətində olduğu vətəninə səyahətə çıxır. Bu zaman yol boyu gördüklərini Heyne "Almaniya. Bir qış nağılı" adlı şeirində satirik şəkildə dövlət, kilsə və cəmiyyətdə olan münasibətləri təsvir edir. Onun bu şeirində Marksın, Lassalın sosialist ideyaları özünə yer almışdır. Siyasi fəaliyyəti XİX əsrin 40-cı illәrindә Heynenin siyasi baxışları radikallaşmağa başlayır. O sənaye inqilabı sayəsində yaranmış yeni fəhlə təbəqəsinin problemlərini görən ilk alman şairlәrindәn idi. Buna münasibətini bildirən şair 1844-cü ildə "Sileziya toxucuları" şerini yazır. O toxucular üsyanından təsirlənir. Heynenin bu şeri Karl Marks tərəfindən buraxılan İRƏLİ!-də çap olunur və 50000 ədəd vərəq şəklində çoxaldılaraq fəhlələr arasında paylanır. Bu şeir Prussiya şahı IV Friedrich Vilhelm tərəfindən kəskin tənqid edilir və o Almaniyada qadağan edilir. 1846-cı ildə onun bu şeirini camaat arasında söyləməyə çalışan bir şəxs həbs edilir. 1844-cü ildə Heyneni ilə Parisdə tanış olan Fridrix Engels onun şeirini ingilis dilinə tərcümə edir və həmin ili „The New Moral World“də çap etdirir. Bir demokrat kimi Heyne liberal hərəkətə yaxın idi. 1848-ci ildə inqilab xəbəri bütün Avropanı bürüdükdə onun səhhəti artıq pisləşmişdir. O Parisdə baş verən fevral inqilabını böyük şübhə ilə müşahidə edirdi və bunu " universal anarxiya, dünya qarışıqlığı, aydın görünən ağılını itirmə" adlandırırdı. Həmin ilin martında Almaniyada baş verən inqilab ölkədə siyasi proseslərə təsir edir, vahid alman dövlətinin yaranması ilə nəticələnir. Ancaq tezliklə ölkədə yaranmış respublika-demokrat dövlət quruluşu yeni yaranmış parlamentdə azlıq şəklində qalır. Ümumi alman parlamenti adı altında monarxiyanın saxlanmasını Heyne siyasi cәhәtdәn mümkün olan şey saymır. Almaniyada baş verən bütün siyasi proseslər Heynenin şeirlərində özünə yer tapırdı. Xəstəliyi və vəfatı Onun xəstəliyi artıq 1845-ci ildən güclәnmәyә başlamışdır. Əmisi Solomonun vəfatından sonra ona vəd etdiyi aylıq pul almaq üzrə gedən çəkişmələr onun sağlamlığına mənfi təsir göstərmişdir. 1847-ci ildə o qohumları ilə əlverişli razılaşma əldə edir. Heynenin sağlamlığı artıq bu dövrdə sual altında idi. Müxtәlif kurortlara getmәsinә baxmayaraq o heç bir irəliləyişə nail ola bilmir. 1848-ci ildə Heynenin səhhəti kəskin pisləşir. Əsəblərindən әziyyәt çəkən şair yatağa düşür. Yataqda olduğu illəri o "Yataq qəbri (Matratzengruft)" adlandırır. Heyne özünün sifilis xəstəliyinə tutulmasını desə də, onun vəfatından sonra evində olan sənədlərin araşdırılması daha çox vərəm xəstəliyinin əlamətlərini göstərmişdir. 1848-ci ildə ona baş çəkən Engels Heynenin vəziyyətinin çox pis olduğunu yazmışdır. Heyne xəstə olduğu müddətdə də öz yaradıcılığını davam etdirmişdir. O şeirlərini diktə edərək yanındakı katibəsinin köməyi ilə kağıza köçürdürdü. Bu çətin şәraitә baxmayaraq o 1851-ci ildə "Romaserro" və 1854-cü ildə siyasi məzmunlu "Qarışıq yazılar" şeirlər kitablarını çap etdirir. 17 fevral 1856-cı ildə Heyne vəfat edir. O Parisdə Monmartr qәbiristanlığında dəfn edilir. 27 il sonra vəfat edən həyat yoldaşı Matilda da şairin vəsiyyətinə əsasən orada dəfn olunur. Əsərləri • 1821: Şeirlər • 1823: Lirik intermetsio ilə yanaşı fəlakətlər • 1824: Otuz üç şeir • 1826: Səyahət təəssüratları (Reisebilder. Erster Teil) • 1827: Mahnılar kitabı (Buch der Lieder) • 1830: Səyahət təəssüratları. Üçüncü hissə (Reisebilder. Dritter Teil) • 1832: Fransız durumları(Französische Zustände) • 1833: Şikayətlər haqqında. Salonun üçüncü hissəsinə giriş sözü. (Über den Denunzianten. Eine Vorrede zum dritten Teil des Salons) • 1834: Salon. Birinci hissə. (Der Salon. Erster Teil) • 1835: Salon. İkinci hissə (Der Salon. Zweiter Teil) • 1836: Salon. Üçüncü hissə (Der Salon. Dritter Teil) • 1836: Romantik məktəb (Die romantische Schule) • 1838: Şvabiya güzgüsü (Der Schwabenspiegel) • 1839: Şekspirin qızları və qadınları (Shakespeares Mädchen und Frauen) • 1840: Lüdviq Börne (Ludwig Börne. Eine Denkschrift) • 1844: Yeni şeirlər (Neue Gedichte) • 1847: Atta Troll (Atta Troll • 1851: Romansero (Romanzero) və Doktor Faust. Rəqs poeması( Der Doktor Faust. Ein Tanzpoem) • 1854: Qarışıq yazılar. (Vermischte Schriften) • 1857 Fəlakət (Tragödien) • 1869 Son şeirlər və düşüncələr (Letzte Gedichte und Gedanken) • 1884 Memuarlar (Memoiren) • 1892 Henrix Haynenin ailə həyatı (Heinrich Heines Familienleben. 122 Familienbriefe des Dichters und 4 Bilder)
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 5:58 PM | Message # 5 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Novalis Novalis (1772 — 25 mart, 1801) - Alman romantizminin inkişafında rolu olan, əsl adı Fridrix fon Qardenberqin təxəllüsü. Fridrix fon Qardenberq Almaniyada yazıçı kimi məşhurdur. Alman romantizmi Alman romantizmi 19-cu əsrdə 3 mərhələdə inkişaf edirdi: • 1-ci mərhələ (1789-1806) əsasən "İen" dərnəyinin fəaliyyətini vurğulamaq lazımdır. Dərnək almaniyanın İen şəhərində təsis olunduğu üçün bu cür adlanır. Dərnəyin üzvləri Fridrix və Vilhelm Şlegel qardaşları, Novalis və başqaları olmuşlar. Hermann Hesse Hermann Hesse alman-isvez yazıçısı, şairi və rəssamı olmuşdur. O 1877-ci il Almaniyada Kalv şəhərində anadan olmuşdur. 1923-cü ildə İsveçrə vətəndaşlığını qəbul etmişdir. 1946-cı ildə ” Muncuq oyunu” əsərinə görə Nobel mükafatına layiq görülmüşdür. Eyni zamanda dünya üzrə məşhur əsərləri aşağıdakilardır: “Steppenwolf-Yalquzaq”,”Knecht”, “Peter Kamenzid”, “Narziss und Goldmund”və.s. Bu əsərlərdən “Yalquzaq” və “Knext” Azərbaycan Dillər Universitetinin dosentləri Vilayət Hacıyev və Çərkəz Qurbanov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdur. 1955-ci ildə o „Pour le Mérite” medalı ilə təltif edilmişdir. Herman Hesse 9 avqust 1962-ci ildə uzun sürən lekomiya xəstəliyindən sonra yataqda vəfat edir və iki gün sonra Gentilianoda dəfn edilir.
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 6:00 PM | Message # 6 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Qünter Qrass Qünter Qrass (almanca Günter Wilhelm Grass) alman yazıçısı, heykəltəraşı, rəssamıdır. Kaşub mənşəli olan yazıçı müasir alman ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. 1999-cu ildə o yazdığı "Tənəkə təbili" əsərinə görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Qüntüer Qrass 1927-ci ildə Dantsiqdə ərzaq məhsulları ticarətçisinin oğlu kimi dünayaya gəlmişdir. O katolik kaşub mənşəli idi. Qrass üşaqlığını Dantsiqdə adi yaşayış şəraitidnəd böyümüşdür. O,bacısı ilə birlikdə iki otqalı mənzildə yaşayırdılar. Katolik dininə mənsub olan anasının təsiri nəticəsində Qrass kilsədə xidmətçi olur. Eyni zamanda o ""NS" ideoloqlarının təsiri altına düşür. İkinci dünya müharibəsində öz dediyinə görə 15 yaşlı gənc ailədən uzaqlaşmaq üçün əsgərliyə geidr.20 aprel 1945-ci ildə Marienbad yaxınlığında gedən döyüşlərdə yaralanandan sonra o amerika əsgərlərinə əsir düşür. Bu zaman o "SS"-in üzvü olduğunu bildirir. Bu yaxınlara qədər çap olunmuş zayılarda isə deyilirdi ki, o 1944-cü ildə bayraqdar kimi müharibədə iştirak edib. Yalnız 2006-cı ildä onun biqorafiyası çap olunduqdan sonra həqiqət işıq üzü görmüşdür. Müharibədən sonra, 1947-48-ci illərdə o Düsseldorf şəhərində daş yonma üzrə praktika keçir. Sonra o 1948-1952-ci illərdə Düsseldorfda İncəsənət Akademiyasında qrafikaşı ixtisası üzrə təhsil alır. 1953-1956-cı illərdə Qünter Qrass Berlində Təsviri İncəsənət Ali Məktəbində heykəltəraş Karl Hartinqin yanında təhsilini davam etdirir. Sonra o 1959-cu ilə qədər Parisdə yaşayır. 1960-cı ildə o yenidən Berlinə köçür və burada 1972-ci ilə qədər yaşayır. 1972-1987-ci illərdə vevelsflet şəhərində yaşayır. O 1954-cü ildə isveçrəli balet tələbəsi olan Anna Şvarts ilə evlənir. Onlar 1956-1960-ci illərdə Parisdə yaşayırlar. Burada Qrass "Tənəkə təbili" əsərinin yazmağa başlayır. 1957-ci ildə onların ekiz uşaqları olur. Sonra onun daha üç ovladı dünayaya gəlir. 1956-1957-ci illərdə o artıq ədəbiyyatla məşğul olmağa başlayır. Qrass bu ərəfədə hekayələr, şeirlər, pyesalar yazır. "Tənəkə təbili" də bu dövrdə yazılmışdır. Bu romana görə Qünter Qrass "47-lər qrupu" tərəfindən mükafat layiq görülür. 1979-cu ildə onun bu əsəri rejissor Folker Şlendorfer tərəfindən ekranlaşdırılır. Bu film 1979-ci ildə Kannda keçirilən festivalda "Qızıl palma budağı"na layiq görülür. Eyni zamanda həmin film "Oskar" mükafatı da alır. "Tənək təbili" romanı kitab şəklində 1959-cu ildə nəşr olunmuşdur. Romanda tarixi hadisələr syurealist şəkildə təsvir olunur. Bu romanın yazılma stili sonralar Qrassın ədəbi yaradıcılını müəyyən etmişdir. "Tənək təbili" roman Qünter Qrassa dünya şöhrəti gətirir. Onun ikinci romanı "Pişik və siçan" ikinci dümnya müharibəsi ərəfəsində gənc Yoaxim Malkenin əhvalatını təsvir edən bir romandır. Bu kitabda təsvir olunmuş intim əhavlatlara görə o Almaniyada böyük hay-küyə səbəb olur. Seçkilərdə Qünter Qrass Sosial Demokratlar Partiyasını dəstəkləyir və 1982-ci ildən onu üzvü olur. 1990-cu ildə Almaniyanın indiki şəkildə birləşməsinin əleyhinə çıxan Qrass bunu yenidən hərbi bir dövlətin yarana biləcəyi qorxusu ilə izah edir. 1985-ci ildən jazmen Qünter Zommerlə birlikdə bir neçə qeyri adi yazılar buraxır. O jaz musiqisi altında öz əsərlərini oxuyur. 1999-cu ildə 72 yaşlı Qünter Qrass ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülür. 2005-ci ildə o "Lübek ədəbiyyat görüşləri" adlı ədəbi dərnəyi təşkil edir. Hazırda o Lübek şəhərində yaşayır. Buradakı evində onun əlyazmalarının böyük hissəsi saxlanılır. Əsərləri Dantsiq triologiyası • Tənək təbili / Die Blechtrommel (1959) • Pişik və siçan/ Katz und Maus (1961) • İt illəri / Hundejahre (1963) Roman və povestləri • Yerli narkoz altında / Örtlich betäubt (1969) • İlbisin gündəliyindən/ Aus dem Tagebuch einer Schnecke (1972) • Dilbalığı / Der Butt (1977) • Düşüncələr / Kopfgeburten (1982) • Telqetdə görüşlər/ Das Treffen in Telgte (1979) • Siçovul/ Die Rättin (1986) • Mənim yüz illiyim / Mein Jahrhundert (1999) • Xərcəng yolu/ Im Krebsgang (2002)
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 6:01 PM | Message # 7 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Paul fon Heyze Paul fon Heyze - (Alman dili|almanca Paul Johann Ludwig von Heyse, 15 mart 1830, Berlin — 2 aprel 1914, Münhen) — alman yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1910) ("Dünyada məşhur olan novellalar müəllifi, lirik şair, dramaturq və romanistə bədillik və idealizmə görə"). Rudolf Eyken Rudolf Kristof Eyken - (almanca Rudolf Christoph Eucken 30 dekabr 1865, Aurix, Hanover — 15 sentyabr 1926), alman yazıçısı və folosofu, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1908) ("Ciddi olaraq həqiqət axtarışı, hər bir şeyə üstün olan düşüncə gücü, geniş dünyagörüşü, canlılıq və inandırıcılıq vasitəsilə idealist fəlsəfəni müdafiə etdiyinə görə"). Teodor Mommzen Teodor Mommzen (almanca Theodor Mommsen, 30 noyabr 1817, Hardinq, Şlezviq-Qolşteyn - 1 noyabr 1903, Berlin) — alman tarixçisi, filoloqu, hüquqşünası, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1902) ("Roma tarixi" əsərinə görə), Romanın fəxri vətəndaşı. 1868-ci ildə «Pour le Mérite» medalı ilə mükafatlandırılıb. Əsərləri • "Roma tarixi" («Römische Geschichte»); • "Roma konstitusiya hüququ"(«Römisches Staatsrecht», 1871—1888); • "Roma cinayət hüququ" («Römisches Strafrecht», 1899); • eləcə də 1500-dən artıq digər məqalə və esse müəllifidir.
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 6:02 PM | Message # 8 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Tomas Mann Paul Tomas Mann - (almanca Paul Thomas Mann, 1875—1955) — alman yazıçısı, esseisti, epik roman ustası, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, yazıçı Henrix Mannın qardaşı, Klaus Mannın və Erika Mannın atası. Məşhur alman yazıçısı və tənqidçisi Tomas Mann 1875-ci ildə Almaniyanın şimalında yerləşən Lübek şəhərində doğulmuş və 1955-ci ildə Sürixdə vəfat etmişdir. Onun atası taxıl ticarəti ilə məşğul olurdu və sonralar Lübek şəhərinin senatoru məqamına da yüksələ bilmişdi. Odur ki, T.Mannın uşaqlığı tam firavan bir şəraitdə keçmişdir. Orta təhsilini bitirdikdən sonra o, sığorta şirkətində işə düzəlmiş və elə həmin dövrdə bədii yaradıcılığa başlayaraq, "Atılmışlar" adlı ilk əsərini qələmə almışdır. Mann çoxsaylı səfərlərdə və səyahətlərdə olmuş, eyni zamanda roman və hekayələr yazmaqda davam etmişdir. 1929-cu ildə o, ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüşdür. Hitlerin hakimiyyətə gəlişi və Çexoslovakiyanın işğalından sonra Mann faciəvi sonluğu duyub öz həmvətənlərindəki militarist əhval-ruhiyyəyə etiraz əlaməti olaraq, Almaniyanı tərk etmiş və həyatının qalan hissəsini Amerikada və İsveçrədə keçirmiş, bir daha Almaniyaya qayıtmamışdır. Almanlar bunu ona bağışlamadılar, çünki üstəlik Mann ömrünün sonuna qədər öz xalqını və ölkəsini amansızcasına tənqid edirdi. Tomas Mann dünya şöhrəti qazanmış alman yazıçılarından biridir. Yazıçının bədii dil sahəsindəki sənətkarlığı ona alman ədəbiyyatının klassikləri ilə bir sırada dayanmaq hüququ qazandırmışdır. Əslində onu alman ədəbiyyatının sonuncu klassiki saymaq olar. Onun nəsri özündən sonrakı ədəbiyyata əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Alman ədəbiyyatşünası Georq Ştaynerin fikrincə, "müharibədən sonra nəsr və bədii dil sahəsində Tomas Mann ilə rəqabətə girə biləcək bir şəxs meydana çıxmamışdır". O, hətta əlavə edirdi ki, Günter Qras da heç vaxt alman dilində T.Mann kimi yazmağı bacarmayacaq. Alman mədəniyyətinin tanınmış tədqiqatçılarından olan professor Vilhelm Qusman isə yazır: "Tomas Mann alman nəsrində ən böyük sehrkardır. Onun "Buddenbroklar", "İosif və qardaşları", "Doktor Faustus" kimi romanlarında, hekayələrində, nitq və məqalələrində alman dilinin ruhu canlanır". Bu səbəbdən T.Mannın əksər əsərlərinin tərcüməsi müşkül və ağır bir işdir. O, xüsusən hekayələrində dillə elə oynayır və cinaslardan, təşbeh və istiarələrdən elə faydalanır ki, onları anlamaq və başqa dildə ifadə etmək qeyri-mümkünlük dərəcəsinə qədər çətin olur. T.Mann ədəbi ənənələrə sıx bağlıdır, XIX əsr nəsrinin bədii təcrübəsindən geniş şəkildə istifadə edir, lakin Herman Hesse kimi öz dövründəki ədəbi dəyişikliklərə də biganə qalmır, əsərlərinə metaforik və alleqorik bir ruh verir. Yazıçı realist romanın üsul və vasitələrindən istifadə edir, lakin son nəticədə simvolizm, ironiya və digər qeyri-realist ünsürlərlə qarışmış romantik ruhlu məhsul meydana çıxır. Öz sözləri ilə deyəsi olsaq, o, "reallığı simvolik yüksəkliyə qaldırır". T.Mann Şopenhauerin, Nitşenin və Vaqnerin də təsirinə məruz qalmışdır və bu təsir onun yaradıcılığına bədbin, pessimist bir atmosfer bəxş etmişdir. Eyni zamanda o, bütün alman yazıçıları kimi antik yunan və Roma mədəniyyətinə də bağlı olmuş və bu intəhasız dəryadan yaradıcı şəkildə bəhrələnmişdir. Mannın əsərlərində ən müxtəlif mövzu və problemlər bir-birinə qarışıb: XIX əsrin sonlarındakı burjua mədəniyyəti, kapitalist dünyasında sənətkarın yaşamaq haqqı, XX əsrin 30-40-cı illərində Almaniyanın taleyi, siyasi mühacirət, ədəbiyyat, fəlsəfə və s. O, özünü "tənəzzülün təsvirçisi və təhlilçisi" adlandırır və eyni zamanda tənəzzül və nihilizmə qalib gəlmək əzmində olduğunu bildirir. Məqalələrindən birində T.Mann yazır: "Almaniyanın vəziyyəti o vaxt düzələcək ki, Karl Marks Fridrix Hölderlinin əsərlərini oxumuş olsun". Və əlavə edir ki, bunun əksi də zəruridir, yəni bu iki fikir cərəyanının birtərəfli tanışlığı səmərəli olmayacaqdır. Beləliklə, Mann Almaniyanın idealist və romantik ruhu ilə inqilabi və sosialist meylləri arasındakı təzada diqqət yetirir və bu cür çıxış yolu görürdü. O, həmçinin Almaniyanın "xəstəliyindən", mütəfəkkir almanla militarist alman arasındakı ziddiyətdən və bu ziddiyyətin təhlükəli nəticələrindən danışırdı. Ölüm, sənət və bunların həyatla qarşıdurması, əksliyi Tomas Mannın əsərlərinin başlıca problematikasını təşkil edir. Təsadüfi deyil ki, çoxları onun romantiklərin əbədi problemi - sənətlə həyat arasındakı təzad üzərində "baş sındırdığını" qeyd edir və buna sübut kimi onun əksər qəhrəmanlarının sənətdən uzaq olduğunu vurğulayırlar. T.Mannın ən mühüm əsəri, şübhəsiz, "Sehrli dağ" adlı irihəcmli romanıdır. Burada yazıçını düşündürən əsas məsələ zaman və varlıq, ölüm və həyat problemidir. T.Mann bu məşhur promanda zamanın mahiyyətini, onun varlıq və insanla əlaqəsini xüsusi bir dərinliklə araşdırır. Əsərdəki simvolizmi və fəlsəfi problematikanı duymayan oxucuya o, son dərəcə maraqsız və cansıxıcı görünə bilər. Belə ki, burada nə həyəcan doğuran hadisələr var, nə kəskin konfliktlər, nə də oxucunu intizarda saxlamaq üçün düşünülmüş üsullar… T.Mann yazıçı olmaqla yanaşı, həm də incə təhlil qabiliyyətinə malik tənqidçi və ədəbiyyatşünas idi. Onun çoxsaylı məqalələri tənqid və təhlil bacarığının misilsiz nümunələri kimi bu gün də ədəbi-estetik dəyərini qoruyub saxlayır.
|
|
| |
|