DASTAN
| |
Nariman_Qahramanli | TARİX: BAZAR, 2010-08-29, 9:09 PM | Message # 1 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Dastan Dastanlar - şifahi xalq ədəbiyyatının həcmcə ən böyük janrıdır. Ədəbiyyatşünaslıqda dastana epos da deyilir. Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr, həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şeir parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bəzən epik-lirik adlanan xüsusi bir ədəbi növə aid edilir. Dastanın nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olur və saz havası üstündə oxunur. Dastanlar mövzu və məzmunlarına görə iki növə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları. Qəhrəmanlıq dastanlarında xalqın həyatı ilə bağlı tarixi hadisələrdən, onun haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizədən bəhs edilir. Belə dastanların qəhrəmanları xalq içərisindən çıxmış mərd və igid insanlar olur. Ən məşhur qəhrəmanlıq dastanları Kitabi-Dədə Qorqud, Koroğlu və Qaçaq Nəbi, Qaçaq Kərəmdir. Qəhrəmanlıq dastanları əsasən, xalq qəhrəmanları haqqında olan rəvayət və nəğmələr əsasında yaranır. Məhəbbət dastanları sayca qəhrəmanlıq dastanlarından çoxdur. Bu dastanlarda əsas mövzu sevən gənclərin saf və təmiz məhəbbəti, düz ilqarı, vəfa və sədaqətdir. Məhəbbət dastanları bir-birini sevən gənclərin həyatlarında baş verən hadisələrdən bəhs edir. Çox zaman onlara yuxuda ikən buta verilir və bundan sonra qəhrəman haqq aşiqinə çevrilərək sevdiyi qızın dalınca yola düşür. Müxtəlif maneələrlə rastlaşan qəhrəman bəzən sevgilisinə qovuşsa da, bəzən buna nail ola bilmir. Dastan qəhrəmanları daha çox sazın və sözün gücü ilə qalib gəlirlər. Qurbani, Abbas və Gülgəz, Aşıq Qərib, Tahir və Zöhrə, Şah İsmayıl dastanları ən məşhur məhəbbət dastanlarıdır. Məhəbbət dastanları ənənəvi olaraq ustadnamə ilə başlayır və duvaqqapma ilə bitir. Ustadnamə hikmətli məzmunlu qoşmaya deyilir. Duvaqqapmada isə sevgililərin bir-birinə qovuşması təriflənir. Duvaqqapmalar könülaçan, şən məzmun daşıyır və müxəmməs şəklində olur. Sonu faciə ilə qurtaran dastanlarda duvaqqapma olmur. Çünki burada sevgililərin vüsalı mümkün olmadığı üçün duvaqqapma mərasimi də keçirilmir. "Şah İsmayıl", "Novruz və Qəndab", "Şahzadə Əbülfəz" dastanlarında qəhrəman igidliyi və cəsarətilə qalib gəlir. "Aşıq Qərib" dastanında isə qəhrəman oxuduğu şeirlərlə qələbə çalır. Dastanlar yaranma yollarına görə fərqlənir. Bəzi dastanlar naməlum ozan-aşıqlar tərəfindən yaradılır. "Koroğlu", Qaçaq Nəbi" dastanları belə yaranmışdır. "Qurbani", "Abbas və Gülgəz", "Aşıq Qərib", "Vaqif" dastanları isə həmin aşıqların (şairlərin) məhəbbət mövzusunda yazdıqları şeirlər və onlar barəsində xalq rəvayətlərinə əsasən yaranmışdır. Bir sıra xalq dastanları əsasında operalar yazılmışdır: Ü.Hacıbəyov "Koroğlu", Z.Hacıbəyov "Aşıq Qərib", M.Maqomayev "Şah İsmayıl" və s.
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR, 2010-08-29, 9:09 PM | Message # 2 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| KİTABİ DƏDƏ QORQUD "Kitabi-Dədə Qorqud" - Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsidir ([[XI-XII əsrlər) Kitabin Tarixi Elmə XIX əsr*dən məlum olan "Kitabi-Dədə Qorqud"un hələlik iki əlyazma nüsxəsi (Drezden və Vatikan) məlumdur. Drezden nüsxəsi üzərində sonradan "Kitabi-Dədə Qorqud əla lisani taifeyi-oğuzan" ("Oğuz tayfaları dilində Dədəm Qorqud kitabı") yazılmışdır. Bu nüsxə müqəddimə və 12 boydan, Vatikan nüsxəsi isə eyni müqəddimə və 6 boydan ibarətdir. Görünür ki, hər 2 nüsxə daha qədim naməlum bir nüsxədən köçürülmüşdür. Azərbaycan EA Əlyazmalar İnstitutunda "Dədə Qorqud"un dünyada üçüncü əlyazma nüsxəsi hazırlanmışdır. İlkin Tərcümə Abidə haqqında ilk dəfə alman alimi F.Dits məlumat vermiş və "Təpəgöz" boyunu alman dilinə tərcüməsi ilə dərc etdirmişdir (1815). T.Nöldeke əsəri Drezden nüsxəsi əsasında çapa hazırlamaq istəmişdir. V.V.Bartold 1894-1904-cü illərdə əsərin 4 boyunu rus dilinə çevirərək çap etdirmişdir. O, 1922-ci ildə dastanın tam tərcüməsini başa çatdırmışdır; həmin tərcümə 1950-ci ildə Bakıda (H.Araslı və M.Təhmasibin redaktəsi ilə), 1962-ci ildə isə Moskvada nəşr olunmuşdur. Oğuzlarin arasinda 1952-ci ildə E.Rossi Vatikan kitabxanasında əsərin yeni bir nüsxəsini tapıb italyanca tərcüməsi ilə birlikdə nəşr etdirmişdir. "Kitabi-Dədə Qorqud" Türkiyədə ilk dəfə 1916-cı ildə Kilisli Müəllim Rifət, Azərbaycanda isə 1939-cu ildə akademik H.Araslı tərəfindən nəşr olunmuşdur. Sonralar əsər ingilis, alman və fars dillərinə tərcümə edilmiş, İngiltərədə, İsveçrədə, Amerika Birləşmiş Ştatları-nda və İranda çapdan çıxmışdır. 1951-ci ildə "Kitabi-Dədə Qorqud" Azərbaycanda və Türkmənistanda "xalq düşməni" elan edilərək oxunması yasaqlanmışdı. "İnkişaf etmiş" Sosializm cəmiyyətində feodalizm dövründən qalmış sənət nümunəsinə "yer tapılmadı". Azərbaycanda 1957-ci, Türkmənistanda 1980-ci ildə bəraət qazanmışdır. Kitabin Mövzusu "Kitabi-Dədə Qorqud" dastanları XI-XII əsrlərdə və daha əvvəllər (islamın yayılmasından qabaq) Azərbaycanda baş vermiş hadisələrlə səsləşir. Dastandakı hadisələrin əksəriyyəti Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Dərəşam, Əlincə, Qaradağ, Göyçə gölü, Qaraçuq dağı və s. yerlərdə cərəyan edir. "Kitabi-Dədə Qorqud"u yazıya köçürən şəxs Dədə Qorqudu bu dastanların yaradıcısı, həm də iştirakçısı kimi təqdim edir. Bayat elindən çıxmış bu bilicini oğuzun müşkül məsələlərini həll edərək gələcəkdən belə xəbər verdiyini göstərir. Bəzi məlumatlara görə Dədə Qorqudun məzarı Dərbənddə yerləşir. XIX əsr səyahətçilərinin əsərlərində bu fakta rast gəlmək olar. Kitabda Yaradilan Şəxslər "Kitabi-Dədə Qorqud" boylarında Dədə Qorqud şücaət göstərən igidlərə ad qoyur, çətin zamanlarda xalqın köməyinə gəlir, müdrik məsləhətləri ilə onlara yol göstərir. Dədə Qorqud adı, eyni zamanda, qopuzla əlaqədardır. Dastanlarda oğuzun yaşlı (Qazan xan, Dir səxan, Qazılıq Qoca, Bəkil, Baybecan, Aruz, Qaragünə) və gənc (Beyrək, Uruz, Basat, Yeynək, Səgrək, Qarabudaq, Əmran) nəslə mənsub qəhrəmanlarından söhbət açılır. Qəhrəmanlıq ruhu abidənin əsas qayəsini təşkil edir. "Kitabi-Dədə Qorqud" yarandığı dövrün adət-ənənələri, köçəri həyat tərzi və s. haqqında tarixi-etnoqrofik məlumatla zəngindir. "Kitabi-Dədə Qorqud" qadına yüksək münasibəti ilə seçilir. Eposun qəhrəmanlıq ruhu qadın obrazlarının davranışlarında da aydın görünür. Dastanda ana obrazı xüsusilə diqqəti cəlb edir. O, vətən rəmzi kimi ümumiləşdirilir, ana haqqı Tanrı haqqı kimi qiymətləndirilir. Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarının poetik dili bədii təsvir vasitələri ilə zəngindir. Onlarda xalq dilinin incəliklərindən, atalar sözü, məsəl və idiomatik ifadələrindən bol-bol, məharətlə istifadə olunmuşdur. "Kitabi-Dədə Qorqud" Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından zəngin mənbədir.
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR, 2010-08-29, 9:11 PM | Message # 3 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| KOROĞLU Koroğlu - yarı mistik xalq qəhrəmanı (təqribən XVI əsrin II yarısı). Cəlalilər hərəkatının başçılarından biri. XVI əsrin ortaları - XVII əsrdə Türkiyə şəhərlərini, Azərbaycan və s. əraziləri kəndli hərəkatı bürümüşdü. Azərbaycandakı cəlali dəstələrindən birinə Koroğlu başçılıq edirdi. Rəvayətə görə Koroğlunun əsl adı Rövşən olmuşdur. Koroğlu və silahdaşları haqqında yazılı mənbələrdə məlumat çox azdır. Tədqiqatçıların bəziləri Koroğlunun Xorasanda, digərləri Anadoluda, əksəriyyəti isə Azərbaycan ərazisində fəaliyyət göstərdiyini qeyd edirlər. Şifahi xalq ədəbiyyatında Koroğlunun adı ilə bağlı hadisələr əfsanəviləşərək öz əksini "Koroğlu" dastanında tapmışdır. Dastanla hadisə və şəxsiyyətlər silsiləsinin tarixilik xətti pozulmamış, Koroğlunun igid döyüşçü, gözəl qoşmalar müəllifi olan istedadlı şair və aşıq olması tarixi həqiqət kimi qorunub saxlanılmışdır. Dastanda adları çəkilən şəxsiyyətlərin (Giziroğlu Mustafa bəy, Kosa Səfər, Cəfər paşa, Həsən paşa və b.) əksəriyyəti tarixi simalardır. Koroğlunun əsas istinadgahı Çənlibel qalası olmuşdur (müxtəlif ərazilərdə "Çənlibel" adlı çoxlu qalalar mövcuddur). XIX əsrə aid mənbələrdə yaşayış məntəqəsi kimi Çənlibelin adı çəkilir. A.Təbrizlinin "Tarixlər kitabı" əsərində cəlali dəstələrindən 20-dən çox başçısının, o cümlədən Koroğlunun adı xüsusi qeyd edilir. Koroğlunun vuruşmalardakı mərdlik və şücaəti, kasıbların dostu, zülmkarların düşməni xalq qəhrəmanına çevirmişdir. Azərbaycan EA Əlyazmalar İnstitutundakı əlyazmalarda aşıq-şair Koroğlunun çoxlu şerləri qorunub saxlanır.
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR, 2010-08-29, 9:11 PM | Message # 4 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| ƏSLI VƏ KƏRƏM Əsli və Kərəm - məhəbbət dastanlarımız arasında orijinallığı və qeyri-adi sonluğu ilə seçilən "Əsli və Kərəm" dastanı da əsasən məzmun və mahiyyət etibarilə yad təsirə məruz qalmış Azərbaycanın xalq ədəbiyyatı nümunələrimizdən sayıla bilər. Tədqiqatçıların rəyinə görə, "Əsli və Kərəm" dastanı əsasən XVI əsrin əvvəllərində yaranmış və həmin əsrdə də formalaşmağa başlamışdır. "Əsli və Kərəm"in Orta Asiya, Kiçik Asiya və Yaxın Şərqdə orijinal variantları mövcuddur. H.Araslı, M.Təhmasib, X.Koroğlu, N.Boratav və başqa tədqiqatçılar dastanın Azərbaycanda yarandığını göstərmişlər. Anadolu türk alimlərindən M.F.Köprülü, V.M.Qocatürk, V.C.Aşkun, habelə, Azərbaycanda S.Mümtaz, M.H.Təhmasib və digərləri Kərəmi tarixi şəxsiyyət hesab etmişlər. Amma Kərəmin tarixi şəxsiyyət olmaması haqqında da fikirlər mövcuddur. "ƏSLİ-KƏRƏM" DASTANI VƏ ALBAN MƏDƏNİYYƏTİ Tədqiqatçı Elnur Heydərov "ƏSLİ-KƏRƏM DASTANI VƏ ALBAN MƏDƏNİYYƏTİ" kitabında "Əsli və Kərəm" dastanının məzmunca XVI-XVII əsrləri əhatə etməsi barədə fikirlərdən yan keçərək onu erkən orta əsrlər dövrünə – Qafqaz Albaniyası dönəminə aid edən fikirlərlə çıxış edir. Məhz bu dövrdə Albaniyada və ümumən Qafqazda dini inanclar sahəsində dəyişikliklər müşahidə olunurdu. Eyni millətin – Qafqaz oğuzlarının (Azərbaycan türklərinin yaxud alpanların) nümayəndələri arasında dini inanc fərqləri özünü kəskin şəkildə olmasa da, hər halda müəyyən dərəcədə biruzə verirdi. Bu dəyişikliklər və fərqlənmələr, alpanların bir hissəsinin xristianlığa sadiq qalması və yeni dini qəbul etmək istəməməsi də bir növ "Əsli və Kərəm" dastanında əks olunmuşdur. E.Heydərovun fikrincə, "Əsli və Kərəm" dastanının anaxronizmə məruz qalması obrazlara təsirsiz ötüşməmiş, nəticədə alpan keşişinin qızı sonradan «erməni keşişinin» qızına çevrilmişdir. Sözügedən fikrin əsaslandırılması üçün tədqiqatçı prof. M.H.Təhmasibin dastanı XII əsr və ya daha əvvəlin məhsulu hesab etməsi faktını xatırladır. Əsərdəki Ziyad Xan obrazının prototipinin müəyyən olunması ilə bağlı araşdırmaçı M.F.Minorskinin Bizans tarixçilərinə istinadən söylədiklərini yada salaraq bu adda şəxsiyyətin məhz VII əsrdə yaşamasından bəhs edir. Məsələ burasındadır ki, dastanın XVI-XVII əsrlərə aid edilməsi məhz Ziyadoğullarının bu dövrdə Gəncə hakimi olması faktı ilə əsaslandırılır. Əslində orta əsrlər tariximizdə bu isimlə bağlı yalnız bir fakt vardır – Səfəvi şahı I Təhmasibin dövründə Şahverdi Sultan Ziyadoğlu Qarabağ (Gəncə) bəylərbəyliyinin hakimi təyin olunmuşdur (bax: ASE, V cild, Bakı, 1981, səh. 398). Gəncə də bu dövrdə sözügedən bəylərbəyliyin mərkəzi idi. Lakin bu fakt Kərəmin (Mahmudun) atasının həmin dövrdə Gəncə xanı olması barədə qəti fikir yürütməyə imkan vermir, belə ki, Şah Təhmasib tərəfindən Gəncə bəylərbəyi təyin olunmuş Şahverdi Sultanın atası Ziyadın da eyni vəzifəni daşıması haqda fakt yoxdur. Ziyadoğullarının Gəncə hakimliyi bu dövrdən, məhz Şahverdi Sultan Ziyadoğlundan başlanır. Tədqiqatçı Elnur Heydərov da elə bu səbəbdən dastanda adı keçən şəxsiyyətlərin prototiplərini VI-VII əsrlər tarixində arayır. Onun araşdırmaları nəticəsində aydın olur ki, həmin dövrdə Sasanilərə qarşı birgə mübarizə aparmaq haqda Xəzər Xaqanlığı və Bizans İmperiyası arasında müqavilə imzalanmışdır, Bizans tarixçiləri bundan bir qədər sonra çar İraklinin Tiflis divarları yanında Xəzər xaqanının qardaşı oğlu Ziya bəylə görüşdüyünü qeyd edirlər. Bizans tarixçisi Feofanın Xəzərlərin Azərbaycana Ziya bəyin başçılığı altında daxil olmasını, bu şəxsin xaqandan sonra ikinci adam olduğunu yada salması və xəzərlərin farslardan çoxlu əsir götürmələrini xatırlatması Ziya bəyin tarixi şəxsiyyət kimi rolunu daha qabarıq şəkildə üzə çıxarmağa kömək edir. "Əsli və Kərəm" dastannda Ziyad Xanın həyat yoldaşı kimi qeyd olunan Qəmərbanu surətinin adının açmasını tədqiqatçı türk panteonçuluğu ilə (Ayxatun ismi ilə) əlaqələndirir, Mahmudun Kərəmə çevrilməsini müvafiq olaraq ozanlarımızın islami düşüncə tərzinə üstünlük verməsi kimi qiymətləndirir, Əsli adının qədim türk dilində mənasını ciddi bir şəkildə incələyir və bu qızın nədən əvvəldə Məryəm kimi adlandırılması səbəblərini dini kontekstdə açıqlayır, hətta əsərdə mənfi obraz kimi canlandırılmış Qara Keşişin (Qara Məlikin) adındakı «qara» sözünün qədim türk dilində «böyük» mənasında işləndiyini də qəti şəkildə söyləyir. E.Heydərovun fikrincə, «aşıqlar bu gözəl məhəbbət hekayətinin gələcək nəsillərə çatmasını təmin etmək üçün dastanda Mahmud-Kərəm, Məryəm-Əsli əvəzləməsi etmişlər» («Folklorşünaslıq məsələləri», Bakı Dövlət Universiteti Folklor kafedrasının nəşri, V buraxılış, Bakı, 2002, səh.211). "Əsli və Kərəm" dastanındakı hadisələrin bölgədə dini inancların dəyişikliyə məruz qaldığı VII-VIII əsrləri əhatə etməsi ilə bağlı tədqiqatçının həqiqətəuyğun fərziyyəsi filologiya e.d., professor Qara Namazovun dilindən də eşidilir. Q.Namazov «Dədə Qorqud və Dədə Kərəm» adlı yazısında qeyd edir ki, Əsli-Kərəm oğuz mifik anlamı olaraq köhnə dini təfəkkürlə yeni islami düşüncələr arasındakı mübarizənin bədii təzahürüdür. Belə ki, Mahmud – mah-işıq, anası Məhinbanu – mah-işıq, atası Ziyad – işıq yəni yeni işıqlı, nurlu duyğuları ehtiva etdiyi kimi, qara Keşiş də qaranlıq səltənəti – şər qüvvəni təmsil edir. Bütün bunlar oğuz dünyasının yeni bir dövrə – islam dünyasına qovuşduğundan xəbər verir» («Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər», VIII kitab, Bakı, 1999, səh. 94). Sözügedən məsələ ilə əlaqədar maraqlı müqayisələr aparan alimlər sonda qəti bir şəkildə söyləyir: «Araşdırmalar göstərir ki, Əsli-Kərəm motivi oğuzların islama keçdikləri dövrlərin dini-etik anlayışlarının bədii ifadəsidir» (həmin mənbə, səh.98). Elnur Heydərovun "Əsli-Kərəm dastanı və Alban mədəniyyəti" kitabı Azərbaycan folklorşünaslığının çox aktual bir probleminə - Azərbaycanın məşhur "Əsli-Kərəm" dastanının və ümumiyyətlə folklorumuzun genezisi və tarixi semantikası məsələsinə həsr olunmuşdur. Əsər indiyə qədər cəmiyyətimizə erməni kimi təlqin olunmuş Qara Keşiş və Əslinin qədim albanlarla bağlılığından, Alban-türk mədəniyyətinin qarşılıqlı əlaqəsindən bəhs edir.
|
|
| |
|