AZƏRBAYCAN RESPUBLIKASININ KONSTITUSIYASI - NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ - MƏQALƏLƏR - Universal site.
ÇƏRŞƏNBƏ AXŞAMI, 2017-01-17, 9:52 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ MƏQALƏLƏR
M E N Y U

DİGƏR BÖLMƏLƏR

F O R U M

ÜMUMİ MƏQALƏLƏR
MARS PLANETI AZƏRBAYCANDA GÖRÜNDÜ (2)

İLHAM ƏLİYEVİN NƏVƏLƏRİ İLK DƏFƏ İCTİMAİ TƏDBİRDƏ GÖRÜNÜB (0)

İNTERNETDƏ YENİ TƏHLÜKƏ (0)

PORT BAKU RESİDENCE ... (2)

QƏBIRDƏ DURUB OTURAN ŞƏXS SONRA YENIDƏN ÖLÜB (2)

'DÜNYANIN ƏN ÇIRKIN ITI' (0)

MÜBARIZ İBRAHIMOV - DOĞUŞDAN ÖLÜMƏ QƏDƏR... (0)

MÜBARİZ İBRAHİMOVUN SON MƏKTUBU (0)

ƏN BÖYÜK DİNOZAVR QƏBİRİSTANLIĞI TAPILIB (0)

GÖZƏGÖRÜNMƏZLİK ARTIQ REALLAŞIR (0)

"ŞREK" BALIĞI (0)

TƏBİƏTİN MÖCÜZƏSİ (2)

İNANILMAZ BİR TƏSADÜF! (2)

DÜNYANIN YEGANƏ ÜSTÜ-ÖRTÜLÜ AQUA-PARKI! (1)

YEMIŞIN ÜSTÜNDƏ “LA İLAHƏ İLLƏLAH” YAZILIB (2)


SON XƏBƏRLƏR

ANA SƏHİFƏ » Articles » NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ

AZƏRBAYCAN RESPUBLIKASININ KONSTITUSIYASI

               AZƏRBAYCAN RESPUBLIKASININ KONSTITUSIYASI

 

Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ən`ənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının tə`min edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məs`uliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:

·         Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

·         Konstitusiya çərçivəsində demokratik quruluşa tə`minat vermək;

·         vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;

·         xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini tə`min edən hüquqi, dünyəvi dövlət qurmaq;

·         ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini tə`min etmək;

·         ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq səsverməsi — referendum yolu ilə bu Konstitusiya qəbul edilir.

Birinci bölmə

Ümumi müddəalar

1-ci fəsil.    Xalq hakimiyyəti

Maddə 1.   Hakimiyyətin mənbəyi

I.   Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.

II. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir.

Maddə 2.   Xalqın suverenliyi

I.   Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.

II. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi — referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.

Maddə 3.   Ümumxalq səsverməsi — referendum yolu ilə həll edilən məsələlər

I.   Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər.

II. Aşağıdakı məsələlər yalnız referendumla həll oluna bilər:

1.   Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi;

2.   Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi.

Maddə 4.   Xalqı təmsil etmək hüququ

Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur.

Maddə 5.   Xalqın vahidliyi

I.   Azərbaycan xalqı vahiddir.

II. Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir.

Maddə 6.   Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi.

I.   Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.

II. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.

2-ci fəsil.    Dövlətin əsasları

Maddə 7.   Azərbaycan dövləti

I.   Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.

II. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.

III.    Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:

·         qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;

·         icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;

·         məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.

IV.    Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

Maddə 8.   Azərbaycan dövlətinin başçısı

I.   Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir.

II. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini tə`min edir.

III.    Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının tə`minatçısıdır.

IV.    Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin tə`minatçısıdır.

Maddə 9.   Silahlı Qüvvələr

I.   Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini tə`min etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır.

II. Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir.

III.    Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.

Maddə 10. Beynəlxalq münasibətlərin prinsipləri

Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur.

Maddə 11. Ərazi

I.   Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.

II. Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.

III.    Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər.

Maddə 12. Dövlətin ali məqsədi

I.   İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının tə`min edilməsi dövlətin ali məqsədidir.

II. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

Maddə 13. Mülkiyyət

I.   Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

III.    Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Maddə 14. Təbii ehtiyatlar

Təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur.

Maddə 15. İqtisadi inkişaf və dövlət

I.   Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir.

II. Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa tə`minat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.

Maddə 16. Sosial inkişaf və dövlət

I.   Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

II. Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mə`nəvi irsini qoruyur.

Maddə 17. Ailə və dövlət

I.   Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.

II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Maddə 18. Din və dövlət

I.   Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini e`tiqadlar qanun qarşısında bərabərdir.

II. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır.

III.    Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.

Maddə 19. Pul vahidi

I.   Azərbaycan Respublikasının pul vahidi manatdır.

II. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Milli Banka mənsubdur. Azərbaycan Respublikasının Milli Bankı dövlətin müstəsna mülkiyyətindədir.

III.    Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

Maddə 20. Dövlətin borclarına qoyulan məhdudiyyətlər

Azərbaycan dövlətinə qarşı qiyama və ya dövlət çevrilişinə kömək məqsədi ilə alınmış borclar Azərbaycan Respublikası tərəfindən öhdəlik kimi qəbul edilə və ödənilə bilməz.

Maddə 21. Dövlət dili

I.   Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını tə`min edir.

II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını tə`min edir.

Maddə 22. Paytaxt

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir.

Maddə 23. Azərbaycan dövlətinin rəmzləri

I.   Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir.

II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

III.    Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət Himninin musiqisi və mətni Konstitusiya Qanunu ilə müəyyən edilir.


İkinci bölmə

Əsas hüquqlar, azadlıqlar və vəzifələr

3-cü fəsil.   Əsas insan və vətəndaş hüquqları və azadlıqları

Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi

I.   Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.

II. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məs`uliyyətini və vəzifələrini də əhatə edir.

Maddə 25. Bərabərlik hüququ

I.   Hamı qanun və məhkəmə qarşısında bərabərdir.

II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.

III.    Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə tə`minat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi

I.   Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.

II. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə tə`minat verir.

Maddə 27. Yaşamaq hüququ

I.   hər kəsin yaşamaq hüququ vardır.

II. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digir hallar istisna olmaqla hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.

III.    Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər.

IV.    Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, fövqəl`adə və hərbi vəziyyət zamanı səlahiyyətli şəxsin verdiyi əmrin yerinə yetirilməsi, ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla insana qarşı silah işlədilməsinə yol verilmir.

Maddə 28. Azadlıq hüququ

I.   Hər kəsin azadlıq hüququ vardır.

II. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.

III.    Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.

IV.    Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır.

Maddə 29. Mülkiyyət huququ

I.   Hər kəsin mülkiyyət hüququ vardır.

II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

III.    Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

IV.    Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

V.  Dövlət vərəsəlik hüququna tə`minat verir.

Maddə 30. Əqli mülkiyyət hüququ

I.   Hər kəsin əqli mülkiyyət hüququ vardır.

II. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.

Maddə 31. Təhlükəsiz yaşamaq hüququ

I.   Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.

II. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mə`nəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.

Maddə 32. Şəxsi toxunulmazlıq hüququ

I.   Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.

II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi həyata müdaxilə etmək qadağandır.

III.    Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında mə`lumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.

IV.    Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən mə`lumatın sirrini saxlamaq hüququna dövlət tə`minat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.

Maddə 33. Mənzil toxunulmazlığı hüququ

I.   Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.

II. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.

Maddə 34. Nikah hüququ

I.   Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır.

II. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.

III.    Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir.

IV.    Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

V.  Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar.

Maddə 35. Əmək hüququ

I.   Əmək fərdi və ictimai rifahın əsasıdır.

II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

III.    Heç kəs zorla işlədilə bilməz.

IV.    Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

V.  Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəl`adə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir.

VI.    Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

VII.   İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır.

VIII. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

Maddə 36. Tə`til hüququ

I.   Hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tə`til etmək hüququ vardır.

II. Əmək müqaviləsi əsasında işləyənlərin tə`til etmək hüququ yalnız qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və digər silahlı birləşmələrdə xidmət edən hərbi qulluqçular və mülki şəxslər tə`til edə bilməzlər.

III.    Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir.

Maddə 37. İstirahət hüququ

I.   Hər kəsin istirahət hüququ vardır.

II. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli mə`zuniyyət verilməsi tə`min edilir.

Maddə 38. Sosial tə`minat hüququ

I.   Hər kəsin sosial tə`minat hüququ vardır.

II. Yardıma möhtac olanlara kömək etmək, ilk növbədə, onların ailə üzvlərinin borcudur.

III.    Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial tə`minat almaq hüququna malikdir.

IV.    Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir.

V.  Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial tə`minatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır.

Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ

I.   Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.

II. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında mə`lumat toplamaq və ekoloci hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.

Maddə 40. Mədəniyyət hüququ

I.   Hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət tə`sisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır.

II. Hər kəs tarixi, mədəni və mə`nəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır.

Maddə 41. Sağlamlığın qorunması hüququ

I.   Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.

II. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına tə`minat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.

III.    İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məs`uliyyətə cəlb edilirlər.

Maddə 42. Təhsil hüququ

I.   Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.

II. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu tə`min edir.

III.    Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.

IV.    Maddi vəziyyətindən asılı olmayaraq iste`dadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir.

V.  Dövlət minimum təhsil standartlarını müəyyən edir.

Maddə 43. Mənzil hüququ

I.   Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

II. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.



(DAVAMI VAR)

Category: NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ | Added by: Nariman_Qahramanli (2009-07-10) | Author: NƏRİMAN QƏHRƏMANLI E W
Views: 387
Total comments: 0
Only registered users can add comments.
[ QEYDİYYAT | Login ]
AXTAR

***





GOOGLE DA AXTAR
SAYTDA AXTAR

Free Image Hosting


F O R U M
  • ABŞ-IN ŞTATLARI (14)

  • A.DÜMA, O.BALZAK, V.HÜQO VƏ S. (11)

  • HİKMƏTLİ SÖZLƏR (10)

  • SƏDİ, Ə.FİRDOVSİ, Ö.XƏYYAM VƏ S. (8)

  • R.N.GÜNTƏKİN, N.HİKMƏT, O.PAMUK VƏ S. (7)

  • HÖTE, ŞİLLER, BÖLL VƏ S. (7)

  • PUŞKİN, TOLSTOY, DOSTOYEVSKİ, ŞOLOXOV VƏ S. (7)

  • AZƏRBAYCANIN SU ANBARLARI (7)

  • ÇÖRÇİL, ŞEKSPİR, KLARK VƏ S (6)

  • N.TUSİ, BƏHMƏNYAR, A.HACIYEV ... (5)

  • DEKART, PASKAL,PUANKARE,LANQRANJ VƏ AMPER (4)

  • Z.BÜNYADOV, Y.MAHMUDOV,ORUC BƏY BAYAT .... (3)

  • DASTAN (3)

  • MOBİL TELEFONLAR ÜÇÜN LAZIMILI KODLAR. (2)

  • İ.NYUTON, Ç.BEBBİC, A.TURİNQ (2)


  • KONVERTER


    STATİSTİKA

    YENİ ÜZVLƏRİMİZ
  • dxemnynp12   (dxemnynp12)

  • StevenPr   (StevenPr)

  • fixmeboybws   (fixmeboybws)

  • LolaHax77   (LolaHax77)

  • cxhawndk09   (cxhawndk09)


  • SON ŞƏRHLƏR

    Black::unsure:( THANKS)



    :menim e-mailime hec gondermeyin bunlarin hamisini bilirem


    SAYT KATALOQU
    www.designerlady.blogcu.com

    Hemise bir gel

    www.NERIMAN.tk

    www.onlinepara-kazan.com

    Dahi trening mərkəzi

    GENCLIK ILLERINE XOW GELMISINIZ

    BƏRDƏ (rəsmi saytı)

    CELT Colleges

    BDU


    SAYTINI ƏLAVƏ ET!

    SON ELANLAR
    Yay kompaniyası Şahmat hazırlığı

    AE AZER MMC

    ID plastic kart. Cap isler.

    BMW 320 satılır

    Turniket, slaqbaum, domofon, alarm, siqnalizasiya, tehlukesizlik kameralari, nezaret sistemleri, biometrika.


    YENİ ELAN VER!

    ADMİN
    Nariman Qahramanli


    BY QƏHRƏMANLI NƏRİMAN 2017. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...