Lətifə Lətifələr də qaravəllilər kimi yumoristik, satirik məzmun daşıyır. Bəzəmələr də adlanan lətifələrdə dövrün eybəcərlikləri, ictimai həyatdakı yaramazlıqlar gülüşdoğurucu şəkildə tənqid edilir. Lətifələrdəki gülüş həm incə yumor, həm də acı istehza və kinayə şəklində olur. Azərbaycan lətifələrinin çoxu Molla Nəsrəddinin adı ilə bağlıdır. O, hazırcavablığı ilə diqqəti cəlb edir. Sən, zarafatcıl, bəzən də avam görünən Molla cəmiyyətdəki bir çox eybəcərlikləri və yaramaz əməlləri ifşa edir.
Azərbaycan lətifələrinin bir hissəsi də Bəhlul Danəndə, Hacı dayı, Abdal Qasım, Ayrım Tağı və digərləri ilə bağlı yaranmışdır. Epik növün digər janrlarına nisbətən lətifələr həcmcə qısa olur və adətən, nəsr şəklində söylənilir.
Lətifələrin əsas məğzi onun sonunda aydınlaşır. Bəzən bu sonluqlar xalq arasında məsəl kimi işlənir. Məsələn; "Səhv yağ küpəsindədir", "Qırxını da birdən bilmirəm", "Dədə-bala çıxdılar", "Dava yorğan davası imiş", "Mindiyini saymırsan", "Yun əkəcəm" və s.